Month: Yanvar 2025

  • Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi

    Lənkəranda tələbə dəm qazından zəhərlənib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində baş verib.

    Belə ki, 2005-ci il təvəllüdlü Onur Zaur oğlu Rzayev evlərində, otaqların birində huşsuz vəziyyətdə tapılıb. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb və o, Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səyi nəticəsində O.Rzayevi həyata qaytarmaq mümkün olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ

    Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Qeyd olunur ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alır:

    “Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.

    Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb”.

    “Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

    Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır”, – məlumatda deyilir.

    Xatırladaq ki, Səhiyyə Nazirliyi 2023-cü il dekabrın 27-də də plastik cərrahlara eyni məzmunlu çağırış etmişdi.

  • Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi

    Çin hakimiyyəti Azərbaycan Hava Yollarının (AZAL) və Cənubi Koreyanın “Jeju Air” şirkətinin təyyarələrinin qəzaya uğramasından sonra bütün ölkə ərazisində risklərin aradan qaldırılması üzrə əks-tədbirlər görüb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Şu Minszyan mətbuat konfransında çıxışı zamanı məlumat verib.

    “Azərbaycan və Cənubi Koreya şirkətlərinin son böyük aviasiya qəzaları ilə əlaqədar olaraq, Mülki Aviasiya İdarəsi hazırkı mərhələdə, əsasən, aşağıdakı istiqamətlərdə işləyir: birincisi, biz dərhal xüsusi iclas keçirdik, təcili reaksiya tələb edən təhlükəsizlik risklərinin qarşısının alınması üzrə tədbirlərin məqsədyönlülüyünü və effektivliyini artırdıq”, – deyə o bildirib.

    Şu Minszyanın sözlərinə görə, Mülki Aviasiya İdarəsi, həmçinin, bütün ölkə üzrə hava limanlarında yoxlamalar təşkil edib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün uçuş-eniş zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən edilməsini təmin edib. O bildirib ki, qəzalara səbəb ola biləcək quşların hava limanlarının ərazisindən qorxudulmasına və çıxarılmasına xüsusi diqqət yetirilir.

    “Biz fövqəladə halların aradan qaldırılması üzrə keçirilən təlimləri gücləndirəcəyik, reaksiya verilməsinin effektivliyini artıracağıq”, – deyə Şu Minszyan əlavə edib.

    O qeyd edib ki, yaxın vaxtlarda Mülki Aviasiya İdarəsi sistemli reaksiya tədbirləri ilə bağlı məsələlər üzərində işləyəcək, o cümlədən onların həyata keçirilməsi üçün müvafiq bölmələri stimullaşdıracaq və personalın daha etibarlı hazırlığını təmin edəcək.

  • Tokayev: “AZAL təyyarəsinin “qara qutu”larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır”

    “Aktauda baş verən təyyarə qəzasının səbəblərinin obyektiv araşdırılması üçün hökumət komissiyası “qara qutu”ları deşifrə etmək üçün təyyarənin istehsal olunduğu Braziliyaya göndərib”.

    Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ana tili” (“Ana dili”) qəzetinə müsahibəsində bildirib.

    “Əminəm ki, bu, araşdırmanın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, – deyə o əlavə edib.

    Qazaxıstan, həmçinin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Dövlətlərarası Aviasiya Komitəsindən olan nümayəndələr də daxil olmaqla 17 beynəlxalq ekspert dəvət edib.

    Tokayev təyyarə qəzasının səbəblərinin araşdırılmasında obyektivlik və qərəzsizliyin təmin edilməsi üçün bunun yeganə düzgün qərar olduğuna əminliyini ifadə edib.

    Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

  • Məşhur filmin yeni bölümü çəkilə bilər

    “Dyuna 3” (“Dune: Messiah”) filmi hələ ekranlara çıxmadan “Warner Bros” kinostudiyası mövcud trilogiyanın davamı olacaq dördüncü film üzərində işləyir.

    Bu barədə kino insayderi Daniel Rixtman məlumat yayıb.

    İlk üç hissənin rejissoru Deni Vilnyov daha əvvəl bildirib ki, üçüncü film onun layihədəki son filmi olacaq. Deməli, filmin dördüncü hissəsi onsuz çəkiləcək.

    Üstəlik, deyəsən “Dyuna” əsasında əlavə bir serial üçün də yeni planlar var.

    “Dune: The Prophecy” serialı hazırda HBO-da yayımlanır, lakin layihə üzrə daha bir serialın hazırlanması istisna edilmir.

  • Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı

    Seul Milli Texnologiya Universitetinin bir qrup alimi məktəblilərdə düzgün oturuş problemlərinin qarşısını almaq üçün hərəkət sensorları olan “ağıllı” stul yaradıb.

    Bu barədə “Science Daily Asia” elmi portalı məlumat yayıb.

    Yeni texnologiya şagirdin bədən mövqeyini real vaxt rejimində izləyən və düzgün olmayan oturuşları tez bir zamanda düzəltməyə kömək edən adi məktəb stuluna quraşdırılmış intellektual sistemdir.

    Sistem biometrik tərəzi prinsipi ilə işləyən yüksək həssas təzyiq sensorları ilə təchiz edilib. Bu sensorlar çəki paylanmasını təhlil edir və optimal bədən mövqeyindən hətta kiçik sapmaları da qeydə alır.

    Əzələ-skelet sistemi ilə bağlı potensial problemlərin erkən aşkarlanmasına imkan verir. Belə ki, yanlış oturuş skolioz, yastıpəncəlik və ya ayaq uzunluğundakı fərqlər kimi xəstəliklərin inkişafına səbəb ola bilər.

  • Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır

    Valeri Leontyev böyük səhnəyə qayıdır və 2025-ci ildə dünya turunu planlaşdırır.

    Bu barədə “Mash” məlumat yayıb.

    Məlumata görə, söhbət ən azı səkkiz ölkədən gedir. Rusiyalı müğənninin əla formada olduğu və aktiv işə hazırlaşdığı vurğulanır.

    Bildirilir ki, Yeni il ərəfəsində Leontyev Dubayda keçirilən “Big Art” festivalında çıxış edib və 180 min dollar (təxminən 306 min manat – red.) qonorar alıb.

    Onun komandası ifaçını inandırıb ki, işinə maraq hələ də böyükdür və çıxışı təkcə Əmirliklərdə deyil, digər xarici ölkələrdə də gözlənilir.

    Qeyd edək ki, 2024-cü ilin martında 75 yaşlı Leontyev yaşı ilə əlaqədar səhnəni tərk etdiyini bildirib. O, 2019-cu ildə “Mən qayıdacağam…” adlı son yubiley konsertini verib.

  • Pnevmoniya ağırlaşmaları çoxalıb – Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)

    “Bu gün epidemioloji vəziyyət qarışıqdır. Qrip virusu əhali arasında geniş yayılıb. Bu, uşaqlar arasında yüksək hərarət, pnevmoniya ağırlaşmaları ilə davam edir”.

    Bunu tanınmış həkim Adil Qeybulla “Xəzər Xəbər”ə müsahibəsində bildirib.

    Professor deyir ki, insanlar xəstələndiyi təqdirdə yataq rejiminə keçməli, bol maye qəbul etməli, özbaşına dərmanlar qəbul etməməli, həkimə müraciət etməlidirlər. Həm də evdən çıxanda geyimləri düzgün seçməlidirlər.

    Bildirilib ki, pnevmoniya ciddi xəstəlikdir, ona yalnız və yalnız yataq rejimində, həkim nəzarəti altında, stasionar şəraitdə müalicə lazımdır.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Aktyor Azər Baxşəliyevin son durumu necədir?

    Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağır olaraq qalmaqda davam edir.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.

    Bildirilib ki, hazırda A.Baxşəliyev süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır, müalicəsi davam etdirilir.

    Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.

  • Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub

    Azərbaycanın paytaxtı Bakıdan Suriyaya getmək üçün yola düşən və 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını (TIR) Sarp sərhəd-keçid məntəqəsindən Türkiyəyə daxil olub.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, Azərbaycan dövlətinin Suriyaya göndərdiyi humanitar yardım Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında ölkə üzərindən tranzit yolu ilə keçərək Çobanbeyə çatdırılacaq. Yardım maşınları Kilisdəki Çobanbey sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.

    Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.