Month: October 2024

  • Ötən gün 32 cinayətin üstü açılıb

    Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

  • Binədə evlərdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb – VİDEO

    Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.

    Araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimov oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satıb.

    Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı aşkar edilib. T.Səlimov barəsində Xəzər RPİ-nin 3-cü PŞ-də araşdırmalar davam etdirilir.

  • “Greencard Azerbaijan”ın direktoru niyə həbs edilib?

    “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru, dələduzluqda təqsirləndirilən Rüfət Piriyev barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

    “Qaynarinfo”nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Oktyabrın 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Anar Sadıqovun sədrliyi ilə keçiriləcək.

    Rüfət Piriyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 42 nəfər zərərçəkmiş qismində tanınıb.

    İş materiallarına görə, Rüfət Piriyev vətəndaşları viza düzəltmək adı ilə aldadıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Şikayətlər əsasında onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və o axtarışa verilib. Bu ilin yanvarında polis əməkdaşları Rüfət Piriyevin yerini müəyyən edib və o, saxlanılıb. Yasamal Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

  • Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsi vəsaiti azaldılıb

    Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsait 3 dəfədən çox azaldılıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Fərmanda Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan 249 milyon 100 min manat məbləğin 70 milyon manata endirilməsi bildirilib.

  • Зеленский: Во время “Рамштайна” Украина представит план победы всем партнерам

    12 октября пройдет 25-я встреча в формате “Рамштайн”. В ходе нее Украина представит план победы всем партнерам.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram президента Украины Владимира Зеленского.

    “12 октября состоится новая встреча “Рамштайна” на уровне лидеров. И для представления плана победы всем партнерам, которые действительно помогают”, – написал он.

    По словам президента, Украина имеет четкую стратегию, как приблизить справедливое окончание войны – мир благодаря силе.

    “План победы предусматривает необходимое усиление Украины. Уже начали обсуждение с США как лидером поддержки, привлекаем всех партнеров”, – отметил Зеленский.

    Он напомнил, что “Рамштайн” – это объединение более 50 стран – формат поддержки украинских воинов, защиты Украины.

    “Рамштайн” координирует оказание помощи Украине – снаряды, ПВО, F-16 и многое другое, это коалиция возможностей, работающих ради Украины по основным видам оружия. Первая встреча “Рамштайн” состоялась 26 апреля 2022 года. 12 октября будет уже 25-я встреча. Решительность партнеров должна проявить себя – нужна достаточная дальнобойность, укрепление позиций на фронте. И именно такое давление на Россию, которое станет принуждением к миру”, – резюмировал президент.

  • Volodimir Zelenski: “Ukrayna qələbə planını təqdim edəcək”

    Oktyabrın 12-də “Ramştayn” formatında 25-ci görüş keçiriləcək və həmin tədbirdə Ukrayna bütün tərəfdaşlarına qələbə planını təqdim edəcək.

    Bu barədə məlumat Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalında dərc edilib.

    V.Zelenskinin sözlərinə görə, Ukraynanın müharibənin ədalətli sonunu necə yaxınlaşdıracağı ilə bağlı aydın strategiyası var, bu strategiya güc yolu ilə sülhə nail olmaqdan ibarətdir.

    “Qələbə planı Ukraynanın lazımi səviyyədə güclənməsini nəzərdə tutur. Bizə dəstək göstərilməsində lider olan ABŞ ilə müzakirələrə başlamışıq, bütün tərəfdaşları bu prosesə cəlb edirik”, – deyə V.Zelenski qeyd edib.

    “Ramştayn” platforması 50-dən çox ölkənin birliyidir və ukraynalı əsgərləri dəstəkləmək, Ukraynanı qorumaq üçün təsis edilmiş formatdır.

  • MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

    Oktyabrın 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

    Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul ediliblər. Daha sonra Şuranın iclası öz işinə başlayıb.

    İclas iştirakçıları MDB ölkələrinin təhlükəsizliyinin məruz qaldığı xarici təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləri təhdidlər, xüsusən də beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı aparılan birgə mübarizənin səmərəliliyinin artırılması barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, MDB məkanında yerləşən respublikaların təhlükəsizliyinə yönələn müasir çağırışlar, regionda sabitliyin pozulmasını qarşılarına məqsəd kimi qoymuş və bölgədə ümumi vəziyyətin gərgin saxlanılmasında maraqlı olan bəzi xarici dairələrin kəşfiyyat-pozuculuq əməlləri ilə müşayiət edilən destruktiv fəaliyyət Birlik dövlətlərinin xüsusi xidmət orqanlarının daim ayıq-sayıq olmasını, səyləri birləşdirərək koordinasiyalı şəkildə işləməsini, əməkdaşlığın davamlı gücləndirilməsini, qazanılmış təcrübənin və əldə olunan əməliyyat məlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi bölüşülməsini zəruri edir.

    Həmçinin qeyd olunub ki, təhlükəsizliyin təminatını ciddi risk altına alan transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya kimi məsələlərin son zamanlar özünü daha qabarıq göstərməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının bu hallara qarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunu şərtləndirir.

    Tədbir çərçivəsində mənfi təzahürlərlə mübarizədə təhlükəsizlik təşkilatlarının qarşısında duran mühüm vəzifələr və gələcəkdə həyata keçirilməsi vacib olan tədbirlərə dair geniş müzakirələr aparılıb.

  • Naxçıvanda özünü yandıran qadın öldü

    Naxçıvanda özünü yandıran 62 yaşlı qadın ölüb.

    APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsi, ev 42 ünvanında qeydə alınıb. Bir müddət öncə özünü yandıran şəhər sakini, 1962-ci il təvəllüdlü Səfərova Nazilə Bəxtiyar qızı ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır

    Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bütün vasitələrlə hücum silahları ilə təchiz olunan, konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını davam etdirən Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanın hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhində bildirilib.

    Qeyd olunub ki, indi də Ermənistan XİN-in mətbuat katibi Ermənistan Konstitusiya Məhkəməsinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyətini tənzimləyən reqlamentin Ermənistan konstitusiyasına uyğunluğu barədə bu yaxınlarda qəbul etdiyi qərara onların konstitusiyasında “qonşularına qarşı ərazi iddialarının mövcud olmadığının” “təsdiqi” kimi istinad edir.

    Bu iddiaya dair faktları yoxlayarkən, Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini xatırlamaq kifayətdir.

    Eyni məntiq və yanaşma məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarının qəbulu zamanı da tətbiq edilib. Məhkəmə qərarında hazırda Ermənistana məxsus olan rayonların sadalanmasına baxmayaraq, Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır.

    Almatı Bəyannaməsi məsələsinə gəlincə, məlumdur ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 8 dekabr 1991-ci il Sazişində və 21 dekabr 1991-ci il Almatı Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda MDB-yə üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir. Beləliklə, Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz.

    Ermənistanın 18 fevral 1992-ci il tarixində MDB-nin yaradılması haqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz. Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 26 dekabr 1991-ci il tarixində Ermənistan Ali Soveti MDB-nin yaradılması haqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyan edib. MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dair Ali Sovetin 18 fevral 1992-ci il tarixli qərarının 10-cu bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma “Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olan müstəqil dövlət hesab edirdi”.

    Ali Sovetin bu qərarından sonra Ermənistan heç vaxt “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanımayıb, bu mövqe Ali Sovetin 8 iyul 1992-ci il tarixli Qərarında bir daha təsdiqlənib və Ermənistanın 5 iyul 1995-ci il tarixli Konstitusiyası ilə daha da möhkəmlənib. O zaman qeyd-şərtin müqaviləyə tərəf digər ölkələrin nəzərinə çatdırılmasının zəruri olub-olmaması və Ermənistanın belə tədbir görüb-görmədiyindən asılı olmayaraq, hər hansı bir mühakimə yürütmədən, qeyd-şərtlər Ermənistan qanunvericiliyinin bir hissəsidir və inkar edilə bilməz.

    Beləliklə, həmçinin Ermənistanın Almatı Bəyannaməsinə qoşulan zaman konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı artıq mövcud olan iddiasını və onun qeyd-şərtlərini nəzərə alaraq, Ermənistan “Dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasını istisna edib. Odur ki, Ermənistan öz konstitusiyasına dəyişikliklər edənə və Azərbaycana qarşı iddiasını əks etdirən bütün hüquqi və siyasi aktlardan imtina etməyənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.

    Həmçinin, Almatı bəyannaməsinə qoşularkən Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini nəzərə alaraq, “keçmiş Sovet İttifaqının respublikalarının inzibati sərhədləri boyunca bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması” dedikdə Ermənistanın 1992-ci ildə və indi nə nəzərdə tutduğuna aydınlıq gətirməsinin vaxtı çatıb.

    Bütün bunların fonunda və Ermənistan siyasətinin gözlənilməz xarakteri nəzərə alınaraq, kütləvi militarizasiyaya bəraət qazandıran özünümüdafiə hüquqları ilə bağlı arqumentlər həm uydurma, həm də təhlükəlidir.

    Bundan əlavə, Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək, Azərbaycanda COP29-a səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.

    Erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır.

    Ermənistan ziddiyyətli bəyanatlardan, təxribat xarakterli addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini öz fəaliyyəti və real addımları ilə nümayiş etdirməlidir.

  • Xızıda yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum oldu

    Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 3 nəfər (2-si qadın, 1-i kişi olmaqla) ötən gün saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.

    Mərkəzdən “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, travmatik şok və müştərək travma diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxs üzərində aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq gecə saat 01:00 radələrində ölüm faktı qeydə alınıb.

    Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan digər 2 şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

    * * * * *

    Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən qadının kimliyi məlum olub.

    Ölən qadın 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadədir.

    Qeyd edək ki, ötən gün Yaşma qəsəbəsində BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə ölüb.

    Qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

    Hadisənin səbəbi araşdırılır.