Sabah saat 08:00-dan mayın 25-i saat 22:00-a qədər Bakının Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsində (Tbilisi prospektindən tunelin girişinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Month: May 2025
-
Bakının Əbdülvahab Salamzadə küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq
Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.“Yol bağlanmır. Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. “, – deyə məlumatda qeyd olunub. -
Bu icra hakimiyyəti orqanlarının səlahiyyəti ləğv edildi
Su obyektlərinin istifadəsi və mühafizəsi, meliorasiya və irriqasiya sahəsində Naxçıvan Respublikası icra hakimiyyəti orqanlarının bütün səlahiyyətləri ləğv edilir.
Median.Az Sfera.az-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.Məlumat üçün bildirək ki, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində su təchizatı sahəsində idarəetmə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və onun tabeliyində olan publik hüquqi şəxslərə ötürülüb.Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub. -
Həbsə olduğu üçün 10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
“Bakı Ağac Emalı” ASC-nin qanuni təmsilçisi dəyişib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əkbərov Natiq Məmmədrəhim oğlu ASC-nin qanuni təmsilçiliyindən çıxarılıb və yerinə İbrahimov Nəriman Həsən oğlu gətirilib.
Qeyd edək ki, sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və onun qardaşı, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.
Yeni qanuni təmsilçinin Tağı İbrahimovun əmisi olduğu deyilir.
ASC-nin ilk qanuni təmsilçisi isə İbrahimov Həmid Kazım oğlu olub. Həmid İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun yaxın qohumu idi və 2020-ci ildə dünyasını dəyişib. Sözügedən zavod isə Nazim İbrahimov komitə sədri olduğu ildən bir il sonra, yəni 2009-cu ildə Həmid İbrahimovun adına keçirilib.
Xatıradaq ki, 2024-cü ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğın olub. Sözügedən yanğına görə “Bakı Ağac Emalı” ASC-yə sahibi Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayev həbs edilib.
-
Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 24-də gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
-
Bakı Qlobal Şəhərlər İndeksində neçənci yerdədir?
Oxford Global Cities Index 2025-ə görə, dünyanın 1 000 ən böyük şəhərləri arasında Bakı hansı yerdədir?
Şəhərlər beş kateqoriya üzrə qiymətləndirilib: iqtisadiyyat, insan kapitalı, həyat keyfiyyəti, ekologiya və idarəetmə.Məlumata görə, Azərbaycanın paytaxtı reytinqində 346-cı yer alıb. Ötən illə müqayisədə Bakı öz mövqeyini 58 pillə yaxşılaşdırıb. Oxford Global Cities Index 2024-də Bakı 404-cü yerdə qərarlaşıb.
Beləliklə, Bakı reytinqdə Daşkəndi (471-ci yer), İrəvanı (483-cü yer), Düşənbəni (683-cü yer) və digər şəhərləri geridə qoyub.
İlk 10-luğa Nyu York, London, Paris, San-Xose, Sietl, Melburn, Sidney, Boston, Tokio və San-Fransisko daxildir. Bütün üstünlüklərə və texnoloji irəliləyişlərə baxmayaraq, bu şəhərlər gəlir bərabərsizliyi və yüksək mənzil xərcləri kimi problemlərlə üzləşirlər.//Trend
-
Messi karyerası boyunca vurduğu ən sevdiyi qolu açıqladı
Hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən dünya ulduzu, əfsanəvi futbolçu Lionel Messi karyerası ərzində vurduğu ən sevdiyi qolu açıqlayıb.
“İnter Mayami” klubunun rəsmi saytının yazdığına görə, Messi ən çox sevdiyi qol kimi 27 may 2009-cu ildə UEFA Çempionlar Liqasının finalında “Mançester Yunayted”ə qarşı başla vurduğu qolu seçib.Həmin görüşdə Messi 70-ci dəqiqədə baş zərbəsi ilə topu qapıdan keçirmişdi. Bu, onun üçün qeyri-adi bir texnika sayılsa da, həmin qol UEFA Çempionlar Liqasının finalının taleyini həll etmiş və “Barselona”nın 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
“Çoxlu qollar vurmuşam, bəlkə də daha gözəl və daha dəyərli olanlar da var — önəmlərinə görə — amma Çempionlar Liqası finalında ‘Mançester Yunayted’ə qarşı başla vurduğum qol hər zaman mənim ən sevdiyim olub”, – deyə Messi bildirib.
//qaynar.az -
“Everestə qalxmaq 60-100 min dollara başa gəlir” – Zirvəni fəth edən Vəfa danışdı (VİDEO)

Bir neçə gün öncə dünyanın ən hündür zirvəsi olan Everest (8848 m) və Lots zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Qəhrəman (Musayeva) öz təəssüratlarını bölüşüb.
V. Qəhrəman İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişində səfər haqda danışıb.“Məqsədin olduqda, biləndə ki, sən ora nə üçün getmisən, bu səni zirvəyə aparıb çıxarır. Dayanmaq ağlımdan keçməyib. Səfər zamanı üçqat əlcək taxmağıma baxmayaraq barmaqlarımı don vurmuşdu. Amma bu yumşaq donvurmadı, açılacaq. Əgər təsadüfən əlcəyini itirsən, oradan barmaqsız qayıdacaqsan”, – o bildirib.
Vəfa Qəhrəman həmçinin Everesti fəth etməyə xərclənən vəsaiti də açıqlayıb:
“Everesti fəth etmək 60 mindən 100 min dollara kimi başa gəlir. Zirvəyə gedib-gəlmək təxminən 18, bəzi insanlar üçün isə 24 saatı əhatə edir”.
-
Bakıda salınacaq bulvar ərazisindən yeni görüntülər (VİDEO)
Bülbülə gölünün ətrafında bulvar salınır, artıq işlər sürətli şəkildə davam etdirilir.
Median.Az ATV-yə istinadən xəbər verir ki, hazırda gölün ətrafında yerləşən qamışlıqlar təmizlənir, çirkab suların təmizlənməsi üçün xüsusi qurğular quraşdırılır. Abadlıq və quruculuq işləri başa çatdıqdan sonra gölün ətrafı təmiz, baxımlı və ekoloji cəhətdən dayanıqlı istirahət məkanına çevriləcək.99 hektar ərazini əhatə edən Bülbülə gölünün dərinliyi 2 metr 80 santimetrdir. Gölün yaxınlığında yaşayış məntəqələri də yerləşir və görülən işlərdən ən çox bu ərazilərdə yaşayan sakinlər razılıq edirlər.
Layihə çərçivəsində gölün ətrafında restoran və kafelərin fəaliyyət göstərməsi planlaşdırılır. Əsas məqsəd isə Bülbülə gölünün ekoloji durumunun yaxşılaşdırılmasıdır.
Ətraflı süjetdə:
-
Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür – VİDEO

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır.
Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, Gəncə Gömrük İdarəsinin yaxınlığında, yük maşınlarında gözləyən tonlarla məhsulun xarab olması ciddi narahtlığa çevrilməyə başlayıb.
Uzun müddətdir həllini tapmayan problem TIR sürücüləri ilə yanaşı, ətraf ərazidə yaşayanlar üçün də ciddi naratlığa səbəb olub.
Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə 15 gündən gec olmayaraq verilməlidir:
“Misirdən 31 nəqliyyat vasitəsilə gətirilmiş ərzaqlıq kartof yüklərindən 29-u barədə qeyd olunan müddət keçməsinə baxmayaraq müvafiq gömrük bəyannamələri təqdim edilməyib. Yalnız 2 nəqliyyat vasitəsində gətirilmiş mallara dair gömrük bəyannamələri təqdim edilib, lakin qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib. Bəyannamənin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin ödənişlərin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı idxalatçıya yazılı şəkildə bir neçə dəfə xəbərdarlıq göndərilib və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin nəqliyyat vasitələrinin sürücüləri ilə dəfələrlə müzakirələr aparılıb. Görülən bütün tədbirlərə baxmayaraq idxalatçı qanunvericiliyin tələblərinə riayət etməyib və bu səbəbdən malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmayıb”.
-
“Apple”ın yeni siyasəti “Spotify” satışlarını kəskin artırdı
“Apple” və “Epic Games” arasında illərlə davam edən “App Store” ödəniş sistemləri ilə bağlı mübahisə yeni mərhələyə qədəm qoyub.
ABŞ məhkəməsinin qərarı ilə “Apple” ölkədəki tərtibatçıların istifadəçiləri tətbiqdaxili alternativ ödəniş üsullarına yönləndirməsinə icazə verməyə məcbur qalıb. Bu dəyişiklikdən ən sürətli faydalanan şirkətlərdən biri isə “Spotify” olub.“Spotify” “Epic Games”in lehinə verilmiş qərarı dəstəkləmək məqsədilə məhkəməyə təqdim etdiyi yeni ərizədə bildirib ki, iOS tətbiqinə əlavə etdiyi veb ödəniş bağlantısı sayəsində “Premium” abunəlik satışları artıb.
“Spotify”ın açıqlamasına əsasən, tətbiqdaxili qiymət məlumatı və birbaşa veb saytına yönləndirmə imkanının əlavə edilməsi ilə iOS istifadəçiləri arasında “Premium”a keçid faizi nəzərəçarpacaq dərəcədə yüksəlib. Bunun əksinə olaraq, Android istifadəçiləri arasında bu göstəricidə heç bir dəyişiklik baş verməyib. Şirkət bu fərqin əsas səbəbinin “Apple”ın 2025-ci il məhkəmə qərarına əməl etməsi olduğunu bildirib.
“2025-ci il qərarı sayəsində tərtibatçılar üçün böyük faydalar yarandı – lakin daha önəmlisi, istehlakçılar üçün də bu sistem birbaşa müsbət nəticələr verdi”, deyə “Spotify” deyə qeyd edib.
Şirkətin yeni “Premium yüksəltmə səhifəsi”, pulsuz istifadəçiləri abunəliyə keçməyə təşviq edir. Bu səhifədə abunəlik haqları aydın şəkildə göstərilir və istifadəçilər birbaşa ödəniş səhifəsinə yönləndirilir.
“Spotify” bu səhifənin cəmi iki həftəlik istifadəsində əhəmiyyətli nəticələr verdiyini, hətta səsli kitab (audiobook) satışlarında da cəmi üç gün ərzində müsbət təsirlərin müşahidə olunduğunu açıqlayıb. Lakin abunə artımına dair dəqiq rəqəmləri paylaşmaqdan imtina edib.
“Spotify”ın təqdim etdiyi bu ərizə, “Epic Games”in “Apple” əleyhinə davam edən hüquqi mübarizəsində “Microsoft” kimi texnoloji nəhənglərin də dəstəklədiyi sənədlər toplusuna əlavə edilib.
Bu arada, “Apple” hələ də məhkəmə qərarına tam əməl etməkdən yayınmağa çalışır. Şirkət, apellyasiya prosesi başa çatmadan əvvəl əvvəlki tətbiq siyasətlərinə qayıtmaq üçün təcili müraciət etmişdi, lakin məhkəmə bu tələbi rədd edib.
Bildirilib ki, “Apple” eyni müqaviməti “Fortnite” oyunu ilə bağlı da göstərsə də, məhkəmənin təzyiqi ilə oyun beş il sonra ABŞ “App Store”una yenidən əlavə edilib.
Hazırda məhkəmə prosesi ABŞ-ın Doqquzuncu Apellyasiya Məhkəməsi tərəfindən davam etdirilir.
//qaynar.az






