Month: April 2025

  • Zabratda avtomobil təmiri sexi yanır: Alov kafeyə keçib – VİDEO

    Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, yanğın avtomobil təmiri sexinin ikinci mərtəbəsində yerləşən kafeyə də keçib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Binadan atılan Ayşən tualetdə saxlanılırmış: Qətli törədən 23 yaşlı Hüseynin ŞOK İFADƏSİ (FOTO)

    23 yaşlı arvadını əlləri bağlı vəziyyətdə 8-ci mərtəbədən ataraq ölümünə səbəb olan 23 yaşlı Hüseynin cinayət işinin təfərrüatı məlum olub. Hüseyn dəhşətli qətli törətməzdən əvvəl arvadının saçlarını kəsib, onu döyərək telefonla çəkib.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, Hüseyn Kazımov arvadı Ayşən Kazımovanı köməksiz vəziyyətdə qətlə yetirib.

    Hüseyn aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hüseyn ifadəsində qətli xəyanətə görə törətdiyini deyib. Onun sözlərinə görə, Ayşənlə bir neçə ay imiş ki, ər-arvad kimi bir evdə yaşayırmışlar. Hüseyn deyib ki, Ayşənin 4 aylıq hamilə olduğunu biliblər. Ayşən universitetdə oxuduğu üçün uşağı abort etdirmək istəyib. Hüseyn də bununla razılaşıb.

    Qeyri-rəsmi şəkildə Ayşənin uşağını abort etdiriblər. Abortdan bir neçə ay sonra Hüseyn həkimə müraciət edən zaman səhhətində problem olduğunu, müalicə olunmayacağı təqdirdə uşağının olmayacağını öyrənib. Bundan sonra Ayşənin necə hamilə qalması ilə bağlı onda suallar yaranıb. Buna görə Ayşəni döyüb və ondan xəyanət edib-etməməsini soruşub. Ayşən ona xəyanət etmədiyini deyib.

    Hüseyn ifadəsində bildirib ki, bir müddət sonra Ayşənin gizli şəkildə evdən çıxdığını bilib və buna görə də mübahisə ediblər. O, Ayşənin xəyanət etdiyini yenidən düşünməyə başlayıb.

    Buna görə də Ayşəni yenə döyüb. Onun əllərini skoçla bağlayaraq saçını kəsib. Ayşənə işgəncə verərək ondan xəyanəti etiraf etməsini istəyib. “Bu gün son gündür”, – deyərək onu öldürəcəyini bildirən Hüseyn istədiyi “etiraf” videosunu çəkib. Həmin videoda Aygün başqa bir şəxslə münasibətinin olduğunu etiraf edib.

    Ayşənin bu “etirafı” qorxudan edib-etməməsi bilinmir. Amma Hüseynin bu videonu çəkməkdə məqsədi özünü haqlı çıxarmaq olub. Həmin videonu da ilk olaraq öz anasına göndərib.

    İstintaq zamanı Hüseyn Ayşəni əlləri bağlı şəkildə binadan atdığını etiraf edib. Lakin məhkəmədəki ifadəsində deyib ki, Ayşən pəncərədən özü tullanıb.

    “Videonu çəkəndə dedi ki, qohumlar içinə çıxa bilməyəcək. Mənə yalvardı ki, videonu paylaşmayım. Sonra məndən su istədi. Su gətirməyə getdim. Qayıdanda gördüm ki, özünü atıb. Həyətə düşüb ona baxdım. Sonra evə qayıtdım”, – deyə Hüseyn ifadəsində bildirib.

    Araşdırma zamanı məlum olub ki, Ayşən binadan yıxılandan sonra sağ olub. Hüseynin ona yaxınlaşdığını görüb və kömək istəyib. Hüseyn əlində olan qayçı ilə Ayşənin əlindəki skoçu açıb və evə gedib. Ayşənin binadan yıxılması ərazidəki marketin kameralarına da düşüb.

    Ayşənin anasının ifadəsindən məlum olub ki, qızı Sumqayıt Dövlət Universitetində təhsil alırmış:

    “Bir gün Ayşən mənə mesaj yazdı ki, sevdiyi adamla qaçıb. Amma Ayşən mənə deyirdi ki, diplomunu almadan ailə həyatı qurmayacaq. Polisə məlumat verməyimizi istəməmişdi. Amma biz polisə xəbər verdik. Ayşəni tapandan sonra izahat yazdı ki, könüllü qaçıb. Hüseyn qızıma işgəncə verirdi. Evdən çıxmağa imkan vermirdi. Universitetə getməsinə də icazə vermədi. Biz qızımızı görə bilmirdik. Hüseyn onu tualetdə bağlı şəkildə saxlayırdı.

    O, icazə verəndə qızımı görürdüm, onunla danışırdım. Bircə dəfə qızımdan – “ana, məni apar”, – deməsini gözləyirdim. Amma bizimlə danışanda tək olmurdu”.

    Hüseynin anasının ifadəsindən isə hadisənin daha dəhşətli təfərrüatı məlum olub. Hüseyn narkotik vasitə istifadəçisi imiş. Onun psixi problemlərinin də olduğu üzə çıxıb.

    Hüseyn uzun müddət 1 Saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə də alıbmış. Hüseynin qardaşı vəfat etdikdən sonra psixoloji problemləri artıb. Hətta qardaşının otağında ocaq da qalayıbmış.

    Hüseynin anasının ifadəsindən məlum olub ki, onlar Ayşəni abort etdirməyə aparanda bunu qeyri-rəsmi şəkildə ediblər. Bunun üçün 120 manat pul veriblər.

    Xatırladaq ki, Hüseynin Ayşənə işgəncə verərək çəkdiyi video sosial şəbəkələrdə də yayılmışdı. Məhkəmədə məlum olub ki, həmin videonu sosial şəbəkələrdə yayan şəxs müəyyən edilərək 10 sutka azadlıqdan məhrum edilib.

  • ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir

    Kiberdələduzlar “Google Sites” platformasından və e-poçtların doğruluğunu təsdiqləmək üçün istifadə olunan “DKIM” imzalarını sui-istifadə edərək “no-reply@google.com” ünvanından gələn və rəsmi e-poçt kimi görünən saxta məktublar göndərirlər.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

    Bildirilir ki, bu səbəbdən, mesajlar ilk baxışdan təhlükəsiz görünür və çox vaxt elektron poçt sistemləri tərəfindən xəbərdarlıq işarəsi ilə işarələnmir. Göndərilən e-poçtlarda vətəndaşlara hüquq-mühafizə orqanlarından “Google” hesabları ilə bağlı araşdırma aparıldığı bildirilir. Məktubun içərisində yerləşdirilən keçid (“sites.google[.]com” domenində hazırlanmış) istifadəçiləri saxta “Google Dəstək” səhifəsinə yönləndirir. Burada istifadəçilərdən “sənəd yükləmək”, “işə baxmaq” və ya “sorğuya cavab vermək” adı altında hesab məlumatlarını (istifadəçi adı, şifrə və digər fərdi məlumatlar) daxil etmələri tələb olunur.

    ETX bu cür e-poçtların rəsmi “Google” bildirişi olmadığına və məqsədin fərdi məlumatları ələ keçirməkdən ibarət olduğuna dair vətəndaşları xəbərdar edib.

  • Rüfət Səfərovun həbs müddəti uzadılıb

    Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə həbs müddətinin uzadılması barədə təqdimata baxılıb.

    Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay uzadılıb.

    Qeyd edək ki, Rüfət Səfərov keçən il dekabrın 3-də saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • Apreldəki qeyri-sabit hava mayda da davam edəcək

    Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir.

    Bunu APA-nın sorğusuna cavab olaraq Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

    “Son illər iqlim dəyişmələri günümüzün ən aktual və həm də ən problemli sahələrindən biridir. Bu iqlim dəyişmələri özünü daha qabarıq şəkildə keçid dövrlərində, fəsillərdə göstərir. Bəli, aprel də bu zaman kəsiyinə düşdüyü üçün qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir. Ötən illərdə və bundan sonrakı illərdə də belə hallara rast gəlinir, gələcəkdə də baş verəcək”,- R.İsmayılov vurğulayıb.

    O bildirib ki, aprel keçid xarakterli ay olduğundan belə hadisələr baş verir. Əsas səbəb havanın qızması, soyuq hava kütlələrinin şimaldan Azərbaycana daxil olması ilə orta troposferdə (3,5-5 km) baş verən sinoptik proseslərin nəticəsidir:

    “Mayda da belə şəraitin davam etməsi ehtimalı olur, hər halda belə hallar mümkündür. İqlimdə belə halların dəqiq proqnozunun verməsi çox çətindir. Statistik məlumatlara istinad etsək, baş verməsini söyləyə bilərik.

    Sel, daşqın Azərbaycanda Böyük Qafqazın Cənub yamacı, Şəki-Zaqatala, Naxçıvan əraziləri üçün daha təhlükəli sel rayonlarıdır. Baxmayaraq ki, Lənkəran zonasında yağıntılı günlərin sayı çoxdur, lakin intensivlik az olduğu üçün sel hadisələri daşqın xarakterli olur”.

  • Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq

    Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədilə aprelin 30-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə, A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • В части Хатаинского района будет ограничено движение

    С сегодняшнего вечера будет ограничено движение транспорта на части улицы Сулеймана Везирова в Хатаинском районе (от пересечения с улицей Хагани Рустамова до проспекта Бабека).

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана.

    Ограничение движения будет действовать до завершения ремонтных работ.

    Водителей просят с пониманием отнестись к проводимым работам и заранее использовать альтернативные маршруты в соответствии с направлением движения.

  • Xətai rayonunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

    Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər) bu gün axşam saatlarından etibarən hərəkət məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifə təsis olundu

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilir.

    Bu sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

    Eləcə də “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 227 (Cild I) aşağıdakı dəyişikliklər edilir:

    – adından “xarici ölkələrdəki” sözləri çıxarılır;

    – 1-ci hissədən “Almaniya Federativ Respublikası,” və “Fransa Respublikası,” sözləri çıxarılır;

    – 2-ci hissəyə “Təhsil Nazirliyinin” sözlərindən əvvəl “Elm və” sözləri əlavə edilir;

    – 3-cü hissəyə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilir.

  • Ev dustaqlığına buraxılan tiktokerlərə niyə elektron qolbaq tətbiq edilməyib? – FOTO

    Ötən ilin sonundan etibarən sosial şəbəkələrdə əxlaqsızlıq və narkotik vasitələrin təbliğində təqsirləndirilən bəzi tiktokerlər saxlanılıblar və barələrində cinayət işləri başlanılıb.

    Həmin tiktokerlərdən bəzisi barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılaraq həbsdə saxlanılsa da, bəzisi ev dustaqlığına buraxılıb.

    Tiktokerlərdən Nurdan Yusifova, Duanna Quliyeva, Günay Əliyeva və Fatimə Şeydəbəyova Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilsələr də, hazırda ev dustaqlığındadırlar.

    Məlumata görə, həmin şəxslər istintaq dövründə polis nəzarətində olmalarına baxmayaraq, onlara elektron qolbaq nəzarət mexanizmi tətbiq edilməyib.

    Təqsirləndirilən şəxslərə hansı halda elektron qolbaq tətbiq edilir və bu hansı amillə əsaslandırılır?

    Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Vüqar Babayev bildirib ki, istintaq dövründə ev dustaqlığına buraxılan təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsi tətbiq edilməlidir:

    “Cinayət Prosessual Məcəllənin 163-cü maddəsinə görə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

    163.3.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 163.3.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 163.3.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 163.3.4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.

    Məcəlləyə əsasən, ev dustaqlığına buraxılan şəxsə elektron nəzarət vasitəsi tətbiq edilməli və həmin cihaz vasitəsilə onun yaşayış yeri və hərəkət trayektoriyası nəzarətdə saxlanılmalıdır. İstintaq dövründə ev dustaqlığına buraxılmış həmin tiktokerlərə də bu nəzarət vasitəsi tətbiq edilməlidir”.

    Həmin tiktokerlərin barəsində ev dustaqlığı qərarları çıxarılan Binəqədi Rayon Məhkəməsindən isə Oxu.az-a bildirilib ki, adətən istintaq dövründə ev dustaqlığına buraxılan təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsi tətbiq edilmir:

    “İstintaq dövründə təqsirləndirilən şəxs ev dustaqlığına buraxılırsa, o, yaşadığı ərazi üzrə polis nəzarətinə verilir və istintaq dövründə həmin şəxs nəzarətdə saxlanılır. İstintaq başa çatandan sonra təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması qərarı verilərsə, bundan sonra həmin şəxsə elektron nəzarət vasitəsi tətbiq edilir və cəza müddəti başa çatana qədər həmin vasitə məhkumun üzərində saxlanılır”.

    Fotoda Nurdan Yusifova və Duanna Quliyeva