Month: April 2025

  • Azərbaycanda orta aylıq əmək haqqı 10 %-dən çox artıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10,2 % artaraq 1 044 manat təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Bu il martın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər olub, onlardan 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18,7 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,7 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • Ata və oğul eyni sxemdən istifadə edərək 3 il ərzində 100 restoranı aldadıb

    Fransadan olan ata və oğul 3 il ərzində eyni sxemdən istifadə edərək 100 restoranı aldadıblar.

    Median.Az bu barədə “Oddity Central”a istinadən xəbər verir.

    Fransanın Tulon şəhərində polis külli miqdarda dələduzluqda şübhəli bilinən 48 yaşlı kişini və onun 18 yaşlı oğlunu saxlayıb. İstintaqın məlumatına görə, son 3 il ərzində ikili sistematik olaraq restoranları aldadıb və 100-ə yaxın müəssisənin hesablarını ödəməyiblər. Onların sxemi həm düşünülmüş, həm də cəsarətlidir.

    Fırıldaqçılar yaxşı qurulmuş ssenari üzrə hərəkət ediblər. Onlar onlayn restoran rəylərini öyrənərək qurbanlarını diqqətlə seçiblər. “Müştəri dostu” reputasiyası olan kiçik müəssisələrə üstünlük veriblər. Seçilmiş restorana gələrək, təxminən 150 avroya qəlyanaltılar, əsas yeməklər, desertlər və spirtdən ibarət tam şam yeməyi sifariş ediblər.

    Ödəmə vaxtı gələndə kişi işlək olmayan kredit kartını təqdim edib. İddiaya görə, oğlu nağd pul almaq üçün bankomata gedib, amma həmişə əliboş qayıdıb. Sonra utandığını göstərən ata şəxsiyyət vəsiqəsini və ya Sosial Müdafiə kartını girov olaraq qoyub, sabah pulla qayıdacağına söz verib. Bununla belə, o, sənədləri itirdiyini və sxemi başqa yerdə təkrarlamaq üçün yeni sənədlər əldə etdiyini iddia edib.

    Uzun müddətdir ki, fırıldaqçılar qurbanlarını diqqətlə seçərək, ifşa olunmaqdan yayına biliblər. Onlar bir dəfə də olsun eyni restorana iki dəfə baş çəkməyiblər və dələduzluqla üzləşən müəssisə sahibləri dəymiş ziyanın miqdarını cüzi hesab edərək çox vaxt polisə müraciət etməyib. Aldadılan restoran sahiblərindən biri qoyulan sənədlərin fotolarını sosial şəbəkədə yayımlayaraq vəziyyəti dəyişib.

    Yazı geniş kütlənin diqqətini çəkib və tezliklə daha 43 restoran sahibi oxşar fırıldağın qurbanı olduqlarını iddia edib. Polis şübhəlilərin həbsi ilə istintaqa başladıb. Dindirilmə zamanı həmin şəxs yüzlərlə oxşar hadisə törətdiyini etiraf edib, oğlu isə həftədə iki-üç dəfə başqasının hesabına yemək yediklərini deyib.
    //qaynar.az

  • Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

    Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.

    Bu barədə məlumatı “Gürcüstan Dəmir Yolları” yayıb.

    “Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa edilməsinə dair işlər davam etdirilir, lakin reyslərin bərpa edilməsinin dəqiq tarixi daha sonra açıqlanacaq”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin martında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl isə Gürcüstanın İqtisadiyyat Nazirliyi Bakı və Tbilisi arasında qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini açıqlamışdı.
    //qafqazinfo

  • Bacılardan biri maksimal, digəri isə yüksək bal topladı – FOTO

    Məlum olduğu kimi, martın 2-də keçirilmiş buraxılış imtahanında 23 abituriyent 300 bal toplayıb.

    Median.Az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, maksimal bal toplayanlardan biri də Şəmkir rayonu Kür qəsəbəsi H.Z.Tağıyev adına tam orta məktəbin şagirdi Nəzrin Məmmədovadır. O, imtahanda maksimum – 300 bal toplayıb.

    Nəzrin 5 yaşında məktəbə gedib, xüsusi biliyi ilə seçilib.

    Onun bacısı Nuray Məmmədova isə 247 bal toplayaraq təhsil aldığı məktəbin üçüncüsü olub.

    Bacıların ikisi də Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasına qəbul olmaq üçün hazırlaşır.

  • Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür – Tikinti başladı

    Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikintisinə başlanılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yeni bina Sabunçu rayonunun Zabrat qəsəbəsində, 1 saylı Bakı İstintaq Təcridxanasının (“Kürdəxanı” təcridxanası) yaxınlığında inşa olunur.

    Tikinti işlərinə bir neçə gün əvvəl start verilib. Layihəyə əsasən, bina 2027-ci ilin birinci yarısında tam hazır olaraq istifadəyə verilməlidir.

  • “Ən yaxşı kaskadyor” mükafatı da veriləcək

    Ən nüfuzlu mükafatlardan biri olan “Oskar”a yeni nominasiya əlavə olunub.

    Bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyası məlumat yayıb.

    Bildirilib ki, “Oskar” mükafatının kateqoriyaları sırasına “Ən yaxşı kaskadyor” da əlavə edilib.

    Hazırda Kino Sənəti və Elmləri Akademiyasında 100-dən çox kaskadyor var. Ümumilikdə təşkilata 8000-dən çox mütəxəssis daxildir.

    2026-cı ildə ilk dəfə olaraq kastinq mütəxəssislərinə də “Oskar” veriləcək. Mükafatlandırma mərasimi zamanı kastinq mükafatının təqdim edilib-edilməyəcəyi hələlik bəlli deyil.

    Qeyd olunur ki, növbəti “Oskar”a namizədlik üçün qaydalar 2027-ci ildə elan ediləcək. “Oskar” 2028-ci ildə 100-cü Akademiya Mükafatlarının təqdimat mərasimində təqdim olunacaq və 2027-ci ildə nümayiş olunan filmlər mükafatlandırılacaq.

  • Azərbaycan 3 biznesmeni beynəlxalq axtarışa verdi

    Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “My Vegetables” MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 14 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 23 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən Hüseynov Gündüz İsmayıl oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 32.3, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təşkilatçı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb.

    Belə ki, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “Metal Trades”, “Aksan İthalat İhrasat və Turizm Limited Şirkəti” MMC-lər tərəfindən əlvan metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 3 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən qeyd olunan hüquqi şəxslərin rəhbəri, Hindistan vətəndaşı Bijay Kumar Takir iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.

    Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “Aroma Service” MMC tərəfindən əlvan metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 6,8 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən həmin hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən Xələfov Ramil Rafiq oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.

    Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs “Metal Trader” MMC tərəfindən müxtəlif metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 15 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 25 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən həmin hüquqi şəxsin rəhbəri Müslüm Gassanov iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.

    Bundan başqa, hazırkı vaxtadək Zaqatala, Balakən, Qəbələ, Xocavənd, İmişli, Hacıqabul, Samux, Lənkəran, Ağcabədi və Yevlax rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 24 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 40 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

    Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

  • Qayınana, qayınata və baldız birləşib gəlini döydü – Bu qədər cərimələndilər

    Astara rayonunda ailədaxili münaqişə qayınana, qayınata və baldızın cərimə edilməsi ilə yekunlaşıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Ərçivan qəsəbə sakini olan S.Hasilova (şərti) yaşadığı evdə qayınanası, qayınatası və baldızı tərəfindən döyüldüyünü bildirib. Onun müraciəti polis tərəfindən araşdırılıb. Nəticədə S.Hasilovanın 69 yaşlı qayınatası, 66 yaşlı qayınanası və 42 yaşlı baldızı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və onlar saxlanılıblar.

    Astara Rayon Məhkəməsində tərəflərin iştirakı ilə keçirilən prosesdə S.Hasilova hadisə baş verən gün evə gəldiyini və mətbəxdə baldızı ilə mübahisə etdiyini, bu zaman qayınanası ilə qayınatasının ona hücum edərək döydüklərini, təhqiramiz sözlər dediklərini və zorla otağına saldıqlarını bildirib.

    Barələrində protokol tərtib edilmiş gəlinin ailə üzvləri onunla aralarında sözlü mübahisə olduğunu, S.Hasilovaya qarşı fiziki zorakılıq göstərmədiklərini deyiblər.

    Məhkəmənin qərarı ilə qayınata və baldız ayrılıqda 50 manat, qayınana isə 100 manat cərimə edilərək sərbəst buraxılıblar.

  • Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər

    Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər.

    “Qafqazinfo” xəbər verir ki, bunu TASS-a Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyib.

    “80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, – deyə diplomat bildirib.

    Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər: “Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”.

    Xatırladaq ki, martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya, Belarus və Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər. Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.

    Bizi Telegramda izləyin

  • Dünyanın ən xoşbəxt şəhəri seçildi

    London Həyat Keyfiyyəti İnstitutu tərəfindən tərtib olunmuş yeni reytinqə əsasən, Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib.

    İlk beşlikdə Sürix (İsveçrə), Sinqapur, Orxus (Daniya) və Antverpen (Belçika) qərarlaşıb.

    Həmçinin ilk onluğa Seul (Cənubi Koreya), Stokholm (İsveç), Taypey (Çin), Münhen (Almaniya) və Rotterdam (Hollandiya) daxildir.

    Analitiklər reytinqi 5 kriteriya – ümumi rifah (təhsil, dövlət dəstəyi, mənzil), idarəetmə (vətəndaşların cəlb edilməsi, açıq məlumatların əlçatan olması, elektron xidmətlər), ekologiya (yaşıllıqlar, havanın keyfiyyəti, emal səviyyəsi), səhhət (tibbi xidmət, psixoloji vəziyyət, iş və şəxsi həyat arasında balans), mobillik (nəqliyyat sistemi, xidmət keyfiyyəti, gediş haqqı, yol-nəqliyyat hadisələri) üzrə tərtib ediblər.