Month: Yanvar 2025

  • Qəzada bir ailənin 4 üzvü yaralandı

    Hacıqabul rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

    Hadisə saat 15 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    “VAZ-2107” markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına çıxıb. Nəticədə “VAZ-2107” yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb.

    Qəza nəticəsində bir ailənin 4 üzvü – Sabirabad sakinləri, 2016-cı il təvəllüdlü Qəhəmanov Yusif Zamin oğlu, 2018-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı və 1990-cı il təvəllüdlü Qəhrəmanlı Vilayət Rzaxan oğlu, həmçinin 2016-cı il təvəllüdlü Bakı sakini Sarıyev Elvin Elşən oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

    Daha 2 nəfər ambulator yardım alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Crocus” terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib

    Moskvada “Crocus City Hall” konsert kompleksindəki terror aktını törədənlərlə əlaqəsi olduğu müəyyən edilən 5 şübhəli haqqında İstanbulda məhkəmə işi açılıb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

    İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən hazırlanan ittihamnamədə təqsirləndirilən şəxslərin Moskvada terror aktını törədənlər ilə əlaqə saxladıqları qeyd edilib.

    İttiham aktında təqsirləndirilən şəxslər Hofizjon Usmonov, Muteullo Asoev, Rahmatullo Salikov, Muhammadrahim Faizov və Hamza Muhammedin “silahlı terror təşkilatına üzv olmaq” cinayətinə görə 7,5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.

    İstanbul 25-ci Ağır Cəza Məhkəməsi iddianaməni qəbul edib.

  • Şirvanda saxta pul ƏMƏLİYYATI

    Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşları şəhər ərazisində saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirib.

    Adıçəkilən şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib.

    Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.

    Faktla əlaqədar cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib, araşdırmalar aparılır.

  • Uşaqlara kolbasa verməyin – XƏBƏRDARLIQ

    İşlənmiş ət xərçəngə səbəb ola bilər.

    Kolbasa bişirmə prosesində xərçəngə səbəb ola biləcək maddələr əmələ gəlir.

    Bunu tibb elmləri namizədi, həkim İrina Baranova xatırladıb. O, heç vaxt özünə və övladlarına kolbasa almadığını bildirib.

    Həkimin sözlərinə görə, kolbasaların tərkibindəki konservantlar, ləzzət artırıcılar, stabilizatorlar və digər xammallar məhsulun saxlanma müddətini uzatmalı və görünüşünü yaxşılaşdırmalıdır. Amma emal zamanı onun tərkibində orqanizmə zərərli olan maddələr əmələ gəlir. Onların müntəzəm istifadəsi ilə bağırsaq və mədə xərçəngi riski artır.

    Baranova kolbasaların uşaqlar üçün xüsusilə ciddi təhlükə yaratdığını da qeyd edib.

    “Kolbasa sadəcə “tez yemək” deyil, onların tərkibində xərçəngə tutulma riskini artıran əlavələr var”, – həkim vurğulayıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə 2015-ci ildə emal olunmuş və qırmızı ətin təhlükələrini rəsmi olaraq bəyan edib.

    O, vetçina, kolbasa, sosiska və digər emal edilmiş ət məhsullarını kanserogenlərin birinci qrupuna aid edib.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qalın bağırsaq və mədə xərçəngi daha çox inkişaf edir.

    Kanserogenlərin birinci qrupuna siqaret çəkmək və asbest də daxildir, lakin ÜST qeyd edir ki, bu, onların hamısının eyni dərəcədə təhlükəli olması demək deyil.

    Eyni hesabatda ÜST qeyd edib ki, emal olunmuş ətin xərçəngə səbəb olmasına dair qəti sübut yoxdur.

    Müstəqil tədqiqat təşkilatı Global Burden of Disease Project hesab edir ki, yüksək səviyyədə işlənmiş ətin hər il təxminən 34.000 xərçəng ölümü ilə əlaqələndirilir.

    Həmçinin 2015-ci ildə CBS News ÜST-nin hesabatındakı çatışmazlıqları qeyd edib. Bunlara işlənmiş ət yemək və xərçəngin inkişafı arasında birbaşa əlaqəni müəyyən etmək üçün tədqiqatın olmaması daxildir. Üstəlik, təşkilat hansı məhsulların daha çox kanserogen olduğunu qeyd etməyib.

    2023-cü ildə ÜST, emal edilmiş ətin xərçəngə səbəb olduğu qiymətləndirməsini davam etdirib. Belə ki, işlənmiş ət istehlakı və meyvə-tərəvəzin az qəbulu, oturaq həyat tərzi, piylənmə, siqaret və həddindən artıq spirtli içki qəbulu kolorektal xərçəngin səbəbləri kimi müəyyən edilib. Bununla belə, istehlak edilən emal olunmuş ətin miqdarı ilə bağlı ÜST-dən hələlik rəsmi tövsiyələr yoxdur.

    Əvvəllər Harvard Universitetinin İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, işlənmiş qırmızı ət yemək demansiyanın inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. Həftədə iki porsiya işlənmiş qırmızı ət yemək, onu az yeyənlərlə müqayisədə demansiya inkişaf riskini 14 faiz artırır. Maraqlıdır ki, bir porsiya işlənmiş ətin sağlam alternativi ilə (məsələn, qoz-fındıq və paxlalılar) əvəz edilməsi demansiya riskini 23 faiz azaldır. //Lent.az

  • Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq

    Azərbaycanda dövlət rüsumları ilə bağlı mühüm yenilik tətbiq ediləcək.

    Ölkədə “Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sistemi yaradılacaq.

    Bu məsələ hazırda Milli Məclisdə baxılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, yeni informasiya sistemi vasitəsilə, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş” təqdim ediləcək, dövlət rüsumundan daxil olan vəsaitləri hesablayacaq. Artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlər də bu sistem vasitəsilə qəbul edilib baxılacaq.

    Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq. Bu vəsait işçilərin sosial müdafiəsi və maddi təminatının yaxşılaşdırmasına xərclənəcək. (Fed.az)

  • Azər Baxşəliyev vəfat etdi

    Aktyor Azər Baxşəliyev vəfat edib.

    Aktyor böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

    A.Baxşəliyev daha çox “Ağsaqqal” obrazı ilə sevilib.

  • “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi

    “Apple” şirkəti “iPhone 14” və “iPhone SE” modellərini Avropa İttifaqının USB-C şarj tələbi ilə əlaqədar olaraq Avropada satışdan çıxarır.

    Bu qərar cihazların Aİ qaydalarına uyğun gəlməməsindən irəli gəlir.

    Aİ elektron tullantıları azaltmaq və istifadəçilərin həyatını asanlaşdırmaq üçün bütün smartfonlarda USB-C girişindən istifadəni məcburi edib.

    Bu qaydaya riayət etmək üçün “Apple” “iPhone 15” seriyasından etibarən USB-C portuna keçib.

    Aİ-də tətbiq olunan yeni qaydaya əsasən 28 dekabr 2023-cü il tarixindən sonra satılan bütün telefonlarda USB-C portunun istifadəsi tələb olunur.

    Elə buna görə də “iPhone 14” və “iPhone SE” modelləri Aİ-dəki onlayn mağazalarından da yığışdırılıb.
    //lent.az

  • Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək

    Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.

    Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.

  • Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində görülən bir sıra işlərlə tanış olub – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Archico” MMC-nin texniki direktoru Nazim Şirinov dövlətimizin başçısına və birinci xanıma burada görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib.

    Bildirilib ki, hotelin interyeri Lahıcın ən məşhur misgərlik ustalarının əl işləri olan Lahıc misgərlik sənətinin nümunələri ilə bəzədilib.

    Yeni hoteldə qonaqların istirahətinin hərtərəfli, dolğun və mənalı təşkili üçün geniş imkanlar yaradılacaq. Burada ümumilikdə 122 nömrə olacaq.

    Hoteldə idman, “Kids Care” zonaları, işgüzar tədbirlər üçün müasir konfrans zalı və iclas otağı, xizək həvəskarları üçün xizək məktəbi və iki xizək simulyatoru ilə təchiz edilmiş mərkəz fəaliyyət göstərəcək.

    Hotelin yerləşdiyi əraziyə xizək sürənlərin rahat yaxınlaşmalarını təmin etmək üçün burada ilk dəfə “MegaCord” əlaqələndirici lift fəaliyyət göstərəcək. Bu lift hoteli ümumi kanat yolları şəbəkəsi ilə birləşdirəcək.

    Şahdağın gözəl təbiəti və yeni hotelin göstərəcəyi xidmətlər qonaqların istirahətini unudulmaz edəcək. Hotelin qarşısında təbii gölün füsunkar mənzərəsi, gölətrafı müxtəlif restoran və kafelər qonaqların istirahətinə xüsusi rəng qatacaq.

    Qeyd edək ki, yeni hotelin interyerində milli ornamentlərə üstünlük verilib. Taxtadan hazırlanmış və əl işi olan Qarabağ xalçasının nümunəsi də hotelin interyerini bəzəyən elementlərdən biri olacaq.

    Hoteldə 250 yerlik restoran qonaqların ixtiyarına veriləcək.

    Məlumat verilib ki, inşaat işlərinin ikinci fazasında hotelin yaxınlığındakı dağlıq ərazidə gəzinti parkının tikintisi də nəzərdə tutulur.

    Son illərdə dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi istiqamətində çox mühüm layihələr həyata keçirilir. Dünyanın ən yüksək standartlarına cavab verən müasir turizm infrastrukturunun yaradılması sayəsində insanlarımızın, eləcə də ölkəmizə gələn turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılır. Bunun nəticəsində həm yeni iş yerləri açılır, həm daxili turizmin potensialı genişlənir, həm də Azərbaycana gələn xarici turistlərin sayı artır. Bütün bunlar, eləcə də ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq Azərbaycanı dünyanın ən cəlbedici məkanlarından birinə çevirib.

    Sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.

    Qeyd edək ki, “Xizək klubu” binasında kafe, brifinq, iclas və konfrans zalları, mətbuat nümayəndələri üçün otaq olacaq. Yalnız qış mövsümündə deyil, bütün ilboyu burada “Xizək klubu”nun üzvü olanlara, o cümlədən uşaq və yeniyetmələr üçün xizəksürmə kursları təşkil ediləcək.

    Xizək Stadionu Kompleksində yaradılmış yamac Beynəlxalq Xizək və Snoubord Federasiyasının bütün tələb və standartlarına tam cavab verir. Burada idmanın bu növü üzrə müxtəlif beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq. İdman kompleksində idmançıların, məşqçilərin və azarkeşlərin rahatlığı üçün bütün məqamlar nəzərə alınacaq. Burada 500 nəfərlik tribuna quraşdırılacaq.

    Qeyd edək ki, artıq bir neçə ölkə öz idmançılarının Şahdağ Turizm Kompleksinin ərazisində inşa olunan Xizək Stadionu Kompleksində təlim-məşq toplantıları keçirmələri üçün müraciət edib.

    Beləliklə, burada yaradılan şərait bir daha Azərbaycanın idman ölkəsi kimi dünyada beynəlxalq rolunu daha da artırmaqla yanaşı, ölkəmizdə idmanın bir çox növü üzrə nüfuzlu yarışların keçirilməsi üçün mühüm layihələrin icra olunduğunu, müasir infrastrukturun qurulduğunu nümayiş etdirir.

    Xizək Stadionu Kompleksinin istifadəyə verilməsi ilə gənc nəsildə idmanın bu növünə olan maraq artacaq, bu sahədə idmançılar yetişəcək, ölkəmizi beynəlxalq səviyyəli idman yarışlarında layiqincə təmsil edəcəklər.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə və Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.

    Median.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər verir.

  • Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları

    “Bayram süfrəsi üçün yemək, salat və şirniyyatı lazım olan miqdarda hazırlamaq tövsiyə edilir. Belə ki, bayram vaxtı istehlak edilməyən yeməklər bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır”.

    Bu Qida Təhlükəsizliyi Agentliyi yaydığı məlumatda qeyd edilib.

    Bildirilib ki, dəfələrlə qızdırılıb bayat şəkildə istehlak olunan yeməklərin isə orqanizmə bir sıra mənfi təsirləri ola bilər. Ona görə də bayram üçün hazırlanan qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.

    “Mütəxəssislər bildirirlər ki, yumurta, balıq, ət, göbələk kimi məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq açıq şəraitdə qalmamalı, daha sonra soyuducuda saxlanılmalıdır. İsti yeməklər soyuducuya yerləşdirilməmişdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır. Bəzi qidaların isidilərək yenidən istehlakı ümumiyyətlə tövsiyə edilmir. Belə ki, toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak olunmalıdır. Kartof, çuğundur, ispanaq kimi tərəvəzlər, ən əsas da göbələklər bişirildikdən sonra yenidən qızdırıldıqda qida dəyərini itirdiyi üçün bu məhsulların təzə-təzə bişirilib istehlak edilməsi daha məqsədəuyğundur.

    Yeri gəlmişkən, yeməklərin xarab olub-olmadığını dad və ya qoxu vasitəsilə müəyyən etmək hər zaman mümkün olmur. Qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar var ki, onlar qidanın qoxusunu və dadını korlamadan belə çoxala bilir, hətta bəziləri toksin ifraz edir. Belə bakteriyalar dəniz məhsulları, süd və süd məhsulları, tortlar və digər kremli şirniyyatlarda daha tez çoxala bildiyi üçün ən çox qida zəhərlənmələri də məhz bu qidalar düzgün saxlanılmadıqda və təkrar isidilərək istehlak edildikdə baş verir.

    Bayat yeməklər kimi, bayat çayın da orqanizmə ziyanı var. Çünki dəmlənmiş köhnə çay bütün faydalı xüsusiyyətlərini itirməklə yanaşı, insan orqanizminə mənfi təsir göstərə bilir.

    Qeyd edək ki, sadalanan mənfi halların baş verməməsi üçün yeməkləri qədərində hazırlamaqla yanaşı, bişirilmə tarixi bilinməyən yeməklər də istehlak edilməməlidir”, – deyə məlumatda bildirilib.