Month: December 2024

  • Azərbaycan və İran XİN rəhbərləri görüşüb

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurası çərçivəsində İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.

    Bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Nazirlər Azərbaycan-İran əməkdaşlığından irəli gələn iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi sahələrindəki məsələləri, eləcə də birgə təşəbbüslər və layihələri müzakirə ediblər.

    Görüşdə həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında əlaqələrin ən qısa zamanda başa çatdırılmasının və əldə olunan razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

  • “BakıKart”ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama

    Avqust ayından etibarən “BakıKart” tətbiqində texniki nasazlıq yaranıb. Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.

    Median.Az bildirir ki, Modern.az “BakıKart”ın fəaliyyətinin nə vaxt bərpa ediləcəyini öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.

    Qurumdan bildirilib ki, “BakıKart” tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: “Tətbiq yaxın günlərdə istifadəyə veriləcək”.

    Qeyd edilib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:

    “Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, BirBank və M10 tətbiqlərində QR yartamaqla) istifadə edə bilərlər”.

  • Azərbaycanda bu şəxslərin pensiyası artacaq

    Əmək pensiyaçılarının sayını nəzərə alsaq, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın gələn ildən pensiya məbləğlərində artım qeydə alınacaq.

    Bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

    O qeyd edib ki, 2024-cü ildə əmək pensiyaları üçün 6 milyard 525 milyon manat manat nəzərdə tutulub.

    “Deməli, indeksləşdirmə kifayət qədər böyük pensiya fondu üzərindən aparılacaq və bu da sosial təminat siyasətinin səmərəlliyini göstərir. Eyni zamanda, əmək pensiyaçılarının sayını nəzərə alsaq, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın gələn ildən pensiya məbləğlərində artım qeydə alınacaq.
    Sosial mediada suallar verilir, nə üçün orta aylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdıraraq indeksləşdirilir. Əvəlla, son 5 ilə nəzərə salsaq, nominal orta aylıq əməkhaqqındakı artım faizi həmin müddət üzrə orta inflyasiya səviyyəsini üstələyib. Deməli, əməkhaqqı artımına bağlılıq vətəndaşlarımızın pensiya məbləğinin daha çox artmasına imkan yaradır. Digər tərəfdən, DSMF-in büdcəsi əsasən məcburi sosial sığorta yığımları hesabına formalaşır. Sosial sığorta yığımları həcmi isə ölkə üzrə ümumi əməkhaqqı fondunun məbləğinə bağlı dəyişir. Yəni, bu o deməkdir ki, əməkhaqqı fondu nə qədər çox artırsa, sosial ayırmalar o qədər artır. Bu həmçinin o deməkdir ki, əmək pensiyalarının indeksləşdirilməsinin orta aylıq əməkhaqqındakı artıma indeksləşdirilməsi bir tərəfdən vətəndaşlarımız üçün daha çox pensiya artımı demək olmaqla yanaşı, həmçinin DSMF-in dayanıqlığının qorunub saxlanmasına imkan yaradır. Yəni, fond əməkhaqqı fondundakı artımlar hesabına əldə edilən yığımlar hesabına pensiyaları indeksləşdirərək fiskal dayanıqlığını qoruyub saxlayır”,- o deyib.

  • Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü

    Sovet illərində yüksək vəzifələrdə çalışmış 86 yaşlı İbrahim Mustafayev Bakıda yol qəzasında həyatını itirib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün baş verib. Bildirilib ki, uzun illər dövlət vəzifələrində, eləcə də nazir müavini postunda çalışmış İ.Mustafayev paytaxt ərazisində yolu keçərkən avtomobilin vurması nəticəsində ölüb. Belə ki, o, məşq etdiyi idman zalından çıxıb yolu keçərkən bədbəxt hadisə ilə üzləşib.

    Qeyd edək ki, İ.Mustafayev 1938-ci ildə Nuxada (indiki Şəki) anadan olub. O, 1977-84-cü illərdə Azərbaycan SSR yerli sənaye nazirinin müavini, 1984-89-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, 1989-94-cü illərdə Azərbaycan Yüngül Sənaye Nazirliyində şöbə müdiri, “Xalq Üçün Mallar” Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

  • İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi

    İraqın şimalında həyata keçirilən hava əməliyyatında Metina bölgəsində 5 PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
     
    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
     
    Nazirlikdən verilən açıqlamada bildirilib:
     
    “Türk Silahlı Qüvvələrimiz terror təşkilatı PKK-nı vurmağa davam edir. 28-29 noyabr 2024-cü il tarixlərində İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində Metina bölgəsində 5 PKK terrorçusu zərərsizləşdirilib”.
    //azxeber.com

  • Bəzi yerlərdə leysan yağacaq, duman olacaq – SABAHIN HAVASI

    Dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə Quba-Qusar zonasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 6-11° şaxta,

  • Üç vəkilin fəaliyyəti dayandırılıb

    Cari il dekabr ayının 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

    Bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

    İclas gündəliyinə uyğun olaraq Qadın Vəkillər Alyansının hesabatı dinlənilib, Bakı şəhəri 22 saylı Vəkil Bürosunda keçirilmiş monitorinqin nəticəsi elan edilib.

    Sonra “Deontologiya” və “İcra Hüququ” Komitələrinin Əsasnaməsinin və İş Planının təsdiq edilməsi məsələlərinə baxılıb və müsbət qərarlar çıxarılıb.

    Eyni zamanda iclasda “Elektron vəkil kabinetindən istifadəya dair Təlimat”ın təsdiq olunması qərara alınıb.

    Həmçinin iclasda Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində digər məsələlərə baxılıb.

    İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb və 3 vəkilə isə töhmət verilib.

    Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb

  • Sergen Yalçın “Beşiktaş”ı çalışdırmaq istəmir

    Covanni van Bronxorstla yollarını ayıran “Beşiktaş”da baş məşqçi axtarışları davam edir.

    Median.Az NTV-yə istinadən xəbər verir ki, “Beşiktaş”ın prezidenti Hüseyn Yücel Sergen Yalçınla ilk görüşünü keçirib.

    Sergen Yalçın verdiyi açıqlama ilə qapıları “qara-ağlar”ın üzünə bağlayıb.

    Məlumata görə, “Beşiktaş”ın Sergen Yalçınla növbəti görüşü planlaşdırılır.

    Digər tərəfdən “qartallar”ın siyahısında daha 2 ad gündəmə gəlib. Bunlardan birincisi Samet Aybaba idi.

    “Beşiktaş”ın gündəminə gələn digər ad isə İbrahim Üzülmez olub.

    Qeyd edək ki, rəhbərlik komandanı yerli baş məşqçiyə həvalə etmək istəyir.

  • Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

    Azərbaycan Mərkəzi-Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 2-13 dekabr 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilməkdə olan BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

    “Sədrlik dövründə ölkəmiz həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.

    Qrupa Azərbaycan Respublikası ilə bərabər 15 Şərqi və Mərkəzi Avropa dövlətləri daxildir.

    2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və s. prioritet sahələr müəyyən olunub.

    12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir”, – XİN-in məlumatında deyilir.

  • Azərbaycandan tranzit keçən daha bir alma yükündə narkotik vasitə aşkar edilib

    Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya alma yükü aparan daha bir nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Məlumata görə, idarənin “Cənub-Astara” gömrük postunun idxal nəzarət xəttinə daxil olan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib.

    Nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlamaya cəlb edilib.

    Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən iki paletdəki 35 yeşikdən alma yükünün altında gömrük nəzarətindən gizlədilən, folqaya bükülmüş dördbucaqlı formalı, xalis çəkisi 36 kq 20 qr olan narkotik vasitə – marixuana aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, ötən gün Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “alma” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilərkən 31 kq 805 qr narkotik vasitə – marixuana aşkar olunub.