Month: İyun 2025

  • Rusiya FTX-nin “Sputnik Azərbaycan”da çalışan iki əməkdaşı saxlanıldı

    Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.

    Median.Az APA-ya istinadən xəbər verir ki, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.

    Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində əməliyyat keçirir.

    Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub. Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

    Başqa sözlə, “Sputnik Azərbaycan”ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.

    Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.

  • Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb

    Abşeron rayonu Hökməli qəsəbəsində bədbəxt hadisə baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, qəsəbə sakini, 2005-ci il təvəllüdlü Könül İlham qızı İbrahimova yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda məktəbli formalarının YENİ QİYMƏTLƏRİ

    Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.

    Median.Az oxu.az-a itinadən xəbər verir ki, bu barədə BTE-nin şöbə müdiri Etibar Əzimov bildirib.

    O qeyd edib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb.

    “Sabahdan endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir – qısaqol köynəklər 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar 20 manatdan 15 manata, ətək 20 manatdan 15 manata, jaket 30 manatdan 20 manata qədər ucuzlaşıb. Bu qiymətlərin siyahısı sabahdan bizim bütün mağazalarımızın divarlarından asılacaq. 2025-ci ilin sonuna kimi bu qiymətlər olduğu kimi qalacaq, bu qiymətlərin artması nəzərdə tutulmayıb. Qiymətləri azaltmağımıza səbəb saxta və ucuz satılan məktəbli formaları ilə rəqabətdə uduzmamaqdır”, – deyə E.Əzimov bildirib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətinin 25 faizə qədər endiriləcəyi ilə bağlı məlumat yaymışdı.

  • Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi

    İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ibtidai istintaq zamanı və məhkəmə protokollarina əlavə edilmiş sənədlərin tədqiqi mərhələsində təqsirləndirilənin həyat yoldaşı Günel Alışanın məhkəmədə ifadə verməsinə zərurət yarandığından onun prosesdə iştirakı təmin edilib.

    Günel Alışan ifadəsi zamanı ilkin olaraq vəkilin suallarını cavablandırıb. Şahid həyat yoldaşının həbsi ilə bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, həyat yoldaşı saxlanılarkən o işdə olub:

    “Mən işdə olarkən onu saxlayıblar. Əvvəl mən bunu bilməmişəm. O mənə bu ərəfədə zəng etsə də, mən onun tutulmağını bilməmişəm. İki gün sonra Nizami özü məni yığıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olduğunu dedi. Daha sonra mən onun saxlanıldığını bildikdən sonra lazımi orqanlara məktubla müraciət etmişəm”.

    Prokurorun həyat yoldaşının məşğul olduğu işlə bağlı şahidə ünvanladığı sual isə cavabsız qalıb. Günel Alışan prokurorun bu məzmunda olan sualını cavablandırmaq istəməyib.

    Digər şahid Rövşən Dadaşov isə ifadəsində bildirib ki, hazırda o, digər cinayət işi üzrə cəza çəkir:

    “Mən 2022-ci ilədək “İnvestAz” şirkətində konsultant işləmişəm. Nizami Alışanla yüksək səviyyədə əlaqəm olub. Onu tanımışam. Birja analitikası sahəsində mən ona treninqlər keçib, onu öyrətmişəm və bu sahədə də çox yüksək bacarığa malik bir şəxsdir. Maliyyə çıxarışlarına gəlincə, Nizaminin hesabdan aylıq çıxarışı 50-100 min dollar civarında olub. Ümumilikdə 2017-ci ildən 2022-ci ilədək bu məbləğ təxminən 5 milyon dollar olub”.

    Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

    Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

    Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

    İş üzrə zərərçəkən qismində üç nəfər – Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

    Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

  • DİN-in “Sputnik Azərbaycan”da keçirdiyi əməliyyat yerindən GÖRÜNTÜLƏR (VİDEO)

    Xəbər verdiyimizi kimi, Daxili İşlər Nazirliyi “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirir.

    Daxili İşlər Nazirliyinin “Sputnik-Azərbaycan” agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar. Redaksiyanın ətrafında bir neçə polis avtomobili də var. Polis ofisi nəzarətə götürüb.

    Qeyd edək ki, bir müddət əvvəl “Sputnik Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

    Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

  • Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Rusiya Federasiyası ilə bağlı mədəni tədbirləri ləğv etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    “Biz bu cür qərarlara ürəkdən təəssüflənirik. Azərbaycan tərəfinin fikrincə, bu cür demarşlara səbəb olmuş hadisələrin səbəblərini və mahiyyətini izah etmək üçün işlərin davam etdirilməsi vacibdir”,-deyə Peskov qeyd edib.

    Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı məsələlər belə bir reaksiyaya səbəb ola bilməz və olmamalıdır.

    “Biz Azərbaycanla yaxşı münasibətləri daha da inkişaf etdirməkdə maraqlıyıq”,– deyə Kremlin sözçüsü əlavə edib.

    Peskov həmçinin bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putinin gündəliyində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı nəzərdə tutulmur. Bununla belə, zərurət yaranarsa, belə bir söhbətin qısa müddətdə təşkil edilə biləcəyini vurğulayıb.

  • Mikayıl Cabbarov Laziz Kudratov ilə görüşüb

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.

    Bu barədə nazir öz “X” hesabında paylaşım edib.

    Bildirilib ki, görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirələr aparılıb.

  • Təcridxanada saxlanılan 40 yaşlı kişi öldü

    Bakıda istintaq təcridxanasında saxlanılan şəxs vəfat edib.

    Hadisə dünən saat 18 radələrində qeydə alınıb.

    Bildirilib ki, hadisə Penitensiar Xidmətin Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

    Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

    İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Arayik Arutyunyan: “Cəlal Arutyunyana “general-leytenant” rütbəsini Ermənistan prezidenti verib”

    İyunun 30-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Arutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “müdafiə naziri”nə 2020-ci ildə “general-leytenant” rütbəsinin Ermənistan prezidenti tərəfindən verildiyini açıqlayıb.

    O, qondarma rejimin “ordusu”nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur – red.) belə bir qərar vermək səlahiyyətinin olmadığını deyib və əlavə edib: “Cəlal Arutyunyana “general-leytenant” rütbəsi Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən verilib. Baş nazirin təqdimatı ilə prezident bu əmri imzalayıb”.

    Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumun hərbi polisi, hərbi prokurorluğu və hərbi məhkəməsinin olmadığını da söyləyib: “Hərbi polis Ermənistan silahlı qüvvələrinin qurumudur. Hərbi prokurorluq da Ermənistan Prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni, Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq törədənlər barədə araşdırma aparılır

    Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirən, həmyerlilərimizə qarşı vəhşilik və zorakılıq törədən Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları barədə araşdırmalara başlanılıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, araşdırmalar Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə regional idarəsinin birinci şöbəsi tərəfindən aparılır.

    Azərbaycanlılara qarşı törədilən zorakılıq faktları və bu zorakılıqları törədən yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının törətdiyi əməllərin təhqiqatı gedir.

    Təhqiqat və aparılan araşdırmanın təfərrüatı açıqlanmayıb.

    Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları olduğu bildirilir.

    Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də yaydığı bəyanatda bu qəbuledilməz zorakılıq aktının araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Daha sonra Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılaraq, baş verən hadisə ilə bağlı ona kəskin etiraz bildirilib.

    Qeyd edək ki, dünən Yekaterinburqda saxlanılan altı nəfərlə bağlı məhkəmə keçirilib. Onlardan üçü 22 günlük həbs cəzası alıb, qalan üç nəfər isə 3 gün müddətinə inzibati həbs edilib. Saxlanılanların heç biri özünü təqsirli bilməyib.