Month: November 2024

  • ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək

    Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (ISESCO) noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtında keçiriləcək COP29 Bakı İqlim Konfransının işində fəal iştirak etməyi planlaşdırır.

    “Report” xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

    Qeyd olunur ki, ISESCO təkcə tədbirin əsas proqramında deyil, həm də “mavi zona”dakı pavilyonu ilə təmsil olunacaq.

    ISESCO pavilyonunda iqlim dəyişikliyinin təhsil, elm, mədəniyyət sahələrinə təsirinə həsr olunmuş 50-yə yaxın müxtəlif tədbir keçiriləcək. Bildirilir ki, ISESCO-nun COP29-da iştirak edəcək nümayəndə heyətinə sektor, departament rəhbərləri və ekspertlərin müşayiəti ilə baş katib Səlim Əl-Malik rəhbərlik edəcək.

    “ISESCO-nun COP29-da iştirakı təşkilatın strateji prioritetlərinə və yeni baxışına uyğundur, onun ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması üzrə qlobal səyləri dəstəkləmək öhdəliyinə sadiqliyini vurğulayır. ISESCO-nun gündəliyinə Azərbaycanın Mədəniyyət Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunacaq “İrs və mədəni dayanıqlıq iqlim dəyişikliyi qarşısında” mövzusunda nazirlər görüşü, innovasiya və Yerin müşahidəsi vasitəsilə su təhlükəsizliyi, biomüxtəliflik və sülhün təşviqinə dair panel müzakirəsi, medianın gücləndirilməsi üçün “Mediaton” təşəbbüsünün başladılması və s. məsələlər daxildir”, – təşkilatın məlumatında deyilir.

    Qeyd edilir ki, əsas müzakirə mövzuları ərzaq və su təhlükəsizliyi, ağıllı kənd təsərrüfatının inkişafı, fəlakətlərin idarə edilməsi, təhsilin təşviqi, insan kapitalının gücləndirilməsi, gənclərin cəlb edilməsi və bu mühüm sahələrdə ISESCO-nun səy və təşəbbüslərinin nümayişi olacaq.

    “Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizədə əlamətdar hadisə olacağını vəd edir və ISESCO orada qlobal ekoloji problemlərin həllində öz qətiyyətini və fəal mövqeyini nümayiş etdirəcək”, – məlumatda deyilir.

  • Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir

    Tbilisidə müxalif partiyalar 26 oktyabr parlament seçkiləri ilə əlaqədar parlament binası qarşısında etiraz aksiyası keçirir.

    APA-nın Tbilisi müxbiri xəbər verir ki, mitinqi “Birlik-Milli Hərəkat”, “Dəyişiklik Koalisiyası” və “Güclü Gürcüstan” koalisiyaları təşkil ediblər.

    Aksiya ilə əlaqədar Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, əraziyə çox sayda polis və təcili yardım maşınları cəlb edilib.

    Mitinq çərçivəsində müxalifət partiyalarının fəaliyyət planı bəyan ediləcək.

  • Zakir Həsənov Slovakiyada səfərdədir

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Slavin – İkinci Dünya Müharibəsi abidəsi”ni ziyarət edib. Abidə önünə əklil qoyaraq həlak olanların xatirələrinə ehtiram nümayiş etdirib.

    Bratislava şəhərində Azərbaycan müdafiə naziri slovakiyalı həmkarı ilə görüşüb.

    Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

    Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

    Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

  • Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşdü – Foto

    Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.

    Median.Az xəbər verir ki, görüşdə Azərbaycan və Vatikan arasında mövcud əlaqələr, Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində layihələr müzakirə olunub.

    Klaudio Qucerotti Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib və daimi dəstəyə görə Fondun prezidenti Mehriban Əliyevaya Roma Papası Fransiskin xüsusi minnətdarlığını çatdırıb.

    Görüşdə Heydər Əliyev Fondunun Vatikanda katakombların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə sıx əməkdaşlığı, arxiv əlyazmalarının rəqəmsallaşdırılması, Vatikan arxeoloqlarının Azərbaycana tarixi və dini abidələrin bərpası məqsədilə tanışlıq səfəri və təcrübə mübadiləsi xüsusi qeyd olunub və gələcəkdə yeni layihələrin icrasının vacibliyi vurğulanıb.

    Kardinal Qucerotti bu tədbirləri yüksək qiymətləndirərək Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda yeni katolik kilsəsinin tikintisinin ölkəmizin multikultural siyasətinin bariz nümunəsi olduğunu bildirib.

    Qonaq dünyada dini zəmində baş verən münaqişələrin genişlənməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi multikulturalizm siyasəti, ölkədə müxtəlif dinlərin sülh şəraitində yaşaması, dini etiqad azadlığının sülhə ən böyük töhfə olduğunu vurğulayıb.

    Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın Vatikanla münasibətlərə hər zaman xüsusi önəm verdiyini deyib və gələcəkdə də bu əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında həyata keçiriləcək bərpa işləri bağlı imzalanmış əməkdaşlıq müqaviləsi tərəflər arasındakı sıx əməkdaşlığın göstəricisi kimi qeyd olunub.

    Müqəddəs Taxt-Tacın nümayəndəsi Heydər Əliyev Fondu ilə gələcək layihələr sırasında Vatikanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi, sərgi və konsert proqramının təşkil olunması və müxtəlif sahələrdə mütəxəssislər arasında qarşılıqlı mübadilənin təşkil olunması təklifini də irəli sürüb.

    Görüş zamanı Klaudio Qucerottiyə 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri barədə də məlumat verilib. Qonaq COP29 ərəfəsində “Dünya dinləri yaşıl planet naminə” şüarı altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin dinlərarası münasibətlərin müsbət inkişafına və beynəlxalq konfransın uğuruna töhfə verəcəyinə əminliyini bildirib.

  • İki vəkilə töhmət verildi, birinin fəaliyyəti dayandırıldı

    Yol verdikləri intizam pozuntularına görə iki vəkilə xəbərdarlıq edilib, iki vəkilə töhmət verilib, iki vəkilə irad tutulub, habelə bir vəkilin fəaliyyəti bir il müddətinə dayandırılıb.
     
    Median.Az xəbər verir ki, bu barədə bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib.
     
    Məlumata görə, vəkillik fəaliyyətləri dayandırılmış iki vəkilin, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, o cümlədən iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
     
    Bundan başqa, iclasda Rəyasət Heyəti tərəfindən “İcra hüququ” Komitəsi ilə “Deontologiya” Komitəsinin yaradılması ilə bağlı qərar qəbul edilib. Nəzərə çatdırılıb ki, “Deontologiya” Komitəsi vəkillərin peşəsinin tətbiq edilməsi zamanı lazım olan əxlaqi dəyər və etik qaydaların araşdırılması məqsədi ilə yaradılıb.
     
    “İcra hüququ” Komitəsinin təsis edilməsində məqsəd isə ölkədə məhkəmə qərarlarının icrası təcrübəsində rast gəlinən problemlərin müzakirəsi və həllində vəkillərin iştirakını genişləndirmək, icra prosedurlarının müasir dövrün tələblərinə uyğun təşəkkül tapmasına, nəzəri və təcrübi tədqiqatlarda vəkilliyin potensialının maksimal cəlb edilməsinə nail olmaqdır. Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov “Deontologiya” Komitəsinə və Vəkillərin İntizam Komissiyasının üzvü Elşən Səfərov isə “İcra hüququ” Komitəsinə sədr seçilib.

  • Ən əsəbi 5 bürc – onlardan qaçın

    Müəyyən anlarda aqressiya, doğulduğunuz tarixdən asılı olmayaraq hər birimizə xasdır. Hər kəs bilir ki, ideal insan yoxdur, zaman-zaman hamımız lazım olduğundan tamamilə fərqli davrana bilərik. Ancaq bəzi insanlar var ki, onlar daha aqressiv ola bilirlər. 

    Median.Az lent.az-a istinadən ən aqressiv 5 bürcü təqdim edir: 

    Dolça

    İlk baxışdan Dolçalar  kifayət qədər sakit görünsə də, onun aqressiyası soyuq bir şəkildə özünü göstərir. Amma o, soyuq dəqiqliklə hədəfə doğru vurur. Dolçalar nadir hallarda qışqırırlar, lakin onların sözləri bıçaq kimi kəskin olur. Onlar tez-tez münaqişələrdən qaçmağa çalışırlar, amma təhlükə də elə buradadır. Dolçalar öz dünyasına və fikirlərinə o qədər qərq olur ki, nəyisə bəyənmirsə, gözlənilmədən aqressiya göstərə bilər.
    Dolçalar müstəqilliklərini və azadlığını xüsusilə qiymətləndirirlər, buna görə də onlara hər hansı bir təzyiq kəskin reaksiyaya səbəb ola bilər. Onlar təzyiq və məhdudiyyətlərdən qıcıqlanırlar – onların şəxsi məkanını zəbt etmək cəhdləri əsl üsyana səbəb ola bilər.

    Buğa

    Buğa nadir hallarda aqressiyanı açıq şəkildə göstərir, lakin onun səbri hədsiz deyil. Bu işarə uzun müddət öz daxilində qıcıqlanma toplaya bilər, lakin onun hüdudları tükəndikdə partlayacaq.
    Venera tərəfindən idarə olunan Buğa adətən sakit, dinc və ahəngdardır, lakin onun rahatlığı pozulursa və ya küncə sıxılırsa, qəzəbi təbii element kimi dağıdıcı ola bilər. Bu, ətrafdakı hər şeyin dağıldığı bir “zəlzələ”dir. Buğa əsəbiləşdiyi zaman onunla mübahisə etməyə çalışmayın – onun soyumasına icazə vermək daha yaxşıdır. Onun sakit vəziyyətə qayıtması üçün vaxt lazımdır.

    Şir 

    Şir bürcü, qüruru incidiləndə və ya diqqət çəkmədikdə aqressiya nümayiş etdirir. Günəş tərəfindən idarə olunan Şir, tanınmağa və hörmət etməyə çalışır. Əgər onun nüfuzu şübhə altına alınarsa və ya özünü təqdir edilməmiş hiss edərsə, reaksiyası aqressiv ola bilər. Heyvanların əsl padşahı və Bürcün od əlaməti olan Şir parlaq şəkildə alovlana bilər.
    Bununla belə, onların aqressivliyi adətən qısamüddətli olur. Bu, tez sönən alov parıltısına bənzəyir. Amma Şirin qəzəbləndiyi anda onun yolunda dayanmamaq daha yaxşıdır.

    Əqrəb

    Əqrəb kişisi ehtirası və duyğularının dərinliyi ilə məşhurdur, lakin qəzəbli anlarda o, qorxulu dərəcədə aqressiv ola bilər. Bu bürclər nadir hallarda duyğularını birbaşa ifadə edir, lakin onların fırtınası içəridə toplana bilər və nəticədə partlayan vulkana çevrilə bilər. Həmin an gələndə enerjisini dağıdıcı şəkildə buraxır.
    Bu bürcün nümayəndələri sözlərlə, manipulyasiyalarla və qəzəblə sizə hücum edə bilər. Əqrəblərlə dürüst və etibarlı münasibət qurmaq vacibdir. Onun qəzəbi tez-tez sərhədlərin pozulması və ya xəyanətlə əlaqələndirilir, buna görə də səmimiyyət ən yaxşı müttəfiqinizdir.

    Qoç

    Qoç impulsiv aqressivliyin şahıdır. Müharibə tanrısının planeti olan Mars tərəfindən idarə olunan bu adam stimullara dərhal və şiddətlə reaksiya verir.
    Onunla siz hər zaman nəyinsə səhv getdiyini biləcəksiniz. Qoçun qəzəblənməsi qəflətən baş verir, çox vaxt sizin üçün əhəmiyyətsiz görünə bilən səbəblərə görə yaranır. Üstünlükləri də var: bu adam duyğularını gizlətməyəcək, sizi təxmin etməyə qoymayacaq.
    Ancaq onlar alovlanan kimi tez soyuyur. Onun aqressiyası uzun sürmür, lakin bu anda kifayət qədər güclü ola bilər. Bu bürcün nümayəndələrinin partlayışları çox vaxt heç bir pis niyyətə malik deyil. Bu, sadəcə onlarda bir anlıq yaranan qıcıqlanmaya reaksiyadır. Qoçlar tez-tez anı yaşadıqları üçün kimisə sərt sözləri və ya hərəkətləri ilə incitdiklərinin fərqinə varmırlar.

  • COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

    COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTANDART) birgə həyata keçirdiyi Bakı şəhəri ərazisində yerləşən ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi layihəsi yekunlaşıb.

    Report xəbər verir ki, oktyabr ayının əvvəlindən icrasına başlanılmış müştərək layihənin məqsədi ictimai iaşə obyektlərinin ekoloji cəhətdən dayanıqlılığını təmin etmək üçün bu sahədə qüvvədə olan beynəlxalq və dövlət standartlarının tələblərini təşviq etmək, eləcə də dayanıqlı fəaliyyət standartlarına uyğun olaraq restoranların fəaliyyətinin qiymətləndirilməsi olub. Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq ISO standartlarının tələblərinə xüsusi uyğunlaşdırılmış qiymətləndirmə şkalası yaradılıb.
    Qiymətləndirilmə prosesi layihənin məqsədlərinə uyğun olaraq müvafiq beynəlxalq və dövlət standartlarının tələbləri əsasında AZSTANDART tərəfindən ödənişsiz həyata keçirilib. Qiymətləndirmə enerji səmərəliliyi, sudan qənaətlə istifadə, tullantıların dayanıqlılıq standartlarına uyğun çeşidlənməsi və idarə olunması, işçilərin təhlükəsizlik qaydalarına riayət etməsi kimi bir sıra meyarlara görə aparılıb.
    Layihə çərçivəsində qiymətləndirmədə iştirak edən və müvafiq meyarlara cavab verən bir sıra ictimai iaşə obyektlərinə xüsusi nişanlar təqdim olunub və onların dayanıqlılıq standartlarına uyğunluğu təsdiq olunub. Restoran girişində yerləşdiriləcək bu nişanlar qiymətləndirmə prosesindən uğurla keçmiş obyektlərin ekoloji dayanıqlılığını, müəyyən edilmiş meyarların tələblərinə uyğunluğunu və etibarlılığını təsdiq edəcək. Sertifikatlaşmış bu restoranlar, həmçinin COP29 rəsmi vebsaytında mövcud xəritədə də öz əksini tapacaq.
    Əlavə edək ki, qiymətləndirmənin yekununda prosesdə iştirak etmiş hər bir ictimai iaşə obyektinə ekoloji dayanıqlılıq baxımından gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaları məqsədilə tövsiyələrdən ibarət hesabat təqdim olunub.

  • Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm – MN-in sabiq şöbə rəisinin məhkəməs

    Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə keçirilib.

    Apa xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    Dövlət ittihamçısı Elfanə Bayramova bildirib ki, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən cəza cinayət işi üzrə maddələrin tələbindən 2 dəfədən çox azdır: “Təqsirləndirilən şəxs dövlətə dəyən ziyanın çox cüzi hissəsini ödəyib. Ümumi ziyan 25 456 438 manat təşkil edir. Lakin təqsirləndirilən Məlikməmməd Qurbanov 542 438 manat ödəyib. Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı şəxsin hərbi rütbəsi alınmaqla 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə 4 il azadlıqdan məhrum edilmə hökmü çıxarıb”.

    İclasda təqsirləndirilən şəxs çıxış edib. M. Qurbanov bildirib ki, ömrünün çox hissəsini Azərbaycan Silahlı Qüvvələrində xidmət edib: “Mən 4 il həmin vəzifədə xidmət etmişəm. Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm. Fərqi yoxdur əmrlər şifahidir, ya yazılı. Mənə çatan pulu ziyan olaraq ödəmişəm”.

    Həmçinin təqsirləndirilən şəxsin vəkili Ceyhun Məmmədov çıxış edərək bildirib ki, prokurorun protesti əsassızdır:

    “Müdafiə etdiyim şəxs özünün mənimsədiyi pulu tam olaraq ödəyib. Biz araşdırma zamanı bildirdik ki, Nəcməddin Sadıkovu çağırıb dindirmək lazımdır. O, artıq hərbçi deyil, sadə vətəndaşdır. Lakin istəyimiz təmin olunmadı. Hətta müdafiə etdiyim şəxsin cəzasının şərti olması üçün də vəsatət qaldırsaq da, vəsatət təmin edilmədi”.

    Proses dekabrın 2-də davam etdiriləcək.

    Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

    2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

  • Tanınmış futbolçu qəzaya düşdü – FOTO

    Yunanıstan Super Liqasında çıxış edən çexiyalı futbolçu Martin Freydek “Nissan” markalı avtomobili ilə qəza törədib.
     
    Median.Az xəbər verir ki, Qəza yüngül olduğundan xəsarət alan olmayıb.
     
    Qeyd edək ki, “Levadiakosun” 32 yaşlı futbolçu Martin Freydek bu mövsüm 7 oyunda çıxış edib./News24.az

  • Arıqladır və aclığı yox edir

    Şüyüd toxumu yağının hər kəsə məlum olan faydaları var. Onun haqqında bilməli olduğunuz şeylərdən biri də ondan necə və nə qədər istifadə edilməli olduğudur.
     
    Və, onun arıqlamağa kömək etdiyini bilirdiniz?
     
    Median.Az xəbər verir ki, sizə şüyüd toxumu yağının 6 faydasını təqdim edirik:
     
    Dərman bitkisi olan şüyüd toxumu orqanizmə verdiyi faydalarla bir çox xəstəliklərdən qoruya bilir. Şüyüd toxumu yağı müntəzəm olaraq istehlak edilərsə, maddələr mübadiləsini sürətləndirərək arıqlamağı asanlaşdıra bilər. 
     
    Şüyüddə C vitamini, kalium, manqan, kalsium və dəmir var. Vitamin C bədəninizdə güclü antioksidant rolunu oynayır, sərbəst radikallar adlanan qeyri-sabit molekulların yaratdığı hüceyrə zədələnməsindən qoruyur.
     
    Şüyüd və şüyüd toxumlarının bəlkə də ən təsirli faydaları tərkibindəki antioksidantlardan və güclü bitki birləşmələrindən qaynaqlanır. Bitkinin efir yağının tərkibində 87-dən çox uçucu birləşmə olduğu sübut edilmişdir.
     
    Şüyüd toxumu yalnızyeməklərinizə ləzzət əlavə etmir, həm də iştahı azaltmağa kömək edir. Şüyüd efir yağının əsas komponenti olan anethole, otun iştahı yatırma xüsusiyyətlərinin arxasında ola bilər. Bu sahədə aparılan tədqiqatlar ziddiyyətlidir və şüyüdün potensial iştah kəsici xüsusiyyətlərini tam başa düşmək üçün daha çox araşdırmaya ehtiyac var.
     
    Şüyüd və onun toxumlarını yemək ürək sağlamlığına bir neçə cəhətdən fayda verə bilər, çünki onlar yüksək xolesterin kimi müəyyən ürək xəstəliyi risk faktorlarını azaltdığı sübut edilmiş bir qida maddəsi olan liflə doludur.
     
    Estrogen hormonunu stimullaşdırdığı düşünülən şüyüd çayı ananın bədənində daha çox süd istehsalına səbəb ola bilər. Şüyüd çayının həddindən artıq istehlakı süd istehsalını azalda və körpədə həzm problemlərinə səbəb ola bilər. Bundan əlavə, bəzi maddələr körpələrdə yuxu problemlərinə və ya əsəbiliyə səbəb ola bilər.