Month: December 2024

  • “Qarabağ”ın keçmiş futbolçusu vəfat etdi

    “Qarabağ”ın veteran futbolçusu, klubun akademiyasında qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərmiş Ənvər Axundov 71 yaşında vəfat edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
    “Qarabağ” Ənvər Axundovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd edilib.

  • Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı

    Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazindəki mənzillərin birindən 2000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloqer Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.
    Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.
    Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.

  • Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi

    “Dekabr ayında Gürcüstanda iğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının ofislərində aparılan axtarışları şərh edərkən deyib.

    “Biz 1-27 noyabr tarixləri arasında Gürcüstanda pirotexnikanın satış statistikalarını yoxladıq, ötən illə müqayisədə bu satışlar 90% artıb. Onlar hər şeyi əvvəlcədən planlaşdırmışdılar. Bu gün hüquq-mühafizə orqanları ofislərə daxil olub, materialları götürdü, müxalifət liderləri dərhal etiraf etdilər ki, pirotexnika alıblar, öz etirafları ilə bir daha göstərdilər ki, bütün bunların arxasında partiya resursu dayanır”, – İ.Kobaxidze brifinqdə bildirib.

  • “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb

    “Lufthansa” aviakonserni İsrailə uçuşların dayandırılması müddətini uzadıb.


    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında bildirilib.
    “Lufthansa Group” konserninə məxsus bütün aviaşirkətlər Təl-Əvivə uçuşların dayandırılma müddətini 2025-ci il yanvarın 31-dək uzadacaq”, – məlumatda qeyd olunub.
    Qrupa “Lufthansa”, “Eurowings”, “Swiss”, “Austrian Airlines” və “Brussels Airlines” aviaşirkətləri daxildir.
    Daha əvvəl “Lufthansa”nın cari ilin sonunadək Tehran (İran) və Beyruta (Livan) uçuşlar həyata keçirməyəcəyi barədə məlumat verilmişdi.

  • Rüfət Səfərovun həbsinə nə səbəb olub?

    Xəbər verdiyimiz kimi, ötən gün keçmiş müstəntiq Rüfət Səfərov saxlanılıb və bu gün onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Keçmiş müstəntiq Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.

     
    “Qafqazinfo”ya Rüfət Səfərovun həbsinin detalları məlum olub.
    Məlumata görə, torpaq alqı-satqısı ilə bağlı R.Səfərovla bir nəfər arasında münaqişə olub. Belə ki, bir müddət öncə Rüfət Səfərov özlərinə məxsus torpaq sahəsini ailəsindən xəbərsiz bir nəfərə satıb və pulunu tam şəkildə alıb. 
    Bundan sonra atası Eldar Sabiroğlu ilə onun arasında mübahisə başlayıb. Buna səbəb R.Səfərovun torpağın satılmasından əldə edilən gəlirdən atasına verməməsi olub. Bu səbəbdən tərəflərin münaqişəsi daha da böyüyüb. Bu münaqişədə Rüfət Səfərovun xalası qızının da iştirak etdiyi bildirilir.
    İddiaya görə, çıxılmaz vəziyyətdə qalan E.Sabiroğlu buna cavab olaraq torpağı almış şəxsi həmin əraziyə buraxmayıb, tikinti aparmasına imkan verməyib. Nəticədə həmin şəxs bir neçə dəfə Rüfət Səfərovdan torpağı və ya heç olmasa pulunu tələb etsə də, imtina cavabı alıb. Sonuncu belə söhbət zamanı aralarında ciddi münaqişə baş verib.
    Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

  • “The Guardian” qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək

    Böyük Britaniyada “The Guardian” və onun bazar günü versiyası olan “The Observer” jurnalistləri “The Observer”in mümkün satışına görə tətil edirlər. Hər iki nəşr indi “Guardian Media Group”a məxsusdur.

    Qaynarinfo xəbər verir ki, sentyabr ayında “The Observer”in keçmiş “Times” redaktoru və BBC direktoru Ceyms Hardinq tərəfindən idarə olunan “Tortoise Media”ya satılacağı ilə bağlı şayiələr yayılıb.

    Hardinq nəinki hər bazar günü “The Observer”in çap versiyasını dərc etməyə davam edəcəyini, həm də nəşri podkastlar, xəbər bülletenləri və onlayn yayımlarla tamamlayacağını vəd edib. Bununla belə, qəzetin əməkdaşlarına ya öz istəkləri ilə işdən çıxıb, mükafatlar almaq, ya da iş şəraitini saxlamaqla “Tortoise Media”nın rəhbərliyi altında işləməyə davam etmək təklif edilib.

    Bu, “The Guardian”ın yarım əsrdə ilk tətilidir. Jurnalistlər iki gün – dekabrın 4 və 5-də tətil etmək niyyətindədirlər. Tətil tarixləri “The Observer” jurnalının ilk nömrəsinin nəşrinin 233-cü ildönümünə təsadüf edib.

    Media şirkətinin rəhbərliyi bildirib ki, onlar jurnalistlər birliyi üzvlərinin öz mövqelərini bildirmək istəyinə hörmətlə yanaşırlar, lakin tətilin ən yaxşı həll yolu olduğuna inanmırlar: “Tətil o deməkdir ki, oxucular çərşənbə və cümə axşamı günü “The Guardian”ın veb-saytı ilə cümə axşamı və cümə günü çap olunan nəşri arasında bəzi fərqləri görə bilər”.

  • Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi – 310 min manatlıq torpaq maxinasiyası…

    Yasamal rayon bələdiyyəsinin keçmiş sədri Zakir Cəfərov və bələdiyyənin icra aparatı, vergi və ödənişlər şöbəsinin sabiq müdiri Həmid Həmidov barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.

    Qaynarinfo-nun məlumatına görə, kassasiya şikayətinin təqsirləndirilən şəxslər verib. Tahir Kazımov iş üzrə hakim təyin edilib.

    Zakir Cəfərovla Həmid Həmidov bir müddət əvvəl saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma – zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.

    İttihama görə, 2007-ci ildən 2020-ci ilə kimi Yasamal bələdiyyəsinin sədri olmuş Zakir Cəfərov vəzifə səlahiyyətlərini aşmaqda və qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol verib. Zakir Cəfərov və qeyriləri birləşərək Qarabağ qazisindən və digər zərərçəkmiş şəxslərdən bələdiyyə mülkiyyətində olan torpaqları dövlət qeydiyyatına asanlıqla alındıra biləcəyinə inandıraraq 310 min manat alıblar.

    Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Zakir Cəfərov 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası şərti hesab edilib. Zakir Cəfərov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Sabiq bələdiyyə sədrinin Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 2a, mənzil 67-də yerləşən əmlakı, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 16-da yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs ləğv edilib və əmlaklar onun sərəncamına verilib.

    Həmid Həmidov isə 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun cəzasını çəkdiyi dövrdə yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.

  • Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? – DGK rəsmi açıqlama vermir

    Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb.

    Valyuta.az xəbər verir ki, yayılan məlumatlarda son üç ayda Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əmək haqları verilmədiyi bildirilir.

    Qeyd edilib ki, Maliyyə Nazirliyinin ayırdığı vəsaitlər hesabına Komitə 2025-ci ilin yanvarın 31-nə qədər olan müddətdə heç bir gecikmə olmadan gömrük işçilərinin əmək haqları verə bilər. Bununla belə, DGK əməkdaşlarının əmək haqlarını artıq üç aydır vermir.

    Bildirilib ki, DGK işçilərinin aylıq əmək haqları 12-13 milyon manat civarındadır. Bu isə ümumilikdə 40 milyon manata yaxın vəsait deməkdir.

    Əlavə edilib ki, son 6-7 ay gömrük əməkdaşlarının məzuniyyət pulu da verilməyib. Bu da öz növbəsində böyük narazılıqlara gətirib çıxarıb.

    Dövlət Gömrük Komitəsindən isə yayılan məlumatlara hər hansı rəsmi açıqlama verilməyib.

  • Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

    Bakıda külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkar Tural Heydərlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Heydərli 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    İttihama görə, “Firstek” mağazasının direktoru Tural Sahib oğlu Heydərli barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. O, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.

  • Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?

    Yeni il bayramına bir aydan da az vaxt qalıb. Ölkə vətəndaşlarının əksəriyyəti bayramı müxtəlif şəhər və rayonlarımızda qarşılayırlar. Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə də öz təsiri göstərir. Artıq indidən evlərin kirayələnməsinə başlanılıb.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, artıq bir neçə ildir qeyri-iş günləri ilə bağlı regionlara güclü axın olur.

    “Bunun da əsas səbəbi xarici turların və yerli hotellərin qiymətinin baha olmasıdır.

    Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə öz təsiri göstərir. Hər il olduğu kimi, bu il də belə olacaq. Qiymətlər evin otaq sayına və şəraitinə uyğun olaraq dəyişir. Adi günlərdə 50 manata təklif olunan gündəlik ikiotaqlı kirayə evin qiyməti bayram ərəfəsində minimum 80 manat olur.

    Qiymətlər regionlardan asılı olaraq dəyişir. Bayramda ən bahalı gündəlik kirayə evlər İsmayıllı-Qəbələ, Quba-Qusar bölgəsində rast gəlinir. Belə ki, bu rayonlarda sadə evlərin qiyməti 100 manatdan başlayır. Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər nisbətən ucuzdur. Bu rayonlarda sadə evlərin günlük kirayəsi 50 manatdan başlayır.

    Bölgələrdə villalar var ki, orada bir neçə ailə qala bilir. Həmin villaların hər şəraiti var. Belə villaların günlük qiymətləri 350-500 manat aralığında dəyişir. Belə villaları üç, dörd ulduzlu hotellərlə müqayisə etmək olar”.

    Daşınmaz əmlak məsələləri üzrə ekspert Pünhan İsmayılov bildirib ki, Yeni il və digər bayramlarda insanların daha çox səyahət etməsi və rayonlara getməsi təbii haldır.

    “Bu dövr ərzində rayondakı kirayə evlərə olan tələbin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin, bayramda daha çox ailəvi səyahət və qonaq gəlmə halları olduğu üçün kirayə evlərə tələbat artır.

    Azərbaycanda bəzi rayonlar turizm baxımından cazibədar bölgələrdir. Xüsusilə qış turizminin inkişaf etdiyi rayonlarda (məsələn, Quba, Qusar, Şəki, İsmayıllı və s.) Yeni il və bayram dövründə turist axını artdıqca, kirayə evlərə tələbat yüksəlir və bu da qiymət artımına səbəb olur”.

    Ekspert qeyd edib ki, Yeni il zamanı rayondan şəhərə gələn və ya şəhərdən rayonlara gedən insanlar üçün kirayə evlərə tələbat artır.

    “Bu mövsümə xas olaraq artan tələbat xüsusən yerli əhali üçün kirayə qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Kirayə ev sahibləri bayram dövründə kirayə qiymətlərini artıraraq, daha çox gəlir əldə etməyə çalışırlar. Bu, xüsusən kirayə evlərin sayı məhdud olan bölgələrdə daha çox müşahidə edilir.

    Bu səbəblərdən Yeni il və digər bayram dövrlərində Azərbaycanda rayonlarda kirayə evlərin qiymətində artım müşahidə oluna bilər. Tələb artdıqca, təklifin də məhdud olduğu bölgələrdə qiymətlər yüksəlir”, – deyə o qeyd edib.