Month: December 2024

  • Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq – EKSKLÜZİV

    Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

    Bu barədə “apa-economics”in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

    Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

    Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

  • Avropa İsveçrə suriyalılara sığınacaq verilməsini dayandırıb

    İsveçrə hökuməti suriyalılara sığınacaq verilməsini dayandırıb.

    Apa “Reuters“ə istinadən xəbər verir ki, İsveçrə hökuməti Suriyada son baş verənlərdən sonra ölkədəki vəziyyət yaxşılaşana qədər suriyalılara sığınacaq verilməsi prosedurlarını dayandırdığını bildirib.

    Miqrasiya üzrə Dövlət Katibliyi bildirib ki, Suriyadan olan qaçqınlar üçün sığınacaq verilməsi prosedurlarını və qərarları vəziyyətin yenidən qiymətləndirilməsinə qədər dayandırır.

  • Milli Məclisin iclası başlayıb

    Milli Məclisin növbəti iclası başlayıb.

    Apa-nın xəbərinə görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

  • Bu il 45 minə yaxın şəxsə əlillik təyin edilib

    Bu ilin yanvar-noyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 44,7 min şəxsə əlillik təyin edib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, onlardan 22,2 mininə ilkin, 22,5 mininə təkrar əlillik təyinatı aparılıb.

    Qeyd edək ki, əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub

  • Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı

    Qazax Mərkəzi Rayon Xəstəxanasının direktoru işdən çıxarılıb.

    Bununla bağlı müvafiq əmr imzalanıb.

    Belə ki, Qazax Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova yaş həddi səbəbdən tutduğu vəzifədən azad edilib.

    O, 2019-cu ildən həmin vəzifədə çalışıb. Hələ ki, həmin vəzifəyə yeni təyinat yoxdur.

  • Aİ Şurası Ukraynaya 4,2 milyard avro yardımın ödənilməsini təsdiqləyib

    Avropa İttifaqı Şurası Ukrayna Mexanizmi çərçivəsində 4,2 milyard avrodan artıq maliyyə yardımının ikinci tranşını təsdiqləyib.

    Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Şura bu gün qəbul etdiyi qərarda Ukraynanın ayrılacaq vəsaitin alınması üçün Ukrayna Mexanizmində nəzərdə tutulan zəruri şərtləri və islahatları təmin etdiyi qənaətinə gəlib.

    Şura həmçinin Ukraynadakı ağır fiskal vəziyyəti nəzərə alaraq pulun mümkün qədər tez ayrılmasının vacibliyini vurğulayıb.

    Qeyd edək ki, 2024-cü il martın 1-də qüvvəyə minmiş Ukrayna Mexanizmi 2024-2027-ci illər üzrə Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsini dəstəkləmək üçün qrant və kredit şəklində 50 milyard avroya qədər sabit maliyyələşdirməni nəzərdə tutur.
     
    ///report

  • Lukaşenko ekstremist xarakterli cinayətlər törətmiş 29 məhkumu əfv edib

    Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist xarakterli cinayətlər törətmiş 29 nəfəri əfv edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata əsasən, məhkumların 11-i qadın, 18-i isə kişidir. Onlar törətdikləri əməllərə görə peşman olduqlarını bildiriblər və əfv üçün müraciət ediblər.

  • Yarmarkada cəmi 2 kitab satdı, sosial media paylaşımından sonra bestseller müəllifi oldu

    Britaniyalı yazıçı Viki Bol yerli yarmarkada cəmi iki kitab satdığını sosial mediada paylaşdıqdan sonra bestseller müəllifi olub.

    Qaynarinfo NDTV-yə istinadən xəbər verir ki, bu hadisə onun kitablarının qlobal miqyasda populyarlaşmasına təkan verib.

    Viki Bol yarmarkada satdığı iki kitabı uğur kimi qiymətləndirib, çünki əvvəlki tədbirlərdə bir kitab belə sata bilməmişdi. Onun paylaşımı qısa müddətdə 25 milyon baxış və 745 mindən çox bəyənmə toplayaraq viral olub. Bu, yazıçını “Amazon”un bestseller siyahısında zirvəyə qaldırıb və dünya üzrə çoxsaylı oxucuların diqqətini cəlb edib.

    “Bu, qəribə, amma xoş bir yuxu kimi hiss olunur, belə ki, çox insan kitablarımı aldı”, deyə yazıçı qeyd edib.

    Viki Bol Kolumbiya və Belçika kimi ölkələrdən gələn oxucu mesajlarına görə təəccübünü və sevincini ifadə edib.

    Hazırda yazıçı Esseks Universitetində çalışır və yaradıcılıq yazısı üzrə magistr təhsili alır.

  • Naxçıvanın Nazirlər Kabineti ilə “Tural” şirkəti arasında nə baş verib?

    Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabineti məhkəməyə verilib.

    İddiaçı “Tural” Kiçik Müəssisəsidir.

    Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.

    Birinci instansiya məhkəməsi şirkətin iddiasını təmin etməyib. Bu baxımdan, şirkət apellyasiya şikayəti verib. Şikayətə Naxçıvan MR Ali Məhkəməsində baxılacaq.

    Məlumat üçün deyək ki, Ali Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.

    “Tural” Kiçik Müəssisəsi 1991-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Şərifov Adil Ramazan oğludur.

    Şirkət 23 ildir mövcud olmasına baxmayaraq açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur.
    //qaynar.az

  • Salyanda “Dollar Rüstəm”in evinə hücum – “Porsche”də 50 min dollar var…

    Salyanda “Dollar Rüstəm” kimi tanınan şəxsin evinə basqın edən şəxslərdən birinə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 2023-cü ilin avqust ayının 23-də, gecə saat 03.00 radələrində Salyan rayonunda iş adamı, “Dollar Rüstəm” kimi tanınan şəxsin evinə maskalı şəxslər hücum edib.

    Hücumun planı Bakı şəhərində hazırlanıb. Belə ki, Sərxan adlı şəxs Mirzə Həsənzadə və Ramil Ağayevlə birlikdə Bakı şəhərində görüşüb, razılığa gəldikdən sonra “Dollar Rüstəm”in evinə basqın ediblər. Maskalı şəxslər əski parçası ilə Rüstəmin ağzını bağlayıb və yapışqan lentlə sarıyıblar və pul tələb ediblər. İş adamı isə “Porsche”nin açarını onlara verməklə, avtomobilin sandıqçasında 30-50 min ABŞ dolları pul olduğunu deyib.

    Gözətçi və qonşuların köməyə gəlməsi səbəbindən oğrular hadisə yerindən qaçıblar. Bu zaman Sərxanın üzündən maska düşüb və bu onların kimliklərini aşkarlamağa kömək edib.

    1987-ci ildə Gəncə şəhərində doğulmuş Sərxan hadisədən bir gün sonra İstanbula qaçıb. Bu ilin fevral ayında Bakıya qayıdarkən hava limanında saxlanılıb.

    Sərxan izahatında bildirib ki, onlara dəqiq xatırlamadığı kimsə Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfərin faizə pul verdiyini, borc alanların “qanını içdiyini”, həyətində “Porsche” markalı bahalı avtomobili olduğunu dediyi üçün sözügedən əməli törədiblər.

    Məhkəmədə Rüstəmlə sonuncunun qızı arasında miras üstündə münaqişə olduğunu və bütün bu məlumatları da həmin qızın verməsi barədə də iddia qaldırılıb.

    Məhkəmənin qərarı ilə Sərxan Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Mirzə Həsənzadə və Ramil Ağayev də cinayət məsuliyyətinə cəlb edilib.