Month: Yanvar 2025

  • Fransa hərbçiləri daha bir ölkədən çıxarılır

    Kot-d’İvuar Prezidenti Alassan Uattara bildirib ki, Fransa kontingenti ölkədən çıxarılacaq.

    Uattara bunu xalqa müraciətində deyib.

    “Biz fransız qoşunlarının koordinasiyalı və mütəşəkkil şəkildə çıxarılması barədə qərar qəbul etdik”, – ölkə lideri vurğulayıb.//APA

  • Bu ölkələr Şengen zonasına daxil oldu

    13 illik danışıq və proseduralardan sonra yanvarın 1-də Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub.

    Martda 2 ölkənin aeroportlarında sərhəd nəzarəti ləğv edilmişdi. Bu gün isə əlavə olaraq quru yollarında nəzarət məntəqələri yığışdırılıb.

    1985-ci ildən formalaşan Şengen zonasına Avropa İttifaqına üzv 25 ölkə, həmçinin Aİ üzvü olmayan İsveçrə, Norveç, Finlandiya və Lixtenşteyn daxildir. Şengen sistemi bu zona daxilində 400 milyon nəfərin sərhəd nəzarəti olmadan sərbəst hərəkətinə imkan verir.//APA

  • Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu

    Bu gündən Azərbaycanda minimum aylıq əməkhaqqı artıb.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamında əksini tapıb.

    Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Bundan əvvəl ölkədə minimum əməkhaqqı 345 manat olub.

  • ÜST Konqodakı naməlum xəstəliyin səbəbini açıqladı

    Konqo Demokratik Respublikasında naməlum xəstəliyin yayılması, ağır qida çatışmazlığı kontekstində malyariya ilə ağırlaşan ümumi mövsümi xəstəliklərdən qaynaqlanır.

    Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytındakı hesabatda bildirilir.

    Xəstəliyin törədicisi AH1N1 qrip virusu və SARS-CoV-2 koronavirusudur.

    Dekabrın 27-də Konqo Demokratik Respublikasının Milli Biotibbi Tədqiqatlar İnstitutu bəyan edib ki, bu, mürəkkəb koinfeksiya hadisəsidir – bir hüceyrənin bir neçə növ virusla yoluxması. Elm adamları Afrika ölkəsində bu payızda müəyyən edilən xəstəliyin törədicisi AH1N1 qrip virusu və malyariya patogenləri ilə qarşılıqlı təsir göstərən SARS-CoV-2 koronavirusudur.

    Dekabrın əvvəlində ÜST Konqda oktyabrın 24-dən bəri 400-dən çox insanın naməlum virusa yoluxduğunu, onlardan 30-dan çoxunun sağ qalmadığını bildirib. Xəstəliyin əsas əlamətlərinə qızdırma, baş ağrısı, burun axması, öskürək və bədən ağrıları daxildir. Ağır hallarda əhəmiyyətli tükənmə müşahidə olunur. Ən çox yoluxma halları, əsasən, beş yaşına qədər olan uşaqlardır.

  • Azərbaycan Prezidenti Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

    Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

    Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • İlham Əliyev kubalı həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə Kuba arasında dostluq əlaqələri xoş ənənələrə əsaslanır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin daha da inkişafına, qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.

    Bu xoş fürsətdən istifadə edərək Yeni, 2025-ci il münasibətilə də Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Avtomobili ilə piyadanı vurub öldürdükdən sonra qaçan sürücü TUTULDU (YENİLƏNİB)

    Yanvarın 1-də saat 6 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində 1976-cı il təvəllüdlü Qalib Hüseynov naməlum avtomobillə vurulub və aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən VAZ-2112 markalı avtomobilin sürücüsü Tural Abdullayev saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    * * * * * *

    Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kərimli kənd ərazisində baş verib.

    Belə ki, rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.

    Qəza nəticəsində 49 yaşlı Q.Hüseynov həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiya sərhədçiləri Ermənistan-İran sərhədini tərk ediblər

    2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsini tərk ediblər.

    Bu barədə “RIA Novosti” agentliyinə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.

    O bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları 2025-ci ildən İranla sərhədin mühafizəsi üçün bütün məsuliyyəti öz üzərilərinə götürəcəklər, eyni zamanda, Rusiya sərhədçiləri ilə Türkiyə və İranla sərhəddə birgə patrul xidmətini həyata keçirəcəklər.

  • Estoniyanın keçmiş prezidenti vəfat etdi

    Estoniyanın keçmiş prezidenti Arnold Rütel 96 yaşında vəfat edib.

    Bu barədə Estoniya prezident ofisindən məlumat verilib.

    Estoniyanın “Postimees” nəşri yazıb ki, dekabrın sonunda eks-prezident ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin sabiq dövlət başçısının ölüm səbəbi açıqlanmayıb.

    Arnold Rütel 2001-2006-cı illərdə Estoniya prezidenti olub.

  • Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib

    Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qüvvəyə minib.

    Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında” qərarda əskini tapıb.

    Belə ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə karantin rejiminin müddəti aprelin 1-i saat 06:00-dək uzadılıb.