Month: May 2025

  • Bank kartımızı blokda saxlasaq, xakerlər pulumuzu oğurlaya bilməz? – EKSPERT

    Bəzi insanlar var ki, onlar pullarının oğurlanmaması üçün artıq kartda pul saxlamır, pulu nağd saxlamağa üstünlük verirlər. Sadəcə alış-veriş edəcək, ona lazım olacaq qədər kartlarında pul saxlayırlar. Bəzi insanlar da var ki, kartı blokda saxlayır. Lazım olduğu qədər puldan istifadə etdikdən sonra kartını bloka atır. Kartı blokda saxlamaq pullarımızı qorumaq üçün necə üsuldur?

    FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirdi ki, kart bloka salınırsa, bu zaman həmin kartdan vətəndaşın özü belə əməliyyat apara bilməz. “Belə olduqda bu hal müəyyən təhlükələrin qarşısını alır. Yəni, dələduzlar və ya başqa kimsə kartdan istifadə edə bilmir”.

    Tam olaraq da qarşısını aldığını deyə bilmərik

    Xəyal Məmmədli deyir ki, kartı blokda saxlamaq tam olaraq da oğurluq hallarının qarşısını almır. Mobil telefondan oğurluq halları baş verəndə, dələduzlar mobil telefona bu və ya digər yollarla daxil ola bilirlərsə, onlar artıq bütün imkanları ələ keçirmiş olurlar. Telefona daxil olan dələduzlar kartı blokdan da çıxarıb əməliyyat apara bilərlər. Amma ümumi götürsək, kartda az pul saxlamaq və yaxud da pul saxlanılan kartın bloklanması təhlükəsizliyi artırır”.

  • ​Telekanallara rəhbərlik edənlər kimlərdir? – Sadəcə biri xanımdır

    Televiziyaların cəmiyyətin formalaşmasında,inkişafında rolu danılmazdır. Təsadüfi deyildir ki,televiziyalardan danışarkən onları cəmiyyətin aynası kimi təqdim edirlər.Bəs,cəmiyyət üçün bu qədər əhəmiyyətli olan bir sahənin başında kimlər dayanır?

    Median.Az xəbər verir ki, Oxu24.com bu dəfə televiziyaların rəhbərləri barədə araşdırma aparıb.

    Başlayaq telekanalların qocamanı olan AzTV-dən.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Raqif oğlu Məmmədovdur. O,Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə bu vəzifəyə  təyin edilib. AZTV  Dövlət televiziyası olduğu üçün və büdcədən maliyyə aldığı üçün onun rəhbərini də məhz Prezident təyin edir.

    Kimdir Rövşən Məmmədov?

    Rövşən Raqif oğlu Məmmədov 15 iyun 1979-cu ildə Azərbaycan Respublikasının Ağstafa rayonunda anadan olub.

    2000-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bakalavr, 2002-ci ildə isə BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura pilləsini bitirib.

    2006-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası”nda fəlsəfə doktoru dərəcəsi alıb.

    2016-cı ildə isə Bakı Slavyan Universitetinin “Filologiya və jurnalistika kafedrası”nda “Müstəqillik dövründə Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri (Almaniya, Fransa, Türkiyə, İngiltərə)” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi alıb. 3 kitab müəllifi olan R.R.Məmmədovun 40-dan çox elmi məqaləsi Azərbaycanda və xaricdə müxtəlif dillərdə nəşr edilib.

    R.R.Məmmədov müxtəlif vaxtlarda Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 

    Jurnalistika fəaliyyətini davam etdirən Rövşən Məmmədov uzun müddət “Lider” Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub.

    R.R.Məmmədov 2015-ci ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) “Günün nəbzi”, “Əsas məsələ” və “Həftə” verilişlərinin aparıcısı olub. Daha sonra isə “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub. 15 yanvar 2019-cu ildən sədr müavini təyin olunub və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edib. 4 sentyabr 2019-cu il tarixdən  sədrdir.

     

    R.R.Məmmədov  Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2 fevral 2024-cü il tarixli Sərəncamla isə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

    Rus və ingilis dillərini bilir.

    Ailəlidir, iki övladı var.

    Azad Azərbaycan Telekanalının rəhbəri Azər Xəlilovdur.O,2017-ci ilin sentyabrından kanala rəhbərlik edir.Azər Nəriman oğlu Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib. 2001-ci ildə BBC Azərbaycan xidmətində işə başlayıb. Təxminən 11 il Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan ATV İnternational teeviziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013-cü ildən yeni yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik etməyə başlayıb.

    A.Xəlilov Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.

    Xəzər TV-nin rəhbəri Murad Dadaşovdur.O,bu vəzifəyə  2020-ci ilin martından başçılıq edir. Həmin ildə “Xəzər TV”-nin səhmləri “SOCAR Media” qrupunun nəzarətinə keçib. “SOCAR Media” qrupu isə Murad Dadaşovu “Xəzər” TV-nin yeni Baş Direktoru təyin edib.O,vaxta qədər televiziyaya nəzarəti Prezidentin keçmiş köməkçisi Əli Həsənov və onun oğlu Şamxal Həsənov edirdi.

    Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

    O 1985–1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.

    Televiziyada ilk fəaliyyətinə 1990-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada “Bakılı oğlanlar” ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər “Bir Cənub şəhərində” adlı layihə hazırlayıb.

    1990-cı illərin sonlarında isə Space televiziyasında “Road Master” adlı layihənin aparıcısı olub.

    2002-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi ANS Müstəqil Yayım və Media Şirkətində Baş Prodüser vəzifəsinə təyin edilib. Eyni zamanda həmin dövrdə bu kanalda yayımlanan “Yeriniz Məlum” adlı gündəlik şou proqramın müəllif və aparıcısı olub.

    2003-cü il fevralın 7-də M Group Production şirkətini təsis edib. Burada 2008-ci ilədək baş direktor vəzifəsində olub.

    2001-ci ildə ixtisasca şərqşünas olan Əliyeva Aytən Elxan qızı ilə ailə həyatı qurub. Kamal, Əli, Ziya adlı üç övladı var.

    “Space” Televiziyasının rəhbəri Vado Karovindir.O,bu vəzifəyə 2023-cü ilin fevralından başçılıq edir.Vado Arnoldoviç Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub.

    Onun “Şən və Hazırcavablar” klubunun “Bakılı Oğlanlar” komandasında fəaliyyət göstərib.

    Bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun qalibi və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.

    “Parni iz Baku” KVN komandasının keçmiş üzvü ATV və “Lider” telekanallarında müxtəlif vəzifələrdə çalışıb. ATV-nin eks-prezidenti Vüqar Qaradağlının dəvəti ilə telekanala gələn Vado ATV-nin vitse-prezidentinin müavini, baş prodüser və teleseriallar şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.

    İTV-nin baş direktoru  Balakişi Qasımovdur.O,2018-ci ildən bu vəzifəyə seçilib. 

    O, 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.Bakı şəhər 1 saylı orta məktəbini bitirib. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.2004-cü ildə “Nə? Harada? Nə zaman?” oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olub.”Nə? Harada? Nə zaman?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub.Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.29 aprel 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib.

    “ARB MEDİA GRUPU”na bir neçə televiziya kanalı daxildir. Ümumi rəhbərliyi isə  Radik İsmayılov edir.O,2020-ci ildən bu vəzifəni icra edir.

    Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlıkəndində anadan olub.1996-cı ildəSuraxanı rayonundakı 278 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

    Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil alıb, 2001-ci ildə magistratura pilləsinə daxil olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib.

    2004-2007-ci illərdəAzərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutununəyani aspirantura şöbəsində təhsilini davam etdirib, “Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.”Ekstremal jurnalistika (praktik vəsait)” kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir.

    BDU-da bakalavr təhsili aldığı illərdən müxtəlif media qurumlarında çalışan Radik İsmayılov Lider TeleviziyasıXəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini, CBC telekanalının redaktoru vəzifələrində işləyib. 2018-ci il sentyabrın 26-na qədər “ARB 24”də baş redaktor, həmin tarixdən etibarən isə icraçı direktor vəzifəsində çalışıb.

    ARB TV-nin rəhbəri isə Rəşad Məmmədovdur.O,bu vəzifəyə qədər  Şəki “ARB TV” nin baş direktoru olub.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 

    Real TV -yə rəhbərliyi Mirşahin Ağayev edir. O,2018-ci ildən bu vəzifədədir.

    Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin “Azərbaycan” qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır.

    1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.

    2018-ci ildə “Real Təhlil və İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradan Mir Şahin elə həmin ildən cəmiyyətin və onun nəzdində olan Real Televiziyasının rəhbəridir.

    Jurnalist Səbinə Ağayeva ilə evlidir, iki oğul və iki qız atasıdır.

    CBC Sport -idman sahəsində ixtisaslaşmış kanaldır.Kanalın rəhbəri Volkan Üstdür.O,2016-cı ildən bu vəzifədədir.20 ildən çox iş təcrübəsinə malik olan bu mütəxəssis Türkiyə, Kanada və bir sıra digər ölkələrdə çalışıb. Türkiyə və İngiltərədə televiziya sahəsində təhsil alan Volkan Üst xeyli məşhur telelayihələrin hazırlanmasında iştirak edib.

    İdman TV-nin rəhbəri Zaur  Zeynalovdur.O, bu vəzifəyə  2024-cü ildə  “Mədəniyyət” kanalından gəlib. O,sözügedən kanalda rejissor işləyib. Zaur Zeynalov daha çox şou-biznes sahəsində xəbər hazırlayan jurnalist kimi tanınırdı. Qeyd edək ki,İdman TV AZTV-nin tərkibindədir.

    AzTV-nin tərkibində olan digər kanal “Mədəniyyət” kanalıdır. “Mədəniyyət” telekanalının direktoru Dilarə Səlimdir. Dilarə Səlim Hamlet qızı 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub.

    Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. “Televiza”, “Kinofakt” və “Səhər” verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə “Mir” Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə “ABA” televiziyasında “Kontra” tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə “İnternyus” televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq “Media və Mən” verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də “Səhər” proqramında müəllif və aparıcı, “Xəbərlər”də isə aparıcı kimi işləyib. “Səadət” qadın proqramının müəllif və aparıcısı olub. 2018-ci ildən AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktoru, “Görüş yeri” və “Peşəkarlar” verilişinin müəllif və aparıcısıdır.

    2024-cü ilin yanvar ayında Mədəniyyət Televiziyasına direktor təyin edilib.

    Musiqi kanalı olan MTV-nin rəhbəri  Elsevər Dünyamalıyevdir.O,2024-cü ildə bu vəzifəyə gətirilib.Əməkdar jurnalist bundan əvvəl, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor, AzTV sədrinin birinci müavini olub.

    Xatırladaq ki, MTV Azərbaycan “Azerspace-1” peyki vasitəsilə yayımlanan telekanaldır.

  • Azərbaycanda hansı peşələrə ehtiyac çoxdur – SİYAHI

    Əmək bazarında hər il yeni peşələr meydana gəlir və ya köhnələr öz aktuallığını itirir. Bəziləri də dövr ilə əlaqədar iş prinsiplərini dəyişir. Peşələr üzrə vakansiyaların sayının artıb-azalması əmək bazarında kadr sayından asılıdır. Hətta elə sahələr də var ki, orada vakansiya yerləri çox olsa da, kadr tapmaq çətindir. Elə sahələr də var ki, kadra tələb təklifdən dəfələrlə azdır.

    Median.Az xəbər verir ki, Təhsil eksperti İlham Əhmədov Modern.az-a deyib ki, gələcəyin əmək bazarının formalaşmasına bu gün başlanılmalıdır.

    Bu, ölkə iqtisadiyyatının rəvan inkişafı üçün çox mühümdür.

    Ekspertin sözlərinə görə, bu gün qlobal əmək bazarı dinamik xarakter daşıyır. Süni intellektin inkişafı ilə əlaqədar bir sıra peşələr sıradan çıxır, yeni peşələr yaranır. 10-15 il sonra əmək bazarında xeyli yeni peşənin yaranması ehtimal edilir.
    Müsahibimiz deyir ki, bu gün əmək bazarının gələcəyi bir neçə əsas amillə müəyyənləşdirilir. Bunlar iqtisadi və texnoloji inkişaf, investisiya imkanları, demoqrafik dəyişikliklər, təhsil sisteminin səmərəliliyi v.s. məsələləri əhatə edir.

    “Azərbaycan əmək bazarının gələcəyinə dair müəyyən istiqamətlər üzrə təxmini proqnozlar vermək olar.

    Sovet dönəmində ali, orta ixtisas və ilkin peşə təhsili sisteminin inkişafı proqnozlaşdırılarkən, bu tip tədqiqatlara əsaslanılırdı. Təəssüf ki, müstəqillik illərində bizim təhsil sistemində belə araşdırmalar aparılmadı. Ona görə də kadr hazırlığında bu gün sistemsizlik hökm sürür.

    Ümumiyyətlə, son 30 il ərzində təhsilə dair bir çox faydalı təşəbbüslər vaxtında nazirlik tərəfindən düzgün qiymətləndirilə bilməyib, bu gün də belədir. Ona görə də, elm və təhsil nazirinin bildirdiyi kimi, “təhsilimiz tərsinə qurulub”.

    20 il əvvəl də, indi də təhsilin əsas proiriteti islahatların elmi təminatını yaratmaq, bu əsasda səmərəli təhsil islahatları aparmaq, rəqabətədavamlı təhsil sistemi qurmaq deyil”,-deyə ekspert bildirib.

    İlham Əhmədov deyib ki, gələcəyin əmək bazarına təsir edən əsas amillərdən biri texnoloji innovasiyalar və rəqəmsallaşma prosesləridir. Texnologiyanın sürətli inkişafı, xüsusilə rəqəmsal transformasiya və avtomatlaşdırma, əmək bazarının gələcəyini müəyyən edən ən mühüm amillərdən biridir. Proqramçılar, veb-dizaynerlər, rəqəmsal marketinq mütəxəssisləri, kibertəhlükəsizlik analitikləri kimi peşələr buna nümunədir.

    “Bu sahələrin inkişafı, kadr təminatı problemlərini həll etmək üçün “Süni İntellekt Akademiyası”nın yaradılması nəzərdə tutulur.

    Bundan başqa, ölkə iqtisadiyyatının əsasını təşkil edən neft və qaz sənayesi mütəxəssislərinə əmək bazarında hələ də tələbat var. Lakin bu sahənin gələcəyi alternativ enerji və dayanıqlı inkişaf istiqamətində dəyişəcək. İstixana qazları ilə mübarizə, yaşıl enerjinin təşviqi və texnoloji yeniliklər bu sahədə peşəkarlar üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, mühəndislik və tikinti sahələrində də fəaliyyətin davam ediləcəyi, xüsusilə infrastruktur layihələri və energetika mütəxəssisləri üçün perspektivlər gözlənilir”.

    İ.Əhmədovun sözlərinə görə, ölkə əhalisinin yaş strukturu dəyişir, əhali artımı azalıb, əhali yaşlaşır, bu səbəbdən səhiyyə və sosial xidmətlər sahəsində tələbatın artması proqnozlaşdırılır. Yaşlı əhalinin sayının artması ilə bağlı tibbi və sosial işçilərə ehtiyac artacaq. Həmçinin, gənclər arasında daha yüksək təhsil və yeni bacarıqlara tələbat da artacaq.

    “Gələcəyin əmək bazarına təsir edən digər amil iqtisadi diversifikasiya prosesləridir. Kənd təsərrüfatı, turizm, xidməti sektoru, İKT kimi sahələrdə iş yerlərinin artması mümkündür. Əmək bazarına təsir edən digər amil qlobal tendensiyalar, hibrid iş formalarının yaranmasıdır. Pandemiya sonrası iş dünyasında məsafədən (distant) və hibrid iş modelləri daha çox yayılmaqdadır. Bu, iş bazarını çevik və qlobal hala gətirir. Nəticədə, lokal əmək bazarına beynəlxalq şirkətlərin qatılması və müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının artması mümkündür”.

    Ekspert vurğulayıb ki, gələcəyin əmək bazarı bir sıra fərqli bacarıqlar tələb edəcək:

    “Bunlar rəqəmsal bacarıqlar (proqramlaşdırma, məlumat analizi, bulud texnologiyaları), innovativ və kreativ düşüncə tərzinə sahib olmaq, biznes şəbəkə qurmaq və layihəyə rəhbərlik bacarıqları, təhlükəsizlik və kibertəhlükəsizlik sahəsində biliklər, çeviklik və davamlı öyrənmə qabiliyyəti ola bilər.

    Buna uyğun olaraq, təhsil sisteminin müasirləşdirilməsi, gənc kadrların yeni bacarıqlara yiyələnməsi və onların yenidən ixtisaslaşması zəruri olacaqdır”.

    Azərbaycanda son dövrlər ən çox hansı peşələrə ehtiyac duyulur, hansı vakansiyalar daha çoxdur?

    İlham Əhmədovun fikrincə, ölkədə son dövrlərdə ən çox tələb olunan peşələr arasında aşağıdakılara ehtiyac duyulur:

    – informasiya texnologiyaları sferası və proqram təminatı yaradanlara və inkişafetdiricilərə (xüsusilə Python, Java, .NET kimi proqramlaşdırma dilləri üzrə mütəxəssislərə);
    – Veb və UI/UX dizaynerlərə, satış və marketinq üzrə satış menecerləri və nümayəndələri, sosial media menecerləri və SMM mütəxəssisləri, rəqəmsal marketinq mütəxəssisləri, brend menecerlərinə;

    – Mühəndislik ixtisasları üzrə neft və qaz mühəndisləri, inşaat mühəndisləri, elektrik mühəndisləri, kimya mühəndislərinə;

    – Təhsil sistemində müəllimlərə (xüsusilə ailə müəlliminə, ingilis dili və İT üzrə müəllimlərə), onlayn təlimin təşkili, təhsil marketinqi, təhsil meneceri, təhsilin rəqəmsallaşdırılması, fərdi inkişaf üzrə mütəxəssislərə (kouçlara);

    – Səhiyyə sahəsində həkimlərə (xüsusilə sahələr üzrə ixtisaslı mütəxəssislərə), tibb bacılarına və texniklərə, aptek işçilərinə;

    – Biznes, maliyyə və audit sahəsi üzrə biznesdə süni intellektin tətbiqi, biznes proseslərin avtomatlaşdırılması, mühasib, maliyyə analitikləri, auditorlar, bank işçilərinə.

  • Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – Bu necə ola bilər? – AÇIQLAMA

    Ötən günlər bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir. Bir çoxları onların adından kredit götürüldüyünü bildirirlər. Araşdırdıqda isə ağlasığmaz bir vəziyyətlə rastlaşırıq.

    Məsələ ilə bağlı İnternet Formunun prezidenti Osman Gündüz açıqlama verib:

    “Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər. Bu proses sürətlə yayılıb.

    Müxtəlif kiber fırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb. Kredit alan şəxs adından əməliyyat aparıldığını günlərlə sonra öyrənir. Bank isə sadəcə “siz təsdiqləmisiniz” deyib məsuliyyəti üzərindən atır. Adi bir araşdırma ilə müşahidə etmək olur ki, bankların onlayn kredit prosesində ciddi risklər var.

    Qısa araşdırma ilə müəyyən etdim ki yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə video zənglə vətəndaşı identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar. Hətta elə nəhəng banklar var ki, güman ki, xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər. Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər. Maraqlıdır ki Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib”.

    Ekspert bildirir ki, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar video zəng xidmətlərindən istifadə edib identifikasiya apara bilərlər:

    “Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görsənir ki daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir. Düşünürəm ki, Azərbaycanda da qanunvericilik təkmilləşdirilməlidir. Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır – başqa seçim verilməli deyil banklara. Bu mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında öz əksini tapmalıdır. Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir”.

    Daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bankı kartı olan vətəndaşlarla bağlıdır.

    Bəs bu zaman nələrə diqqət etməliyik?

    Ekspert bildirib ki, əlbəttə ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq, bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu rəqəmsal transformasiyanı da ləngidə bilər:

    “Amma düşünürəm ki bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməldir, məsələn vətəndaşlara ümumiyyətlə kredit məsələsinə STOP qoymaq imkanı verməlidir. Ümumiyyətlə, düşünürəm ki hazırda bu sektorda yaranmış situasiya diqtə edir ki, Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləməlidir. Yəni banklar kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşlara, adına onlayn kreidt götürülmüş vətəndaşlara “təhlükəsizlik sizin öhdəliyinizdədir”, “özünüz kodu təsdiqləmisiniz” deyə başdan eləməli deyillər”.

    Qeyd edək ki, əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa bu problemin həlli çox çətin olacaq.

  • Kömür sobasında qovrulan qəhvədən beynəlxalq brendə – qadın sahibkarın hekayəsi

    Uqandanın Masaka bölgəsində sadə bir qəhvə fermasında böyüyən Elizabeth Nalugemwa, anasının əziyyətinin bazarda dəyər görmədiyini erkən yaşlarında dərk etdi.

    Bu hiss onu həm qadınların iqtisadi güclənməsi, həm də kənd icmalarının inkişafı üçün sosial sahibkarlığa yönəltdi. Beləcə, “Kyaffe Farmers Coffee” brendi yarandı.

    Elizabeth, işə kömür sobasında qovrulan qəhvə ilə başladı. Məqsədi sadə idi – qadın fermerlərin məhsullarına ədalətli bazar yaratmaq. Bugün o, 1,500-dən çox qadın fermeri birləşdirən, təlim verən və onların məhsullarını dünya bazarına çıxaran bir şəbəkəyə rəhbərlik edir.

    Qeyd etmək lazımdır ki, “Kyaffe Farmers Coffee” yalnız qəhvə istehsalı ilə kifayətlənmir. Şirkət kənd təsərrüfatı tullantılarından ekoloji təmiz briketlər istehsal edərək həm ətraf mühiti qoruyur, həm də qadınlara əlavə gəlir imkanı yaradır.

    Elizabeth-in fəaliyyəti beynəlxalq aləmdə də diqqətdən kənarda qalmayıb. 2018-ci ildə “Obama Foundation” tərəfindən Afrika lideri seçilib, 2019-cu ildə isə Fransada “Women Stop Hunger” mükafatına layiq görülüb.

    Bu uğur hekayəsi göstərir ki, böyük dəyişikliklər üçün böyük resurslara deyil, böyük iradəyə ehtiyac var. Elizabeth Nalugemwa, kömür sobasında başlayan arzunu qlobal miqyaslı sosial təsirə çevirən qadındır.
    //valyuta.az

  • Azərbaycan – Ukrayna oyunu bu arenada keçiriləcək

    Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

    Bu barədə AFFA-nın saytı məlumat yayıb.

    D qrupunun 2-ci turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 20:00-da başlayacaq.

    Qeyd edək ki, Azərbacan millisi seçmə mərhələdə Ukrayna ilə yanaşı, Fransa və İslandiyaya da qarşı mübarizə aparacaq.

  • “Hərdən gedib məzarıma baxıram, görüm nə çatmır…” – Video

    Əməkdar incəsənət xadimi Cavanşir Quliyev özünə məzar hazırlatdırıb.

    Bu barədə bəstəkar “Xəzər axşamı”nda qonaq olarkən danışıb.

    O bildirib ki, bu addımı atmasına səbəb yaxınlarına əziyyət vermək istəməməsidir:

    “İnsan öləndən sonra heç nə hiss etmir. Amma yerdə qalana əziyyət olur. İstəmirəm mən öləndən sonra kimsə əziyyət çəksin. Məzarı çoxdan hazır etmişəm. Bunu mənim kimi edənlər var. Məqsəd evdəkiləri işin birindən azad etməkdir. Yalançı başdaşı da qoydurmuşam ki, heç kim ora girməsin. Hərdən gedib mühəndis gözü ilə baxıram, görüm məzarımda nə çatışmır?”

    “Məzar üçün yeri alanda anam hələ sağ idi. Məni tənqid etdi ki, bizdə belə adət yoxdur, etmə. Qardaşım da bizi dinləyirdi. Sonda dözə bilmədi, söylədi ki, sən ölməyində ol, biz sənə yer taparıq (gülür)”, – C.Quliyev əlavə edib.

  • Putinin İrana səfər tarixi hələ razılaşdırılmayıb – Kreml

    “Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinin tarixləri hələ müəyyənləşdirilməyib”.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.

    Onun sözlərinə görə, tarix razılaşdırıldıqda, ictimaiyyətə bununla bağlı məlumat veriləcək.

    Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 18-də rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib. Bir neçə gün əvvəl İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani isə İranın Putinin Tehrana rəsmi səfərinə hazırlıqlara başladığını açıqlayıb.

  • FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

    Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir.

    Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.

    Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
    Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

  • Keçmiş müdirinə “donuz” dedi – 1000 manat cərimələndi

    Ağdamda vətəndaş keçmiş rəhbərindən etdiyi şikayətlərə görə məhkəməyə verilib. Buna səbəb isə 46 yaşlı Xaliq İsmayılovun həmin müraciətlərdə təhqirlərdən istifadə etməsidir.

    Ağdam Mexaniki Suvarma İdarəsinin Avtonəqliyyat şöbəsinin rəisi Elşən Orucov onun Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.

    Müəyyən edilib ki, Xaliq əvvəllər qeyd edilən idarədə işləyib və bir müddət əvvəl işdən çıxarılıb. O, daha sonra yuxarı instansiyalara keçmiş iş yeri barəsində şikayətlər ünvanlayıb. X.İsmayılov şikayət məktublarında Elşən Orucov barəsində “donuz” ifadəsini işlədib.

    Kollektiv qarşısında şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıldığını deyən müdir keçmiş işçinin buna görə məsuliyyətə cəlb edilməsini tələb edib.

    X.İsmayılov ifadəsində əməlindən peşman olduğunu bildirib və “donuz” adlandırdığı Elşən Orucovdan üzr istəyib.

    Ağdam Rayon Məhkəməsinin hökmü ilə Xaliq İsmayılov 1000 manat cərimə edilib. İş üzrə sərf edilmiş 100 manat ekspertiza xərcinin də ondan tutulması hökmdə qeyd edilib.