Month: December 2024

  • “Kartdan-karta” üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 645 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

    Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

    Məlumata görə, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb, bu obyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

    “Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən, istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə məlumatda qeyd olunub.

  • Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR

    Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda müəyyənləşib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

    Qanuna əsasən, həmin şəxslər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.

    Eyni zamanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan çox ola bilməz.

    Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

    Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edəcək.

  • Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

    Sabah Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Median.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Bildirilib ki, Nəsimi rayonunun Abbas Səhhət küçəsində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar dekabrın 25-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə A.Səhhət, C.Məmmədquluzadə, N.Vəzirov, H.Ələsgərova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanına 20 milyon manat ayırdı

    Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması məqsədilə limanın genişləndirilməsi üçün 2-ci fazasının tikintisi üzrə xüsusi layihə idarəetmə ofisinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan nizamnamə kapitalının artırılması üçün 20 milyon manat vəsait “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

  • Prezident nəvələrinə COP29-da iştirakına görə təşəkkürnamə verdi – FOTO

    Prezident İlham Əliyev nəvələri Mikayıl Ağalarovu və Əli Ağalarovu təşəkkürnamə ilə təltif edib.

    Bu barədə Mikayıl və Əli Ağalarov özlərinin “Instagram” profillərində paylaşım ediblər.

    Əli və Mikayıl Ağalarov COP29 zamanı könüllülük fəaliyyətinə görə təltif olunublar.


  • Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu

    Türkiyədə qanunsuz mərc reklamında və təşviqində ittiham olunan məşhur müğənni Serdar Ortaç bu gün məhkəməyə çıxarılıb.

    Bu barədə “Haber Global” xəbər verib.

    Bildirilib ki, adı həmin cinayətdə hallanan məşhur aparıcı Mehmet Ali Erbil də məhkəmədə olub – o, şahid qismində iştirak edib.

    Erbil Serdar Ortaçın bu məsələdə daha şanslı olduğunu bildirib.

    “Onun işinə daha tez baxılacaq. Bu bizim məhkəmə və nəticəsi ilə proqnoz olacaq. Onun üçün xeyirli olmasını arzu edirəm”, – deyə məşhur aparıcı əlavə edib.

    Məlumata görə, Serdar Ortaç məhkəmədə müdafiə nitqi ilə çıxış edərkən hadisənin təfərrüatını danışıb. O, aylıq gəlirinin 500 min lira (24.1 min manat) olduğunu bildirib. İfaçının sözlərinə görə, Maltada bir açılış üçün təklif gəlib və o da qəbul edib.

    “Aeroportda məni əvvəllər tanımadığım iki nəfər qarşıladı. Maltada müsahibəyə başladılar, şəxsi telefondan yayım açdılar. Çəkilən videonu mənim icazəm olmadan öz saytlarında yayımlayıblar. Əvvəlcə fərqinə varmadım, ancaq sonradan anladım ki, Ünal və Cenkin geyindiyi köynəklərin üzərində Türkiyədəki televiziyalardan tanıdığım qumar saytının adı yazılıb. Mənə israrla Maltada qumarın qanuni olduğunu və mənim də geyinməli olduğumu dedilər, ancaq əsla geyinməyəcəyimi söylədim və qaçmaq istədim. Maltaya getdiyimə çox peşman oldum, ancaq edəcək bir şey yox idi. Heç kimi təşviq etmədim, mənim məlumatım və nəzarətim xaricində özlərinin çəkdiyi videonu öz saytlarında yayımlayıblar. Qanunu pozmaq niyyətim yox idi”, – deyə ifaçı vurğulayıb.

    İclasda ifaçıya hakim məhkəmə nəzarəti qərarının ləğv edilməsinə qərar verib.

    Prokuror isə Serdar Ortaç üçün üç ilə qədər həbs cəzası tələb edib. Ortaçın vəkilləri prokurorun rəyinə qarşı müdafiə üçün əlavə vaxt istəyiblər. Növbəti iclas 2025-ci il fevralın 25-nə təyin olunub.

    Məhkəmə binasını tərk edərkən Serdar Ortaç – “İnşallah, hər şey yaxşı olar”, – deyib.

  • Havaydakı Kilauea vulkanı aktivləşib

    ABŞ-nin Havay ştatında Kilauea vulkanı püskürüb.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Geoloji Araşdırmalar mərkəzi vulkanın yerli vaxtla saat 02:00 radələrində aktivləşdiyini açıqlayıb.

    Açıqlamada vulkanın aktivliyi gün ərzində davam etdiyi, lakin partlayışın bölgə sakinləri üçün təhlükə yaratmadığı bildirilib.
    //azxeber.com

  • Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)

    “Tələbə kartlarının tətbiqi tələbələrin yalnız təhsil prosesində deyil, həm də sosial və iqtisadi həyatda daha aktiv iştirakını təmin edə bilər. Bu cür təşəbbüslər, həmçinin, gənclərin rifahını artırmaq və onların potensialını daha yaxşı reallaşdırmaq üçün mühüm bir addım ola bilər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 170 min tələbəyə vahid tələbə kartı verilməsi ilə bağlı danışarkən deyib.

    Ekspert hesab edib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımların tələbələrə uzunmüddətli fayda təmin edəcəyi gözlənilir:

    “Tələbə kartları dünyada geniş tətbiq olunan və gənclərin sosial rifahını, təhsil keyfiyyətini və həyat standartlarını artırmaq məqsədi daşıyan bir alətdir. Bu kartların Azərbaycanda istifadəyə verilməsi də tələbələrin təhsil həyatını və dərsdənkənar fəaliyyətlərini dəstəkləmək baxımından mühüm bir addımdır. Beynəlxalq təcrübə göstərir ki, belə kartlar vasitəsilə tələbələr müxtəlif sahələrdə imtiyazlardan yararlanaraq, daha əlverişli sosial və iqtisadi şərait əldə edirlər. Məsələn, Avropa Birliyi ölkələrində tətbiq olunan European Youth Card sistemi tələbələrə 36-dan çox ölkədə 60 mindən artıq xidmət və məhsul üçün güzəştlər təqdim edir. Bu imtiyazlar əsasən ictimai nəqliyyat, təhsil resursları, mədəni tədbirlər və turizm sahələrini əhatə edir. ABŞ-da tələbə endirimlərini təşviq edən ISIC (International Student Identity Card) kartı 130-dan çox ölkədə tələbələrə minlərlə xidmətə çıxış imkanı yaradır. Bu cür sistemlər tələbələrin iqtisadi yükünü azaltmaqla yanaşı, onların sosial aktivliyini də artırır”.

    Kamran Əsədov hesab edir ki, Azərbaycanda yeni tələbə kartlarının istifadəsi aşağıdakı sahələrdə tələbələr üçün əhəmiyyətli güzəştlər yarada bilər:

    “İctimai nəqliyyatda güzəştlər bu kartların ən çox gözlənilən funksiyalarından biridir. Məsələn, Türkiyədə tələbələr ictimai nəqliyyatdan istifadə edərkən 50%-ə qədər güzəşt əldə edirlər. Azərbaycanda da belə bir modelin tətbiqi tələbələrin gündəlik xərclərinin azalmasına ciddi təsir göstərə bilər. Eyni zamanda, şəhərlərarası nəqliyyat və aviaşirkətlərdə tətbiq ediləcək endirimlər tələbələrin daha çox səyahət etməsinə, təcrübə qazanmasına və müxtəlif ölkələrin təcrübələrini öyrənməsinə şərait yaradacaq”.

    Ekspert qeyd edib ki, təhsil və tədris materialları sahəsində güzəştlər də tələbələr üçün mühüm əhəmiyyət kəsb edir:

    “Məsələn, Almaniyada tələbələr təhsil kartları vasitəsilə dərsliklər, proqram təminatları və elektron təhsil resurslarına xüsusi endirimlə çıxış əldə edir. Azərbaycanda bu cür imtiyazlar kitab mağazaları, elektron kitab platformaları və tədris kursları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər. Bu, təhsil resurslarına əlçatanlığı artırar və tələbələrin akademik müvəffəqiyyətinə töhfə verər”.

    Ekspertin fikirincə, mədəniyyət və əyləncə sahəsində də tələbə kartlarının geniş tətbiqi tələbələrin həyat keyfiyyətini artırmaqda mühüm rol oynayır:

    “Məsələn, Böyük Britaniyada tələbə kartı ilə teatr, kinoteatr və konsertlərə girişdə 30%-ə qədər güzəştlər təklif olunur. Azərbaycanda da muzeylər, teatrlar və sərgilər kimi mədəniyyət obyektlərinə güzəştlər tələbələrin mədəni inkişafına və dünya görüşünün genişlənməsinə imkan yarada bilər. Statistikaya əsasən, Avropada tələbələrin 85%-i müxtəlif güzəştlərdən istifadə edən kartlara sahibdir. Bu, onların sosial və iqtisadi xərclərinin azalmasına ciddi təsir göstərir”.
    Kamran Əsədov əlavə edib ki, Azərbaycanda da tələbə kartlarının tətbiqi genişlənərsə, bu göstəricilərə uyğun müsbət nəticələr əldə etmək mümkündür:
    “Eyni zamanda, tələbə kartları vasitəsilə turizm sahəsində endirimlər tələbələrə yerli və beynəlxalq səfərlər etmək üçün daha əlverişli şərait yaradacaq. Bu, tələbələrin həm yerli, həm də qlobal miqyasda fərqli təcrübələr qazanmasına töhfə verər”.

    Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun məlumatına əsasən hazırda 170 min tələbəyə vahid tələbə kartı verilib.

  • Cəlilabadda hotel yanır

    Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən hotellərdən birində qeydə alınıb.

    Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunublar.

    Hazırda yanğın söndürmə işləri aparılır.

    Faktla bağlı araşdırma aparılır.

  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Rəcəb Tayyib Ərdoğan ölkəmizin inkişaf etməkdə olan səkkiz dövlətin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvü seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.

    Prezident İlham Əliyev öz növbəsində bu məsələdə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

    Söhbəti zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Suriyada Əsəd rejiminin çökməsindən sonra müsbətə doğru irəlliləyiş məmnunluqla qeyd edilib, Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səylərin göstərilməsi razılaşdırılıb.

    Dövlət başçıları ölkələrimiz arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.