Month: April 2025

  • İlon Maskdan dəhşətli proqnoz – Avropada silsilə terror hücumları olacaq

    ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask Avropada terror dalğası təhlükəsi barədə xəbərdarlıq edib.

    Bu haqda “Corriere della Sera” qəzeti məlumat yayıb.

    “Terror Avropada qırğınlara səbəb olacaq, dostlarınız, yaxınlarınız, hər kəs təhlükə altındadır. Çünki biz İtaliyada və ümumilikdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik. Media bu cür hücumlar təhlükəsini susdurmağa çalışır. Biz Avropada qırğınların şahidi olacağıq. Bu tendensiyadır”, – o bildirib.

  • Attestasiyadan kəsilən 500-ə yaxın musiqi müəllimindən 56-sı ali təhsillidir – SİYAHI

    Bakı və Abşeron-Xızı regionları üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyada 1686 müəllim iştirak edib. 1686 müəllimdən attestasiya komissiyalarının qərarına əsasən 492 nəfər tutduğu vəzifəyə uyğun hesab edilməyib.

    Median.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, onlardan 56 nəfər (11,4%) ali, 436 nəfər (88,6%) orta ixtisas təhsillidir.

    56 nəfər ali təhsilli uğur qazanmayan müəllimdən 26 nəfəri Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Konservatoriyasının, 9-u Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 9-u Azərbaycan Dövlət Pedaqoji Universiteti, 6-sı Azərbaycan Milli Konservatoriyası, 4-ü Naxçıvan DU, 1-i Lənkəran DU, 1-i isə Rəssamlıq Akademiyasının məzunlarıdır.

    436 nəfər kəsilən orta ixtisas təhsil müəssisələri məzunlarından 196-sı Sumqayıt Musiqi Kolleci, 135-i Bakı Musiqi Kolleci, 32 nəfəri Şuşa Musiqi Kolleci, 18 nəfəri Şəki Musiqi Kolleci, 15 nəfəri Gəncə Musiqi Kolleci, 14 nəfəri Ağdam Musiqi Kolleci, 12 nəfəri Bakı Humanitar Kolleci, 7 nəfəri Naxçıvan Musiqi Kolleci, 4 nəfəri Lənkəran Musiqi Kolleci, 2 nəfəri Şuşa Humanitar Kolleci, 1 nəfəri Altay Musiqi Texnikumunu bitirən müəllimlərdir.

  • 5 ay əvvəl Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlıların meyitləri tapıldı

    Beş ay əvvəl Rusiya-Ukrayna müharibəsində həlak olan iki azərbaycanlının meyitləri tapılıb.

    Median.Az xəbər verir ki, bu barədə “Lent.az”a Moskvada yaşayan azərbaycanlı icma rəhbərlərindən biri məlumat verib.

    Qeyd olunub ki, Rusiya ordusunun tərkibində döyüşən 38 yaşlı Səmədov Şair Zahid oğlu hazırda müharibənin davam etdiyi Kursk vilayətinin Daryino Sudjansky rayonunda həyatını itirib.

    Məlumata görə, mərhum ötən il dekabrın 5-də həlak olub və meyiti küçədə qalıb. Daryino Sudjanski rayonu Rusiya ordusu tərəfindən azad edildikdən sonra onun da meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, mərhum Saatlı rayonu Əhmədbəyli kəndində doğulub, 2 uşaq atası olub.

    Onunla yanaşı, Həsənov Ruslan Loğman oğlu da ötən ilin dekabrında Kursk vilayətində gedən döyüşlər zamanı həlak olub. Onun da meyiti mart ayında tapılaraq, Volkovski qəbiristanlığının Fəxri Vətəndaşlar Xiyabanında dəfn edilib.

    Ruslan Həsənov Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində doğulub boya-başa çatıb. O, ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib.

  • Yasamalda motosiklet piyadanı vurdu

    Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

    Median.Az “APA”ya istinadən xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

    Belə ki, motosiklet sürücüsü idarəetməni itirərək yolu keçən piyadanı vurub. Nəticədə piyada ağır xəsarət alıb. Qəza nəticəsində motosiklet sürücüsü də xəsarət alıb.

    Əraziyə təcili tibbi yardım avtomobili və polis əməkdaşları cəlb edilib.

    Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qazaxıstanda bir qrup fransız Baykonur kosmodromuna daxil olmağa cəhd edib

    Qazaxıstanda bir qrup Fransa vətəndaşı Baykonur kosmodromunun ərazisinə qanunsuz daxil olmağa cəhd edib.

    Bu barədə “İzvestiya” qəzeti məlumat verib.

    Qeyd olunur ki, kosmodroma giriş hüququ verən sənədləri olmayan dörd nəfər “Energiya” daşıyıcı raketinin fotosunu çəkmək istəyib. Onların qarşısı polis əməkdaşları tərəfindən alınıb.

    Baykonurun keçid rejimini pozduqları üçün əcnəbilər barəsində protokol tərtib edilib. Məlumata görə, əraziyə daxil olmaq cəhdi kosmodromun fəaliyyətinə heç bir təsir göstərməyib.

  • Dəhşətli zəlzələdə ölənlərin sayı 3500-ə çatır

    Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 455 nəfərə çatıb, daha 4 840 nəfər yaralanıb.

    Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, 214 nəfər itkin düşənlər siyahısındadır.

    Xatırladaq ki, martın 28-də Myanmada zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti onun maqnitudasını 8.2 bal gücündə qiymətləndirib. Zəlzələ Tailandda da fəsadlar törədib, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub.

    ///Oxu.Az

  • Çin ABŞ-yə qarşı iqtisadi tədbirləri davam etdirəcək?

    Çin ABŞ-nin proteksionizminə qarşı iqtisadi tədbirləri davam etdirəcək.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Nazirlik ABŞ-ni tariflərdən silah kimi istifadə etməyi dayandırmağa çağırıb. Qeyd olunur ki, bu rüsumlar Çin xalqının qanuni inkişaf hüququna qarşıdır.

    “Çin öz suverenliyini, təhlükəsizliyini və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüb və görməyə davam edəcək”, – nazirlikdən bildirilib.

    Öz növbəsində, Honkonq hökuməti şəhərin azad və açıq statusunu saxlamaq istəyi ilə əlaqədar Vaşinqtonun Çin mallarına, o cümlədən Honkonq məhsullarına tariflər tətbiq etməsindən sonra cavab tədbirləri görməyi planlaşdırmır.

    Qeyd olunur ki, Honkonq ABŞ-nin tətbiq etdiyi tariflərə qəti şəkildə qarşıdır və riskin azaldılması mexanizmini nəzərdən keçirir.

  • ABŞ-nin kibertəhlükəsizlik agentliyi işçilərinin üçdə birini ixtisar edəcək

    ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) ölkə hökumətinin dövlət işçilərinin sayını azaltmaqda davam etdiyi üçün işçilərinin üçdə birindən çoxunu itirə bilər.

    Bu barədə mənbələrə istinadən CBS telekanalı məlumat verib.

    Qeyd olunur ki, hazırda agentlikdə təxminən 3 400 nəfər işləyir. Eyni zamanda, yaxın gələcəkdə CISA-da kütləvi ixtisarlar başlaya bilər. Dəqiq vaxt hələ məlum deyil, lakin mənbələr bunun yaxın bir neçə həftə ərzində baş verəcəyini istisna etməyiblər.

    Nəşr vurğulayır ki, 1 300-ə qədər işçi ixtisara salına bilər.

    Bundan başqa, ABŞ Müdafiə Nazirliyinin üç rəsmisinə istinadən verilən məlumata görə, ölkənin ordu komandanlığı şəxsi heyətin geniş miqyaslı ixtisar imkanını nəzərdən keçirir. Söhbət 90 minə yaxın insanın işdən çıxarılmasından gedir.

    Hazırda ABŞ ordusunda təxminən 450 min vətəndaş xidmət edir. Kadr dəyişikliyindən sonra onların sayının 360-420 min nəfərə qədər azalacağı gözlənilir.

    Materialda qeyd edilir ki, müvafiq planın hazırlanmasına səbəb ABŞ-nin müdafiə naziri Pit Heqsetin Pentaqonun büdcəsini 8% azaltmaq əmri olub.

  • “Şok”a düşərək həyatını itirənlər – Son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir?

    Cərrahi prosedura məruz qalan hər bir şəxs, hətta yerli keyitmə ilə əməliyyat olunsa belə, müəyyən protokol üzrə müayinələrdən keçməlidir. Xəstə ciddi şəkildə araşdırılmalıdır.

    Son vaxtlar mətbuatda “şok”a düşərək həyatını itirən xəstələrlə bağlı xəbərlərə tez-tez rast gəlirik. “Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü”, “4 yaşlı uşaq inyeksiyadan şoka düşərək öldü”, “Qadın antibiotikdən şoka düşdü” kimi xəbərlər insanları narahat edir. Bəs, görəsən, son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir? Bu, həyat tərzi, xəstəliklərin artması, dərmanların keyfiyyətsizliyi, həkim səhlənkarlığı ilə bağlıdır, yoxsa sadəcə təsadüfdür?

    Median.Az
    “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

    “Xəstə əməliyyatdan öncə ciddi şəkildə araşdırılmalıdır”

    Professor Adil Qeybulla deyir ki, hər bir ölümün səbəbi dərindən araşdırılmalıdır. Cərrahi prosedura məruz qalan hər bir şəxs, hətta yerli keyitmə ilə əməliyyat olunsa belə, müəyyən protokol üzrə müayinələrdən keçməlidir: “Xəstə ciddi şəkildə araşdırılmalıdır. Xəstənin allergiyası, ailəvi hər hansı xəstəliyi varmı? Yanaşı xəstəlikləri, dərmanlara reaksiyası ciddi şəkildə yoxlanılmalıdır. Ondan sonra xəstəyə cərrahi müdaxilə etmək lazımdır”.

    Keyfiyyətsiz dərmanlar, həkim məsuliyyətsizliyi…

    Mütəxəssis bildirir ki, xəstə dərmanların keyfiyyətsizliyindən də şoka girə bilər, həkim məsuliyyətsizliyindən də: “Ümumiyyətlə, xəstəxana şəraitində xəstənin dünyasını dəyişməsi tibb işçilərinin səhvi ucbatından da ola bilər. İstər xəstəxanada, istərsə də ev şəraitində dünyasını dəyişən adam mütləq araşdırılmalı, ölüm səbəbi bilinməlidir. Ölüm səbəbini bilmədən həkimi günahlandırmaq düzgün deyil. Tibb işçiləri pasiyentlərin allergik tarixçəsini diqqətlə öyrənməli və tibbi müdaxilələrdə daha diqqətli olmalıdırlar”.

    Allergik reaksiyaların və xəstəliklərin artması

    Sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, müasir dövrdə insanların immun sistemi müxtəlif səbəblərdən zəifləyib. Sürətli şəhər həyatı, stres, düzgün olmayan qidalanma və ekoloji çirklənmə allergiya hallarının artmasına gətirib çıxarır. Statistikaya görə, son illərdə qida və dərman allergiyalarına qarşı həssaslıq xeyli yüksəlib. Bəzi insanlarda müəyyən dərman maddələri, xüsusilə antibiotiklər və ağrıkəsicilər ağır anafilaktik şok yarada bilər: “Dərman preparatına qarşı allergiya iti sürətli ölümə gətirib çıxara bilər. Hətta bu, o qədər sürətli olur ki, xəstəni təcili tibbi yardıma çatdırmaq belə mümkünsüzləşir. Əvvəlki illərdə də anafilaktik şok nəticəsində həyatını itirənlər olurdu. Sadəcə, son vaxtlar mətbuatda tez-tez yazıldığı üçün bizə elə gəlir ki, belə hadisələrin sayı artıb”.

    Anafilaktik şok nədir?

    Anafilaktik şok, çox güclü və həyati təhlükə yaradan allergik reaksiyadır. Bədən müəyyən bir allergenlə (məsələn, qida, dərman, böcək sancması və ya lateks) təmasda olduqda immun sisteminin həddindən artıq reaksiya göstərməsi nəticəsində yaranır. Bu, qida qəbulu, dərmanlar, həşərat dişləmələri, inyeksiya, tənəffüs yolları və ya dəri təması ilə bədənə daxil ola bilər. Allergik vasitə bədənə daxil olduqdan sonra reaksiya saniyələr ərzində və ya ən geci iki saatdan sonra başlaya bilər. Bədənə daxil olan bu vasitəni məhv etmək üçün orqanizmin bütün müdafiə hüceyrələri birdən-birə həddindən artıq aktivləşir və qana çoxlu miqdarda kimyəvi maddələr ifraz olunur. Hər bir orqan bu vəziyyətdən təsirlənir. İfraz edilən kimyəvi maddələrin miqdarından və immun sisteminin reaksiya dərəcəsindən asılı olaraq, müxtəlif simptomlar baş verə bilər. Üzün qızarması, tərləmə və ürək döyüntüsü, tənəffüs çətinliyi, aşağı qan təzyiqi, başgicəllənmə, qulaqlarda cingilti, ürək döyüntüsü, gözlərdə sulanma, asqırma, öskürək, qarın ağrısı və qusma kimi yalnız çox yüngül simptomlar əlavə edilə bilər. Bu simptomların bir çoxu eyni anda şiddətli olarsa, allergik şok adlanan ən ağır vəziyyət yaranır.

    Antibiotiklər ən riskli dərman qrupudur

    İ.Hüseynli deyir ki, xroniki xəstəliklərin çoxalması insan orqanizmini daha da həssas edir. Qan dövranı problemləri, şəkərli diabet, autoimmun xəstəliklər və ürək-damar sistemi pozğunluqları olan insanlarda orqanizmin stresə və dərmanlara reaksiyası daha kəskin olur: “Ötən həftə uşağın ölümü ilə bağlı Xırdalanda baş verən hadisədə məlum olub ki, evdə uşağa antibiotik tətbiq olunub. Antibiotiklər insan orqanizmində allergik reaksiyalara səbəb ola biləcək ən riskli dərman qrupudur. Dərman tətbiq olunmazdan əvvəl mütləq “prob” qoyulur, xəstənin dərmana reaksiyası, allergiyası olub-olmaması yoxlanılır. Bəzən həkim ev şəraitində müəyyən müalicə tətbiq edir. O zaman müxtəlif preparatlar – antibiotiklər təyin olunur, tibb bacısı heç bir “prob” qoymadan dərhal inyeksiya edir. Bu, artıq həkim və tibb bacısının səhlənkarlığı nəticəsində baş verən ölüm hadisəsidir”.

    İnsanlar maarifləndirilməlidirlər

    Dərmanların keyfiyyətsizliyi səbəbindən yaranan problemlərə gəldikdə isə, İ.Hüseynli deyir ki, standartlara uyğun istehsal olunmayan dərmanlar bəzən gözlənilməz reaksiyalara səbəb olurlar: “Tərkibində təsiredici maddələr qeyri-adekvat olan və ya standartlara uyğun istehsal olunmayan dərmanlar bəzən gözlənilməz reaksiyalara səbəb olurlar. Dərmanlara nəzarət gücləndirilməlidir. İnsanlar allergik reaksiyaların təhlükəsi barədə məlumatlandırılmalı, təcili yardım prosedurları öyrədilməlidir. Bəzi hallarda həkimlər və tibb işçiləri pasiyentin allergik tarixçəsini tam araşdırmadan ona müəyyən preparatlar təyin edirlər. Xüsusilə, təcili tibbi müdaxilə zamanı pasiyentin dərmanlara qarşı həssaslığının araşdırılmaması faciəvi nəticələrə gətirib çıxara bilər. Kompleks yanaşanda ölümə səbəb olan faktor anafilaktik şok və buna qarşı dərhal tibbi yardım göstərilməməsi səbəbindən baş verir”.

  • Baş direktor: Urmiya gölünün sahəsi 210 kv.km azalıb

    Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün sahəsi 210 kv.km azalıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Dəstgahi “Mehr” agentliyinə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, bu il aprelin 5-də gölün su olan ərazisi 1140 kv.km təşkil edib: “Ötən ilin uyğun dövründə bu göstərici 1350 kv.km olub”.

    Baş direktor bildirib ki, Urmiya gölünün səviyyəsi hesabat dövründə 1270,28 metr olub: “Ötən ilin eyni dövründə bu rəqəm 1270,34 metr idi. Bu da onu göstərir ki, göldə suyun səviyyəsi də azalır”.

    Məcid Dəstgahi Urmiya gölündə suyun həcminin azaldığını da söyləyib: “Hazırda suyun həcmi 1,63 milyard kubmetrdir. 2018-ci ilin hesabat dövründə isə bu göstərici 1,8 milyard kubmetr idi”.

    O, martda yağıntıların miqdarının da ötən ilin eyni dövrü ilə müqayisədə 49,6 faiz azaldığını qeyd edib: “Növbəti aylarda yağıntıların miqdarı azalarsa, Urmiya gölünün vəziyyəti problemli olaraq qalacaq”.