Month: İyul 2025

  • ABŞ Suriyaya qarşı sanksiyaların əksəriyyətini ləğv edib

    ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bəzi sanksiyaların yumşaldılmasına dair sərəncam imzalayıb.

    Bu barədə Ağ Ev məlumat yayıb.

    Mətni ABŞ administrasiyası tərəfindən dərc edilən sərəncamda qeyd edilib ki, Suriyaya qarşı sanksiyalar ləğv edilir, lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır.

    Sərəncam həmçinin Dəməşqə qarşı qüvvədə olan ixrac nəzarəti tədbirlərini yumşaltmağa imkan verir. Bundan başqa, sərəncamda ABŞ-nin Suriyaya qarşı sanksiyaların yumşaldılması məsələsini BMT səviyyəsində öyrənməsi nəzərdə tutulur.

    Öz növbəsində, “CBS” telekanalı qeyd edib ki, sanksiyaların bir hissəsinin ləğvi ABŞ Konqresi tərəfindən təsdiqlənməli olacaq. Qeyd olunub ki, ABŞ-ın hələ 1979-cu ildə, Vaşinqton bu ölkəni terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etdiyi zaman tətbiq etdiyi Suriyaya qarşı məhdudlaşdırıcı tədbirlər hələ də mövcuddur.

    Eyni zamanda Trampın imzaladığı sərəncamda vurğulanıb ki, prezident dövlət katibi Marko Rubioya Suriyanın hələ də terrorizmin himayədarı kimi qəbul edilib-edilməməsinin lazım olduğunu qiymətləndirməyi tapşırıb.

    Bundan başqa Suriyanın “terrorizmi dəstəkləyən dövlət” statusuna, “Hayat Təhrir əş-Şam” qruplaşmasının xarici terror təşkilatı kimi tanınmasına və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ABŞ-nin “xüsusilə təhlükəli beynəlxalq terrorçular” siyahısına salınması ilə bağlı qərarlara da yenidən baxılacaq.

    Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani deyib ki, Dəməşq ABŞ tərəfindən sanksiyaların əksəriyyətinin ləğvini alqışlayır və bunu ölkənin bərpası istiqamətində mühüm addım hesab edir.

    “Biz prezident Donald Trampın tarixi fərmanına uyğun olaraq Suriya Ərəb Respublikasına qarşı tətbiq edilən sanksiyalar rejiminin əhəmiyyətli hissəsinin götürülməsini alqışlayırıq”, – Şibani “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

    Nazirin sözlərinə görə, bu qərar Dəməşqlə beynəlxalq ictimaiyyət arasında münasibətlərdə mühüm mərhələ olmaqla yanaşı, həm də ölkənin iqtisadiyyatının bərpası üçün möhkəm zəmin yaradır.

  • BVF Ukraynaya yarım milyard dollar kredit ayrılmasını təsdiqləyib

    Beynəlxalq Valyuta Fondunun icraçı direktorlar şurası ölkə iqtisadiyyatının səkkizinci icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib.

    Median.Az quruma istinadən xəbər verir ki, rəsmi Kiyev 2023-cü ilin martında təsdiq edilmiş genişləndirilmiş fond proqramı çərçivəsində 500 milyon dollar həcmində daha bir tranş alacaq.

    Qeyd olunub ki, vəsait büdcənin dəstəklənməsi üçün istifadə olunacaq.

    “BVF”nin kredit proqramı çərçivəsində ödənişlərin ümumi məbləği təxminən 10,6 milyard dollar təşkil edəcək.

    Qeyd edək ki, 2023-cü ilin martında “BVF” Ukrayna üçün 15,6 milyard dollar məbləğində dörd illik maliyyələşdirmə proqramını təsdiqləyib.

  • “Crocus” terroru ilə bağlı iş məhkəməyə göndərildi: Ukrayna rəhbərliyi ilə əlaqəsi müəyyən edildi

    Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə bağlı təqsirləndirilən şəxslərin Rusiyada fəaliyyət göstərən üç terrorçu hüceyrənin üzvləri olduqları müəyyən edilib. Bu hüceyrələrin Tacikistan vətəndaşları tərəfindən Ukraynanın ali siyasi rəhbərliyinin maraqları naminə yaradıldığı bildirilir.

    Bu barədə məlumatı Rusiya Baş Prokurorluğunun Mətbuat Xidməti yayıb.

    Baş Prokurorluq “Vilayət Xorasan” qruplaşmasının Rusiya ərazisində təşkil etdiyi fəaliyyətin detalları ilə bağlı istintaqın başa çatdığını və cinayət işinin məhkəməyə göndərildiyini açıqlayıb. Qeyd olunub ki, sözügedən qruplaşma İŞİD beynəlxalq terror təşkilatının tərkibində fəaliyyət göstərib.

    Təqsirləndirilənlər barəsində cinayət işi üzrə ittiham aktı təsdiqlənərək məhkəməyə göndərilib.

    Baş Prokurorluğun məlumatına görə, qrupun yaradıcıları olan iki Tacikistan vətəndaşı və kimliyi müəyyən edilməmiş şəxslər din amilindən istifadə edərək digər tacikləri terror aktı törətməyə cəlb ediblər.

    İş üzrə 1 700 nəfər zərərçəkən kimi tanınıb. Vəkillər təqsirləndirilən şəxslərə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddialar qaldırmağa hazırlaşırlar.

    Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında baş verib. “Piknik” qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfərə yaxın adam həlak olub, 500-dən çoxu xəsarət alıb. İŞİD terror aktının məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi üzrə cinayət işi açıb.

  • Azərbaycanəsilli art-menecer Rusiyada qiyabi həbs edilib

    Rusiya məhkəməsi Perm Müasir İncəsənət Muzeyinin (PERMM) keçmiş direktoru, art-menecer və rəssam Nailə Allahverdiyevanı beynəlxalq axtarışa verib, həmçinin o, qiyabi həbs edilib.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, həbs qərarını Rusiyanın Perm şəhərinin Dzerjinski Rayon Məhkəməsi çıxarıb.

    Qeyd olunur ki, N.Allahverdiyevaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci (Cəmiyyətə açıq-aşkar hörmətsizliyi ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədilə törədilən ictimai hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.

    Bir sıra KİV-in məlumatına görə, məhkəmə araşdırmasının predmeti N.Allahverdiyevanın muzeyin kolleksiyasında olan bir neçə əsərin sərbəst şəkildə nümayişinə icazə verməsi olub.

    Belə ki, Perm Prokurorluğu məhkəmə vasitəsilə N.Allahverdiyevanın işdən azad edilməsinə nail olub. Bundan əvvəl, 2024-cü ilin dekabrında o, öz xahişi ilə muzeyin direktoru vəzifəsindən azad edilib. Onu da əlavə edək ki, N.Allahverdiyeva 2013-cü ildə YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi PARTICIPATE layihəsində iştirak edib. Bundan əlavə, o, Yekaterinburq, Perm və Rusiyanın digər şəhərlərində kurator layihələri ilə tanınır.

  • Şirvanda “Çardaq” kafesində əxlaqsızlıq yuvası aşkarlandı

    Şirvan şəhərində kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.

    Şəhər sakini Elçin Aslanov (soyad şərtidir) Şirvan şəhərindəki “Çardaq” kafesini icarəyə götürüb. O, icarəyə götürdüyü kafenin əvvəlki icarədarı olan qadını isə obyektə ofisiant qoyub. O, kafenin yanında ayrıca otaq inşa etdirərək, həmin ofisiant qadını ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmağa vadar edib, hər müştəridən 50 manat alıb.

    Bir müddətdən sonra Elçin daha bir qadını ofisiant adı ilə kafeyə işə götürsə də, həmin qadını da müştərilərə satıb.

    Hüquq-mühafizə orqanları məlumat əsasında kafedə əməliyyat keçirərkən hər iki ofisiantı müştərilərlə cinsi əlaqədə olarkən tutub.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Məhkəmənin hökmü ilə E.Aslanov 2500 manat cərimə edilib.

  • Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb

    Məhkəmə “Sputnik Azərbaycan” İnformasiya Agentiliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçib.

    “Report”un məlumatına görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar 4 ay müddətə həbs olunublar.
    Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.
    O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
    Ancaq buna baxmayaraq, “Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

  • Azərbaycan Rusiyaya nota verdi: Daxili işlərimizə qarışmayın

    Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

    Sual: 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı, Yekaterinburqda baş verən hadisələr, eləcə də Rusiyanın “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı olan “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı məsələlərin müzakirə olunduğu barədə Rusiya XİN-i məlumat yayıb. Bu məlumatı necə şərh edərdiz.
    Cavab: 1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notası qarşı tərəfə təqdim olunub.
    Notada bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib.
    Hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb.
    Bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğu bildirilib.
    Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinin, həmvətənlərimizin qətlinin və ağır yaralanmasının Azərbaycan Respublikası ictimaiyyətində son dərəcə mənfi reaksiyaya səbəb olduğu qeyd edilib.
    Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub.
    “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi təqdim edilən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı səfir öz növbəsində ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
    Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur.
    Məlum olduğu kimi, cari ilin 12 fevral tarixində “Rossiya seqodnya” beynəlxalq informasiya ağentliyi” Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya Federasiyası vətəndaşları və filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib.
    Daxili İşlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, hal-hazırda sözügedən qanunsuz fəaliyyət ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.
    Bununla əlaqədar, Rusiya tərəfinin narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb.
    Rusiya hüquq-mühafizə orqanlarından fərqli olaraq, Azərbaycan tərəfinin tədbirlərinin və onların həyata keçirilmə tərzinin tam qanuni olduğu bildirilib.
    Ümumilikdə, Rusiya tərəfindən həyata keçirilən qeyd edilən fəaliyyət və hərəkətlərin iki ölkə arasında ikitərəfli münasibətlərə zidd olduğu xatırlanıb.

  • Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin məhkəmələri başlayır

    Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, sözügedən qurumun fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
    İbtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
    Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
    Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
    İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, ibtidai istintaq tamamlanmaqla cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

  • Sabahdan külək güclənəcək

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • İzmirin Adnan Menderes Hava Limanı bağlandı

    İzmirdə baş verən yanğınların şiddətlənməsi ilə Adnan Menderes Hava Limanı bağlanıb.


    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərar müvəqqəti olaraq verilib.
    Uçuşlar ləğv edilərkən, sərnişinlərin təhlükəsizliyi üçün bütün ehtiyat tədbirləri artırılıb.
    Yanğınsöndürmə işləri fasiləsiz davam edir.

    //azxeber