Month: November 2024

  • Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb

    Çində naməlum şəxsin bıçaqla hücumu nəticəsində azı 8 nəfər ölüb, 17 nəfər yaralanıb.

    Bu barədə “Sinhua” agentliyi polisə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, hücum peşə məktəbində baş verib. Digər təfərrüatlar açıqlanmır.

  • Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı), ADA Universiteti, IDEA İB, Caspian İntegrated Scientific Network (CASPISNET), ABŞ-nin Kaliforniya Universiteti (UCLA) və BMT-nin Ətraf Mühit Proqramı (ƏMP) tərəfindən birgə təşkil olunan “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa müzakirələrində iştirak edib.

    Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçirilən tədbirin açılışında iştirak edən Leyla Əliyeva qonaqları salamlayaraq Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin əhəmiyyətini vurğulayıb. Dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizdən çoxunu təşkil edən Xəzər dənizinin malik olduğu zəngin ekosistem barədə tədbir iştirakçılarına məlumat verilib. Leyla Əliyeva Xəzər dənizində yaşanan problemlərin bir sıra canlıların, o cümlədən suitilər, nərə və qızılbalıqların populyasiyasına təsir etdiyini qeyd edib.

    Leyla Əliyeva IDEA İctimai Birliyi tərəfindən icra olunan müvafiq fəaliyyətlər, o cümlədən “Zəngin hövzələr”, “Bir damcı” layihələri və “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yaradılan ilk dənizkənarı mühafizə olunan ərazi seçilmiş Qızılağac Milli Parkı ilə bağlı bir sıra məsələlərə toxunub. Qeyd olunub ki, 2011-ci ildən etibarən 7 mindən çox könüllünün yardımı ilə sahilyanı ərazilərdən 120 tona yaxın tullantı toplanaraq təkrar emal edilib. Ətraf mühitin mühafizəsi sahəsində gənclərin rolunu vurğulayan Leyla Əliyeva Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılması istiqamətində çalışacaq gənc mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini qeyd edib.

    Çıxışın yekununda Leyla Əliyeva Xəzər dənizinin unikal ekoloji sisteminin qorunması naminə monitorinq və davamlı təhlillərin aparılmasının vacibliyini qeyd edərək beynəlxalq ekspertlər və tədqiqat mərkəzlərinin nümayəndələrini birgə layihə və təşəbbüslərlə çıxış etməyə çağırıb.

    Dəyirmi masa çərçivəsində həmçinin Bakı Limanının Baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov, BMT ƏMP-nin “GRID-Geneva” proqramının rəhbəri Paskal Peduzzi, UCLA Universiteti Ətraf Mühit və Dayanıqlılıq İnstitutunun professoru, “CTrees” layihəsinin rəhbəri Sassan Saatchi, Bakı Limanının eksperti və CASPISNET-in koordinatoru Elnur Səfərov, Nazarbayev Universitetinin professoru Emil Bayramov və Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun professoru Andrey Kostyanoy tərəfindən müzakirə mövzsusu ilə bağlı müxtəlif fikirlər irəli sürülüb.

    Tədbirin yekununda Xəzər dənizində müşahidə olunan hərtərəfli problemlərin öyrənilməsi və onların mümkün həll yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə Xəzər İqlim və Dayanıqlılıq Mərkəzinin yaradılması elan edilib.

  • Paşinyan Trampa zəng etdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ prezident seçkilərində qalib gələn Donald Trampla telefon danışığı aparıb.

    Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunur ki, Paşinyan Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib, ona Ermənistanla ABŞ arasında son illər münasibətlərin inkişafı və hazırkı vəziyyəti barədə məlumat verib.

  • Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü

    Qubadlı rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az report.az-a istinadla xəbər verir ki, Qubadlıda təmir-tikinti şirkətlərindən birində çalışan 48 yaşlı Sabir Kərimov hündürlükdən yıxılaraq dünyasını dəyişib.

    Onun meyiti sakini olduğu Biləsuvar rayonuna gətirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Paris yaxınlığında çoxsaylı insan girov götürüldü

    Fransanın İssi-le-Muline şəhərində işçilərin girov götürülməsi ilə bağlı fövqəladə hadisə barədə xəbər yayılıb.
     
    Paris yanğınsöndürmə briqadası (BSPP) AFP-yə bildirib ki, Parislə həmsərhəd şəhərdə restoran sahibi öz müəssisəsində “gizlənir” və orada “bir neçə işçini saxlayır”.
     
    Böyük polis qüvvəsi Paris dairəvi yolundan bir neçə on metr aralıda, Ernest-Renan küçəsində yerləşən restoranı mühasirəyə alıb.
     
    Çoxsaylı polis maşınları və silahlı, dəbilqəli hüquq-mühafizə orqanlarının əməkdaşları küçələri bağlamağa və ərazidə təhlükəsizlik perimetri yaratmağa başlayıblar. Küçə nəqliyyat üçün bağlanıb, meriya insanları “ərazidən uzaq durmağa” çağırır.

  • Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasına açıqlamasında Ermənistanın və Fransanın COP29-da iştirak etməməsi məsələsinə toxunub.

    AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi öz məsuliyyətindən və öhdəliyindən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərdiyini diqqətə çatdıraraq deyib: “Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır. COP29 məkanını gəzdikdə, buradakı dinamik vəziyyəti, dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən aparılan müzakirələri gördükdə bir daha şahidi oluruq ki, dünya bu gün Azərbaycandadır. COP29-da 75 mindən artıq iştirakçı qeydiyyata alınıb. Ona görə də Ermənistanın iştirak edib-etməməsinin bizə hər hansı təsiri yoxdur”.

    Hikmət Hacıyev açıqlamasında Ermənistanın iqlim dəyişməsi və iqlim transformasiyası məsələsində ciddi olub-olmamasından da danışıb. O, COP29-un başlamasından əvvəl BMT-nin Ətraf Mühit Proqramının iqlim dəyişmələrinin Cənubi Qafqaza mənfi təsirlərinə dair hazırladığı hesabatda regiondakı dağlarda buzlaqların əriməsi, Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi, yağıntıların azalması kimi neqativ tendensiyaların yer aldığını vurğulayaraq deyib: “Hesab edirdik ki, Ermənistanın COP29-da iştirakı Cənubi Qafqaz regionunda əməkdaşlıq, o cümlədən iqlim dəyişməsi kimi vacib məsələlərin birgə müzakirəsi baxımından faydalı imkan olardı. Amma Ermənistanın burada iştirak etməməsi göstərir ki, onun bu günə qədər COP ilə əlaqədar tutduğu mövqe cılız propaqandadan başqa bir şey deyil və Ermənistan bu məsələdə də ciddi deyil. Ermənistanın dövlət strukturlarının iştirakı və dəstəyi ilə Azərbaycana qarşı bir sıra çirkin təbliğat kampaniyaları aparılır. Ermənistanın tutduğu mövqe bundan ibarətdir. Hesab edirdik ki, Ermənistan COP29-a qatılmaqla regional səviyyədə etimad quruculuğu və dialoq prosesinə töhfə vermiş olardı. Amma Ermənistan özü bundan kənara çəkildi”.

    Prezidentin köməkçisi Fransanın açıq dialoqa və tənqidə hazır ölkə kimi COP29-da konstruktiv dialoq və müzakirə aparmaq əvəzinə, küskün mövqe tutmasının da anlaşılan olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, okeanın ortasında yerləşən kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsiri nəticəsində ekzistensializm təhlükəsi ilə üzləşib. Fransanın və Niderlandın dənizaşırı regionları də mahiyyət etibarilə kiçik ada dövlətləri kateqoriyasına aid coğrafi ərazilərdir. Öz idarəçilikləri olmadığına, hələ də dənizaşırı regionlar kimi idarə edildiklərinə görə həmin ərazilərin nümayəndələri iqlim problemləri çərçivəsində öz səslərini ucalda bilmirlər. “Biz iqlim probleminin qlobal problem olduğunu qəbul ediriksə, inklüzivlik prinsipindən çıxış edərək hər bir tərəfə fürsət vermək lazımdır ki, onlar da öz problemlərini qaldırsınlar. Bu, normal hal idi. Lakin təəssüf ki, inklüzivlikdən danışan və konstruktiv tənqidi həmişə təşviq edən tərəf kimi çıxış edən Fransa bir tənqiddən sonra küskün mövqe tutdu, geri çəkilməyə, buna başqa siyasi donlar geyindirməyə çalışdı. Bu, BMT tədbiridir. Burada hər bir dövlətin iştirak etmək və etməmək hüququ var. Ona görə də bu, Fransanın öz qərarıdır”, – deyə Hikmət Hacıyev vurğulayıb.

  • В Баку возобновится движение еще по двум регулярным маршрутным линиям

    С 18 ноября возобновится движение еще по двум регулярным маршрутным линиям.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA).

    Согласно информации, с 18 ноября будет восстановлена схема движения автобусов, курсирующих по маршрутам №4 и 10.

    Функционирование других регулярных маршрутных линий будет восстановлено поэтапно.

    Напомним, ранее AYNA сообщило о возобновлении с 18 ноября движения по регулярным маршрутным линиям №2, 6, 24 и 46.

  • Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ

    Noyabrın 18-dən daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti bərpa ediləcək.

    Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Qeyd olunub ki, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli xətt üzrə hərəkət edən marşrutların hərəkət sxemləri bərpa ediləcək.

    Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

    Xatırladaq ki, noyabrın 18-dən həm də 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemlərinin bərpa ediləcəyi ilə bağlı qurum açıqlama vermişdi.

  • Paşinyanın beş doğrusunu aparan bir səhvi

    İnansa da, inanmasa da hamı sınaqdadır. Ən çətin imtahanı yükü çox olanlar verir. Ali məktəblərə qəbul imtahanları daha populyardır. 11 və bəzən 12 illik təhsil proqramının mənimsənilməsi üzrə buraxılış imtahanları verilir. Təhsilini davam etdirmək istəyən bir çox məzunun biliyi yenidən sınaqdan keçirilir. Bu imtahanların adətən bir qaydası da olur: dörd səhv bir düzü aparır.

    Qaydanın ədalətlilik dərəcəsindən asılı olmayaraq, bu, artıq qəbul olunmuş prinsipdir.

    Buna oxşar prinsipi Ermənistanın baş naziri Nikol Paşinyan və komandasına da tətbiq etmək olar. Ancaq bu müstəvidə bir səhv beş düzü aparır. Çünki dövlət rəsmisinin xətası daha böyükdür.

    Azərbaycanın torpaqlarını Ermənistan və havadarlarının işğalından təmizləməsi rəsmi İrəvanı da doğru danışmağa, xülya və iddialardan imtina etməyə vadar edib. Paşinyan və ailəsi də bu əks-həmlə əməliyyatınadək ənənəvi anti-Azərbaycan, anti-Türkiyə hikkəsi, iddiası ilə yaşayırdı.

    2019-cu ilin oktyabrında İranın paytaxtı Tehranda “Ararat” adlı idman kompleksində erməni icması ilə görüşdə “Qarabağ Ermənistandır, nöqtə!” deyən Paşinyan bir il sonra bu şüarı 180 dərəcə dəyişməyə məcbur edildi. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır, nida” ifadəsini erməni rəsmiləri az qala xorla təkrarlamağa başladılar. Onlar indi də bunu yeri düşən kimi səsləndirirlər.

    Nikol və komada üzvləri bundan sonrakı çıxışlarında “Qarabağ Azərbaycanın ərazisidir. Tarixən orada türklər (azərbaycanlılar) yaşayıblar” deyə vurğulayırlar.

    Onda İran hakimiyyəti də baş nazirin protokol qaydalarını pozmasına göz yummuşdu.

    Hakimiyyətə gəlişindən iki il sonra bu həqiqəti etiraf etməsi Nikol Paşinyan və komandasının birinci düzü idi.


    Bu hadisədən sonra sanki onun düzü deməsi üçün sifəti dəyişməyə başladı. Paşinyan müəyyən mənada mütərəqqi doğrunu anlayan, türklərə (azərbaycanlılara) qarşı düşmənliyin mənasız olduğunu başa düşən kimi görünməyə başladı. Bunun ardınca o, bir sıra açıqlamalar verdi.

    İkinci doğrusu Ağrı dağına iddiadan əl çəkməklə bağlıdır. Vaxtilə Ermənistan alimləri, Milli Elmlər Akademiyası, yazıçı və şairləri, bir sözlə, az-çox savadı olan hər erməni tarixi saxtalaşdırmaqla Azərbaycana və Türkiyəyə qarşı iddialar irəli sürürdülər. Bu cəfəngiyyatı isə həqiqət kimi təbliğ edirdilər. Yeri gəlmişkən, erməni cəmiyyətində bu mürtəce düşüncənin daşıyıcıları hələ də var.

    Həmin ideoloqların və elm adamlarının uydurduğu “Böyük Emənistan” iddiası 44 günlük İkinci Qarabağ müharibəsi zamanı darmadağın oldu. Hətta “Qarabağ Ermənistandır” deyə hay-həşir salanlar belə indi az qala hər gün “Qarabağ Azərbaycandır” ifadəsini bütün səviyyələrdə təkrarlayır və qəbul edirlər.

    Paşinyan Ermənistan ərazisinin 29.8 min kv.km deyil, 29 min 743 kv. km olduğunu da açıqlayıb. O bildirib ki, yüz illərdir ermənilər dövlət qurmaq üçün yer axtarıb və indi onların dövləti var. Baş nazir qeyd edib ki, bu dövlətdən xaricdə yer axtarmaq lazım deyil.


    Baş nazirin üçüncü etirafı Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməklə bağlıdır. O, Ağrı dağın da Türkiyəyə aid olduğunu dəfələrlə müxtəlif səviyyəli tədbirlərdə vurğulayır. Paşinyan noyabrın 16-da “Facebook”dakı səhifəsində belə bir statusla paylaşım edib: “Ermənistan Respublikasının ən yüksək dağı 4 090 metr hündürlüyü olan Araqatsdır”.

    O, əvvəllər də bildirib: “Ölkəmizin ən hündür dağı Ağrı dağı (Ararat) deyil, Araqatsdır. Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir”.

    O, çıxışlarında ölkəsində tarix dərsliklərinin də dəyişdirilməsinin vacib olduğunu söyləyib. Bu ölkənin təhsil fondunun rəhbəri Vaqram Soqomonyan isə bildirib ki, tarix dərsliyinə 46 düzəliş ediləcək. Bu, təkcə bir sinfin dərsliyinə edilməsi nəzərdə tutulan düzəlişlərin sayıdır. Bir qədər də dərinə gedilsə, ölkənin tarix, coğrafiya, ədəbiyyat dərsliklərinin yenidən yazılması təklif olunacaq.


    Baş nazir və hökumət üzvlərinin dördüncü doğru açıqlaması da illərin saxta düşüncəsi üzərində qurulub. Osmanlı dövlətinə düşmənliyi bu gün Türkiyəyə qarşı həyata keçirənlər var. Onlardan biri Fransadır. Bu ölkə saxta erməni iddiasına haqq qazandırıb. Fransadakı siyasi erməni saxtakarlığına “göz yaşı” axıdaraq özlərini bu etnik qrupun fədaisi kimi aparırlar. Ancaq rəsmi Ankara 1915-ci illə bağlı arxivlərin açılmasını, alimlərin bu məsələni araşdırmasını dəfələrlə vurğulayıb.

    Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması başçılıq etdiyi nazirlik üçün bir nömrəli prioritet deyil. O, parlamentdə çıxışı zaman deyib: “Xarici İşlər Nazirliyi üçün bir nömrəli prioritet Ermənistan ətrafında sülh və sabitliyin təmin edilməsidir”.

    Hökumət başçısı və komanda üzvlərinin beşinci doğrusu Ermənistanın mövcud konstitusiyasının mürtəce olması ilə bağlı açıqlamalardır.

    Nikol Paşinyan noyabrın 14-də parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi çərçivəsində bildirib: “Bizim İstiqlal Bəyannaməmizi son illərdə dəfələrlə təkrar oxudum. Belə bir dəhşətli nəticəyə gəldim ki, onunla Ermənistan Respublikası mövcud ola bilməz”. O bunu Ermənistanın və ermənilərin ən böyük problemi və faciəsi adlandırıb: “Əsl Ermənistan vətəndaşı odur ki, bu ölkədən kənarda vətən, dövlət axtarmır. Çünki axtarıb, axtarıb, axtarıb, vətənimi – Ermənistan Respublikasını tapdım”.

    Bu, Nikol Paşinyanın komanda üzvlərinin də etirafıdır. Ermənistan dövləti təcavüzkar, işğalçılığı və saxtakarlığı özündə ehtiva edən bu sənədlə mövcud ola bilməz. Belə bir əsas qanun onun varlığına düşməndir.


    Bəs, baş nazirin beş düzünü aparan bir səhv hansıdır?

    Ölkəsinin uydurma və təcavüzkarlıqlara əsaslanan mürtəce konstitusiya ilə Azərbaycan Respublikasını yanaşı qoyması Paşinyanın, komandasının səhvidir.

    Ermənistan hökuməti bununla da irəli sürdüyü doğrunu, həqiqəti alt-üst edir. Rəsmi İrəvan COP29-un Bakıda keçirilməsi tərəfdarı olsa da, nümayəndəsi BMT-nin bu genişmiqyaslı tədbirinə qatılmayıb.

    Azərbaycanın əsas qanunu ilə Ermənistanın gerici, düşmənliyi qanun şəklinə salan konstitusiyasını bir masa üzərinə qoymaq belə ədalətsizlikdir.

    Paşinyanın iddia etdiyi Azərbaycanın Müstəqillik haqqında konstitusiya aktında açıq-aşkar bunlar da yazılıb: “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.

    – Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”…

    Bunların və aktdakı başqa müddəalarda Ermənistan və başqa tərəfə qarşı təcavüz qanuniləşdirilməyib.

    Paşinyanın təmsil etdiyi dövlətin müstəqillik aktında isə 1915-ci ildə “erməni soyqırımı”nın dünya miqyasında tanınması, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası açıq-aşkar təsbit edilib. Bu qanun 1995-ci il iyulun 5-də ümummilli erməni referendumu nəticəsində qəbul edilib, 2005-ci il noyabrın 27-də referendum keçirilərək düzəlişlər olunub, yeni bir konstitusiya qəbul edilib. 2015-ci il dekabrın 5-də keçirilmiş növbəti ümumxalq səsverməsindən sonra yenidən konstitusiyada dəyişikliklər olunub. Bu siyasi kampaniyaların heç birində təcavüzkar müddəaya diqqət edilməyib.

    44 günlük müharibə regionda vəziyyəti dəyişməklə yanaşı, Ermənistan hakimiyyəti, erməni cəmiyyətini də silkələyib. Təəssüf ki, onların başçısı Nikol Paşinyanın hər beş doğru açıqlamasını bir səhvi məhv edir. Doğruların sayının çox olması üçün rəsmi İrəvan hələ çox mətləbləri etiraf edəcək.

    “Report” İnformasiya Agentliyi

  • Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: “Uşaqlığı yenidən əzəmətli edək”

    Azərbaycanda keçirilən COP29 iqlim konfransında qeyri-adi bir qonaq – Filip Makmaster, yəni “Sustaina Claus” kimi tanınan Davamlı İnkişaf Santa Klausu iştirak edib. Filip vətəndaş hüquqları fəalı, keçmiş MBA professoru və ekoloji sahibkarlıq təşəbbüskarıdır. O, cəmiyyət, ətraf mühit və iqtisadiyyat arasındakı harmoniyanı simvolizə edən üç barmaq işarəsi ilə tanınır.

    Oxu.Az-a danışan Davamlı İnkişaf Santa Klausu bildirib ki, 2015-ci ildəki tarixi Paris sammitindən başlayaraq 10 ildir Davamlı İnkişaf Məqsədləri (DİM) və Paris Sazişinin həyata keçirilməsi uğrunda mübarizə aparır. Lakin onun sözlərinə görə, 10 il sonra bəşəriyyət hələ də yerində sayır.


    Filip ilk dəfə Azərbaycana səfər edib və ölkədən çox təsirlənib. Onun geyimində Azərbaycan bayrağı olan hədiyyə edilmiş nişan və zamanla köhnəlmiş DİM nişanı var – bu nişan “Reality Rooster” xoruzu və “Low Carbon Panda” pandası ilə birlikdə Everestə qalxarkən Santa Klausla olub.

     “Dağa qalxmaq çox təhlükəli və çətin məşğuliyyətdir. DİM-ə nail olmaq da belədir. Bu çox çətindir. Amma görünür ki, biz bundan imtina edirik”, – deyə Makmaster təəssüflə qeyd edib.

    Onun fikrincə, dünya uşaqlıqdan və uşaqlardan imtina edir, bunsuz isə bəşəriyyətin gələcəyi yoxdur.

    “Məhz buna görə kampaniyamız “Uşaqlığı yenidən əzəmətli edək” adlanır. Biz COP-da bununla məşğuluq. Biz burada cibimizə gedəcək pul üçün deyilik. Əsas məsələ sülhə nail olmaq, uşaqların öldürülməsini dayandırmaqdır”, – deyə o əlavə edib.

    “Sustaina Claus” bəzi Avropa liderlərinin COP29-da iştirakdan imtina etməsini “çirkin və nəzakətsiz” adlandıraraq tənqid edib.

    “COP siyasət haqqında tədbir deyil və olmamalıdır. Mən daim deyirəm ki, bu, gələcəyimiz olan uşaqlıq və uşaqlar haqqında olmalıdır”, – deyə o vurğulayıb.

    “Dünyada böyük dəyişikliklər baş verir. Məsələn, ABŞ-də prezident seçkisi keçirilib. Çoxu soruşur ki, bu hadisə dünyanı düzəldəcəkmi? Xeyr, düzəltməyəcək. Bu vəziyyəti daha da pisləşdirəcəkmi? Heç vaxt bilməzsən. Bəlkə də yaxşı olacaq, amma dəqiq deyil. Məsələ ondadır ki, başqalarının sənin, ailənin və gələcəyin üçün qərar verməsinə icazə vermək olmaz. Hamımız oyanmalıyıq. Məhz buna görə mənimlə hamını reallığa qayıtmağa çağıran bu balaca axmaq xoruz oyuncağı var “, – deyə Davamlı İnkişaf Santa Klausu bildirib.

    Makmaster, həmçinin bəşəriyyəti planetin qarşısında duran real problemləri – qlobal istiləşmə, quraqlıq, içməli su və ərzaq çatışmazlığını dərk etməyə çağırıb.

    “Reallıq ondan ibarətdir ki, yer üzündə get-gedə daha isti olur, quraqlıq tüğyan edir və içməli su ehtiyatları azalır. Bu bizim üçün nə deməkdir? Get-gedə daha az qida. Biz bu problemləri həll etməliyik”, – deyə o bəyan edib.

    Sonda Filip öz torbasından ən sadə, lakin ən vacib hədiyyəni – ətrafındakı hər kəslə bölüşməyə çağırdığı səmimi təbəssümü çıxarıb. Bəlkə də dünyamızı bir az daha yaxşı etmək üçün məhz bundan başlamaq lazımdır.