Month: May 2025

  • Bu ilin I rübündə yanğında həlak olanların sayı açıqlandı

    2025-ci ilin I rübündə Azərbaycanda baş vermiş yanğın hadisələrinin 403-ü ilə bağlı təhqiqat aparılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında deyilir.
    Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 54 nəfər xəsarət alıb. Bu da 2024-cü ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 16%, xəsarət alanlar üzrə 34 nəfər və ya 39% azdır.

  • Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı

    Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin rəisi Rasim Əliyevə qarşı cinayət işi başlanıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rasim Əliyev barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə açıq məhkəmə iclasında baxılıb.
    İttihama əsasən, Rasim Əliyev şəxsi maraqlarını təmin etmək məqsədilə Lerik rayonunun Vizəzəmin bələdiyyəsi ilə bağlanmış rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil edib və bununla vəzifə saxtakarlığı törədib.
    Qeyd olunur ki, Vizəzəmin bələdiyyəsi ilə Lerik Kommunal Müəssisələr İstehsalat Birliyi arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi ilə bağlı müqaviləni Hamarmeşə kənd tam orta məktəbinin direktoru A.C. imzalayıb. Bu sənədlərin əsasında Rasim Əliyev və məktəb direktoru Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli biliniblər.
    Məhkəmənin qərarı ilə Rasim Əliyev 1500 manat, məktəb direktoru isə 3000 manat cərimə olunub. Hər iki şəxs barəsində tətbiq edilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılıb.
    Qeyd edək ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən, rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, həmçinin eyni məqsədlə saxta dövlət təltifi, ştamp, möhür və blank hazırlama və ya satma – üç min manatdan altı min manatadək miqdarda cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

  • Bu ölkələri seçməklə xaricdə ödənişsiz təhsil ala bilərsiniz – SİYAHI

    Azərbaycan vətəndaşları üçün bir sıra ölkələrlə imzalanmış hökumətlərarası sazişlər əsasında təqaüd proqramları mövcuddur. Bu proqramlar vasitəsilə tələbələr müxtəlif ixtisaslar üzrə xarici ali təhsil müəssisələrində ödənişsiz və ya maliyyə dəstəyi ilə təhsil ala bilirlər. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya və Tacikistan kimi ölkələrlə aktiv Hökumətlərarası Təqaüd Proqramları həyata keçirilir. Bəs bu təqaüd proqramları tələbələrə nə vəd verir?

    Valyuta.az Azərbaycan ilə müxtəlif ölkələr arasında imzalanmış Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) aid xülasə məlumatları və qaydaları təqim edir.
    1) Çin Xalq Respublikasında Təhsil 
    Çin Xalq Respublikasında Təhsil üzrə HTP 2020-ci ildə imzalanmış beşillik sazişə əsasən həyata keçirilir və tələbə mübadiləsi yolu ilə ali təhsil almaq imkanı yaradır.
    Tədris çin və ya ingilis dilində aparılır. Belə ki, çin dilli proqramlara qəbul olunanlar 1–2 il hazırlıq kursu keçməlidirlər, ingilis dilli proqramlar üçün isə dil sertifikatı tələb olunur.
    Təhsil müddəti bakalavriat üzrə 4–6 il, magistratura üzrə 2–4 il, doktorantura üzrə isə 3–4 il təşkil edir. Təqaüd Çin tərəfindən təhsil, yataqxana, təcrübə və yaşayış xərclərini, Azərbaycan tərəfindən isə hər il bir dəfə beynəlxalq gediş-gəliş xərclərini əhatə edir.
    2) Koreya Respublikasında Təhsil 
    Bakalavriat səviyyəsi üzrə təqdim olunan bu təqaüd proqramına yalnız 1 mart 1995-ci ildən sonra doğulan şəxslər müraciət edə bilər. Proqram 1 il dil hazırlığı və 4 il ali təhsil mərhələsini əhatə edir. Təqaüd aylıq 900.000 KRW məbləğində təqaüd, təhsil haqqı, dil kursu, yataqxana, yol və sığorta xərclərini qarşılayır. Namizədlərdən TOEFL, IELTS və ya TOPIK üzrə dil sertifikatı tələb olunur. 

    3) Latviya Respublikasında Təhsil 

    Təqaüd proqramı Azərbaycan və Latviya hökumətləri arasında 2017-ci ildə imzalanmış sazişə əsasən həyata keçirilir və tələbə mübadiləsi yolu ilə təhsil almaq imkanı yaradır. Tədris ingilis və ya latış dilində aparılır. Proqram bakalavriat və magistratura səviyyəsi üzrə aylıq 500 avro, doktorantura səviyyəsi üzrə isə aylıq 670 avro təqaüd təmin edir. Təhsil haqqı, səyahət və sığorta xərcləri namizəd tərəfindən qarşılanır.
    4) Macarıstan Respublikasında Təhsil 
    “Stipendium Hungaricum” proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına Macarıstanda təhsil almaq imkanı yaradılır. Tədris ingilis dilində aparılır və müvafiq dil sertifikatı tələb olunur. Təqaüd ödənişsiz təhsil, yataqxana, tibbi sığorta və aylıq təqaüdü əhatə edir. Gediş-gəliş xərcləri tələbə tərəfindən qarşılanır.
    5) Qazaxıstan Respublikasında Təhsil 
    Proqram 2017-ci ildə Azərbaycan və Qazaxıstan arasında imzalanmış sazişə əsasən həyata keçirilir və qarşılıqlı tələbə mübadiləsi imkanı yaradır. Tədris qazax, rus və ya ingilis dilində aparılır. Təqaüdə təhsil haqqı, tədris materialları, yataqxana, tibbi xidmət və aylıq təqaüd daxildir; beynəlxalq nəqliyyat xərcləri Azərbaycan tərəfindən qarşılanır. Təqaüd məbləği Qazaxıstan qanunvericiliyinə uyğun olaraq müəyyən edilir
    6) Rumıniyada Təhsil 
    Proqram 2004-cü ildə Azərbaycan və Rumıniya arasında imzalanmış sazişə əsasən tələbə mübadiləsi yolu ilə həyata keçirilir. Təhsil rumın dilində aparılır, müddət ixtisasdan asılı olaraq bakalavriat üzrə 4–6 il, magistratura üzrə 2–4 il, doktorantura üzrə 3–4 ildir. Təqaüdə təhsil haqqı, yataqxana və aylıq təqaüd (bakalavriat: 65 avro, magistratura: 75 avro, doktorantura: 85 avro) daxildir. Nəqliyyat xərcləri hər il bir dəfə Azərbaycan tərəfindən qarşılanır. Ətraflı məlumat illik elanlar vasitəsilə təqdim olunur.

    7) Rusiya-MGIMO

    Proqram Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir və Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün təqaüdlü yerlər ayırır. Namizədlər DİM tərəfindən təşkil olunan imtahan əsasında seçilir. Təhsil haqqı və yataqxana xərci Rusiya, aylıq təqaüd və aviabilet xərcləri isə Azərbaycan tərəfindən qarşılanır. Ətraflı məlumat DİM-in elanlarında təqdim olunur.
    8) Tacikistan Respublikasında Təhsil 
    Proqram 2018-ci ildə Azərbaycan və Tacikistan arasında imzalanmış protokola əsasən həyata keçirilir və qarşılıqlı tələbə mübadiləsi imkanı yaradır. Tədris rus dilində aparılır, təhsil müddəti bakalavriat üzrə 4–6 il, magistratura üzrə 2–4 il, doktorantura üzrə isə 3–4 ildir. Təqaüdə təhsil haqqı, dərs vəsaitləri, yataqxana, ilkin tibbi yardım və milli qanunvericiliyə uyğun aylıq təqaüd daxildir. Gediş-gəliş xərcləri tələbə tərəfindən qarşılanır. Ətraflı məlumat illik elanlarda təqdim olunur.

  • P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı

    İnsan alveri, çoxsaylı zorlama və pedofiliyada ittiham olunan dünyaca məşhur reper P.Diddinin məhkəməsi başlayıb.

    Məhkəmənin ilk günündə striptizçi və eskort kimi işləyən 41 yaşlı Daniel Philippe dindirilib.
     
    O, Diddinin müntəzəm olaraq intim məqsədlər üçün istifadə edilən çoxlu sayda körpə yağı şüşələri saxladığını, Diddinin onu reperin keçmiş sevgilisi Kessi Ventura ilə 6 dəfə cinsi əlaqəyə girməyə məcbur etdiyini, həmçinin müğənninin bunu videoya çəkdiyini təsdiq edib.
     
    Daniel həmçinin Kessinin döyüldüyünün şahidi olduğunu, P.Diddinin köməkçisini də zorladığını və bir işçini qaçırdığını iddia edib.

    //azxeber.com

  • Naxçıvan FHN-də yoxlamalar başladı

    Naxçıvan Muxtar Respublikasının (MR) Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlamalar aparılır. 

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq qurumlar tərəfindən yoxlamalar nazirliyin aparatında və idarələrində həyata keçirilir.
     
    Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. 
    Qeyd edək ki, Naxçıvan MR-in fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyevdir. 

  • Zakir Həsənov: Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin sayı ötən ilə nisbətən artıb

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun sayəsində hərbi əlaqələrimizin bu gün yüksək inkişaf mərhələsində olduğunu bildirib.
    General-polkovnik Z.Həsənov hər iki qardaş ölkənin hərbi qulluqçularının cəlb edilməsi ilə keçirilən birgə təlimlərin sayının cari ildə ötən ilə nisbətən artmasını xüsusi vurğulayıb.
    Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən cənab O.Məmiş müdafiə nazirinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
    Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müsbət təsiri xüsusi vurğulanıb, habelə maraq doğuran digər məsələlər müzakirə olunub

  • UEFA AFFA-nı cərimələdi

    UEFA AFFA-nı 5000 avro cərimələyib.

    Buna qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Litva ilə aprelin 4-də keçirilən oyununun gec başlaması səbəb olub.
    Qarşılaşma baş məşqçi Siyasət Əsgərova görə yubanıb. Mütəxəssisə 1 oyunluq şərti cəza verilib və 1 illik sınaq müddəti təyin edilib.
    Bundan əlavə, S.Əsgərov qeyri-idman hərəkətinə görə 1 matçlıq diskvalifikasiya edilib. O, növbəti turda Monteneqro ilə matçda cəzasını çəkib.
    AFFA-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, UEFA nümayəndəsi sözügedən qarşılaşmadan sonra hər iki kollektivin görüşə gec çıxdığını deyib:
    “Lakin neçə dəqiqə gecikməyimiz və cərimə düşəcəyi ilə bağlı bir söz deyilmədi”.
    Qeyd edək ki, Litvanı iki cavabsız qolla üstəyələn Azərbaycan yığması Monteneqro ilə heç-heçə edib – 1:1. Komanda sonuncu – IV turda, mayın 30-da Litvanı qəbul edəcək

  • Bakının 2 ərazisində qaz olmayacaq

    Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının ləğv edilməsi məqsədi ilə 13.05.2025-ci il saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.

    “Azəriqaz”dan verilən məlumata görə, təmir-bərpa işləri aparılır. D. Bünyadzadə, Ə.Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
    Məlumata görə, həmçinin Sabunçu rayonu, Maştağa və Bilgəh qəsəbələrindəki orta təzyiqli yeraltı qaz kəmərində də təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən 14.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
    Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsində və Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatının (qocalar evi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirildi

    Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 13-də davam etdirilib.

    AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

    Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

    Dövlət ittihamçısı Təranə Məmmədova etiraza münasibət bildirərək təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikə nəzərdə tutulan hüquqlarının təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

    Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

    Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb. İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.

    Sonra zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər.

    Zərərçəkmiş şəxs Emil Mehtiyev ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısını alarkən Ağdərə rayonu istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını bildirib.

    E.Mehtiyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində özündən başqa İsmayıl Qəmbərov və Amin Məhərrəmovun da müxtəlif növ bədən xəsarətləri alıb.

    Zərərçəkmiş şəxs qismində tanınan Mayis Koroğluyev ifadəsində Ağdam rayonu ərazisində olarkən Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Faqot” adlanan raket mərmisinin yaxınlıqlarına düşüb partlaması nəticəsində özünün və Qəhrəman İsmayılovun isə xəsarətlər aldığını deyib.

    Daha sonra zərərçəkmiş şəxs qismində tanınan Asim Qarayev ifadə verib. O, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonu istiqamətində atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını bildirib.

    Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab verən zərərçəkmiş şəxs həmin vaxt yanında olan Mehdi Abbasov, Devid Cəlilov, Cavad Məhərrəmov, Əli Tağıyev və Rəsul Teymurovun həlak olduğunu qeyd edib.

    Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

    Məhkəmənin növbəti iclası mayın 20-nə təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

  • Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır – FAKTİKİ HAVA

    Mayın 13-ü saat 18:00-a olan məlumata əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır.

    Zaqatalada qərb küləyinin sürəti arabir 17 m/s-dək güclənib.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-də 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.