Month: December 2024

  • Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü

    Sumqayıtda dispanserdə ölüm faktı baş verib.

    Hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.

    Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, o, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

  • Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı?

    Qış mövsümü yaxınlaşdıqca, avtomobil sahibləri üçün təhlükəsiz və rahat hərəkəti təmin etmək məqsədilə müəyyən hazırlıqlar tələb olunur. Soyuq hava şəraiti avtomobilin texniki vəziyyətinə təsir göstərə bilər və bu, təkcə sürücünün deyil, digər hərəkət iştirakçılarının da təhlükəsizliyini risk altına qoya bilər.

    Mövsümi təkərlərin quraşdırılması, antifriz səviyyəsinin yoxlanması və akkumulyatorun düzgün işləkliyinin təmin edilməsi qışda avtomobilin təhlükəsizliyini qorumaq üçün əsas şərtlərdən biridir. Mütəxəssislər vaxtında görülən tədbirlərin qəza riskini minimuma endirdiyini vurğulayırlar.

    Mövzu ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, sürücülərin qış mövsümündə diqqət etməli olduqları ən mühüm məqam qış təkərlərinin vaxtında quraşdırılmasıdır:

    “Qış təkərlərinin istifadəsi dünyanın bir çox inkişaf etmiş ölkələrində ya məcburi qayda, ya da tövsiyə xarakteri daşıyır. Azərbaycanda isə bu tələb hələ məcburi deyil, amma qış şəraitində yol təhlükəsizliyini təmin etmək üçün tövsiyə olunur. Təəssüf ki, bəzi sürücülər avtomobil təkərlərini yalnız aşındıqdan sonra dəyişməyə üstünlük verirlər. Bu, qəza riskini artırır və avtomobilin texniki vəziyyətinə mənfi təsir edir. Halbuki, vaxtında dəyişdirilmiş qış təkərləri həm təhlükəsizlik, həm də avtomobilin uzunmüddətli istismarını təmin edir.”

    Elməddin Muradlı qeyd edib ki, qış mövsümü yalnız təkərlərlə bağlı deyil, digər texniki məsələlərdə də xüsusi diqqət tələb edir. O, avtomobilin soyutma sistemi və antifriz səviyyəsinin yoxlanılmasını, həmçinin şüşəsilənlərin və havalandırma sistemlərinin işlək vəziyyətdə saxlanılmasını mühüm amillər kimi göstərib:“Hər bir avtomobil sahibi antifriz səviyyəsini vaxtında yoxlamalı və soyutma sisteminə qulluq etməlidir. Havalandırma sistemi düzgün işləmədikdə, salonda tozlanma və ya buxarlanma yaranır ki, bu da sürücünün görmə qabiliyyətinə mənfi təsir edir və təhlükə yaradır. Həmçinin, şüşəsilənlər yağışlı və ya dumanlı havada mütləq işlək vəziyyətdə olmalıdır. Təəssüf ki, bəzi sürücülər bu məsələyə laqeyd yanaşırlar.”

    Ekspertin sözlərinə görə, avtomobilin işıq sistemlərinə də xüsusi diqqət yetirilməlidir. Faraların və lampaların təmiz və işlək vəziyyətdə olması qış mövsümündə yol hərəkətinin təhlükəsizliyi baxımından əhəmiyyətlidir.

    “İşıqlandırma sistemləri yağışlı və qarlı havalarda zəif ola bilər. Bu, sadə texniki qulluqla həll edilə biləcək problem olsa da, bəzən sürücülər bu məsələyə əhəmiyyət vermir və nəticədə qəza riski artır. Faraların və digər işıq cihazlarının düzgün işləməsi yalnız təhlükəsizlik yox, həm də digər sürücülər üçün vacibdir.”

    Elməddin Muradlı sürücülərə tövsiyə edir ki, avtomobilin texniki vəziyyətinə yalnız maliyyə yükü kimi deyil, təhlükəsizlik amili kimi yanaşsınlar:“Hər bir texniki problem vaxtında həll edildikdə, həm qəzaların qarşısı alınır, həm də avtomobilin istismar müddəti artır. Avtomobilinizin sizi yarı yolda qoymamasını istəyirsinizsə, qış hazırlıqlarına indidən başlayın.”

    Avtomobil sahibləri üçün qış hazırlığı həm şəxsi təhlükəsizliyi, həm də yol hərəkətinin ümumi təhlükəsizliyini təmin edən ən vacib addımlardan biridir. İndi hərəkətə keçmək üçün ən doğru zamandır!

    (cross.media)

  • Bakıda obyektdən 5500 manat oğurlayan uşaqlar tutuldu

    Bakının mərkəzində iaşə obyektindən oğurluq edilib.

    Median.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən iaşə obyektindən 5500 manat pul oğurlanıb.

    Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Hippokratdan “İmmunitet” içkisi – Resept


    Bu içki Hippokratın virus xəstəliklərinə qarşı tətbiq etdiyi və min illərlə yaşı olan içki sizi qış aylarında möhkəmləndirə bilər.

    Median.Az həmin resepti təqdim edir.

    2 dilim portağal, 1 dilim limonun üzərinə 2 stəkan təmiz qırmızı şərab əlavə olunur, 2 mixək, 1 çay qaşığı bal və bir çimdik darçın tozu qatılıb zəif odda qaynara düşənə kimi saxlanılır və oddan götürüb, bir qədər soyudaraq, elə isti –isti qurtumla içilir.

    Bu qarışımı bir gün ərzində hissələrlə içib bitirmək lazımdır.

    Növbəti dəfə 3 gündən sonra təkrarlaya bilərsiz.
    //medicina.az

  • Kürdəmirdə traktor yanıb

    Kürdəmir rayonunda yanğın olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, Muradxan kəndində “БЕЛАРУСЬ” markalı traktorun yanar hissələri yanıb. Əkin sahəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • “İlin adamı” seçildi

    ABŞ-nin “Time” jurnalı ölkənin yeni seçilən Prezidenti Donald Trampı “İlin adamı” seçib.

    Bu barədə məlumatı jurnal sosial şəbəkə hesablarında paylaşıb.

    Xatırladaq ki, “İlin adamı” tituluna namizədlər arasında ABŞ prezidentliyinə digər namizəd Kamala Harris, amerikalı milyarder İlon Mask və “Meta” korporasiyasının təsisçisi Mark Zukerberq də olub.

    Onu da bildirək ki, 2023-cü ildə nəşr məşhur müğənni Teylor Svifti “İlin adamı” seçib.

  • Qırğızıstan himnini dəyişir

    Qırğızıstanda respublikanın himninin mətni dəyişdiriləcək.

    Qırğızıstan parlamentinin Mətbuat xidməti məsələ ilə bağlı qurumlararası komissiyanın yaradıldığını açıqlayıb.

    Həmin komissiyanın himnin yeni mətni ilə bağlı üç variant seçəcəyi və bu variantların nəzərdən keçirilməsi üçün parlamentə təklif ediləcəyi gözlənilir.

    Qeyd edək ki, Qırğızıstan himinin mətninin dəyişdirilməsini oktyabr ayında parlamentin spikeri Nurlanbek Şakiyev təklif edib. Bu zaman ölkə prezidentinin mətbuat katibi Askat Alagözov Şakiyevin açıqlamasını şəxsi fikir kimi qəbul etməyi tövsiyə edib.

    Lakin daha sonra Qırğızıstan Prezidenti Sadır Japarov himnin mətninin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləyib: “Hazırkı himn 33 il əvvəl, biz azadlıq əldə etdikdə və müstəqilliyimizi qazandıqda yazılıb. O zaman himn bizim artıq azad olduğumuzu, müstəqil dövlət olduğumuzu ifadə edərək sevinc və həyəcanla yazılıb. Himni dəyişdirsək, yaxşı olardı”.

    Yeni himnin 2025-ci ilin aprelinə qədər qəbul edilməsi gözlənilir.

    Onu da xatırladaq ki, Qırğızıstan himni 1992-ci il dekabrın 18-də respublikanın Ali Şurasının qərarı ilə təsdiq edilib.

  • Laboratoriyada 15 dəqiqəyə almaz istehsal edildi: Bu, necə baş verdi?

    Bir qrup alim otaq temperaturu və normal təzyiq şəraitində əsl almaz istehsal etməyin yolunu tapıb. Bu inqilabi üsul laboratoriya şəraitində almaz istehsalını sadələşdirir, effektivliyini artırır və prosesi daha əlçatan edir. Ənənəvi almaz istehsal üsulları olduqca mürəkkəb və baha başa gəldiyi halda, bu yeni metod elm dünyasında böyük bir dönüş nöqtəsi hesab edilir.

    Qaynarinfo bu barədə Earth.com-a istinadən xəbər verir.

    Təbii almazların yaranması

    Təbii almazlar Yerin dərinliyində, 140-240 kilometr məsafədə, 1.100-1.300 dərəcə temperatur və yüksək təzyiq şəraitində formalaşır. Bu ekstremal şəraitdə karbon atomları xüsusi kristal strukturlarla bağlanır. Almazların Yer səthinə çıxması isə vulkanik partlayışlar nəticəsində baş verir. Bu proses zamanı almazlar aşağı təzyiqli səth şəraitində qorunur və müasir dövrdə əsasən vulkanik xətlərdə və ya eroziya ilə çay yataqlarına daşınmış vəziyyətdə aşkarlanır.

    Ənənəvi və yeni üsullar

    Laboratoriya şəraitində bu ekstremal təbii şərtləri təqlid etmək üçün əvvəllər yüksək təzyiq və yüksək temperatur (HPHT) metodu istifadə edilirdi. Bu üsul karbonu metal ərintilərində həll edib kristallaşdıraraq almaz yaratmaq üçün istifadə olunur. Lakin bu proses həm zaman alır, həm də istehsal olunan almazların ölçüsü məhdud qalır.

    Yeni üsul isə bu çətinlikləri aradan qaldırmağı bacarıb. Metodun əsasında qalium və silikon qarışığından istifadə dayanır. Alimlər qaliumun qrafen istehsal etmək qabiliyyətini kəşf ediblər – qrafen isə almazın yaxın karbon formasıdır. Bu xüsusiyyət, qaliumu almaz istehsalında da effektiv edir.

    Yeni texnika ilə qalium və silikon qarışığı təxminən 9,5 litrlik bir qabda elektriklə qızdırılır və bu şəraitdə karbon kristallaşaraq almaz halına gəlir. İlk almazlar cəmi 15 dəqiqə ərzində yaranmağa başlayır və iki saatdan bir qədər artıq müddətdə daha mükəmməl almaz təbəqəsi əmələ gəlir.

    Texnoloji və sənaye istifadəsi

    Bu üsulla istehsal olunan almazlar HPHT metodundan əldə edilənlərlə müqayisədə yüzminlərlə dəfə daha kiçikdir. Buna görə hazırda zinət əşyalarının hazırlanması üçün yararlı deyillər. Lakin bu xırda almazlar texnologiyada, məsələn, qazma ucluqları, kəsmə və cilalama kimi sənaye sahələrində istifadə edilə bilər. Bundan əlavə, aşağı təzyiq tələb edən bu metod almaz istehsalını daha böyük miqyasda mümkün edərək, gələcəkdə ticari tətbiqlər üçün böyük potensial yaradır.

    Böyük bir yeniliyin başlanğıcı

    Amerikalı fiziki kimyaçı və nanoelm tədqiqatçısı Rodni Ruoffa görə, bu texnologiyanın ticari təsirləri bir neçə il ərzində daha aydın olacaq. Elmi və sənaye sahəsində böyük maraq doğuran bu kəşf, almaz istehsalında yeni bir dövrün başlanğıcını bildirir. Bu yenilik, süni almaz istehsalının üsullarını və istifadəsini kökündən dəyişərək yeni texnologiyaların və sənaye sahələrinin yaranmasına səbəb ola bilər.

  • Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

    2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq məhsul satılıb.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xərcin 27 milyard 250 milyon manatını ərzaq məhsullarının alışına çəkilən xərclər tutub. Bu da, əvvəlki dövr ilə müqayisədə (cari ilin yanvar-oktyabr ayları ilə) 2 milyard 849,3 milyon manat və ya 11,7% çoxdur.

    Cari ilin yanvar-oktyabr aylarında əhali ərzaq məhsullarına 24 milyard 400,7 milyon manat xərcləyib.

  • Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq

    Rumıniya və Bolqarıstan 2025-ci il yanvarın 1-dən Şengen zonasına üzv olacaqlar. Şengen dünyanın ən böyük sərbəst hərəkət zonasıdır.

    Bu barədə Qaynarinfo Aİ Şurasının saytına istinadən xəbər verir.

    “Bu, nəhayət, Bolqarıstan və Rumıniyanı Şengen Sazişinin tamhüquqlu üzvləri kimi salamlamaq üçün tarixi məqamdır”, – Macarıstanın daxili işlər naziri Şandor Pinter deyib.

    Onun sözlərinə görə, bu üzv dövlətlərlə və bu dövlətlər arasında daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaların ləğvi Macarıstanın sədrliyinin əsas prioriteti olub və bu gün biz bunu reallığa çevirmişik.

    “Bu addım təkcə Bolqarıstan və Rumıniya vətəndaşlarına deyil, həm də bütövlükdə Aİ-yə fayda verəcək”, – o deyib.

    Qeyd edək ki, Şengen dünyanın ən böyük sərbəst hərəkət zonasıdır. Fransa, Almaniya, Belçika, Niderland və Lüksemburq arasında sərhəd yoxlamaları ilk dəfə 1985-ci ildə ləğv edilib.

    Şengen zonası hazırda 29 ölkəni (27 üzv dövlətdən 25-i, əlavə olaraq İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə) və 420 milyon insanı əhatə edir. Kiprlə daxili sərhədlərə nəzarət hələ də qaldırılmayıb və İrlandiya Şengen zonasına daxil deyil.