Month: Yanvar 2025

  • İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib

    Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan İsrailin keçmiş müdafiə naziri Yoav Qalant deputat mandatından imtina etmək və müvəqqəti olaraq siyasətdən getmək qərarını açıqlayıb.

    Bu barədə TASS məlumat yayıb.

    “Mən tezliklə Knessetin spikerinə istefa qərarım barədə məlumat verəcəyəm. Bununla da mənim 45 illik dövlət qulluğum başa çatacaq: onlardan 35-i İsrail Müdafiə Qüvvələrində, qalanları isə Knessetdə keçib”, – o, çıxışında bildirib.

    66 yaşlı Qalant siyasi karyerasına fasilə vermək qərarına gəldiyini, lakin parlamenti tərk etməsinə baxmayaraq, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının üzvü olaraq qalacağını açıqlayıb.

  • Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı

    Rusiyanın Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

    Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin “Telegram” kanalında məlumat verilib.

    “Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün yanvarın 2-də Moskva vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə 01:00 – red.) Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq aviareysləri qəbul etmir və yola salmır”, – məlumatda bildirilir.

    Bundan başqa, Rusiyada Saratov, Penza və Saransk hava limanlarında da məhdudiyyətlər tətbiq edilib.

  • Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI

    Cəlilabad rayonunda evdə meyit aşkar olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, rayonunun Göytəpə şəhər sakini 1972-ci il təvəllüdlü Aydın Hüseynağa oğlu Ağayevin cansız bədəni qonşuları tərəfindən yaşadığı ünvanda tapılıb.

    Məlumata görə o, evdə tək qalırmış. Onun 3 gün əvvəl öldüyü güman edilir.

    Meyit müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var

    Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

    Belə ki, prospektdə hərəkətdə olan “Hyundai” ilə VAZ-2106 markalı minik avtomobilləri toqquşublar.

    Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Avtobus dayanacağının nişanı var, özü isə yoxdur – Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)

    Bakının 8 noyabr prospektində avtobus dayancağını göstərn nişan var, amma dayanacağın özü yoxdur.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, xüsusən havanın küləkli və yağışlı olduğu ərəfələrdə avtobus gözləyən sərnişinlər üçün bu vəziyyət narahatlıq yaradır.

    Sakinlər bildirirlər ki, əvvəl bu ərazidə, dayanacaq quraşdırılmışdı, ancaq sonradan yığışdırılıb.

    Prospekt boyunca bir çox yerdə sadəcə dayanacağın olduğunu bildirən lövhələr quraşdırılıb.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, mərhələli qaydada dayanacaq pavilyonları yenilənir.

    Sözügedən ərazidə də bu isitqamətdə işlər həyata keçirilir.

    Ətraflı süjetdə:

  • Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI

    Rusiyada mart ayından etibarən polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.

    Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, müvafiq normalar martın 5-də qüvvəyə minəcək qanunda təsbit edilib.

    Bundan əlavə, polis əməkdaşları Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından zəruri məlumat və sənədləri, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri tələb etmək hüququna malik olacaqlar. Banklar da deportasiya rejimində olan miqrantların hesablarının mövcudluğu və nömrələri, həmçinin bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə məlumat verməyə borclu olacaqlar.

    Yeni qanun Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına deportasiya rejiminə düşən əcnəbiləri, o cümlədən texniki vasitələrdən istifadə etməklə müşahidə etmək imkanı verir. Bu, həm fiziki, həm də hüquqi şəxslərə, belə miqrantların Rusiya ərazisində qalmasına kömək edənlərə aiddir. Polis mobil cihazların məlumatlarından, geolokasiyadan, ödəniş sistemlərindən və üztanıma sistemlərindən istifadə edə biləcək.

    Qeyd edək ki, deportasiya rejimi – Rusiyada qanunsuz olan və ya qanunu pozan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq edilir. Onlar üçün bəzi hüquq və azadlıqlar məhdudlaşdırılacaq, həmçinin miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri tətbiq ediləcək.

  • İşdən çıxmasını istəyən ərini həbs etdirdi

    Qubada 45 yaşlı kişi arvadının şikayəti əsasında həbsə göndərilib.

    “Qafqazinfo”nun məlumatına görə, ailə üzvləri arasında mübahisə E.Kərimovun arvadından işdən çıxmasını tələb etməsi ilə başlayıb.

    O, sonradan sərxoş vəziyyətdə həyat yoldaşını küçədə nalayiq sözlərlə təhqir edib.

    Səs-küyə gələn polis əməkdaşları E.Kərimovu şöbəyə aparıblar. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

    İnzibati qaydada tutulan şəxs əməlindən peşman olduğunu dilə gətirib, yüngül tənbeh edilməsini istəyib.

    Amma arvadı onu təhqir edən ərinə qarşı şikayətindən imtina etməyib. Hakimə ərinin onu dəfələrlə təhqir etdiyini deyib.

    Məhkəmin qərarı ilə E.Kərimov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 5 günlük həbs edilib.

  • Rusiyadan Avropaya qaz böhranı: Ukrayna üzərindən tranzit tamamilə dayandırıldı

    1 yanvar 2025-ci il tarixindən etibarən Rusiyadan Avropaya qazın Ukrayna ərazisindən tranziti tamamilə dayandırılıb.

    Musavat.com xəbər verir ki, “Qazprom”un yaydığı rəsmi məlumata görə, saat 08:00-dan etibarən qaz nəqli texniki və hüquqi səbəblərə görə mümkün olmayıb.

    Məsələyə dair “Qazprom”un açıqlamasında vurğulanır ki, şirkət Ukrayna üzərindən tranzit üçün zəruri şəraitin təmin edilmədiyini bildirib. Analitiklər bu addımı Avropa ölkələrində qış mövsümündə qaz tədarükünə ciddi təsir göstərəcək yeni enerji böhranı kimi qiymətləndirirlər.

    Hazırda Ukrayna tərəfi bu məsələyə dair açıqlama verməyib, lakin ekspertlər situasiyanın həm siyasi, həm də iqtisadi təsirlərinin qlobal səviyyədə hiss olunacağını proqnozlaşdırırlar.

    Bu hadisə Rusiyanın enerji siyasətindəki mövqeyini yenidən gündəmə gətirib və Avropa ölkələrini alternativ enerji mənbələri axtarmağa sövq edə bilər.

  • Əksər rayonlarda hava yağmursuz keçib – FAKTİKİ HAVA

    Yanvarın 1-i saat 10:30-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin dekabrın 31-də Lənkəran-Astara zonasında intensiv xarakterli yağış yağıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Belə ki, düşən yağıntının miqdarı Astarada 40 mm, Lənkəranda 18 mm-dək olub.

    Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

  • Bu sosial ödənişlərin də məbləği artdı

    Bu gündən Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat olur.

    Bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq qanunlarda öz əksini tapıb.

    “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarı haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunlara əsasən, hər iki sosial ödənişin məbləği 270 manatdan 285 manata qaldırılır.

    2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.

    Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.