Month: May 2025

  • Hotellərimiz niyə boş qalır?

    Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin 81 faizdən çoxunun boş qalması ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatı ölkəmizə turist gəlişinin azalması kimi izah olunur. Bu, kifayət qədər ciddi rəqəmdir və həyəcan təbili çalmağın vaxtı çatıb kimi görünür.

    Turizmçilər hotellərin boş qalmasını havaların turizm mövsümünə uyğun olmaması ilə əlaqələndirirlər. Onlar həm də qiymətlərin bahalığı, təbliğatın yaxşı qurulmaması və s. kimi səbəblərin də olduğunu deyirlər.

    Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov açıqlanan statistika ilə razılaşmır: “Aylarla müqayisə dəqiq nəticə almağa mane olur. Ən azı yarım illik, ya da bir illik statistikanı müqayisə etmək lazımdır. Ay olub ki, müəyyən səbəblərə görə bayramlarda və ya dünyada mövcud olan başqa trendlərə görə turistlərin sayı keçən illə müqayisə edəndə az olub. Amma digər aylarda bu boşluq kompensasiya edilib. Bizim idarə etdiyimiz hotellərdə müştəri sayında azalma yoxdur”.

    Turizm üzrə ekspert Ceyhun Aşurov hesab edir ki, ilin ilk rübündə hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması təəccüblü deyil: “Statistikaya görə, Azərbaycanda 800-ə yaxın hotel və qalma yeri var. Nömrə fondumuz təxminən 30 minə yaxındır, 60 minə yaxın ölkə üzrə yataq sayımız var. Nəzərə alaq ki, ilin ilk rübü turizm üçün o qədər də aktiv aylar deyil və bu səbəbdən hər il olduğu kimi bu il də ölkəyə çox qonaq gəlməyib. Bu, bütün dünyada belədir. Qonaqların artımı əslində aprel ayından başlayır. Həm də insanlar daha çox yay aylarında səyahət edirlər. Hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması əsasən bununla əlaqədardır. Aprel-maydan başlayaraq turist axınının artan xətt üzrə inkişafını proqnozlaşdırıram”. Ekspert paytaxt mehmanxanalarında 60 faizə yaxın doluluq olduğunu deyir: “Daha sonra Qəbələ, Qusar və s. rayonlar ardıcıllıqla gedir. Bu da quru sərhədlərin bağlı olduğu dövrdə ölkəyə giriş-çıxışın əsasən Bakıdakı hava limanından həyata keçirilməsi ilə əlaqədardır. Ölkədə bir həftə qalan qonaq ya gəlişi, ya da gedişi zamanı bir-iki gün Bakıda gecələməli olur. Ona görə Bakıda gecələmələrin sayı daha çoxdur. Qusar da təbii ki, qış mövsümü ilə əlaqədar olaraq ən çox səfər olunan istiqamət olub. Qusarda və Qəbələdə yay-qış komplekslərinin olması ilin ilk rübündə daha çox turistlərin getməsinə səbəb olub”.

    Gəlmə turizm üzrə menecer Vasif Yadigarov mehmanxanalarda yaranan boşluğu dünyada baş verən hadisələrlə əlaqələndirir: “Çünki çox reyslər təxirə düşüb. Bu, əsasən Hindistan və Pakistan istiqamətindən gələn reyslərə aiddir. Yanvar-mart aylarında gələnlər onsuz da nisbətən az olur”. Turizmçi xüsusən rayon mehmanxanalarında qeydə alınan azalmanı normal hesab edir: “Bu, normaldır, çünki gələn qonaqların 50%-dən çoxu rayonlara getmir. Məsələn, keçən həftə biz mindən çox hindistanlı qonağı yola salmışıq. Onlardan heç biri rayona getmədi”.

    “Statistika və turizmin incəlikləri onu göstərir ki, yanvar-fevral, hətta mart ayı turizmdə aşağı mövsüm hesab olunur”, – deyə turizm üzrə ekspert Əziz Şiriyev bildirir: “İnsanlar daha çox hava isti olanda gəzintiyə üstünlük verirlər. Əvvəlki illərə nəzər yetirsək, mart ayında, xüsusən Novruz bayramı ərəfəsində ölkəmizə xeyli sayda İrandan turist gəlirdi. Sonra bu axın dayandı. Ona görə bu ilin martında bir qədər zəif mövsüm oldu. Hazırda Bakıda, Qobustanda, tarixi məkanlarımızda, qoruqlarda Rusiyadan, Hindistandan gələn turistləri görə bilərsiniz. Tədricən regionlarda da turistlərin sayı artmaqdadır. Hesab edirəm ki, Çinlə Azərbaycan arasında viza rejiminin ləğvi çinli turistlərin ölkəmizə gəlişinə səbəb olacaq”.

    Tərcüməçi-bələdçi Aytac Nəzirli isə açıqlanan statistikanı real hesab edir: “Qış aylarında turistlərin azlığı normal haldır. Çünki qız aylarında Qəbələ-Qusar kimi ərazilərdə hotel qiymətləri kəskin şəkildə bahalaşır. Bəzi ölkələrdə qış aylarında tətil olmur, azalmada bu da rol oynayır. Amma apreldən başlayaraq yenidən canlanma müşahidə olunur”. Bələdçi hesab edir ki, ilin əvvəlindən turistlərin ölkəyə az gəlməsinin səbəblərindən biri də bu istiqamətdə reklam işinin yaxşı qurulmaması ilə bağlıdır: “Biz turizmdə ancaq bir ölkəyə köklənirik. Bir ara ərəb bazarına kökləndilər, sonra Hindistan, indi də Çin. Bir anda bir neçə bazarla müqavilə bağlasalar, kəskin şəkildə artım ola bilər. Məsələn, hindistanlılar yayda gəlməyi üstün tuturlar, onlar qışı sevmirlər. “Ərəb bazarı” demək olar ki sona çatıb. Onlar əvvəl Azərbaycana gəlirdilər, amma indi Gürcüstana, Qazaxıstana üz tuturlar”. A.Nəzirli turistlərin diqqətinin təkcə Bakıya fokuslanmasını da düzgün hesab etmir:

    “Azərbaycanın turizm bölgələri təkcə Bakı, Qusar və Qəbələ deyil. Amma təəssüf ki, bizim sektorda təkcə bu şəhərlərə kökləniblər. Digər regionların gözəl turistik yerləri, tarixləri, ənənələri var. Amma Gəncədə, Balakəndə, Lənkəranda və s. yerlərdə çox nadir hallarda turist görərsiniz. Çünki bu istiqamətdə reklam düzgün getmir. Şəxsən mənim qonaqlarım olanda rayonlara səfər təklif edərkən tərəddüd edirlər. Çünki qonaqların gördüyü yalnız bu üç şəhərdir”. Bələdçinin dediyinə görə, qonaqlara qarşı baş verən dələduzluq halları da onların gəlişinə mane olur: “Taksi sürücüləri, gecə qadınları, restoranlarda qiymət artımı, onlara verilən saxta pullar, peşəkar olmayan bələdçilərin məlumatları qonaqları ölkəmizdən soyudur. Nəticədə turistləri itiririk”.

    Mənbə: “Kaspi” qəzeti

  • Gəncədə 4 avtomobil toqquşdu

    Gəncədə zəncirvari qəza olub.

    Hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Land Rover” “Xəzər Lada” ” “KİA” və “VAZ 2106 “markalı minik maşınları toqquşub.

    Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.
    //Unikal

  • Azərbaycan ordusunda psixoloqlarla görüş keçirilib

    Azərbaycan Ordusunda psixoloqların peşə hazırlığının artırılması istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda xüsusi psixoloji təlim təşkil olunub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Təlim, hərbi psixoloqların müxtəlif ekstremal şəraitlərdə daha effektiv fəaliyyət göstərə bilmələri üçün nəzərdə tutulub.

    Tədbir proqramına Türkiyədən dəvət edilmiş psixoloqlar “Şəxsiyyət pozuntuları”, “Blackboard terapiya” mövzularında təqdimatlarla çıxış ediblər. Mütəxəssislər tərəfindən iştirakçılara fərdlərarası sözlə təsirin qüvvəsi, özünü idarəetmə zamanı sözün təsir gücü, eləcə də şəxsiyyət pozuntularının göstəriciləri barədə ətraflı məlumatlar verilib.

    Təlimin sonunda nəzəri və praktiki biliklərin qiymətləndirilməsi məqsədilə interaktiv tapşırıqlar yerinə yetirilib, həmçinin iştirakçıların sualları cavablandırılıb.

  • Xəzər dənizində zəlzələ oldu

    Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    Yerli vaxtla saat 21.18-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.4 olub.

    Zəlzələ ocağı 70 kilometr dərinlikdə yerləşib.

  • 6 ildə 233 min nəfər – Sayımız 11 milyonu niyə keçə bilmir?

    Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

    Cari ilin aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,0 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

    Qeyd edək ki, 2019-cu ilin aprelində əhalimiz 10 milyonu keçib. Göründüyü kimi, 6 ildə artım cəmi 233 mindir.

    Qonşu ölkələrə gəlincə, 2025-ci ilin aprel ayındakı göstəricilərə görə, Türkiyənin əhalisi təxminən 87.6 milyon nəfər olub. Məsələn, 28 mart 2025 tarixinə olan məlumatlara görə, əhali sayı 87,630,158 nəfər idi. Bu artım, əsasən təbii artım (doğumların ölüm sayını üstələməsi) hesabına baş verir. 2025-ci ilin əvvəlindən təxminən 380,396 doğum və 208,061 ölüm qeydə alınıb. Bununla belə, Türkiyədə demoqrafik problemlər də müşahidə olunur. Prezident Rəcəb Tayyib Ərdoğan 2025-ci ilin aprel ayında bildirib ki, əhalinin artım tempi azalır və bu, ölkənin gələcəyi üçün ciddi təhlükə yaradır.

    Cari ilin aprel ayına olan məlumatlara əsasən, Gürcüstanın əhalisi təxminən 3,806,800 nəfərdir. Əvvəlki rəsmi statistikaya görə, 2025-ci il yanvarın 1-də Gürcüstanın əhalisi 3,704,500 nəfər olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,900 nəfərlik artım deməkdir. Bu artım əsasən müsbət miqrasiya saldosu (14,386 nəfər) hesabına baş verib, çünki təbii artım mənfi olub (-4,488 nəfər). Əhali artımına baxmayaraq, uzunmüddətli proqnozlar Gürcüstanda əhali sayının azalacağını göstərir. Hökumətin 2025-2027-ci illər üçün iqtisadi islahatlar sənədinə əsasən, əhalinin sayının 2025-ci ildə 3,693,600 nəfərə, 2026-cı ildə 3,691,700 nəfərə, 2027-ci ildə isə 3,688,900 nəfərə düşəcəyi gözlənilir.

    Ermənistanda isə bu ilin 1 aprel tarixinə olan rəsmi məlumatlara əsasən, əhali sayı 3,081,100 nəfərdir. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 41,400 nəfərlik artım deməkdir .

    Bu artım əsasən müsbət miqrasiya saldosu və təhlükəsizlik səbəbi ilə ölkəyə qayıdan vətəndaşlar hesabına baş verib. Əvvəlki illərdə müşahidə olunan əhali azalması tendensiyası 2024-cü ildən etibarən dəyişib və 2025-ci ilin əvvəllərində əhali artımı qeydə alınıb.

    Rusiyanın əhalisi isə aprel ayının göstəricilərinə əsasən, təxminən 144,1 milyon nəfər olub. 2025-ci ilin demoqrafik göstəricilərinə əsasən, illik artım tempi 0,608% hesablanıb. Əhali sayının azalması əsasən aşağı doğum səviyyəsi və yaşlanan əhali strukturu ilə əlaqələndirilir.

    Sosioloq Məhbubə Mehdiyeva “Yeni Müsavat”a şərhində bildirib ki, son illərdə ölkəmizdə doğum sayı ölüm səviyyəsini üstələmir: “Gənclər arasında evlilik yaşı yüksəlib və ailə quranların sayı azalıb. Bu da doğumların sayına təsir göstərir. Eyni zamanda, təhsil və digər məsələlərlə əlaqədar olaraq, müvəqqəti başqa ölkələrə köç edilir, bu da ümumi artımı ləngidə bilir. 11 milyonluq həddə çatmaq üçün doğumların, miqrasiya balansının və ömür uzunluğunun artması vacibdir. Əgər ildə orta hesabla, 30-40 min nəfərlik artım davam edərsə, bu templə təxminən 2030-cu ilə qədər 11 milyon həddinə çatmaq mümkündür.

    Amma bu həm də gələcəkdə iqtisadi və sosial siyasətdən, gənclərin ailə qurmaq istəyindən və miqrasiya meyillərindən asılıdır. Hazırda dünya bazarında əmək bazarında işçi qüvvəsinin azalması, sosial təminat sistemində pensiya yükünün artması, məktəblərdə və uşaq bağçalarında şagird sayının azalması kimi təsirlər görünür. Perspektivdə bu iqtisadi inkişaf tempində daha yeni dalğalar görəcəyik. Ümumi elmi, texniki, tərəqqi də demoqrafik vəziyyətə təsir edir”.

  • “Araz-Naxçıvan” “bürünc” və ilk dəfə Avropaya vəsiqə qazandı

    Misli Premyer Liqasında XXXV tura start verilib.

    İlk oyun günündə üç matç baş tutub.

    “Turan Tovuz” səfərdə “Sumqayıt”ı məğlub edib – 1:0. Qonaqların heyətində Emmanuel Hakman 30-cu dəqiqədə fərqlənib. Xallarının sayını 52-yə çatdıran Tovuz klubu dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Gənclik şəhəri” təmsilçisi 30 xalla doqquzuncu pillədə qalıb.

    “Zirə” “Sabah”la heç-heçə edib – 1:1. “Qartallar”ın heyətində Giorgi Papunaşvili 26-cı dəqiqədə adını tabloya yazdırıb. Pavol Safranko 67-ci dəqiqədə tarazlığı bərpa edib.

    İkinci yerdəki “Zirə”nin 71, beşinci sıradakı “Sabah”ın 45 xalı var.

    “Araz-Naxçıvan” isə səfərdə “Şamaxı”ya qalib gəlib – 1:0. Qonaqlardan Felipe Santos 44-cü dəqiqədə rəqibi məyus edib. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkə UEFA Konfrans Liqasında təmsil edəcək. Bu, Naxçıvan təmsilçisi üçün ilk olacaq. “Şamaxı” 36 xalla yeddincidir.

    Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.

  • Mingəçevirdə yol qəzasında iki qadın yaralanıb

    Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza şəhərin giriş qapılarına yaxın ərazidə baş verib.

    Müxtəlif bədən xəsarətləri alan iki qadın xəstəxanaya çatdırılıb.1960-cı il təvəllüdlü Ucar rayon sakini Svetlana Səmədova əməliyyat olunaraq cərrahiyyə şöbəsinə yerləşdirilib.1968-ci il təvəllüdlü Şamba Süleymanovaya isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır./unikal

  • Myanmada 5,2 bal gücündə zəlzələ baş verib

    Myanma ərazisində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Zəlzələnin episentri 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 85 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.

    Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

  • Putin və Zelenskiyə zəng edəcəyini AÇIQLADI

    ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

    Median.Az xəbər verir ki, Tramp bu barədə “Truth Social” səhifəsində yazıb.

    “Putinlə söhbətdən sonra mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə, sonra isə NATO üzvü ölkələrlə danışacam. Ümid edirəm ki, məhsuldar gün olacaq və atəşkəs əldə olunacaq”, – o qeyd edib.

  • Xəbərdarlıq: Gələn həftənin ilk günlərində hava şəraiti fasilələrlə yağıntılı olacaq

    Mayın 19-na olan hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən  bildiriblər ki, Azərbaycanın rayonlarında mayın 19-da gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.