Month: January 2025

  • Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq

    Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentinin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsinin qəbul edilməsini çox ehtimal edir.

    “Vətəndaş cəmiyyətinin təşəbbüsü var idi, hökumətimiz bu qanun layihəsini təsdiqlədi və parlamentimizin də onu qəbul edəcəyi ehtimalı yüksəkdir. Bu o deməkdir ki, biz Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq”, – deyə Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində bildirib.

    Bundan əlavə, o, Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqların tezliklə başa çatacağına və müvafiq sazişin imzalanacağına ümid etdiyini bildirib.

    Məlumat üçün bildirək ki, yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına üzvlüyü haqqında qanun layihəsini təsdiqləyib. Paşinyanın bildirdiyinə görə, ölkənin Aİ-yə üzvlüyü ilə bağlı qərar ümumxalq referendumu yolu ilə qəbul edilməlidir.
     
    ///report

  • “MPay” cərimələndi – Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi

    “eManat” brendi altında özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və eManat+ elektron pul qabı/online ödəniş platformasını idarə edən “MPay” Qapalı Səhmdar Cəmiyyəti cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, “MPay” Qapalı Səhmdar Cəmiyyəti barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi ilə protokol tərtib edilib.

    “MPay” Qapalı Səhmdar Cəmiyyətinin sədri Mətləb Vəliyev Zaman oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verib.

    İşə 05.02.2025-ci il tarixində Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, İXM-nin 192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

    Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

    Xatıradaq ki, 2020-ci ildə “Meqa Sığorta” ASC-nin rəhbərliyindən ayrılan Mətləb Vəliyev Zaman oğlunun təmsilçiliyi ilə təsis edilən “MPay” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 2000 manat təşkil edir.

  • Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”

    ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimində Ukraynadan bəhs etməsə də, bir neçə gün sonra onun müharibə ilə bağlı mövqeyi Kremlin gözlədiyindən daha sərt şəkildə ifadə edildi.

    Bu barədə CNN yazıb.

    Məqalədə qeyd olunur ki, Tramp Vladimir Putinə “Rusiyanı məhv etdiyi üçün” razılaşma əldə etmək zərurətindən bəhs edib.

    Tramp, xüsusən müharibənin Rusiyaya vurduğu iqtisadi ziyanı vurğulayıb.
    “Rusiyanın böyük problemləri olacaq. Onların iqtisadiyyatına baxın. Oradakı inflyasiyaya baxın”, – deyə ABŞ lideri bildirib.

    O, həmçinin Ukrayna ilə müharibədə Rusiyanın ağır itkilərindən danışıb. Qərb rəsmilərinin qiymətləndirmələrinə görə, müharibə başlayandan bəri 700,000-ə yaxın rus əsgəri ölüb və ya yaralanıb.
    “Putinin vəziyyəti yaxşı deyil və məncə, müharibəni bitirməkdən məmnun qalardı”, – Tramp əlavə edib.

    CNN qeyd edir ki, Trampın Putinə ünvanladığı bu şərhlər Kreml rəhbərinə qarşı ən tənqidi çıxışlardan biridir. Ağ Evin, Rusiyanın zaman təzyiqi altında ola biləcəyini və bu fürsətdən yararlanmaq niyyətini dərk etdiyini göstərir.

    Tramp əvvəllər seçki kampaniyası zamanı ABŞ-ın Ukraynadakı dəstəyinə şübhə ilə yanaşsa da, bu dəfə NATO-nun Avropa üzvlərinin hərbi xərcləri artırmasının vacibliyini vurğulayıb. Tramp bəyan edib ki, ABŞ Avropadan daha çox – 200 milyard dollardan artıq maliyyə yardımı göstərir.
    “Bu vəziyyət gülüncdür. Çünki bu, onlara bizdən daha çox təsir edir. Aramızda okean var”, – deyə Tramp bildirib.

    Amerikan lideri həmçinin vurğulayıb ki, müharibənin “yüngül və ya çətin yolla” bitməsini təmin etmək mümkündür, lakin yüngül yol ən yaxşısı olacaq. Əgər razılaşma tezliklə əldə olunmazsa, ABŞ Rusiyaya qarşı yeni vergi, rüsum və sanksiyalar tətbiq etməli olacaq.
    //qaynar.az

  • Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu

    Kanada Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində 457 milyon Kanada dolları (350 milyon ABŞ dollarından çox) məbləğində rus aktivlərini dondurub.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Ukrinform” Kanada Kral Atlı Polisinə istinadla yazır.

    “2022-ci il fevralın 24-dən etibarən Kanadada ümumilikdə 140,1 milyon Kanada dolları dəyərində aktivlər dondurulub və Xüsusi İqtisadi Tədbirlər Aktına əsasən müəyyən edilmiş qadağalar çərçivəsində 317,4 milyon dollar dəyərində maliyyə əməliyyatları dayandırılıb”, – Kanada hüquq-mühafizə orqanlarının açıqlamasında deyilir.

    Polis, həmçinin Belarus sanksiya siyahısına daxil olan şəxslərlə əlaqəli 387,2 min dollar dəyərində maliyyə əməliyyatlarının bloklandığını və 148,5 min dollar dəyərində aktivlərin dondurulduğunu əlavə edib.

  • Sosial şəbəkələrdə tanınmışlara aldadıb pul alanlar tutuldu (FOTO/VİDEO)

    Sosial şəbəkələrdə tanınmışlara onların profillərində olan dostlarının adından müraciət edərək pul istəyən və bu yolla kibertalama əməllərinin törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

    Bildirilib ki, Bakı şəhəri ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar.

    Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.

  • Baş prokuror Qaradağda vətəndaşları qəbul etdi

    Bu gün Baş prokuror Kamran Əliyev Qaradağ rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Qaradağ rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

    Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

  • Metronun iş vaxtı 1 saat uzadılır

    “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

    Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.

    “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.

  • NATO-dan Ukraynaya təhlükəsizliyi ilə bağlı 2 təklif

    NATO ölkələri Rusiya ilə sülh razılaşması müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti üçün iki variant təklif etmək istəyir.

    Bununla bağlı Amerikanın “Foreign Policy” jurnalına yüksəkvəzifəli Qərb rəsmisi məlumat verib.

    Onun sözlərinə görə, birinci variant ondan ibarətdir ki, alyans ölkələri atəşkəs razılaşmasından sonra uzun illər Ukraynaya hərbi və iqtisadi yardım göstərəcəklərini vəd edəcəklər. Bu plana əsasən də Kiyevə nə vaxtsa NATO-ya üzv olması ilə bağlı icazə veriləcək.

    İkinci variant isə NATO-nun bir üzvünə hücumun hamıya hücum hesab edilməsi müddəasını özündə əks etdirən maddənin Ukrayna ərazisinə də şamil edilməsidir. Bu halda, Avropa, ABŞ və Kanada Ukraynanı qorumağa borclu olacaq. Amma bütün bunlar baş versə, NATO Moskva ilə münaqişəyə cəlb olunacaq.

  • “Öyrənmək gec deyil” deyib 68 yaşında bu addımı atdı – VİDEO

    İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi Qətibə İsayeva hazırda “Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə təhsil alır.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, Qətibə xanım övladları, doğmaları üçün tez-tez bir-birindən dadlı şirniyyatlar bişirib, qənnadıçılığı bacarsa da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyib. Elə bu səbəbdən də Peşə Təhsil Mərkəzində yeni biliklərə yiyələnmək qərarına gəlib:

    “Hər bir azərbaycanlı qadın kimi dadlı şirniyyat bişirməyə həvəsli idim. Amma baxdım ki, hər bir sahədə olduğu kimi bu işdə də yeniliklər var və mən onları bilmirəm. Qərar verdim ki, mən gedib qənnadçılığı öyrənməliyəm. Gələndən sonra burada çox şey öyrəndim”.

    Qətibə xanımın sözlərinə görə, orta məktəbi bitirdikdən sonra təhsilinə davam etmək üçün universitetə imtahan versə də, qəbul ola bilməyib. Ailəsinə dəstək olmaq üçün müxtəlif sahələrdə çalışıb. Lakin həmişə təhsil almaq arzusu ilə yaşayıb. O bildirir ki, təhsilə başladığı ilk vaxtlar çətinliklər olsa da, bu onu dayandırmayıb:

    “Düşünürdüm ki, buradakı uşaqlar, yəni sinif yoldaşlarım məni necə qarşılayacaqlar. Düzdür, mənimlə yaşıd olanı yoxdur. Amma bu sahədən başı çıxan, qənnadçılığı yaxşı bilənlər var”.

    İstehsalat təlim ustası Kəmalə Qurbanovanın sözlərinə görə, Qətibə xanım dərslərə çox həvəsli və yaxşı hazırlaşır, özünü nümunəvi tələbə kimi aparır. Bundan başqa, o, gənclərə də örnəkdir.

    Daha ətraflı süjetdə:

  • Rusiyada azərbaycanlılardan ibarət dəstə saxlanıldı – Video

    Rusiyanın Tver vilayətində Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlayıb.

    “Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyatda Rusiya Milli Qvardiyasının döyüşçüləri də iştirak edib.

    Bildirilib ki, ümumilikdə əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb.

    Onların uzun müddət ərzində markalanmamış tütün və spirtli iççi məhsullarının ticarəti ilə məşğul olduğu qeyd olunub.

    Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl (təqribən 17 000 AZN) olaraq qiymətləndirilir.

    Məsələ ilə bağlı cinayət işi başladılıb.