Month: June 2025

  • Göz sağlamlığı üçün təhlükəli kosmetika açıqlandı

    Suya davamlı (waterproof) kosmetika məhsulları gözlərdə quruluq sindromuna, yanma, qızartı, batma hissi və görmə zəifliyinə səbəb ola bilər.

    Qaynarinfo “Daily Mail”ə stinadən xəbər verir ki, bu barədə avstraliyalı oftalmoloq Jaklin Belts xəbərdarlıq edib.

    Mütəxəssisin sözlərinə görə, xüsusilə suya davamlı tuş (maskara) tərkibindəki maddələr gözlərə zərər verir: “Bu məhsulların tərkibindəki maddələr uzunmüddətli dayanıqlığı təmin etsə də, gözün səthindəki yaşlıq təbəqəsini qurudur”.

    Oftalmoloq izah edir ki, göz yaşını qoruyan bu təbəqə – yəni göz yaşı filmi – gözlərin nəmlənməsini və xarici təsirlərə qarşı müdafiəsini təmin edən nazik bir maye qatıdır. Bu təbəqənin pozulması isə quruluq sindromunun əsas səbəblərindəndir.

    Belts əlavə edib ki, suya davamlı kosmetikanın silinməsi də ayrı bir problemdir. Belə makiyajı təmizləmək üçün daha güclü maddələr və fiziki təzyiq lazım gəlir ki, bu da gözlərin qıcıqlanmasına və daha çox zərər görməsinə səbəb ola bilər.

    Kanadalı optometrist Culian Prosiya da bu təhlükəyə diqqət çəkərək bildirib: “Ümumiyyətlə, kosmetik məhsullar göz quruluğu və qıcıqlanmaya səbəb ola bilər, amma suya davamlı makiyaj bu baxımdan ən zərərlisidir. Bu cür məhsullar meybom vəzilərinin fəaliyyət pozğunluğuna daha tez yol açır”.

    Meybom vəziləri disfunksiyası – göz yaşı tərkibindəki yağ komponentlərinin azalması ilə müşayiət olunan geniş yayılmış problemdir. Nəticədə göz səthindəki nəm daha tez buxarlanır və quruluq simptomları kəskinləşir.

  • Biləsuvarda ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal topladı

    Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edən ata və qızı yüksək nəticə əldə edib.

    “Report”un məlumatına görə, fizika fənnini tədris edən Siyasət İsayev imtahandan 57 bal toplayıb.

    O, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində və R.Mikayılov adına Bəydili kənd tam orta məktəbində çalışır.

    S. İsayevin övladı Ulduzə İsayeva da fizika fənni üzrə 55 bal toplayıb. U.İsayeva Biləsuvar rayonu M.Piriyev adına tam orta məktəbində çalışır.

    Qeyd edək ki, hər iki şəxs Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış mərkəzdə imtahan veriblər.

  • Bu yay Yer tarixində ən qısa günlərdən biri yaşana bilər

    Alimlər Yer kürəsinin fırlanma sürətindəki ani dəyişiklikləri diqqətlə izləyir və bu yay planetimizin indiyədək qeydə alınmış ən qısa günlərindən biri ola biləcəyi ehtimalını irəli sürürlər.

    Astrofizik Qraham Consun fikrincə, 9 və ya 22 iyul, yaxud da 5 avqust tarixində Yer öz oxu ətrafında tarixdəki ən sürətli fırlanmanı həyata keçirə və bununla da ötən ilin rekordunu qıra bilər.

    Yerin öz oxu ətrafında fırlanma sürəti, geniş yayılmış fikrin əksinə olaraq, sabit deyil və davamlı şəkildə kiçik dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər günlərin uzunluğuna millisaniyə səviyyəsində təsir edir. Son illərdə aparılan ölçmələr göstərib ki, Yer planeti gözləniləndən daha sürətli fırlanır. Bu hal bəzi mütəxəssislərin “mənfi artıq saniyə” adlanan düzəlişin zəruri ola biləcəyi qənaətinə gəlməsinə səbəb olub. Əgər bu düzəliş tətbiq olunarsa, bu yay Yer tarixindəki ən qısa günü yaşaya bilərik.

    Yerin fırlanma sürətindəki bu dəyişikliklərin bir çox səbəbi var. Ay və Günəşin qabarma-çəkilmə qüvvələri, planetin daxilindəki ərimiş nüvənin hərəkətləri, atmosfer hadisələri, okean cərəyanları və hətta qütblərdəki buzlaqların əriməsi kimi amillər planetin kütlə paylanmasına təsir göstərərək fırlanma sürətini dəyişdirə bilir. Xüsusilə son dövrdə buzlaqların əriməsi nəticəsində qütb ərazilərindəki kütlə paylanmasının dəyişməsi və bu səbəbdən fırlanma sürətinin artması ehtimal olunur.

    Bu mikro səviyyəli dəyişikliklər gündəlik həyatımıza birbaşa təsir etməsə də, qlobal zamanlama sistemləri üçün böyük əhəmiyyət kəsb edir. GPS peykləri, kompüter şəbəkələri və müasir rabitə sistemləri kimi texnologiyalar son dərəcə dəqiq zamanlamalara əsaslanır. Əgər Yerin fırlanma sürəti ilə atom saatlarına əsaslanan zaman arasında fərq həddindən artıq böyüsə, bu sistemlərin düzgün işləməsi üçün zaman dilimlərinə “artıq saniyə” əlavə edilməsi və ya çıxarılması tələb oluna bilər. “Mənfi artıq saniyə”, yəni bir saniyənin çıxarılması isə indiyədək heç vaxt tətbiq olunmamış bir düzəliş olacaq.
    //qaynar.az

  • “Daha marş yazmayacam!” – “Əsgər marşı”nın bəstəkarı

    1992-ci ildə sənət adamları cəbhə bölgəsinə gedir, əsgərlərə pay aparar, həm də onların könlün almaq üçün konsert verirdilər. Həmin səfərlərin birinə də bəstəkar Cavanşir Quliyev qoşulub. 1992-ci ilin əvvəllərində, hələ Şuşa ilə Laçın işğal olunmazdan əvvəl cəbhə bölgəsinə səfər zamanı Laçın batalyonunda Cavanşir Quliyevə sözləri Əli Kaminə məxsus şeir verirlər ki, bu sözlərə bir marş yazsın, çünki cəbhədə əsgərlər üçün oxumağa öz dilimizdə mahnı yoxdur, hamısı ruscadır.

    Cavanşir Quliyev həmin vərəqi götürüb Bakıya gəlir. Bakıda Azərbaycan Televiziyasının o vaxtkı rəhbəri Elşad Quliyev də bəstəkardan marş yazmağı xahiş edir. Xocalı faciəsindən sonra həm ön, həm də arxa cəbhədə insanlar narahat idi, bu narahatlığın aradan qalxması üçün də milli ruhlu vətənpərvərlik marşlarına ehtiyac duyulurdu. Elşad Quliyev Cavanşir Quliyevdən bu işin üstünə bərk düşməyi xahiş edir. Cavanşir Quliyev də cəbhədəki vəziyyəti görəndən sonra inamla marş yazmağa başlayır.

    Marş ilk dəfə Laçın batalyonundakı əsgərlərə dinlədilib. Elə bəstənin ilk adı da məhz “Laçın batalyonunun marşı” olub. Tezliklə bu bəstə ölkənin dörd bir yanına yayılır, hamı da ona “Əsgər marşı” deməyə başlayır. Cavanşir Quliyev də marşın yeni adı ilə razılaşır.

    Bundan əlavə, Cavanşir Quliyev “Fərhad” filmi üçün də “Qarabağ marşı” bəstələyir. Ancaq bu bəstənin filmə uyğun gəlmədiyi düşünüldüyündən istifadə olunmur. Şəxsi arxivində səsi saxlayan C.Quliyev İkinci Qarabağ müharibəsində ilk dəfə bu bəstəni öz Facebook hesabında paylaşıb. Qısa zamanda populyarlıq qazanan həmin marş Vətən müharibəsi dövründə ən çox dinlənilən bəstələrdən birinə çevrilir.

    Modern.az-a açıqlamasında Cavanşir Quliyev yeni marşlara münasibət bildirib:

    “O bəstələrə mən deyil, siz – dinləyicilər dəyər verməlidir. Mən yazılan bəstələrin hamısını dinləməmişəm, ona görə də nəsə demək düzgün olmaz. Azərbaycana döndüyüm cəmi 3 ildir, olmadığım 17 ildə çox əsər yazılıb, onları dinləməyə vaxtım yoxdur. Amma bəstələrin nə qədər uğurlu olması dinləyicilərin yaddaşında qalmasından aslıdır”.

    1993-cü ildə yazdığı “Qarabağ marşı” da dinləyicilər tərəfindən sevilən C.Quliyev daha marş yazmayacağını da açıqlayıb.

    “Mən marşımı yazdım. Adam neçə dəfə sübut edər ki, dəvə deyil? Daha marş yazmayacam!”.

  • Yeni Ceyms Bond filminin rejissoru açıqlandı

    “Agent 007” haqqında növbəti filmin rejissoru artıq müəyyənləşib.

    “Variety” nəşrinin məlumatına görə, bu vəzifə tanınmış kanadalı rejissor Deni Vilnöva həvalə edilib.

    “Amazon MGM Studios”un keçirdiyi seçim mərhələsində “Dyuna” filminin müəllifi olan Deni Vilnöv, “Qərb cəbhəsində yenilik yoxdur” və “Konkla” filmləri ilə tanınan Edvard Berqer, “Paddinqtun” və “Wonka” ilə məşhurlaşan Pol Kinq, “Şon adlı zombilər” və “Az qala polis” filmlərinin müəllifi Edqar Rayt, həmçinin “Westworld” serialının həmmüəllifi Conatan Nolan da namizədlər sırasında yer alıb. Lakin seçim Vilnövun xeyrinə başa çatıb.

    Rejissor bu xəbərə münasibət bildirərək, Ceyms Bond seriyasının onun üçün xüsusi önəm daşıdığını qeyd edib:

    “Uşaqlığımda kinoteatra ilk gedişlərim məhz 007 ilə bağlı idi. Atamla Bond filmlərinə baxmaq ən dəyərli xatirələrimdəndir. Mən Ceyms Bondun pərəstişkarıyam. Bu, mənim üçün müqəddəs bir sahədir. Bu mirasa hörmətlə yanaşacağam və yeni missiyalara yol açmağa çalışacağam. Bu, həm böyük məsuliyyət, həm də inanılmaz həyəcanlıdır. “Amazon MGM Studios”a etimada görə təşəkkür edirəm”.

    “Amazon MGM Studios” və “Prime Video” rəhbəri Mayk Hopkinz bildirib ki, Deni Vilnöv müasir kinematoqrafiyanın ən güclü adlarından biridir və onun bu layihəyə rəhbərlik etməsi Bond franşizasına böyük dəyər qatacaq:

    “Deni qeyri-adi vizual aləmlər, dinamik effektlər və mürəkkəb personajlar yaratmaqda ustadır. “Agent 007″nin yeni macərası bu günün ən möhtəşəm rejissorlarından birinin əllərindədir”.

    Filmin icraçı prodüserləri arasında Vilnövun həyat yoldaşı Tanja Lapuant, eləcə də tanınmış prodüserlər Emi Paskal və Devid Heyman yer alacaq.

    Qeyd edək ki, Deni Vilnöv “Oskar” mükafatına namizəd olmuş “Dyuna” trilogiyası, “Blade Runner 2049”, “Gəliş”, “Düşmən” kimi yüksək reytinqli filmlərlə tanınan fransızdilli kanadalı rejissordur.
    //qaynar.az

  • Yay gəldi, isti gəlmədi – İyun ayında hava niyə sərin keçir?

    İyun ayının bitməsinə az qalsa da, Azərbaycanda havanın temperaturu iyun ayının sonlarına uyğun deyil. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əvvəlki illərdə bu günlərdə Bakıda havanın temperaturu 40 dərəcəyə qədər yüksəlib. Bu il isə maksimal temperatur 33 dərəcə olub.

    Həmçinin, bölgələrdə də bu ay hava yağıntılı keçib. Hava şəraiti Bakıda soyuq küləklər, regionlarda külək, yağış, dolu ilə müşahidə edilib. Çimərlik mövsümü açılsa da dəniz suyunun hərarəti də normadan aşağıdır.

    Bəs havanın sərin keçməsinə səbəb nədir?

    Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekoloq Telman Zeynalov deyib ki, tədricən qlobal soyuqlaşma prosesi gedir:

    “Soyuma prosesi gedir. Havanın temperaturu yenidən düşəcək və qalxacaq. Yay vaxtı temperaturun qalxması normaldır. Camaat indiyə qədər dənizdə çimə bilmir, çünki suyun temperaturu qalxmayıb. Qlobal istiləşmə yoxdur”.

  • Banklarda nağd pul çatışmazlığı yaranıb?

    Bu ilin may ayında Mərkəzi Bank tərəfindən keçirilən repo hərracları üzrə cəlb olunan vəsaitin həcmi 1 milyard 700 milyon manat təşkil edib.

    Yeniavaz.com xəbər verir ki, bu göstərici son illərdə qeydə alınan rekord göstərici olub.

    Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə repo hərracında 113 dəfə artım olub.

    Qeyd edək ki, repo hərracı Mərkəzi Bankla banklar arasında bağlanan bir növ “qısamüddətli borc müqaviləsidir”. Bankların müəyyən vaxt üçün pula ehtiyacı olanda, onlar Mərkəzi Bankdan vəsait alır, qarşılığında isə özlərində olan qiymətli kağızları girov qoyurlar. Müəyyən müddətdən sonra isə həmin pulu geri qaytarır və əlavə olaraq müəyyən faiz ödəyirlər.

    May ayında bir həftəlik “borc”un faiz dərəcəsi 7,22% olub. Bu isə onu göstərir ki, banklar pul əldə etmək üçün yüksək faizlə razılaşmağa məcbur olublar. Bu da öz növbəsində bankların nağd pula – yəni likvidliyə ehtiyacının artdığını göstərir.

  • Yay aylarında keçməyən baş ağrısının səbəbi bu ola bilər

    Yay aylarında geniş şəkildə istifadə olunan kondisionerlər baş ağrılarına səbəb ola bilər. 

    Türk həkim Dr. Murad Yaycı kondisioner mənşəli baş ağrılarının qarşısını almaq üçün görülməli tədbirləri açıqlayıb.

    İsti yay günlərində sərinləmək məqsədilə tez-tez istifadə olunan kondisionerlər düzgün işlədilmədikdə sağlamlığa mənfi təsir göstərə bilər. Bu təsirlərdən biri də tez-tez rast gəlinən kondisionerə bağlı baş ağrılarıdır.

    Mütəxəssis Dr. Murad Yaycı xüsusilə yay aylarında həm evlərdə, həm də avtomobillərdə geniş istifadə olunan kondisionerlərin mühitdəki havanı dövriyyəyə salmaqla işlədiyini və bunun müxtəlif narahatlıqlara zəmin yarada biləcəyini bildirib. O, kondisionerlərin səbəb olduğu baş ağrılarının arxasında dayanan əsas amilləri və bu vəziyyətin qarşısını almaq üçün görülə biləcək tədbirləri aşağıdakı kimi sıralayıb:

    Kondisionerin səbəb olduğu nəmin azalması

    Kondisionerlər işlədikcə havadakı nəmi azaldaraq bədənin maye itirməsinə səbəb olur. Kifayət qədər su qəbul edilmədikdə bu vəziyyət baş ağrılarına və müxtəlif xəstəliklərə yol aça bilər. Buna görə də kondisioner istifadə edilərkən kifayət qədər su içmək həyati əhəmiyyət daşıyır.

    Kondisionerin səbəb olduğu soyuq hava

    Soyuq hava damarların daralmasına səbəb olaraq baş ağrısı yarada bilər. Kondisionerin temperaturunun çox aşağı salınmaması və cihazın zaman-zaman söndürülərək otaq temperaturunun balanslaşdırılması bu problemin qarşısını ala bilər.

    Kondisioner filtrinin təmizlənməməsi

    Kondisionerin müntəzəm təmizlənməməsi nəticəsində havadakı toz gənələri, ev heyvanlarının tükü, kif sporları və müxtəlif allergen maddələr filtrdə toplanaraq yenidən mühitə yayıla bilər.

    Bu hal güclü baş ağrılarının yanaşı, burun tutulması, allergiya və qıcıqlanma kimi problemlərə də səbəb ola bilər. Filtrlərin müntəzəm təmizlənməsi və texniki baxışı bu riskləri aradan qaldırır.

    Hava yolu ilə keçən xəstəliklər

    Kondisionerlər qapalı mühitdəki havanı dövriyyəyə saldığı üçün xüsusilə qrip kimi hava yolu ilə keçən yoluxucu xəstəliklərə malik şəxslər digər insanlara bu xəstəlikləri daha asanlıqla ötürə bilərlər.

    Bu səbəbdən yoluxucu xəstəlikləri olan şəxslərlə eyni məkanda kondisionerin işlədilməsi məsləhət görülmür. Kondisioner sistemləri hava yolu ilə yayılan virusların ötürülməsində mühüm rol oynayır.

    Ağrıkəsicilərlə müalicə

    Mütəxəssis Dr. Murad Yaycı kondisionerə məruz qalmaq nəticəsində yaranan baş ağrılarının qarşısını almaq və onları müalicə etmək üçün bir sıra tövsiyələr verib.

    “Kondisioner qurğusunun təmizliyindən əmin olun. Bu yolla həm şiddətli baş ağrılarının, həm də allergiya kimi digər xəstəliklərin qarşısını almaq mümkündür. Kondisioner istifadə edilərkən kifayət qədər su içməyi unutmayın. Əgər baş ağrısı getdikcə şiddətlənirsə və görülən tədbirlərə baxmayaraq keçmirsə, həkimə müraciət edilərək uyğun ağrıkəsicilərlə müalicəyə dəstək verilməlidir. Kondisionerlər isti havalarda bizim xilaskarımız olsa da, şüursuz və diqqətsiz istifadə olunduqda həyat keyfiyyətimizi azaldan baş ağrılarına səbəb olur”.
    //qaynar.az

  • Dərnəgüldəki mərmər zavodu işçilərin maaşını niyə vermir? -VİDEO

    İşlədiyi müəssisə maaşını vermədən onu işdən çıxarıb.

    Bunu “Xəzər Xəbər”ə müraciət edən paytaxt sakini Əfsanə Məmmədova deyib.

    Onun sözlərinə görə, iki ildən artıqdır Dərnəgüldə yerləşən mərmər zavodunda xadimə işləyib.

    Aylarla əməkhaqqısı ödənməyib. Daha sonra onu işdən çıxarıblar. Şikayətçi bildirib ki, onun üzləşdiyi aqibətlə üzləşən xeyli başqa işçilər də var.

    Şikayətçi deyir ki, bununla bağlı şirkət rəhbərliyinə dəfələrlə müraciət edib. Ancaq vədlər verilsə də, maaşı verilməyib.

  • Ət bahalaşacaq: Səbəb açıqlandı (VİDEO)

    Mal-qaranın əsas qida mənbəyi sayılan quru otun qiyməti əl yandırı.

    Bu barədə “Xəzər xəbər”in hazırladığı reportajda qeyd olunur.

    Bildirilib ki, məhsuldarlıq ötən illərlə müqayisədə yüksəkdir. Tovuzdakı satış məntəqələrində satıcılar nisbətən ucuzlaşmanın olduğunu, alıcılar isə bunun əksini deyirlər.

    Qeyd olunub ki, Şəki və İsmayıllıda ot qiymətləri 4-6 manat arasında dəyişir.

    “Təsərrüfat sahibləri deyirlər ki, hazırkı qiymətlər qış aylarında olanlarla eynidir. Hazırda ot bazarında qiymətlər 2 manatdan başlayır. Daha faydalı yem hesab edilən yonca və vələmirin bir bağlaması isə 4-5 manatdan yuxarıdır”, deyə reportajda qeyd olunur.

    İqtisadçı Xalid Kərimli deyir ki, xərclərin artması yekunda ət qiymətlərinə də təsir edir. O bildirib ki, ətin qiymətinin yenidən artması da qaçılmazdır.