Month: April 2025

  • Bakı yaşanmaz hala gəlir: tıxacdan qurtulmaq üçün sadə üsul

    Bakıda tıxacları yaradan çoxsaylı səsbəblərdən biri də məktəb və universitetlərin işinin doğru qurulmamasıdır.
    Median.Az  xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

    Onun sözlərinə görə, 2023/2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 422 ümumi təhsil müəssisəsi (orta məktəb) var, bu məktəblərdə 1 milyon 704 min 217 şagird təhsil alır:

    “Məktəblərin cəmi 8,8%-i və ya 389-u Bakıda fəaliyyət göstərsə də, paytaxtda oxuyan şagirdlərin sayı 542 min 919 olub və ümumi şagirdlərin 31,8%-ni təşkil edib. Yəni, məktəblərin cəmi 8,8%-i Bakıda olsa da, ölkə üzrə oxuyan uşaqların 32%-ə yaxını Bakıda təhsil alır. Bakı məktəblərində təhsil verən müəllim sayı 30 mindən çoxdur.

    Beləliklə, hər gün səhər saat 07:15-08:00 arası orta hesabla 400 minə yaxın şagird (birinci növbədə oxuyanlar), 30 min müəllim (rəqəmlər təqribidir, amma reallığa yaxındır) 389 dövlət, 28 özəl məktəbə tələsirlər.
    Bu insanların hətta yarısı belə avtomobillə məktəblərə gəlsə, bu o deməkdir ki, səhər saat 07:15-08:00 arası 200-250 min avtomobil yollara çıxır, uşaqları məktəbə aparır. 400 minə yaxın şagird və müəllimin 100 mini saat 08:00-də, 150 mini 09:00-da, 150 mini isə 10:00-da dərsə gəlsə, valideynlər üçün də iş yerlərində 8 saatlıq iş rejimi saxlamaqla əsnək iş rejimi tədbiq olunsa, pismi olar?! İş saatları 08:00, 09:00, 10:00 başlaya bilər, 8 saatlıq iş rejimi qalmaqla ona nail olacağıq ki, axşam saatlarında da hamı birdən işdən dönməyəcək, çalışan insanlar 17:00-19:00 arası işdən çıxacaqlar ki, bu da axşam tıxaclarının, ictimai nəqliyyatın yükünün azalmasına səbəb olacaq.

    Bu yanaşma universitetlərdə də tətbiq oluna bilər – 2024-cü ilin məlumatına görə, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 231,4 min nəfər olub. Bunların böyük əksəriyyəti Bakı şəhərində təhsil alır.

    Yəni, əlavə vəsait, xərc tələb etməyən həll yolları tapmaq olar ki, şəhər bir az nəfəs alsın. İctimai nəqliyyatın idarəetməsini təkmilləşdirməklə, tədris və iş saatlarını tənzimləməklə problemi bir xeyli azaltmaq mümkündür”.

  • Növbəti beş il ərzində azad olunmuş ərazilərə bu qədər vəsait sərf olunacaq

    2026-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 16 milyard manat xərclənəcək.

    Median.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin əsaslı xərclərdə xüsusi çəkisi 30,6 faizdir.

    “2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4 milyard manat vəsait nəzərdə tutulub. Ötən ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə 10 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilmiş, onların sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən müvafiq vəsait yönəldilib”, – məlumatda qeyd edilib.

  • Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

    ​​​​​​​​

    Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib.

    O bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb: “Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək”.//Report

  • Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

    Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Baş nazir Əli Əsədovla görüşüb.
     
    Median.Az xəbər verir ki, bu barədə M.Kavelaşvili X hesabında yazıb.
     
    Dövlət başçısı görüşün məhsuldar keçdiyini vurğulayıb.
     
    M.Kavelaşvili bildirib ki, görüşdə Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq müzakirə olunub.
     
    “Biz ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsinin və birgə regional layihələrin təşviqinin vacibliyini vurğuladıq. Mən həmçinin regionda sülh və sabitliyin mühüm rolunu qeyd etdim, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyinə görə Azərbaycana minnətdarlığımı bildirdim”, – Prezident yazıb.
     
    Gürcüstan Prezidentinin Administrasiyasının yaydığı məlumata əsasən, görüşdə Orta Dəhlizin və yükdaşımalarının artırılmasının əhəmiyyəti də vurğulanıb. Tərəflər Cənubi Qafqazda sülh və sabitliyin önəmini də qeyd ediblər.

  • Ərdoğan və Trampın görüşünün tarixi və yeri müzakirə olunur

    Türkiyə və ABŞ prezidentlərinin görüşünün tarixi və yeri müzakirə olunur.

    Apa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib.

    O, bu görüşün ən qısa zamanda baş tuta biləcəyini də
    qeyd edib.

  • Ucarda xəstə narkozdan sonra komaya düşüb

    ​​​​

    Ucarda xəstə narkozdan sonra komaya düşüb.

    Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.

    Səhhətində yaranmış problemlə əlaqədar olaraq xəstəxanaya müraciət edən rayonun Qazyan kənd sakini, 1999- cu il təvəllüdlü Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət bilinib.

    Xəstəyə həkimlər tərəfindən verilən narkozdan sonra o, kamotoz vəziyyətində reanimasiyya şöbəsinə yerləşdirilib.

    Məlumata görə, xəstə hələ kamotoz vəziyyətdədir.

  • Attestasiyadan kəsilən müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

    Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın nəticələri ilə bağlı müraciətlər xüsusi komissiyalar tərəfindən araşdırılır.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanı aparan komissiyaların fəaliyyətinə ciddi nəzarət edilir, onların verdikləri qərarlar təhlil olunur:

    “Bu məqsədlə müvafiq əmrlə xüsusi komissiyalar yaradılıb. Hazırda komissiyalar tərəfindən attestasiya ilə bağlı iradları olan təhsilverənlərin müraciətləri araşdırılır, qanunvericiliyə uyğun tədbir görülməsi istiqamətində addımlar atılır. Komissiyalar əhalinin sosial baxımdan həssas qruplarından olan vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirir”.

    Məlumat üçün xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilib.

    Bakı şəhərində və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki təhsil ocaqlarını əhatə edən attestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfindən aparılıb.

    Komissiyaların rəyinə əsasən, səriştə və bacarıqları tam yararsız kimi qiymətləndirilən müəllimlərin təhsil ocağı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

    Qeyd edək ki, attestasiyadan minimal faizlə kəsilən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində müvafiq kursların təşkili nəzərdə tutulur. Həmin müəllimlər müəyyən müddət ərzində ixtisasartırma kursu keçdikdən sonra imtahan verəcəklər.

    Onu da bildirək ki, attestasiyadan keçə bilməmiş müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları vardır.

  • Əvvəlcə tutdurdu, indi xahiş edir ki, bağışlayın

    Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham olunan sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib.

    Ayxan Novruzov ifadəsində özünü təqsirli bilib:

    “Elan olunan ittiham üzrə özümü təqsirli sayıram. Gənc olmuşam, səhv etmişəm. Zərərçəkənlərə dəymiş ziyanı ödəmişəm və onlarla barışıq əldə olunub. Düşünürəm ki, artıq zərərçəkən qalmayıb. Əgər unutduğum biri varsa və ya əlavə nəsə tələb olunursa, onu da ödəməyə hazıram”.

    Prosesdə ifadə verən zərərçəkmiş Oqtay Qurbanov bildirib ki, ona dəymiş 1200 manat ziyan tam ödənilib, təqsirləndirilən şəxslə barışıq əldə olunub:

    “Hazırda heç bir şikayət və tələbim yoxdur. Sağ olsun, özü mənimlə əlaqə saxladı, hər cür kömək etməyə hazır olduğunu dedi. Məhkəmədən xahişim odur ki, onu bağışlayasınız”.

    Məhkəmə prosesi mayın 13-də davam edəcək.

    Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon icra şöbələrindən birində icra məmuru vəzifəsində çalışmış Ayxan Nəsrulla oğlu Novruzov rüşvət almaqda və dələduzluqda ittiham olunur.

    Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Ayxan Novruzova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvətalma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.

  • Bakıda məşhur bazarın ətrafında küçə ticarəti YIĞIŞDIRILDI

    Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarının ətrafındakı küçə ticarəti yığışdırılıb.

    Bazar ətrafında yolun piyada və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı profilaktik tədbirlər görülür.

    Qeyd olunub ki, sakinlərin kütləvi müraciəti nəzərə alınaraq “8-ci kilometr” topdansatış bazarının ətrafında neqativ halların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən yolun hərəkət hissəsində qanunsuz küçə ticarəti yığışdırılıb.

    Bildirilib ki, küçə ticarəti ilə məşğul olan şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyət davam edib. Tədbirlərlə ərazidə olan antisanitar vəziyyət aradan qaldırılıb, yolun zəbt olunan hissələri boşaldılıb, hərəkətə mane olan hallar aradan qaldırılıb.

  • Mehriban Əliyeva və Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evi və 1 saylı uşaq evində olublar – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi surətdə burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə daim maraqlanır, balacalara xüsusi qayğı ilə yanaşırlar.

    Qeyd edək ki, körpələr evinin 1930-cu ildə tikilən binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub.

    Daim nəcib təşəbbüsləri ilə seçilən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onların savadlı olmasına xüsusi diqqətlə yanaşır. Beləliklə, gələcəyimiz olan uşaqlarla bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.

    Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldular.

    Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər.

    Hazırda 1 saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Onların təhsil alması, idmanla məşğul olması və sağlamlıqlarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.

    Müəssisənin sakinləri sevimli qonaqları olan birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmayıb.

    Heydər Əliyev Fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır, burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub.