Month: Yanvar 2025

  • Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə və Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.

    Leyla Əliyeva sosial şəbəkədə Şahdağda çəkilmiş ailə fotolarını paylaşıb:

  • “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub

    “Formula-1” yarışlarının 2025-ci il təqvimi açıqlanıb, Azərbaycan Qran-prisinə sentyabr ayının 19-da start veriləcək.

    Mövsüm ümumilikdə 24 mərhələdən ibarət olacaq.

    Azərbaycan Qran-prisi mövsümün 17-ci yarışı olacaq. Yarış sentyabrın 19-21-də baş tutacaq.

    Yarış təqvimi:

    1. Melburn (Avstraliya) – 14-16 mart

    2. Şanxay (Çin) – 21-23 mart

    3. Suzuka (Yaponiya) – 4-6 aprel

    4. Sahir (Bəhreyn) – 11-13 aprel

    5. Ciddə (Səudiyyə Ərəbistanı) – 18-20 aprel

    6. Mayami (ABŞ) – 2-4 may

    7. İmola (İtaliya) – 16-18 may

    8. Monako (Monako) – 23-25 may

    9. Barselona (İspaniya) – 30 may-1 iyun

    10. Monreal (Kanada) – 13-15 iyun

    11. Spilberq (Avstriya) – 27-29 iyun

    12. Silverstoun (Böyük Britaniya) – 4-6 iyul

    13. Spa-Frankorçamps (Belçika) – 25-27 iyul

    14. Budapeşt (Macarıstan) – 1-3 avqust

    15. Zandvort (Niderland) – 29-31 avqust

    16. Montsa (İtaliya) – 5-7 sentyabr

    17. Bakı (Azərbaycan) – 19-21 sentyabr

    18. Sinqapur (Sinqapur) – 3-5 oktyabr

    19. Ostin (ABŞ) – 17-19 oktyabr

    20. Mexiko (Meksika) – 24-26 oktyabr

    21. San-Paulu (Braziliya) – 7-9 noyabr

    22. Las-Veqas (ABŞ) – 20-22 noyabr

    23. Lusail (Qətər) – 28-30 noyabr

    24. Yas Marina (Abu-Dabi, BƏƏ) – 5-7 dekabr

  • Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb

    Yanvarın 1-də ölkə ərazisində qeydə alınan 18, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə altı, o cümlədən borclu şəxs qismində axtarışda olan beş nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli iki, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

  • İranda zəlzələ olub

    İranın Hörmüzqan vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

    Median.Az-ın “Mehr” agentliyinə istinadla verdiyi məlumata görə, zəlzələnin ocağı 17 kilometr dərinlikdə qeydə alınıb.

    Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərinin Təxt rayonu olub.

    Hazırda ölənlər və dağıntılar barədə məlumat yoxdur.

  • Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib

    “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadratmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

    Bu barədə Tarif (qiymət) Şurası qərar qəbul edib.

    Qərara əsasən, sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadratmetr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

    Bildirilir ki, hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

  • 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular – SİYAHI

    “Transfermarkt” portalı 2024/2025-ci il mövsümünün sonunda müqaviləsi başa çatan ən bahalı on futbolçunun siyahısını dərc edib.

    Bu barədə sport24.ru yazır.

    Bu oyunçulara yanvarın 1-dən etibarən digər klublarla danışıqlar aparmağa, azad agent kimi gələcək hərəkətləri barədə razılığa gəlməyə rəsmi icazə verilir.

    Siyahıya qiyməti 75 milyon avro olan “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold başçılıq edir. İlk üçlüyə, həmçinin onun komanda yoldaşı Məhəmməd Salah (55 milyon avro) və “Bavariya”nın müdafiəçisi Alfonso Devis (50 milyon avro) daxil olub.

    Hazırda gələn yayın ən dəyərli 10 ən bahalı azad agenti aşağıdakılardır:

    1. Trent Aleksander-Arnold (“Liverpul”, sağ müdafiəçi, 26 yaş) – 75 milyon avro;

    2. Məhəmməd Salah (“Liverpul”, hücumçu, 32 yaş) – 55 milyon avro;

    3. Alfonso Devis (“Bavariya”, sol cinah müdafiəçisi, 24 yaş) – 50 milyon avro;

    4. Coşua Kimmix (“Bavariya”, yarımmüdafiəçi, 29 yaş) – 50 milyon avro;

    5. Conatan Devid (“Lill”, hücumçu, 24 yaş) – 45 milyon avro;

    6. Leroy Sane (“Bavariya”, sağ cinah yarımmüdafiəçisi, 28 yaş) – 45 milyon avro;

    7. Son Hın Min (“Tottenhem”, sol cinah yarımmüdafiəçisi, 32 yaş) – 38 milyon avro;

    8. Kevin de Bruyne (“Mançester Siti”, hücumçu yarımmüdafiəçi, 33 yaş) – 35 milyon avro;

    9. Conatan Ta (“Bayer”, mərkəz müdafiəçisi, 28 yaş) – 30 milyon avro;

    10. Vircil van Deyk (“Liverpul”, mərkəz müdafiəçisi, 33 yaş) – 28 milyon avro.

  • Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib

    Azərbaycanda yeni elektrik enerjisi tarifləri müəyyən edilib.

    Bu barədə Median.Az Tarif (qiymət) Şurasına istinadən xəbər verir.

    Bildirilib ki, təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.

    Əhali üzrə aylıq istehlak həcmi 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə, 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

    1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

    Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:

    – 65% abonent üzrə – 45 qəpik,

    – 20% abonent üzrə – 1 manat 33 qəpik,

    – 15% abonent (daha çox istehlak edən) üzrə – 5 manat 61 qəpik.

    Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə – 0,4 qəpik (5%) artırılır.

    İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi – 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.

    Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.

  • Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi

    Səudiyyə Ərəbistanında altı İran vətəndaşı narkotik alveri ittihamı ilə edam edilib.

    Bu barədə CNN ərəb şəbəkəsinin saytı Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları bu şəxsləri həbs edib sorğu-sual etdikdən sonra onları məhkəmə sisteminə təqdim edib.

    İttihamlar sübuta yetirildikdən sonra onlara edam hökmü verilib və edam hökmü Əş-Şərqiyyə bölgəsində icra olunub.

  • Ronaldu gələcəyi ilə bağlı qərar verdi

    Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı qərar verib.

    Bu barədə Portuqaliyanın mətbuatı məlumat verib.

    Qeyd olunur ki, forvard yanvar ayı ərzində klubla bağlı müqavilə məsələsini həll etmək niyyətindədir. Ronaldunun “Ən-Nəsr”lə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir.

    Ronaldu paytaxt klubu ilə çıxış etdiyi 83 matçda 74 qola imza atıb.

  • Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar

    Fransada Yeni il gecəsində vandallar 984 avtomobili yandırıb, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər.

    Bu barədə BFMTV telekanalı məlumat yayıb.

    “420 nəfər saxlanılıb, 310 nəfər isə nəzarətə götürülüb”, – jurnalistlər təhlükəsizlik qüvvələrinə istinadən bildiriblər.

    Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retayo əlavə edib ki, vandallar bayram atəşfəşanlığından avtomobilləri yandırmaq, həmçinin jandarmeriyaya hücum etmək üçün istifadə ediblər.

    Lion şəhərində atılan fişənglərdən biri iki yaşlı qızın olduğu uşaq arabasına dəyib. Uşaq üzündən aldığı xəsarətlə xəstəxanaya aparılıb.