Month: April 2025

  • Əhaliyə may ayı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ – Həmin günlər təhlükəli tarixlərdir

    May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.

    Alimlər geomaqnit fırtınalarının insan sağlamlığına və ümumi vəziyyətə əhəmiyyətli təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

    Maqnit qasırğaları barədə bilməli olduğunuz əsas məqamlar, təhlükəli günlər və özünüzü necə qoruya biləcəyiniz barədə məlumatı təqdim edirik:

    Maqnit qasırğası nədir?

    Maqnit qasırğası – Günəş alovlanmaları nəticəsində Yer kürəsinin maqnit sahəsində baş verən pozuntudur. Günəşdəki partlayışlar zamanı kosmosa böyük miqdarda yüklü hissəciklər buraxılır və bu hissəciklər Yerə çatdıqda onun maqnit sahəsi ilə qarşılıqlı təsirə girir.

    Bu proseslər yalnız kosmosda deyil, həm də Yerdə ciddi təsirlər yaradır: peyklərin fəaliyyəti pozula, elektronika nasazlıq verə və ən əsası, insanların sağlamlıq vəziyyəti pisləşə bilər.

    2025-ci ilin may ayında təhlükəli tarixlər

    NOAA və digər kosmik hava mərkəzlərinin proqnozlarına görə, may ayında aşağıdakı günlərdə maqnit fəallığının artması gözlənilir:

    2 may – Qırmızı səviyyəli maqnit qasırğası (K-indeksi 5)

    5-7 may – Güclü maqnit qasırğası (K-indeksi 5-6)

    7-10 may – Uzunmüddətli qasırğa, orta səviyyədən başlayaraq G2 səviyyəsinə (K-indeksi 6-7) çatacaq

    18 may – Qısa, lakin güclü maqnit qasırğası (K-indeksi 5-6)

    22-23 may – Orta güclü qasırğa

    28-30 may – Güclü maqnit qasırğası (G2-G3 səviyyəsi)

    Bu günlərdə sağlamlığınıza xüsusi diqqət yetirmək və ağır fiziki və zehni yüklərdən uzaq durmaq tövsiyə olunur.

    Maqnit qasırğaları insan sağlamlığına necə təsir edir?

    Maqnit qasırğalarına hamı eyni dərəcədə həssas olmasa da, bəzi ümumi simptomlar müşahidə olunur:

    Baş ağrısı

    Başgicəllənmə

    Miqren

    Ürəkbulanma

    Qan təzyiqində dəyişikliklər

    Ümumi zəiflik və yorğunluq

    Yuxululuq

    Yuxu pozuntuları

    Konsentrasiya problemləri

    Əsəbilik və əhval dəyişikliyi

    Apatiya və aqressivlik

    Xroniki xəstəliklərin kəskinləşməsi

    Xüsusilə ürək-damar xəstəlikləri olanlar, hava dəyişikliklərinə həssas insanlar, hamilə qadınlar və uşaqlar daha çox risk altındadırlar.

    Maqnit qasırğaları zamanı özünüzü necə qorumalısınız?

    Həkimlər və tədqiqatçılar aşağıdakı tədbirləri görməyi tövsiyə edirlər:

    Gündə 7-9 saat kifayət qədər yatmaq

    Bol təmiz su içmək

    Tərəvəz və meyvələrlə zəngin sağlam qidalanmaq

    Qəhvə və energetik içkiləri azaltmaq

    Alkoqol və zərərli qidalardan uzaq durmaq

    Stressdən qaçmaq, bu günlərdə mühüm işlər planlaşdırmamaq

    Elektron cihazlardan istifadəni məhdudlaşdırmaq

    Ağıryüklü fiziki və zehni işlərdən uzaq durmaq

    Otaqları yaxşı havalandırmaq və açıq havada daha çox vaxt keçirmək

    Qan təzyiqini izləmək və həkim məsləhəti ilə dərman qəbul etmək

    Bunlar sadə tədbirlər olsa da, sağlamlığın qorunmasında olduqca təsirli olur. Əgər vəziyyətiniz pisləşərsə, dərhal tibbi yardım axtarın.

    Niyə maqnit qasırğalarının təhlükəli tarixlərini bilmək vacibdir?

    Maqnit qasırğalarını nəzərə almamaq xroniki xəstəliklərin kəskinləşməsinə, ümumi vəziyyətin pisləşməsinə və hətta diqqətsizlikdən yaranan fövqəladə hallara səbəb ola bilər. Sağlam insanlar üçün də bu cür günlərdə yığılmış stress sonradan immunitetin və enerjinin azalmasına gətirib çıxara bilər.

    Maqnit qasırğalarının təqvimi sayəsində mühüm işlərin, səyahətlərin və fiziki fəaliyyətlərin daha düzgün planlaşdırılması mümkündür.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Babək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

    Median.Az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

    Bildirilib ki, 30 aprel 2025-ci il tarixində saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində qaz verilişi müvəqqəti olaraq dayandırılacaq.

    Qaz təchizatının dayandırılmasına səbəb 100 mm və 159 mm diametrli qaz borularında aşkar edilmiş korroziya hallarının aradan qaldırılmasıdır.

    Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

  • Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub – FOTO

    Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

    Həmçinin tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycanda akkreditə olunmuş digər ölkələrin səfirləri, Azərbaycanın ictimai-siyasi xadimləri iştirak ediblər.

    ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakim Alsenan bu tarixi əhəmiyyətli tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

    Sonra tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib: “Bu gün biz burada, ICESCO-nun yeni regional ofisinin açılışını qeyd edirik, uzun müddətdir arzuladığımız bir xəyala nəfəs veririk. Bu, əlaqələr qurmaq, əməkdaşlıq etmək arzusu və müdriklik, bilik və ortaq məqsədlə qurulmuş gələcəklə bağlı bir xəyaldır. Burada – əsrlər boyu sivilizasiyaların qovuşduğu yer və sülhün beşiyi olan Bakının mərkəzində təhsil, elm, mədəniyyət və kommunikasiyanın, müasirliyin və adət-ənənənin harmoniya içində qovuşduğu bir mərkəz olacaq regional ofisin açılışında iştirak edirik”.

    Bu regional ofisin Azərbaycana və Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət göstərəcəyini, regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı, əməkdaşlıq və mükəmməllik ruhunu təşviq edəcəyini vurğulayan Salim bin Məhəmməd əl-Maliki deyib: “Əziz dostlar, bu nailiyyət heç də təsadüfən əldə edilməyib. Bu, həqiqi liderliyin, aydın baxışın və daha yaxşı gələcəyə olan davamlı sadiqliyin bəhrəsidir. Parlaq müdrikliyi və biliyin qüdrətinə olan dərin inamı hamımız üçün bir işıq kimi saçan lider, zati-aliləri Prezident İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk. Onun davamlı dəstəyi bu baxışı reallaşdırıb. Həmçinin zati-aliləri, ICESCO-nun xoşməramlı səfiri, təhsilə, mədəniyyətə və insanlığa olan sevgisi ilə bu layihənin reallaşmasına təkan verən Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığımızı bildiririk.

    Bu gün fəxri qonaq qismində tədbirə qoşulan zati-aliləri Leyla xanıma və Arzu xanıma bizi hörmətlə qarşıladıqlarına və ICESCO ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın həqiqi çempionu olduqlarına görə xüsusi olaraq səmimi minnətdarlığımızı bildiririk”.

    Bu ofisin xüsusi bir ofis olacağını vurğulayan Salim bin Məhəmməd əl-Maliki qeyd edib: “Bu ofis fərqli şəkildə fəaliyyət göstərəcək. Fərqli ideyalara sahib olacaq. O, məqsədlərinə fərqli şəkildə çatacaq. O, üzv dövlətlərimizlə möhkəm əməkdaşlıq ruhu ilə döyünən, təhsil, mədəniyyət, elm, kommunikasiya sahələrində yeni tərəfdaşlığın ritmlərini əks etdirən canlı bir ürək olacaq.

    ICESCO-nun strateji məqsəd və vəzifələrini inkişaf etdirməklə yanaşı, Bakı ofisi ətraf mühitimizi müdrikliklə və təcili olaraq qorumaq, bəşəriyyətə xidmət etmək üçün süni intellekti daha da inkişaf etdirmək, diqqəti sabahın memarları olan gənclərimizə yönəltmək və dəyərli irsimizin, kimliyimizin ruhunun qorunub saxlanılması kimi məqsədlərə xidmət edəcək. Bu ofisdə ilhamverici layihələr və yeni ideyalar yaradılacaq. Burada ölkələr və nəsillər arasında əlaqələri möhkəmləndirən bağlar yaranacaq.

    Biz ICESCO olaraq bu mərkəzi xəyallarla, müdrikliklə və biliklə qurmağı seçirik. Bu yeni regional ofis xəyalpərəstləri, o cümlədən bunun reallaşmasını mümkün edən liderləri ləyaqətə, biliyə, mədəniyyətə, sülhə və xüsusilə də gələcəyin formalaşmasında birgə işləməyə çağıran, onlara bələdçilik edən, yollarını işıqlandıran bir mayak olacaq. Sizi bir daha əmin edirəm ki, bu ofis kökü müdriklik, budaqları sülh, meyvələri gələcək nəsillərə ümid mirası olan qüdrətli bir ağacın toxumu olacaq”.

    Daha sonra tədbirdə ICESCO-nun yaranma tarixi, Azərbaycanla qurulan ikitərəfli əlaqələr barədə videoçarx nümayiş olunub.

    Sonda Leyla Əliyeva ofisin xatirə kitabına ürək sözlərini yazıb.










  • Ceyhun Bayramov Küveytə getdi

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, səfər çərçivəsində 30 aprel tarixində nazir Ceyhun Bayramovun Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşünun, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

    Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.

  • “Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu” – Vardanyanın məhkəməsi

    Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 29-da davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

    Sonra təqsirləndirilən Ruben Vardanyan və onun vəkili Avraam Berman məhkəmə kollegiyasına etiraz ediblər.

    Təqsirləndirilən şəxsin müdafiəçisi A.Berman etirazı əsaslandıran zaman əvvəlki məhkəmə proseslərində verilən çoxsaylı vəsatətlərinin bir qisminin təmin olunmadığını, eləcə də hazırkı vaxtadək olan bütün məhkəmə iclas protokolları ilə tam tanış ola bilmədiklərini qeyd edərək, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu və bu səbəbdən məhkəmə kollegiyasına etiraz etdiklərini deyib.

    R.Vardanyan etirazı müdafiə edib.

    Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, qeyd olunan məsələlərlə bağlı məhkəmə əvvəlki proseslərdə artıq mövqeyini ifadə edib. O əlavə edib ki, məhkəmə iclas protokolları ilə tanış olmaq üçün müdafiə tərəfinə lazımi şərait yaradılır. V.Əliyev, həmçinin deyib ki, ümumilikdə bu cür əsaslar, yəni, müdafiə tərəfinin vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmaması, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması qənaətinə gəlməyə əsas verə bilməz

    Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

    Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

    Belə ki, iclasa sədrlik edən qərarı əsaslandıran zaman diqqətə çatdırıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

    Sonra zərərçəkənlər məhkəmədə ifadə veriblər.

    Zərərçəkmiş şəxs Nurlan Bağırov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərkən hərbçi yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin hücumuna məruz qaldığını bildirib. N.Bağırovun sözlərinə görə, hadisə zamanı onlara atəş açılıb, əl qumbaraları atılıb. Nəticədə onun 14 hərbçi yoldaşı (Daxili Qoşunların 12, Müdafiə Nazirliyinin 2 nəfər hərbi qulluqçusu) şəhid olub, hərbçilərin bir hissəsi yaralanıb. N.Bağırov özünün də hadisə zamanı yaralandığını bildirib.

    Digər zərərçəkmiş şəxs Şamil İsrəfilov da yaralandığını qeyd edərək deyib: “Odlu silahlardan atəş açırdılar, üzərimizə qumbara atırdılar. Qumbara partlaması nəticəsində yaralandım”.

    Ş.İsrəfilov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən hadisə zamanı hərbçi yoldaşlarından 14 nəfərinin şəhid olduğunu, 24 nəfərin isə yaralandığını söyləyib.

    Zərərçəkmiş şəxs Vüsal Eyyubov ifadəsində Ermənistan hərbçilərinin odlu silahdan açdıqları atəş nəticəsində yaralandığını diqqətə çatdırıb. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq hadisə zamanı hərbçi yoldaşları arasında şəhid olanların və yaralananların olduğunu da bildirib.

    Zərərçəkmiş Taciəddin Kərimov N saylı hərbi hissənin hərbi qulluqçusu kimi əvvəllər Tərtər rayonunun inzibati ərazisinə daxil olmuş, hazırda isə Ağdərə rayonuna aid olan Talış kəndi istiqamətində xidmət zamanı mina partlayışı nəticəsində xəsarət aldığını bildirib. Vurğulayıb ki, həmin vaxt o, xidmət yoldaşları ilə birgə azad edilmiş ərazilərdə təminat yolu açmaq üçün sahənin minalardan təmizlənməsi prosesi ilə məşğul olublar. Növbəti minanın zərərsizləşdirilməsi zamanı partlayış baş verib və o yaralanıb. Zərərçəkən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında bildirib ki, həmin sahədə 59 mina zərərsizləşdiriblər. Aşkarlanan minalar son illər basdırılan və Ermənistanın istehsal etdiyi minalar olub. Zərərçəkmiş şəxs daha sonra bildirib: “Hadisə zamanı hərbçi yoldaşlarım aralıda olduğuna görə onlar yaralanmadılar”.

    Zərərçəkmiş şəxs Cavanşir Sultanov ifadəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin təxribatının qarşısını alan zaman yaralandığını deyib.

    Zərərçəkən Seymur Ağakərimov isə ifadəsində erməni hərbçilərinin atdıqları minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını vurğulayıb.

    Zərərçəkmiş Vaqif Babayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğunu, Zəngilan rayonunda xidməti vəzifələrini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət aldığını qeyd edib. Onun sözlərinə görə, zirehli texnika ərazidə iş apararkən tank əleyhinə minaya düşüb. Həmin vaxt yaxınlıqda olduğu üçün o, müxtəlif xəsarətlər alıb. Zərərçəkən şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistanın mina terrorundan daha çox günahsız mülki insanların əziyyət çəkdiyini söyləyib.

    Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

    Məhkəmənin növbəti iclası mayın 6-na təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

  • Zaqatalada gənc qadın CANINA QIYDI

    Zaqatalada intihar hadisəsi olub.

    hadisə Gözbarax kəndində baş verib.

    Belə ki, kənd sakini, 24 yaşlı Aygün Əzizova yaşadığı evin talvarından özünü asıb.

    Onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

  • Bacısı övladının doğum gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin GÖRÜNTÜLƏRİ

    Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Mercedes-Benz” markalı avtomobillə əks zolağa çıxaraq qəza törədən 28 yaşlı Kənan Cabbarova 5 il 6 ay həbs cəzası verilib.

    Hadisə ötən ilin sentyabrında gecə saat 22 radələrində Quba şəhəri Heydər Əliyev prospektində baş verib. Araşdırma zamanı müəyyən edilib ki, Kənan qəzadan əvvəl narkotik vasitə olan metamfetamin qəbul edərək sərxoş vəziyyətə düşüb.

    O, avtomobili yüksək sürətlə idarə edərək əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkət edən 1982-ci il təvəllüdlü Elşad Qayıbovun sürdüyü maşınla toqquşub. Nəticədə Elşad aldığı xəsarətlərdən ölüb.

    Hadisə baş verən gün Elşadın bacısı övladının ad günü imiş və o, məclisə gedərkən qəza ilə üzləşib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Cabbarovun həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.

    Qeyd edək ki, hadisədən sonra dəhşətli qəzanın görüntüləri yayılmışdı.

  • Кортеж премьер-министра Израиля Биньямина Нетаньяху попал в ДТП

    Кортеж премьер-министра Израиля Биньямина Нетаньяху попал в дорожно-транспортное прошествие.

    Об этом сообщает Ynet.

    Согласно информации, инцидент произошел в Иерусалиме.

    Отмечается, что главе правительства удалось избежать травм. Пока неизвестно, есть ли жертвы в результате аварии.

  • Netanyahunun korteji qəzaya düşdü – FOTO

    İsrailin Baş naziri Benyamin Netanyahunun korteji qəzaya uğrayıb.

    Bu barədə “Ynet” məlumat yayıb.

    Məlumata görə, insident Qüdsdə baş verib.

    Baş nazirin qəzadan xəsarət almadan xilas olduğu bildirilir. Hadisə nəticəsində digər zərərçəkənlərin olub-olmaması hələ ki, məlum deyil.

  • Təhlükəli virusun yeni ştammı kruiz gəmilərində xəstəliklərin yayılmasına səbəb olub

    Norovirusun yeni dominant ştammı kruiz gəmilərində mədə-bağırsaq infeksiyalarının artmasına səbəb olub.

    Bu barədə “The Independent” ABŞ-ın ictimai səhiyyə agentliyinə istinadən yazıb.

    Xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzləri (CDC) qeyd edir ki, quruda müşahidə olunan norovirus yayılması dənizdə də yoluxma hallarına təsir edə bilər.

    CDC-nin bəyanatında vurğulanır: “Yeni dominant ştamm hazırda quruda qeydə alınan norovirus partlayışları ilə əlaqələndirilir. Gəmilərdə yoluxma halları adətən quruda müşahidə olunan bu artım dövrünü təqib edir”.

    CDC-nin məlumatına görə, 2025-ci ildə kruiz gəmilərində qeydə alınmış 16 mədə-bağırsaq xəstəliyi partlayışından 12-si məhz norovirusla əlaqəli olub. Agentlik gəmi ekipajının əl təmizləyici dezinfeksiyaedici maddələrdən həddən artıq asılı olduğunu da müəyyən edib. Halbuki bu maddələr norovirusa qarşı, sabun və su ilə əllərin yuyulması qədər təsirli deyil.

    2024-cü ildə CDC kruiz gəmilərində ümumilikdə 18 partlayış qeydə alıb ki, bu da son on ildən artıq müddətdə ən yüksək göstəricidir. Cari ilin ilk beş ayında norovirusa yoluxan sərnişin və heyət üzvlərinin sayı ötən illə müqayisədə artıq daha yüksək ola bilər. Bu il “Holland America”, “Viking Expedition”, “Seabourn”, “Cunard”, “Princess Cruises” və “Royal Caribbean” şirkətlərinə məxsus gəmilərdə yoluxma hallarına rast gəlinib.

    CDC bildirir ki, ABŞ-da hər il təxminən 2500 norovirus partlayışı baş verir, lakin bunların yalnız kiçik bir hissəsi kruiz gəmilərində müşahidə olunur. Gəmilərdə tətbiq edilən sanitariya proqramına təmizlik və dezinfeksiya prosedurlarının gücləndirilməsi, yoluxmuş sərnişin və heyətin izolyasiyası və əl gigiyenasına riayət olunmasına dair maarifləndirmə tədbirləri daxildir. Tövsiyələrdə qeyd olunur:

    “Norovirusun kruiz gəmilərində yayılmasının qarşısını almaq xüsusilə çətindir. Sıx yaşayış sahələri, ümumi yemək məkanları və sərnişinlərin tez-tez dəyişməsi infeksiyanın yayılmasını sürətləndirir. Gəmi limana yan alan zaman virus çirklənmiş qida, su və ya quruda yoluxmuş sərnişin vasitəsilə gəmiyə daxil ola bilər. Ardıcıl səyahətlərdə virusun yenidən baş qaldırması heyət üzvlərinin daşıyıcı olması və ya ətraf mühitin çirklənməsi ilə əlaqələndirilə bilər. Norovirus bəzi səthlərdə günlərlə və ya həftələrlə qala və bir çox dezinfeksiyaedici vasitəyə davamlı ola bilir”.