Month: April 2025

  • ABŞ Ermənistanda da daxil olmaqla, bəzi ölkələrdə xarici yardım layihələrini maliyyələşdirməkdən imtina edib

    ABŞ Dövlət Departamenti Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələrdə həyata keçirilən xarici yardım layihələrinə ayrılmış ümumilikdə 215 milyon dollar dəyərində maliyyəni ləğv edib.

    Apa xəbər verir ki, bu barədə ABŞ Hökümətinin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.
    “Bəzi xarici yardım proqramlarının məqsədəuyğunluğu Dövlət Departamenti tərəfindən yenidən nəzərdən keçirilir. Dövlət katibi Rübio bu gün dəyəri 215 milyon dollar olan 139 faydasız qrantın ləğv olunduğunu elan edib”, – qurumun “X” hesabındakı paylaşımında bildirilir.

    Məlumata görə, ləğv olunan qrantlar sırasında Dövlət Departamentinin Ermənistanda, Bolqarıstanda, Braziliyada, Böyük Britaniyada, Qırğızıstanda, Liviyada, Mavritaniyada, Moldovada, Tunisdə, Özbəkistanda və Şri-Lankada həyata keçirdiyi müxtəlif proqramlar yer alır.

  • Azyaşlılar niyə evdən qaçırlar?

    Son günlər ölkənin müxtəlif bölgələrində azyaşlı uşaqların evdən qaçması halları artmaqdadır.

    Buna səbəb nədir? Azyaşlılar evdən niyə qaçırlar?

    Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.

    “Mobil telefonlar insanları korlayıb. Valideynlər uşaqlarına sərbəstlik vermirlər. Hər kəs övladına tərbiyə versə, belə hallar yaşanmaz”, ‒ deyə sakinlərdən biri bildirib.

    “Bizim vaxtımızda evdə söz-söhbət olan zaman uşağı başqa otağa göndərərdilər. İndiki zəmanədə bütün məsələlər uşaqların yanında danışılır. Bu dəqiqə xəstəxanaların qarşısı 15-16 yaşlı uşaqlarla doludur, hamısı dərman içir”, ‒ deyə başqa bir sakin qeyd edib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Leysan xarakterli yağıntılar əksər çaylarda suyun artmasına səbəb olub

    Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb.

    Apa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 15-i saat 22:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb.
    Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 40 sm, Qarasuçayda 27 sm, Qudyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 37 sm, Köndələnçayda 10 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.

  • Gəncədə gənc qadın dəm qazından zəhərlənib

    Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

    Apa-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib. 1999-cu il təvəllüdlü A. Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 26 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
    Faktla bağlı araşdırma aparılır.

  • Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var – FOTO

    Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün Ucar-Zərdab avtomobil yolunun rayonun Lək kəndindən keçən hissəsində baş verib.
    Rayon sakini Həsrət Məhəmmədəli oğlu Həsənovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə “Doblo” markalı avtomobil toqquşub.

    Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Zərərçəkənlər daha sonra Göyçay xəstəxanasına yönləndirilib.
    Qeyd edək ki, Ucar xəstəxanasında zəruri şərait olmadığı üçün ağır xəsarət alan vətəndaşlar Göyçay xəstəxanasına göndərilib.

  • “Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırılıb

    Paytaxtın Nizami rayonunda yolun piyada və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı profilaktik tədbirlər görülür.

    Sakinlərin kütləvi müraciəti nəzərə alınaraq 8-ci kilometr topdansatış bazarının ətrafında neqativ halların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən yolun hərəkət hissəsində qanunsuz küçə ticarəti yığışdırılıb.

    Küçə ticarəti ilə məşğul olan şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyət göstəriblər. Tədbirlərlə ərazidə olan antisanitar vəziyyət aradan qaldırılıb, yolun zəbt olunan hissələri — hərəkətə mane olan hallar aradan qaldırılıb.//report

  • Kartofun qiyməti niyə qalxır? – Bu tarixdə ucuzlaşacaq

    “Qiymətlərdəki artım kartof ehtiyatının qurtarması ilə əlaqədardır”.

    Bunu ajans.az-a açıqlamasında son vaxtlar kartofun qiymətinin artması ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib. O bildirib ki, kartof və soğanın qiyməti hər il fevral və ya mart ayından bahalaşmağa başlayır.
    “Bu da ölkədə kartof ehtiyatının qurtarması ilə bağlıdır. Üstəlik bu dönəm elə bir dönəmdir ki, qarşıdakı həftələrdə ölkənin cənubunda kartofun çıxma vaxtına yaxınlaşır. Ona görə xaricdən idxal edilən kartofun həcminə həssas yanaşılır, kütləvi şəkildə kartof idxal etmirlər. Çünki yerli kartof çıxanda, idxal kartof da ucuz satılacaq və onlar ziyana düşəcəklər. Bu səbəbdən kiçik partiyalarla idxal edirlər. Buna görə kartof bahalaşır, təklif azdır, tələb çoxdur”.
    Ekspert onu da qeyd edib ki, yaxın vaxtlarda kartof qiymətləri yenidən düşəcək:
    “Biz qarşıdakı həftələrdə Cəlilabad, Masallı zonasında yerli kartofun bazara kütləvi çıxışını müşahidə edəcəyik. Bununla da, qiymət ucuzlaşacaq. Qış aylarına qədər kartofun qiyməti ötənilki kimi tənzimlənəcək”.

  • Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

    Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

    Apa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bəzi yerlərdə şimşək çaxır, Lerik, Balakən, İsmayıllı, İmişli, Cəlilabad, Lənkəran, Sabirabad, Zaqatala, Xocalı, Kəlbəcər, Zəngilan, Şuşa, Yardımlı, Daşkəsən, Gədəbəy, Culfa, Göygöl, Şəmkir, Ceyrançöl, Şabran, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Biləsuvar və Neftçalada intensiv yağış, Tovuz, Oğuz, Qax, Xaltan, Göyçay, Gəncə, Quba, Qusar, Şəki, Laçın, Ağdam, Naftalan və Füzulidə isə leysan xarakterli yağış yağır.
    Şahdağda arabir qar yağması müşahidə olunur.
    Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s-yə çatır.

  • Banklarda bu kreditlər üzrə FAİZLƏR ARTDI

    İpoteka Kredit və Zəmanət Fondu hesabına verilmiş ipoteka kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli dəyişiklik müşahidə edilməsə də, bankların daxili resursları hesabına verilən kreditlərdə faiz dərəcələri artıb.
     
    Mərkəzi Bankdan  verilən məlumata görə, daxili resurslar hesabına verilmiş ipoteka kreditlərinin ümumi ipoteka portfelində çəkisinin artması ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artmasına səbəb olub.
     
    2024-cü ilin sonuna İpoteka Kredit və Zəmanət Fondunun hesabına verilən ipoteka kreditlərinin faizləri 6,4%, bankların daxili vəsaitləri hesabına verdikləri kreditlərin faiz dərəcəsi isə 10, 5% olub.

  • Slovakiyanın Baş naziri: Mayın 9-da Moskvaya gedəcəyəm – heç kim mənə əmr verə bilməz

    Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Avropa İttifaqının diplomatik xidmət rəhbəri Kaya Kallasın xəbərdarlıqlarına baxmayaraq, 9 may – Qələbə Gününün 80 illiyi münasibətilə Moskvada keçiriləcək mərasimlərdə iştirak edəcək.

    Apa xəbər verir ki, bu barədə Fitso öz “Faceebok” hesabında yazıb.

    “Xanım Kallasın xəbərdarlığı və hədəsi hörmətsizlikdir və mən buna etiraz edirəm”, – deyə Fitso öz bəyanatında bildirib. “Mən 9 mayda Moskvaya gedəcəyəm. Bu xəbərdarlıq şantajdır, yoxsa qayıtdıqdan sonra cəzalandırılacağımın anonsudur? Bilmirəm. Amma bir şeyi bilirəm – hazırda 2025-ci ildir, 1939-cu il yox”.

    Fitso bildirib ki, Kallasın bəyanatı Aİ-də demokratiyanın mahiyyəti ilə bağlı ciddi müzakirələrin zəruriliyini göstərir:

    “Xanım Kallas, sizə bildirmək istərdim ki, mən Slovakiyanın – suveren bir dövlətin qanuni baş naziriyəm. Heç kim mənə haraya gedə biləcəyimi və ya bilməyəcəyimi əmr edə bilməz”.

    Baş nazir əlavə edib ki, Moskvaya getməkdə məqsədi Slovakiyanı azad edərkən həlak olmuş minlərlə Qızıl Ordu əsgərinin xatirəsini ehtiramla yad etməkdir.