Month: October 2024

  • Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)

    Xəbər verdiyimiz kimi, 77 saylı Lənkəran şəhər dairəsindən Milli Məclisə deputat seçilmiş Fariz İsmayılzadə köməkçisi vəzifəsində çalışmaq üçün gənclərə müraciət edib.

    Bununla bağlı deputat sosial şəbəkə hesabında paylaşım edib. Millət vəkili Lənkəran şəhər seçki dairəsi üzrə deputat köməkçisi vəzifəsində çalışmaq istəyən gənclərin öz CV-lərini onun e-mail ünvanına göndərməsini xahiş edib.

    Məsələ ilə bağlı Demokrat.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa bildirib ki, bu qanunvericiliklə qadağan olunan məsələ deyil:

    “Əksinə deputat köməkçisi seçilmək üçün bu optimal bir yoldur. Millət vəkilinin özünün nəzərdə tutduğu, işinə, ixtisasına uyğun gələn kadr yoxdursa, belə bir müsabiqə elan etməsi çox normal bir haldır. Deputat köməkçisi məsələsində daha keyfiyyətli, işini bilən, ixtisası uyğun gələn kadr seçmək üçün bu ən uyğun və məqbul yollardan biridir. Burada təəccüblü heç nə yoxdur. Bunu daha müsbət bir hal kimi qiymətləndirmək olar”.

  • “Marketlərin fəaliyyətində ciddi problem var” – Çıxış yolu nədir?

    “Azərbaycanda marketlərin fəaliyyətini tənzimləyən hansısa hüququ normativ akt yoxdur. Ona görə də market sahibləri istehlakçıların hüquqlarını poza bilirlər”.

    Bunu Qaynarinfo-ya iqtisadçı Akif Nəsirli deyib.

    Ekspert bildirib ki, hər bir məhsulun spesifik xüsusiyyətləri mövcuddur:

    “Biri var quru məhsullar, ərzaqlar, bir də heyvan mənşəli qidalar. Məsələn, süd, qatıq, ət, kolbasa və s. bunlar xüsusi dərəcədə saxlanılmalıdır. Marketlər həmin məhsulları qəbul edərkən onları gətirən maşının içərisindəki daxili temperaturu öçməlidir. Məhsul istehsaldan marketə kimi hansı temperaturda gəldiyi müəyyən edilməlidir. Temperaturun onun keyfiyyətinə təsir edib-etməməsi yoxlanılmalıdır. Diri heyvanların isə marketlərdə satılması qəti qadağaındır, olmaz”.

    Akif Nəsirli bildirib ki, bütün dünyada marketlərin fəaliyyətini tənzimləyən hüququ normativ aktlar var:

    “Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar var. Bu qaydalar olmalıdır. İstehlakçılar marketə girən zaman çantaları alınır, saxlama kamerasına qoyulur. Onların da açarları yoxdur. Bəzən vətəndaş qayıdan zaman çantalarını tapa bilmir, yaxud da başqa-başaq qaydalar da var istehlakçılar bundan zərər çəkir. Bəzən kimsə marketdə çəkiliş aparmaq istəyir ki, buna da administrator icazə vermir? Niyə? Siz burada neyləyirsiniz ki? Antiinhisar xidmətinə şikayət edəndə isə onda deyillər ki, çəkiliş, foto var? Deyəndə ki, icazə vermirlər, deyirlər niyə verməməlidirlər? Marketlərin fəaliyyətində ciddi problem var. Marketlər onlara məhsul verən şirkətlərinin pulunun ödənilməsini geçikdirirlər, bəzənsə heç məhsulun pulunu vermirlər. Deyirlər ki, sizin gətirdiyiniz mal zay məhsul olub. Halbuku market həmin məhsulu atmayıb, satıb”.

    Akif Nəsirli hesab edir ki, bütün bunların qarşısını almaq üçün marketlərin fəaliyyətini tənzimləyən hüquqi normativ aktın olması mütləqdir.

  • Murad Dadaşov həyat yoldaşı ilə – FOTO

    Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşovun həyat yoldaşı Aytən xanımla fotosu yayılıb.

    Axşam.az xəbır verir ki, cütlük böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin premyerasına qatılıb.

    Qeyd edək ki, M.Dadaşovun Kamal, Ziya və Əli adlı 3 oğlu var.

  • Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?

    Hər il yeni tədris ili başlayanda tələbələrin kirayə mənzil tapa bilməmə məsələsi gündəmə gəlir.

    Qızlar kirayə mənzil tapmaqda daha şanslı olsalar da, oğlanlar üçün bunu demək çətindir.

    Bir qisim ev sahibləri mənzillərini oğlan tələbələrə kirayə vermirlər, buna səbəb olaraq isə onların mənzili səliqəli saxlamamaları, əşya və avadanlıqlara zərər vermələrini göstərirlər.

    Qeyd edək ki, bəzi ölkələrdə mənzillərin təhlükəsizliyinin təminatı olaraq ev sahibləri kirayə üçün müraciət edən şəxslərdən sığorta məqsədilə depozit ödənişləri tələb edirlər. Bu ödənişlərin tələb olunmasının əsas səbəbi ondan ibarətdir ki, mənzil kirayələyən şəxs tərəfindən əmlaka zərər dəyərsə, depozit hesabına qarşılansın. Alınan depozit kirayənişin mənzildən çıxarkən əmlaka zərər vurulmaması müəyyən olunduqda geri qaytarılır.

    Məsələn, Cənubi Koreyayanın “Jeonse” lizinq sisteminə görə, əmlak icarəyə götürülmədən öncə onun dəyərinin 50%-i əmlak sahibinə depozit olaraq verilir.

    Fransada isə təminat depozitinə əsasən mebelsiz mənzilin kirayə haqqı 1 ay, mebelli, əşyalı mənzilin kirayə haqqı 2 ay müddətinə depozit olaraq ev sahibinə ödənilməlidir. Bu depozit mənzilin icarəsinə xitam verildikdən sonra 2 ay müddətində zəruri xərclər çıxıldıqdan sonra icarədara qaytarılır.

    Niderlandda sosial mənzil mülkiyyətində olan hər hansı bir əmlakın icarəsi zamanı bir dəfəlik kirayə depoziti ödənilməlidir. Bu depozit isə əmlakın aylıq icarə ödənişinə bərabərdir.

    Maraqlıdır, Azərbaycanda mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunurmu?

    Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan hüquqşünas Xəyal Bəşirov bildirib ki, bununla bağlı qanunvericilikdə müvafiq tənzimləmələr var:

    “Mülki qanunvericilikdə müqavilə, o cümlədən kirayə müqaviləsi anlayışı var. Bu yaşayış sahələrinə aid olur və kirayə verənlə kirayə götürən arasında imzalanır. Kirayə müqaviləsinin bağlanması isə könüllülük prinsipi əsasında aparılır. Bu müqaviləyə tərəflərin hüquq və öhdəlikləri ilə bağlı qanunvericiliyin tələblərinə zidd olmayan istənilən müddəa daxil edilə bilər. Əlavə edilən müddəalar əsasında kirayə məbləğini özündə ehtiva edən bir neçə aylıq depozit ödənişi tələbi qoyula bilər”.

    Hüquqşünasın sözlərinə görə, oğlanlara mənzillərin kirayə verilməməsi məsələsi qanunla tənzimlənmir:

    “Bizdə mənzilləri kirayə edən zaman oğlanlara, tək yaşayan şəxslərə deyil, ailəli şəxslərə üstünlük verilməsi qanunla tənzimlənmir. Bəzən ev sahibləri mənzillərini xarici vətəndaşlara kirayə verməyi üstün tutur. Bu tip məsələlərin hər biri kirayə verən tərəfin mövqeyidir. Kimsə ev sahibini məcbur edə bilməz ki, mənzilini kiməsə kirayə ver və ya vermə. Əgər qanuna zidd deyilsə, kirayə verdiyi şəxsin mənzilə köçüb yaşaması hansısa qanunla qadağan olunmayıbsa, mülkiyyətçi istənilən şəxsə mənzilini kirayə verə bilər”.

    X.Bəşirov qeyd edib ki, problemin əsas səbəbi mənzil sahiblərinin evlərini kirayəyə verərkən notarial qaydada müqavilə imzalamağa üstünlük verməməsidir:

    “Tərəflər arasında notarial qaydada kirayə müqaviləsi imzanlandıqda münasibətlər tənzimlənir. Bu olmadıqda gələcəkdə yaranan istənilən problem həllini tapmır və ya tapmasında çətinlik yaranır. Bu müqavilənin mövcudluğu isə yarana biləcək problemlərin qarşısının alınmasında böyük rol oynayır, ona görə də onun imzalanması mütləqdir”, – ekspert deyib

    O, mənzilini icarə verən şəxsin kirayə müqaviləsinin imzalanmasından yayınması məsələsinə də aydınlıq gətirib:

    “Kirayə müqaviləsi notarial qaydada imzalanan zaman müəyyən rüsumların ödənilməsi tələb olunur, eyni zamanda bu müqavilə müvafiq qurumlarda, o cümlədən vergi orqanlarında qeydiyyatdan keçirilir. Bu zaman mülkiyyətçi mülkiyyətinin icarəsindən əldə etdiyi gəlirə görə vergi ödəməlidir. Vergidən yayınmaq üçün onlar müqaviləni imzalamaqdan boyun qaçırırlar”.

    Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, ev sahibi bir çox hallarda mənzilini sığortalaya bilər:

    “Hazırda bunun praktikası mövcuddur. Bu daha çox kirayə ödənişi 1000 manatdan çox olan mənzillərdə özünü göstərir. Hansı ki, ev sahibi mənzilində qiymətli əşyalar olduğuna görə əşyalarını sığortalayır, sığorta şirkəti ilə müqavilə bağlayır”.

    Ekspert qeyd edib ki, xarici ölkələrin bir çoxunda tələbələrə mənzil kirayələnərkən evin dəyəri qədər, bəzən isə daha artığı 1 ay müddətində depozit olaraq alınır.

    “Bu ölkələrə Macarıstan və Litvanı misal göstərmək olar. Kirayələyən şəxsdən alınan depozit məbləği o mənzildən çıxdıqdan sonra ev səliqəli, zərər görməmiş formada təhvil verilərsə, geri qaytarılır, əks halda isə dəymiş zərərin aradan qaldırılması üçün usta çağırılır, onun ödənişi də depozit hesabına qarşılanır. Bu, daha çox Avropa ölkələrinə aid praktikadır. Qonşu Türkiyədə bizdən fərqli olaraq, mənzillər aylıq yox, illik kirayə verilir. Bizdə belə hallar azdır və bu sahədə bir az qaydasızlıq hökm sürür. Aybaay kirayə ödənişləri, kirayə müqavilələrin bağlanmaması bəzən problemlərə səbəb olur. Türkiyədə heç kim deyə bilməz ki, mən mənzili 1-2 aylıq kirayələyirəm. Belə olanda həmin şəxsə oteldə qalması məsləhət görülür”, – deyə R.Qasımzadə bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda mənzil kirayələnməsi zamanı nadir hallarda depozit tələb olunur:

    “Kirayə verənlərin ancaq 10%-i bunu tələb edir. Bir çox hallarda depozit ödənişi tələb edilən mənzilə tələbat olmur. Bu da ev sahibinə sərf etmədiyi üçün depozit tələb etmir. Belə mənzillərə üz tutanların sayının az olması kirayə qiymətinə təsir göstərmir. Kirayə qiymətləri evlərin qiymətinin artıb-azalmasına əsasən tənzimlənir. Tələbatın isə təklifi üstələməsi qiymət artımına səbəb olur”, – deyib.

  • Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü – FOTO

    Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırovun adı Rusiyanın “Rekordlar kitabı”na daxil edilib.

    “Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən kitabın baş redaktoru Stanislav Konenko açıqlayıb.

    Məlumata görə, Adam Kadırov Rusiya Federasiyası subyekti rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc sədri olaraq həmin kitaba əlavə edilib.

    Konenko, həmçinin Rusiyanın “Rekordlar kitabı”nı populyarlaşdırdığına görə Adam Kadırova medal da təqdim edib.

    Xatırladaq ki, Adam Kadırov 2023-cü il noyabrın 5-də Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin sədri vəzifəsinə təyin edilib. Bu zaman onun 15 yaşı vardı.

  • Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü

    Moskva-Gəncə reysi ilə Azərbaycana gələn sərnişin təyyarədə infarkt keçirib.

    Hadisə oktyabrın 4-ü saat 15 radələrində qeydə alınıb.

    Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Kəhriz İmran qızı Həsənovanın halı pisləşib. O, eniş edən təyyarədən endirilsə də, Gəncə Beynəlxalq Hava Limanında vəfat edib.

    Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Uşaqlar liftdə köməksiz qaldı – VİDEO

    Binəqədi və Nəsimi rayonlarında doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

    Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

    Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 3-ü azyaşlı olmaqla 4 nəfər xilas edilib.

  • Bakıda obyektdə iyrənc mənzərə – Siçovul pirojkini belə yedi – Video

    Bakıda pirojki satılan yerdə siçovul görüntülənib. Sosial şəbəkədə yayılan iyrənc mənzərədə siçovulun satışa qoyulan pirojkini yeməsi əks olunub.

    Median.Az Real TV-yə istinadən xəbər verir ki, görüntülər metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən “Zülfi Ustanın” obyektində lentə alınıb.

    Dönərxanada çalışmadığını iddia edən xanım isə “bütün mətbəxlərdə siçan olur” deyib. Obyektdə işləyənlər bununla da kifayətlənməyərək işini icra edən agentliyin müfəttişlərini də hadisə yerindən qovmaqdan çəkinməyiblər.

    Bundan başqa məkanda antisanitar vəziyyətin hökm sürdüyü də aşkar edilib.

    Obyektin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb və protokol tərtib edilib.

    Daha ətraflı süjeti təqdim edirik:

  • Dünyanın ən varlı ikinci adamı oldu

    “Meta”nın təsisçisi və rəhbəri Mark Zukerberq dünyanın ən zəngin ikinci adamı olub.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Məlumata görə, Zukerberqin sərvəti 206,2 milyard dollara çatıb. Beləliklə, o, “Amazon”un qurucusu Ceff Bezosu (205,1 milyard dollar) qabaqlayıb.

    Markın sərvəti hazırda dünyanın ən zəngin adamı İlon Maskın sərvətindən (256 milyard dollar) təxminən 50 milyard dollar azdır.

    Bildirilir ki, Zukerberqin sərvəti bu ilin əvvəlindən bəri 78 milyard dollar artıb.

    Qeyd edək ki, “Forbes” reytinqində isə Zukerberq Maskdan və Ellisondan sonra üçüncü yerdədir.

  • “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi – Merihin heykəli ucaldıldı – (FOTO)

    Avropa Çempionatının 1/8 final mərhələsində “bozqurd” işarəsi göstərdiyi üçün cəzalandırılan Türkiyə millisinin futbolçusu Merih Demiralın heykəli ucaldılıb.

    “Qafqazinfo” bu barədə “Habertürk”ə istinadən xəbər verir.

    Heykəlin yerləşdiyi Bolu şəhərinin Karaçayır məhəlləsində açılış mərasimi baş tutub. Tədbirdə Bolu Bələdiyyə Başçısı Tanju Özcan, qonaqlar və vətəndaşlar iştirak edib.

    Merih sosial media hesabında paylaşım edərək təşəkkürlərini çatdırıb.

    Qeyd edək ki, “bozqurd” işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Özcan, “Gəlsin Avropa məni də cəzalandırsın” demişdi.

    Xatırladaq ki, Türkiyə yığmasının Avropa Çempionatında Avstriya ilə qarşılaşmasında dubl edərək qələbədə böyük pay sahibi olan futbolçu qol sonrasında “bozqurd” işarəsi göstərmişdi.

    Siyasi jest kimi qiymətləndirilən bu addıma görə Merihə 2 oyunluq cəza verilmişdi.