Month: February 2025

  • İsrail fevralın 8-də azad ediləcək girovların siyahısını alıb

    İsrail Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində fevralın 8-də HƏMAS tərəfindən azad ediləcək girovların siyahısını alıb və qəbul edib.

    Apa xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

  • “Oranı görməmisənsə, sənə niyə diplom verək?”

    Elm və təhsil naziri Emin Əmrullayev son günlər gündəmə gələn diplom problemindən danışıb. 

    Belə ki, “Qafqazinfo”da məsələ ilə bağlı hələ ötən ay yayımlanan şikayətdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının tələbələri 2 ildir diplomsuz, işsiz qaldıqlarını bildirmişdi. Bundan başqa, bir neçə gün əvvəl Türkiyədə təhsil almış, lakin diplomunu ölkəmizdə tanıda bilməyən bir neçə məzun da bizə müraciət etmişdi.

    Ötəngünkü brifinqdə nazirə məzunlara diplomların verilməməsi məsələsi ilə bağlı sual ünvanlanıb. Nazir isə cavabında məsələyə belə aydınlıq gətirib: “Bizim işimiz ədalətliliyi təmin etməkdir. Yəni burada hansısa uşaq 550 bal toplayıb, özü də, valideyni də əziyyət çəkib, 4 il də oxuyub. Biz ona da diplom verək…
    Bal toplamayıb xaricdə, orada, burada təhsil alıb diplom əldə edib kağızla üstümüzə gəlir ki, “mənim də diplomum var, onu tanıyın”. Bunun giriş hissəsi doğru, ədalətli olmalıdır. Bizim işimiz ədaləti təmin etməkdir, nəinki hamıya diplom paylamaq. Bir insan xaricdə təhsil alıbsa, heç olmasa, o ölkədə olmalıdır. Sən əgər oxuduğun yeri görməmisənsə, biz axı sənə niyə diplom verək? Əgər bizimlə razı deyilsənsə, məhkəməyə ver. Məhkəmə qərar versin ki, bəlkə biz səhv deyirik?! Biz bundan qorxmuruq. Məhkəmə qərarı olsa, biz həmin adamın diplomunu verə bilərik”.  

    Xatırladaq ki, ilk şikayətlə bağlı UNEC sorğumuza cavab olaraq bildirmişdi ki, Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə universitet tərəfindən rəsmi məktub ünvanlanıb. Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

    Türkiyə universitetləri ilə əlaqadar Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) aldığımız sorğuda isə məsələyə belə şərh verilmişdi: “Bu forma üzrə tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz”.

  • Xırdalanda avtobus piyadanı vuraraq öldürüb

    Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Report  xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Belə ki, 517 nömrəli marşrut avtobusu yolu keçən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

    Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Neft Daşları-Dübəndi neft xəttində sızma baş verdi

    “Azneft” İstehsalat Birliyinin Neft Daşları-Çilov-Şah saçı-Dübəndi neft xəttində sızma müşahidə edilib.

    Median.Az xəbər verir ki, bu barədə report–a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
    “Qeyd olunan neft xətti Neft Daşlarından neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, – SOCAR-dan vurğulanıb.
    Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir:

    “Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.
    Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə Neft Daşları NQÇİ-nin ərazisindən və “Günəşli” yatağından nefti sahilə nəql edən xətdə sızma olması ilə bağlı məlumat yayılıb.

  • Çayxorların NƏZƏRİNƏ: Ürək xəstəliyi riskini 8 faiz, infarktı isə 10 faiz…

    Çay, sadəcə gündəlik həyatımızda əvəzsiz bir içki olmaqla yanaşı, sağlamlığımıza da bir çox müsbət təsir göstərir.

    Median.Az xəbər verir ki, elmi araşdırmalar nəticəsində müəyyən olunub ki, müntəzəm çay istehlakı ürək xəstəliyi riskini 8 faiz, infarkt riskini isə 10 faiz azalda bilər.

    Tədqiqatlar göstərib ki, çayın tərkibindəki polifenollar bağırsaq mikroflorasına müsbət təsir göstərə bilər. Bu maddələr faydalı bakteriyaların artmasına şərait yaradır, eyni zamanda zərərli bakteriyaların çoxalmasının qarşısını alır. Qara və yaşıl çayın tərkibindəki amin turşusu və kofein sinergetik təsir göstərərək diqqəti artırır və beyin funksiyalarını gücləndirir. Qəhvədən fərqli olaraq çayda olan kofein daha yavaş sorularaq daha uzun müddət davam edən enerji təmin edir. Digər bir araşdırma zamanı isə qara çayın aromasının idrak tapşırıqları zamanı stresi azaltdığı sübut olunub.

    Çobanyastığı çayının sakitləşdirici təsiri, nanə çayının isə təravətləndirici və diqqət artırıcı xüsusiyyətlərə malik olduğu bildirilib. Ümumilikdə sağlam qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu kimi faktorlar uzunömürlülük üçün həlledici rol oynayır.

  • Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib

    Fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

    Apa xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

    Məhkəmə iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
    Məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.
    Dövlət ittihamçıları Ermənistan dövlətinin, onun struktur qurumlarının yüksək vəzifəli şəxslərinin rəhbərliyi, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi, bilavasitə iştirakı, eləcə də ciddi nəzarəti altında, habelə Ermənistanın hərbi qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə yaradılmış cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının suverən ərazilərinin işğal olunması ilə bağlı cinayət əməlləri üzrə epizodları elan edib.
    Dövlət ittihamçısı Təranə Məmmədova İttiham aktına əsasən elan edib ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılıb, bununla da xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.
    Dövlət ittihamçısı Fuad Musayev bildirib ki, Xankəndi şəhəri və onun Kərkicahan qəsəbəsinin işğal edilməsi nəticəsində 2944 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 4579 əmlak üzrə 636 milyon manatdan artıq maddi ziyan vurulub.
    Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndinin işğalı (hazırda Sədərək rayonunun Kərki kəndi) nəticəsində 461 nəfər dinc sakin didərgin salınıb, xüsusi mülkiyyətdə və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 54 ədəd əmlak üzrə 7 milyon manatdan artıq maddi ziyan vurulub.
    Qazax rayonunun 7 kəndinin – Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskiparanın işğalı nəticəsində 3159 nəfər dinc sakin didərgin salınıb, xüsusi və dövlət mülkiyyətində olan ümumilikdə 896 əmlak üzrə 137 milyon manatdan artıq maddi ziyan vurulub.
    Xocalı şəhəri və Əsgəran qəsəbəsinin də daxil olduğu, ümumilikdə 50 kənddən ibarət Xocalı rayonunun işğalı nəticəsində 7161 nəfər dinc sakinin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1067 ədəd əmlak üzrə 103 milyon manatdan artıq maddi ziyan vurulub.
    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, Şuşa şəhəri, Turşsu qəsəbəsi və 37 kənddən ibarət Şuşa rayonunun işğal edilməsi nəticəsində 16 min 299 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2769 əmlak üzrə 391 milyon manatdan artıq maddi ziyan vurulub.
    Xocavənd şəhəri, 2 qəsəbə (Qırmızı Bazar və Hadrut qəsəbələri) və 80 kənddən ibarət olan Xocavənd rayonunun işğalı nəticəsində 7451 nəfər azərbaycanlı sakini məcburi qaydada evlərindən didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2607 əmlak üzrə cəmi 340 milyon manatdan artıq maddi ziyan vurulub.
    Laçın şəhəri, Qayğı qəsəbəsi və 124 kənddən ibarət olan Laçın rayonunun işğal olunması nəticəsində 57 min 47 sakin məcburi qaydada evlərindən didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15 min 459 əmlak üzrə cəmi 2,7 milyard manatdan artıq maddi ziyan vurulub.
    Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcər rayonunun işğal olunması nəticəsində 48 min 847 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 17 min 489 əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.
    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli elan edib ki, Tərtər rayonunun bir sıra kənd və yaşayış məntəqələrinin işğal olunması nəticəsində 899 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1127 əmlak üzrə 155 milyon manatdan artıq maddi ziyan vurulub.
    Ağdam rayonunun böyük hissəsinin işğalı nəticəsində 100 min 574 dinc sakin didərgin salınmış, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31 min 736 əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.
    Füzuli rayonunun böyük hissəsinin işğal edilməsi nəticəsində 83 min 544 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 22 min 635 əmlak üzrə 3,4 milyard manatdan artıq maddi ziyan vurulub.
    Cəbrayıl şəhəri, Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu qəsəbələri və 92 kənddən ibarət Cəbrayıl rayonunun işğal edilməsi nəticəsində 52 min 141 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15 min 206 əmlak üzrə 2,1 milyard manatdan artıq maddi ziyan vurulub.
    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov qeyd edib ki, Zəngilan şəhəri, 5 qəsəbə və 79 kənddən ibarət kənddən ibarət Zəngilan rayonunun işğalı nəticəsində 32 min 775 dinc sakin didərgin salınmış xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 9679 əmlak üzrə 1,3 milyard manatdan artıq maddi ziyan vurulub.
    Qubadlı şəhəri və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı nəticəsində 29 min 539 dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 10 min 159 əmlak üzrə 1,8 milyard manatdan artıq maddi ziyan vurulub.
    Bundan başqa, ittiham aktında qeyd edilib ki, təcavüzkar müharibə nəticəsində ümumilikdə Azərbaycan Respublikasının mədəni sərvətinə aid olmaqla dəymiş zərərin qiymətləndirilməsi mümkün olan ən azı 697 tarix və mədəniyyət abidəsi hücum obyektinə çevirilməklə, hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməklə, qəsdən böyük həcmdə yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla və sair fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə Azərbaycan Respublikasına və Azərbaycan xalqına 906 milyon manatdan artıq maddi ziyan vurulub.
    Eyni zamanda, Azərbaycan respublikasının suveren ərazilərinin işğal olunması nəticəsində didərgin salınmış dinc sakinlərin sosial təminatı və maddi-məişət şəraitinin təmin edilməsinə sərf edilmiş vəsaitlər nəzərə alınmaqla Azərbaycan dövlətinə ümumilikdə 8,8 milyard manatdan artıq maddi ziyan vurulub.
    Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev təcavüzkar müharibə gedişində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, habelə soyqırımı əlamətləri olmadan əhalinin bütövlükdə və ya qismən məhv edilməsi faktlarını elan etməyə başlayıb.
    Bildirilib ki, Xocalı rayonunun ərazisində yaşayan azərbaycanlı əhalini kütləvi şəkildə milli-etnik mənsibiyyətinə görə bir qrup kimi məhv etmək niyyəti ilə onları öldürmək, sağlamlığına ağır və əqli qabiliyyətinə ciddi zərər vurmaq məqsədi ilə Xocalı rayonuna və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıları baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməniəsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 şəxsin qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib.
    Məhkəmə fevralın 11-də davam etdiriləcək.
    Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər – Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.

    Apa xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkda yaradılan şərait barədə ətraflı məlumat verdi.

    Paytaxtımızın daha da müasirləşdirilməsi, abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda – metronun “Gənclik” stansiyasının yaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni parkdır.

    Dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.

    “Antena” sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.

    Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb.

    Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.

    Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Həmçinin işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb.

    Yeni parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirən yeraltı keçid də inşa olunub. Bu da sakinlərin təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.
    Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

    Yeni istifadəyə verilən park da paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

  • Deputat: Dünyada hansı çirkin iş varsa, arxasından məhz USAİD çıxır

    Son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) barədə ortaya qoyulan faktlar dünyanın gündəmindən düşmür.

    Bunu apa-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

    Deputat bildirib ki, dünyada hansı çirkin iş varsa, demək olar ki, onların hamısının arxasından məhz USAİD çıxır: “Əslində biz, yəni Azərbaycan dövləti bu təşkilatın heç də xoş əməllərlə məşğuı olmadığını dəfələrlə bəyan etmişik. Lakin təəssüflər olsun ki, bu vaxta qədər bizim haqq səsimizi eşidən olmayıb. ABŞ-da hakimiyyət dəyişikliyindən, yəni Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra bir çox maraqlı məqamlara aydınlıq gətirilməkdədir. Bu sırada USAİD də var. Hər şey ondan başladı ki, ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində bu təhlükəli qurum barədə paylaşım etdi. Həmin paylaşımından İlon Mask bildirdi ki, USAID koronavirus da daxil olmaqla, bioloji silahların hazırlanmasına pul ayırıb. Bu, əslində ABŞ rəsmilərinin USAID-in cinayətkar təşkilat olduğunu etiraf etməsi idi. Yeri gəlmişkən, bu paylaşımdan öncə də İlon Mask USAİD-i kəskin tənqid edərək, agentliyi mövcud olmaması lazım olan cinayətkar təşkilat adlandırmış, həmçinin “Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası” kimi təsvir etmişdi. Göründüyü kimi hər şey gün kimi aydındır”.

    Vüqar İskəndərov əlavə edib ki, son bir neçə gün ərzində bu təşkilatın dünyanın müxtəlif yerlərdəki cinayətkar əməlləri barədə silsilə məlumatlar dərc edilir: “Lakin o məlumatlardan yalnız birinin üzərində dayanmaq istəyirəm. Belə ki, son məlumatlara görə, USAİD dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Yəqin niyə məhz bu məqamın üzərində dayandığım sual oluna bilər. Məsələ burasındadır ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı çirkin kampaniya aparılıb. İndi isə həmin kampaniyanın arxasında kimin durduğunu söyləmək heç də çətin deyil. Necə deyərlər, İlon Maksın məlum paylaşımından sonra cərəyan edənlər bu sahədə də “xoruzun quyruğunun” görünməsinə səbəb olub. Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden Administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır.”.

  • Şəkidə ikifərdi yaşayış evindəyanğın olub

    Şəkidə bir-birinə bitişik iki fərdi yaşayış evində yanğın olub.

    Apa-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 18 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsində Xatirə Nəzir qızı Məmmədzadəyə məxsus, ümumi sahəsi 300 kv/m olan ikimərtəbəli 5 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.

    Yanğının söndürülməsi üşün əraziyə Şəki rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün və ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
    Yanğın evə bitişik tikilən X. Məmmədzadəyə aid ümumi sahəsi 600 kv/m olan digər fərdi yaşayış evinə də keçib. İkinci evin isə iknci mərtəbəsində aynəbəndin tavanı 3 kv/m, dam örtüyü isə 6 kv/m sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub.
    Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır

  • Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərlə bağlı fikir mübadiləsi aparılıb

    7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.

    Apa xəbər verir ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılmış və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.