Month: May 2025

  • Bu şəxslərə mənzil veriləcək

    Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bu il min mənzilin təqdim edilməsi nəzərdə tutulub.

    Median.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, sözügedən şəxslərə nazirlik tərəfindən postmüharibə dövründə 6.8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib.

    Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

  • Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb – YENİLƏNİB

    “2 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.”

    Bu haqda TƏBİB-dən APA-nın soruğusuna cavab olaraq məlumat verilib.

    Məlumatda bildirilib ki, bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

    Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.

    Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

    ***

    Sumqayıtda qohumlar tanımadıqları şəxs tərəfimdən bıçaqlanıb.

    Apa xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs bıçaqla xəsarət yetirib.

    Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Döyülərək öldürülən Elgünün atası DANIŞDI – VİDEO

    Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

    Median.Az xəbər verir ki, hadisə ilə bağlı Elgünün atası Baku TV-yə danışıb.

    Mərhumun atasının sözlərinə görə, oğlu döyülərək tanınmaz hala salınıb.

    “Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım tanınmaz halda idi. Universitetə hazırlaşırdı, bizim ümidimiz idi.
    Davakar uşaq deyildi, oxumağa meyilli, çox savadlı idi”, – deyə o bildirib.

  • Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü

    AzTV-də Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun “Şahmat klubu” verilişinin ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı tədbir keçirilib.

    Median.Az xəbər verir ki, Ginnes Rekordlar Kitabının rəsmisi Şeyda Subaşı bütün məlumatların hərtərəfli nəzərdən keçirildiyini, rekord üçün tələb olunan meyarlara cavab verdiyini təsdiqləyib və Ginnesin Rekordlar Kitabının diplomunu Faiq Həsənova təqdim edib.

    Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov beynəlxalq dərəcəli hakimin şahmat sahəsində xidmətlərindən danışıb, gənc şahmatçılar nəslinin yetişdirilməsində onun rolunu xüsusi vurğulayıblar.

    Rəsmi hissəsindən sonra F.Həsənovun həyat və fəaliyyətinə həsr olunmuş “Fiqurların hakimi” filmi nümayiş etdirilib.

    “Şahmat klubu” verilişi 1969-cu il martın 27-dən Azərbaycan Televiziyasında yayımlanır.

    Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzunmüddətli kişi hakim olaraq rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.

  • Daşkəsənə dolu yağıb

    Gəncə və ətraf rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonunda da öz təsirini göstərib.

    Apa-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında yağan leysandan sonra təxminən 5–10 dəqiqə ərzində rayonun bir neçə kəndinə dolu yağıb.
    Dolu əsasən qısa müddətli olub və ciddi fəsadlara yol açmayıb.

    Hazırda isə qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

  • 10 əlamət hormonal balanssızlığı göstərə bilər

    Şiddətli yorğunluq, qəfil əhval dəyişikliyi, yuxu və menstruasiya ilə bağlı problemlər hormonal balanssızlığı göstərə bilər. 

    Median.Az xəbər verir ki, bunu “Infosalus”a müsahibəsində endokrinoloq və İspaniya Endokrinologiya və Qidalanma Cəmiyyətinin (SEEN) üzvü Nuria Vilarraza deyib.

    Mütəxəssisin fikrincə, heç bir səbəb olmadan çəkidə qəfil dəyişikliklər, dəri vəziyyətinin pisləşməsi, saç tökülməsi, soyuğa və ya istiyə qarşı həssaslığın artması, titrəmə və mədə-bağırsaq problemləri də narahatlıq yarada bilər. Belə hallarda Vilarraza həkimə müraciət etməyi və hormon testləri etdirməyi məsləhət görür.
    Hormonal sağlamlığı qorumaq üçün endokrinoloq zülal, sağlam yağlar və kompleks karbohidratlarla zəngin qidalar da daxil olmaqla balanslaşdırılmış pəhriz tövsiyə edir. Yuxu və stressin idarə edilməsi mühüm rol oynayır – hər iki faktor insulin, kortizol və melatonin də daxil olmaqla hormonların istehsalına birbaşa təsir göstərir.
    Fiziki fəaliyyət də əsas tövsiyələr sırasındadır. Həkimin fikrincə, müntəzəm məşq metabolik prosesləri tənzimləməyə kömək edir və hormonal səviyyələri normal saxlamağa kömək edir.

    Əgər nizamsız dövrlər və ya sürətli kilo itkisi və ya artım kimi xroniki simptomlarınız varsa, tam hormonal qiymətləndirmə xüsusilə vacibdir. Hipotiroidizm (tiroid hormonlarının çatışmazlığı) və ya polikistik yumurtalıq sindromu kimi hormonal sistemlə əlaqəli xəstəliklər üçün artıq müalicə alanlar üçün də testlər lazımdır.

  • Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib (FOTO)

    Bakı Ekspo Mərkəzində 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro” və 30-cu Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” keçirilir.

    Dörd gün davam edəcək tədbirdə kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar, suvarma sistemləri, qablaşdırma texnologiyaları, eləcə də kənd təsərrüfatında tətbiq olunan innovativ həllər nümayiş olunur.

    Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə qatılıb.

    Dövlət başçısı pavilyonları ziyarət edib, iştirakçı şirkətlərin təqdim etdiyi məhsul və texnologiyalarla tanış olub. 

    Prezident İlham Əliyev “Azərsun Holdinq”in stendinə də yaxınlaşaraq , şirkətin təqdimatını izləyib.

    Burada onu “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Ahmad Gozal qarşılayıb və istehsal olunan məhsullar, tətbiq edilən innovativ yanaşmalar və ixrac imkanları barədə ətraflı məlumat verib.

    Tədbirin əsas iştirakçılarından olan “Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə geniş şəkildə təmsil olunur. 

    Burada 20-yə yaxın istehsal müəssisəsinin 50-dən çox məhsulu sərgilənir.

    Bu məhsullar “Made in Azerbaijan” brendi altında dünyanın 40-dan çox ölkəsində istehlakçılara təqdim olunur.

    Qeyri-qida stendində isə Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının ekoloji standartlara uyğun şəkildə istehsal etdiyi məhsullar barədə məlumat verilir.

    Qeyd edək ki, sərgidə yerli şirkətlərlə yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya, Serbiya və Türkiyə kimi ölkələri təmsil edən şirkətlər də iştirak edir.

  • Bakıda 128 yaşlı tarixi bina sökülüb?

    Mayın 9-da Bakının Xətai rayonunda yerləşən 128 yaşlı tarixi binanın sökülməsinə dair iddia yayılıb.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Trend”ə bildirilib ki, bu ünvanda yerləşən bina dövlət mühafizəsində olan tarixi abidələrin siyahısında olmayıb.
    Qeyd edək ki, Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli bina 1895-1897-ci illərdə məşhur polyak memar Kazimir Skureviçin layihəsi əsasında tikilib.

  • Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş

    Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

    Median.Az “TV5 Gəncə Xəbər”ə istinadən xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
    E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış. Məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

  • Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı – 37 heyvan tələf oldu

    Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarət buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb.

    Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq ADY-nin mətbuat xidmətindən bildirilib.
    Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
    “ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.
    Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur” – məlumatda qeyd olunur.
    Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində Şəmkir rayonunun Sabirkənd kənd sakini İbrahim Məmmədova məxsus 37 baş xırdabuynuzlu heyvan tələf olub.