Month: October 2024

  • Bir qonaqlıq, 0.7 litr araq… – Heyvan bazarında qumar oyandılar, cərimə edildilər

    Göygöl rayonundakı heyvan bazarında qumar oynayan 7 ticarətçi saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxslər bazarda qoyun, quzu, inək və hətta kartof satan ticarətçilər olub.

    Onlar bazarda “VAZ 2106” markalı avtomobildə qumar oynayıblar. Saxlanılan şəxslər 3 qrupa bölünüb və 3 oyun “duraki” oynayıblar. Şərtə görə uduzan komandalar qonaqlıq verməli imiş. Bonus kimi 0.7 litr araq da hədiyyə etməli imişlər.

    Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 3.000 min manat cərimə ediliblər.

  • Deputat seçilən nazir müavinin xanımının yerinə təyinat

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsini icra edən şəxs təyin edilib.

    Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev əmr imzalayıb.

    Əmrə əsasən, sözügedən vəzifəyə Elnarə Ənsari gətirilib. O, əvvəllər ƏƏSMN-nin Beynəlxalq əlaqələr şöbəsində çalışıb.

    Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin keçmiş direktoru Nigar Məmmədova sentyabrın 1-də keçirilən parlament seçkilərində 48 saylı Abşeron birinci seçki dairəsindən deputat seçilib və qanunvericiliyə uyğun olaraq vəzifəsinin icrasına xitam verilib. O, 2023-cü ilin 1 sentyabr tarixindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışırdı. N.Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.

    Xatırladaq ki, bir neçə həftə əvvəl nazirin əmri ilə Mətanət Məmmədova və Elbrus Allahverdiyev DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunublar.

  • Bu özəl bağçada uşaqlara yatmaları üçün “ketotifen” dərmanı verilir?

    Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Bunlardan biri də Yasamal rayonunda yerləşən “Əsmanur” özəl uşaq bağçası ilə bağlıdır. Belə ki, həmin məktəbəqədər təhsil müəssisəsindən saytımıza kütləvi şikayət daxil olub.Valideynlərdən bəzilərinin sözlərinə görə, övladlarının tibbi analizlərində qanlarında “ketotifen” aşkarlanıb. İddia olunur ki, bağça rəhbərliyi tərəfindən uşaqlara davamlı “ketotifen” dərmanı verilir. Beləliklə, uşaqlar bütün günü yatır, hətta günorta oyanıb, yemək belə yemirlər.

    Məlumat üçün bildirək ki, “ketotifen” yuxu dərmanı deyil, allergiya əleyhinə dərman preparatıdır. Həkim göstərişi olmadan istifadə etmək qəti şəkildə olmaz, göstərişsiz istifadəsi uşağa zərər vura bilər. “Ketotifen” sinir siteminə mənfi təsir edərək əqli inkişafda geriləmə yarada bilir. “Ketotifen” asılılıq yaradan dərman preparatıdır ki, uşaq öyrəşdikdən sonra həmin dərman olmadan yata bilmir.

    Bəs uşaqların həyatını bu cür riskə atan bağçalar və onların rəhbərliyinin bu kimi özbaşınalıqlarının qarşısı necə alınmalıdır?

    Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirdi ki, dövlət və özəl bağçalarının hər birinə ciddi nəzarət olunmalıdır:

    “Özəl bağçalara ciddi nəzarət və cəza tətbiqləri olmadığı üçün onlar bu cür fəaliyyət göstərirlər. Özəl bağça adı altında kim necə istəyirsə elə də təhsil verə bilməz. Bağçalar çalışmalıdırlar ki, qanuna maksimum dərəcədə əməl etsinlər. Təhsil və tərbiyə birbaşa uşaqların və bilavasitə dövlətimizin gələcəyi ilə bağlı olduğuna görə, bu məsələlərə nəzarət daha da gücləndirilməlidir. Onların sağlam yetişməsi və formalaşması üçün əlimizdən gələni maksimum dərəcədə ortaya qoymalı, bu kimi məsələlərdə diqqətli olmalıyıq. Bunlar nəzərə alınmadığı təqdirdə, bu kimi problemləri yenə yaşayacağıq”.

    Millət vəkili sonda vurğuladı ki, əgər belə faktlar təsdiqlənərsə, mütləq cəza da olmalıdır. Cəzasızlıq məsuliyyətsizliyə və eyni cinayətlərin təkrarlanamasına aparıb çıxarır.

    Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, belə hallar təkcə uşaqların sağlamlığına zərər vermir, həm də valideynlərin özəl bağçalara olan inamını zəiflədir:

    “Əsmanur” özəl uşaq bağçası barəsində şikayətlər uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur. Valideynlərin övladlarının qan analizlərində “ketotifen” aşkar etməsi, bu dərmanın uşaqlara bağça rəhbərliyi tərəfindən sistematik şəkildə verilməsi ilə bağlı iddialar, təkcə hüquqi və tibbi məsələ deyil, həm də məktəbəqədər təhsil müəssisələrinin etik və peşəkar fəaliyyətinə ciddi zərbədir. Bu cür vəziyyətlərdə özəl bağçaların fəaliyyətinə nəzarət mexanizmləri və lisenziya qaydaları ciddi şəkildə təhlil olunmalıdır.Azərbaycanda özəl bağçalar dövlət bağçalarına alternativ olaraq fəaliyyət göstərir və əksər hallarda daha yaxşı xidmət, fərdi yanaşma, təmiz və müasir şərait vəd edirlər. Lakin belə hadisələr, xüsusilə də uşaqlara hər hansı dərmanın valideynlərin razılığı olmadan verilməsi, bu müəssisələrin qanun çərçivəsində fəaliyyət göstərmədiyini sübut edir. Bu cür halların cəzasız qalması gələcəkdə digər özəl bağçalar üçün də mənfi presedent yarada bilər”.

    Ekspertin sözlərinə görə, dünya təcrübəsində oxşar vəziyyətlərdə məktəbəqədər təhsil müəssisələrinin dərhal bağlanması, lisenziyasının ləğv olunması və məsul şəxslərin hüquqi cəzalandırılması müşahidə olunur:

    “Məsələn, ABŞ və Avropa ölkələrində bu cür hallar ciddi cəzalarla müşayiət olunur. ABŞ-də özəl bağçalarda uşaqlara lazımi qaydada nəzarət olunmadıqda, bağçanın lisenziyası dərhal ləğv edilir, məsuliyyət daşıyan şəxslər isə hüquqi yolla məsuliyyətə cəlb olunur. Belə hadisələrdən sonra həmin bağçanın fəaliyyətinə heç bir formada icazə verilmir”.

    K.Əsədov qeyd edib ki, bu halda “Əsmanur” bağçasının lisenziyası ləğv edilməlidir:

    “Hazırda Azərbaycanda özəl bağçaların lisenziya alması üçün əsas tələblər sıxışdırılıb. Lisenziya verilməsi üçün əsas şərtlər məktəbəqədər təhsilin təminatı, təhlükəsizlik və gigiyena standartlarına uyğunluqdur. Lakin “Əsmanur” bağçası ilə bağlı iddialar göstərir ki, təkcə lisenziya vermə mərhələsində yoxlamalar aparmaq kifayət etmir. Bağçaların fəaliyyətləri daim nəzarət altında saxlanılmalı, təsadüfi yoxlamalar və şikayətlərin dərhal araşdırılması təmin edilməlidir.

    Əgər iddialar təsdiqini taparsa, “Əsmanur” bağçasının lisenziyasının ləğvi qaçınılmaz olmalıdır. Bu həm ictimaiyyətə, həm də digər özəl bağçalara ciddi bir xəbərdarlıq olardı. Lakin məsələ təkcə lisenziyanın ləğvi ilə bitməməlidir. Valideynlərin bu kimi hallarda məhkəmələrə müraciət etmə haqqı təmin olunmalı, uşaqlara zərər vuran şəxslər cəzalandırılmalıdır”.

    Ekspert vurğulayıb ki, dövlət bağçalarına Elm və Təhsil Nazirliyi nəzarət etsə də, özəl bağçalar üzərində nəzarət mexanizmləri hələ də zəifdir:

    “Bunun səbəbi qismən özəl bağçaların sürətli inkişafı və artması ilə izah oluna bilər. Bu mənada, özəl bağçalar üçün nəzarət və monitorinq mexanizmlərinin gücləndirilməsi zəruridir. Ölkədə özəl bağçalar üzrə mərkəzləşdirilmiş bir nəzarət sistemi yaradılmalı, həm lisenziya almazdan əvvəl, həm də fəaliyyətləri boyunca davamlı yoxlamalar keçirilməlidir. Hər hansı bir şikayət ciddi araşdırılmalı və lazımi tədbirlər görülməlidir.Özəl bağçaların olması təhsil sektorunda rəqabətin artmasına və seçim imkanlarının genişlənməsinə kömək edir. Bu bağçalar çox vaxt daha müasir avadanlıq, metodikalar və fərdi yanaşma ilə fərqlənir. Məsələn, dünya təcrübəsində özəl bağçalar tədrisin keyfiyyətini artırmaq üçün rəqəmsal texnologiyalara və yeni pedaqoji metodlara üstünlük verirlər. Finlandiya, Sinqapur və İsveç kimi ölkələrdə özəl bağçalar məktəbəqədər təhsildə müsbət bir rol oynayır, lakin bu ölkələrdə çox ciddi tənzimləmə mexanizmləri mövcuddur. Bu bağçalar lisenziya almazdan əvvəl bir neçə yoxlama mərhələsindən keçir, daha sonra isə fəaliyyətlərinə mütəmadi olaraq nəzarət olunur.Dünya təcrübəsi göstərir ki, məktəbəqədər təhsil sahəsində dövlət nəzarətinin zəif olduğu ölkələrdə belə hadisələr daha tez-tez baş verir. Məsələn, 2020-ci ildə Fransada özəl bağçalarda analoji hadisələr qeydə alınmış və bunun nəticəsində 10-dan çox bağçanın lisenziyası ləğv olunmuşdur. ABŞ-də isə bağça nəzarəti mexanizmlərinə əsasən hər il özəl bağçalarda 2%-dən çox olmayan problemlər aşkarlanır, çünki lisenziya sistemində çox ciddi tələblər tətbiq olunur.Azərbaycanda da özəl bağçaların ümumi sayında son illər artım müşahidə olunur. Bu isə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini və lisenziyalaşdırma prosesinin daha sərt olmasını zəruri edir”.

    Onun sözlərinə görə, “Əsmanur” bağçasında baş verənlər bütün ölkə üzrə özəl bağçalara nəzarət mexanizmlərinin zəifliyini göstərir:

    “Valideynlərin narazılığı və uşaqların sağlamlığına təhlükə yaradan halların baş verməsi təhsil sektorunda ciddi islahatların zəruriliyini sübut edir. Özəl bağçaların lisenziya alması və onların fəaliyyətinə nəzarət prosesləri ciddi şəkildə yenidən nəzərdən keçirilməli, dövlət tərəfindən daimi monitorinq aparılmalıdır. Dünya təcrübəsindən faydalanaraq, Azərbaycanda özəl bağçalar üçün tənzimləmə və nəzarət mexanizmlərinin gücləndirilməsi təhsilin keyfiyyətini və uşaqların təhlükəsizliyini təmin etmək üçün vacibdir”.

    Qeyd edək ki, 2016-cı ildə Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib.

    Məsələnin hüquqi tərəfini öyrənmək üçün vəkil Turan Abdullazadə ilə əlaqə saxladıq. Vəkil qeyd etdi ki, iddialar öz təsdiqini taparsa, “Əsmanur” bağçasının lisenziyası ləğv edilə bilər. T.Abdullazadənin dediyinə görə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir:

    “Lisenziyanın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; lisenziyanın müddəti bitdikdə; lisenziyanın sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; məhkəmənin müvafiq qərarı olduqda; lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd qanunla nəzərdə tutulmuş müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda”.

    Vəkil bildirdi ki, lisenziya və icazə lisenziya icazə verən orqanın inzibati aktı ilə ləğv edilir:

    “Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.Bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır”.

    Vəkil Emin Kiçikbəyovun sözlərinə görə, bağça rəhbərliyinə 14 ildən başlayaraq azadlıqdan məhrum etmə cəzası verilə bilər:

    “Fakt sübuta yetirilsə, həmin şəxsləri Cinayət Məcəlləsinin 120.1 və 120.2-ci maddələrinə əsasən, qəsdən adam öldürməyə görə, 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Məcəllənin 126-cı maddəsinə əsasən, şəxs qəsdən sağlamlığa ağır zərər vurmağa görə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Təbii ki, burada vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir çox maddələr də əlavə oluna bilər. Bunlar istintaqın gedişində məlum olur. Hər bir halda cəzası çox ağırdır. Əgər birdən çox şəxsin sağlamlığına zərər vurularsa, bu artıq xüsusi amansızlıq adlanır və 14 ildən başlayaraq azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. Belə hallarda adətən 17-18 il azadlıqdan məhrum etmə cəzası verilir”.

    Qarşı tərəfin mövqeyini öyrənmək üçün bağçanın sosial şəbəkələrdə qeyd olunmuş nömrəsi ilə əlaqə saxladıq, lakin telefon söndürülmüşdü. Sadəcə müəssisənin Əcəmidəki filialı ilə əlaqə saxlaya bildik. Oradan isə adını demək istəməyən şəxs Yasamaldakı bağça ilə bağlı suallara cavab verməkdən boyun qaçırdı:

    “Yəqin ki, şikayət Yasamal filialı ilə bağlıdır. Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Müəssisənin rəhbəri İlahə xanımdır. Sadəcə onunla əlaqə saxlayıb danışa bilərsiniz. Biz əlaqə nömrəsi verə bilmərik”.

    Qeyd edək ki, 2024-cü ilin əvvəlinə olan rəsmi məlumata görə, ölkə üzrə 1700 dövlət, 157 özəl olmaqla 1857 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2011-ci ildə Prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Elm və Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi. 2021-ci ildə isə yenidən Prezidenti İlham Əliyevin sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda özəl bağçalara kimin necə nəzarət etdiyi isə sual altındadır.

  • Rusiyanın 14 şəhərini sunami təhlükəsi təhdid edir

    Rusiya Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edib ki, Uzaq Şərqdə 14 şəhər və onlarla yaşayış məntəqəsi sunaminin təsirinə həssasdır.

    Qaynarinfo xəbər verir ki, bu barədə idarənin saytında yerləşdirilən məlumatda deyilir.

    Fövqəladə Hallar Nazirliyi bildirib ki, Kamçatka sahillərində, Kuril adaları, Saxalin və Primorsk diyarında sunami baş verə bilər.

    Sunami zamanı əsas zərərverici amil sahilə vuran güclü yüksək dalğalardır. Onlar 50-1000 km/saat sürətlə yayılırlar.

    Fövqəladə Hallar Nazirliyinini məlumatına görə, sunami təhlükəsi ondan ibarətdir ki, birinci dalğanın ardınca daha da güclü dalğalar gəlir.

    Nazirlik əlavə edib ki, sunami okeanın alçaq sahillərində yerləşən kəndlər, şəhərlər və tikililər, eləcə də okeana geniş açıq olan buxtaların və körfəzlərin yuxarı hissəsində yerləşən yaşayış məntəqələri üçün xüsusilə təhlükəlidir.

  • Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

    Bakının Xətai rayonunda yaşayış və qeyri-yaşayış sahələrinin söküntü işlərinə başlanılır.

    İqtisadiyyat.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti bununla bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

    Layihəyə əsasən, rayonun Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü aparılacaq.

    İcra Hakimiyyəti söküntü işlərinin icrasını “Ramco” şirkətinə həvalə edib və onunla dəyəri 1,3 milyon manat olan müqavilə bağlayıb.

  • Gələn il universitetlərə qəbul planı artırılacaq? – RƏSMİ

    “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq.

    Bu barədə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbirdə çıxışında məlumat verib.

    Onun sözlərinə görə, bu, o deməkdir ki, artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.

    Tədbirdə tələbə qəbuluna dair göstəricilər barədə təqdimat göstərilib. Qeyd olunub ki, ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

    Statistik məlumatları təqdim edən şöbə müdiri bildirib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.

    Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən T.Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil alır.

    O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub.

    “Bu il bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74 min nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir”, – Nazirliyin rəsmi qəzeti onun sözlərindən sitat gətirir.

  • Meyxanaçı və 2 qadın faciəvi şəkildə öldü (FOTO)

    Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.

    Hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində – Alpout kəndinin ərazisində baş verib.

    Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı avtomobil tamamilə yanıb.

    Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

    Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.

  • Azərbaycanda tikinti materialları bahalaşdı – VİDEO

    Son günlər havaların soyuması tikinti bazarına təsirsiz ötüşməyib.

    Belə ki, satıcılar alıcıya həsrət qalıblar.

    Onların sözlərinə görə, son iki aydır tikinti bazarı çöküb. Bura üz tutanların sayı isə kəskin azalıb.

    Lakin buna baxmayaraq, bir çox tikinti materiallarının qiyməti qalxıb.

    Hazırda taxtanın qiyməti 380-420 manat təşkil edir.

    Ətraflı “İTV Xəbər”in süjetində:

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib 0 FOTO

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə oktyabrın 26-27-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    “Eyni zamanda Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz”,-deyə ADY-nin məlumatında qeyd edilib.

    Məlumata görə, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

  • Heydər Əliyev prospektində məhdudiyyət tam aradan qaldırılıb

    Heydər Əliyev prospektində məhdudiyyət tam aradan qaldırılıb.

    Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, Heydər Əliyev prospekti, əsas yol, həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.