Month: İyul 2025

  • Maliyyə Nazirliyinin şirkəti ləğv olunur

    Maliyyə Nazirliyinə məxsus “Maliyyə və uçot jurnalı redaksiyası” MMC ləğv olunduğunu elan edib.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

    Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına bildirə bilərlər.

    Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 min manatdır.

  • Kanada əyaləti “Starlink” ilə 100 milyon dollarlıq müqaviləni ləğv edib

    Kanada əyaləti Ontario hökuməti əyalətin şimal bölgələrində peyk internetinə çıxışı təmin etmək üçün “Starlink” ilə bağlanmış 100 milyon dollarlıq müqaviləni ləğv edib.

    İlon Maska məxsus “SpaceX” şirkəti ilə müqavilənin ləğvi zamanı cərimə ödənişi nəzərdə tutulub, lakin məbləğ hələ açıqlanmayıb.

    Müqavilə ötən ilin noyabrında imzalanıb və Ontarionun şimal hissəsində təxminən 15 000 ev təsərrüfatına peyk interneti təmin edilməsini nəzərdə tutub.

    Hökumət nümayəndəsi nəşrə göndərdiyi məktubda müqavilənin artıq qüvvədə olmadığını təsdiqləyib: “Hökumətimiz “Starlink” ilə müqaviləni ləğv etdi. Biz əyalət boyunca sabit, uzunmüddətli yüksək sürətli internetə çıxışı təmin etmək işini davam etdirərək alternativ həll yolu axtarırıq”.

    Hökumətdəki mənbələr bildiriblər ki, “SpaceX” ilə kompensasiya məbləği ilə bağlı danışıqlar konstruktiv keçib və məbləğ, sıfır olmasa da, müqavilənin tam dəyəri olan 100 milyon dollardan xeyli az olub. Hökumət hələ hansı şirkətlərin alternativ təchizatçı kimi nəzərdən keçirildiyini və yeni müqavilənin bağlanma müddətini açıqlamayıb.

  • İsmayıl xanın hamamı bərpa olunur

    “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.

    Nazirlikdən “Report”un yerli bürosuna verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan hamamı” bərpa ediləcək. Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Nazirlik tərəfindən elan olunmuş satınalma yekunlaşıb.

    Layihə-smeta sənədlərinin hazırlanması qalib şirkət olan “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-ə tapşırılıb.

    Qeyd edək ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı, daxili tərtibat və digər işlərin görülməsi nəzərdə tutulur.

    Gələcəkdə də muxtar respublika ərazisində tarixi abidələrin qorunması və bərpası istiqamətində işlər davam etdiriləcək.

  • Şirvanda 15 yaşlı qız beşinci mərtəbədən yıxıldı

    Şirvanda 15 yaşlı qız beşinci mərtəbədən yıxılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.

    Həmin binada yaşayan şəhər sakini, 15 yaşlı K.M. binanın beşinci mərtəbəsindən yıxılıb.

    O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı boksçunun finaldakı rəqibinin dopinq testi suallar doğurdu – MOK rəsmisi açıqlama verdi

    Azərbaycan boksçusu Alfonso Domingezi Paris Yay Olimpiya Oyunlarının finalında məğlub edən özbəkistanlı Lazizbek Mullacanovun dopinq testi ilə bağlı məlumat yayılıb.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı “Report”a açıqlama verən Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyevin sözlərinə görə, dopinq testi ötən il Fransada keçirilən yarışla bağlı deyil.

    Qurum rəsmisi qeyd edib ki, müsbət nəticə verən nümunə Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra götürülüb:

    “Bu, olimpiadadan sonra götürülən test nümunəsidir. Yəni Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarına aid deyil. İdmançının B nümunəsi də yoxlanılacaq. Bu, sonuncu – iyunun 11-də götürülmüş test nümunəsinə aiddir. Ona görə də bu məsələdə hələlik heç bir rəsmi proses yoxdur. Araşdırma aparılıb-aparılmayacağı isə antidopinq komissiyasının səlahiyyətində olan məsələdir. Fakt budur ki, bu nümunənin olimpiadaya aidiyyəti yoxdur”.

    Qeyd edək ki, Lazizbek Mullacanov Paris-2024 Yay Olimpiya Oyunlarında 92 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, final görüşündə Azərbaycan millisinin üzvü Alfonso Domingezi məğlub edib.

    26 yaşlı özbək idmançının dopinq testi metasteron üçün müsbət nəticə verib. Metasteron – əzələ kütləsinin və fiziki gücün sürətlə artmasına kömək edən sintetik anabolik steroiddir.

    Mullacanovdan test nümunəsi iyunun 11-də götürülüb. O, indi B nümunəsinin təhlil edilməsini tələb etmək hüququna malikdir. B nümunəsi də eyni nəticəni göstərərsə, idmançı antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya oluna bilər.

  • Sabiq prokuror vəfat etdi

    Baş Prokurorluğun keçmiş əməkdaşı vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə yayılıb.

    Bildirilib ki, Nazim Ağamirzəyev Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb. O, İsmayıllı, Binəqədi və Biləsuvar rayonlarında da prokurorluq orqanlarında çalışıb.

  • Bakının məşhur restoranında natəmizlik: Həşaratlar qabların üzərində hərəkət edir – Video

    Bakıda yerləşən “Şazeli” restoranının mətbəxində natəmizlik hökm sürür.

    Belə ki, restoranın mətbəxindəki qabların üzərində həşəratlar hərəkət edir. Həmçinin tullantılar da hazırlanan yeməklərin yanına qoyulur.

    Həmin restoranın sahibi isə yaranmış vəziyyətlə əlaqədar heç bir açıqlama verməyəcəyini deyib.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ nəzarətə götürülüb.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Sabiq icra başçısının zərərçəkən oğlu: “Məni Türkiyəyə göndərib, iki milyon manat ziyana salıblar”

    14 il icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan baş həkim işləmiş Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Babəli Babazadə tərəflərin suallarını cavablandırıb.

    O bildirib ki, Türkiyədən qayıtdıqdan sonra Ehtiram Kərimovu tapa bilməyəndən sonra polisə şikayət edib:

    “Polisə sonradan şikayət etdim. Onlarla çörək kəsmişdim. Ona görə iş uzandı. Mənə 30 min manat pul lazım idi. Sənəd verdim, pulu götürdüm. Evimin dəyəri 600 min manat idi. Pulu düzəltdim, bir həftə sonra pulu vermək istədim. Amma mənə xəbər vermədilər. Gəlib pulu da götürmədim. Binanın komendantı zəng edib dedi ki, ev əldən çıxdı. Mən inanmadım. Amma gedəndən sonra gördüm ki, ev əldən gedib”.

    Zərərçəkmiş onu da qeyd edib ki, Ehtiramdan əvvəl A.Əliyevi tanıyıb:

    “Aruza zəng etdim ki, birdən Ehtiram sənədi alar. Mən ona inandım, çünki mən birinci Aruzu tanımışam. Aruz mənə nə qədər ziyan vurduğunu bilmirəm. Çünki Aruzdan soruşuram ki, pulum kimdədir? Deyir ki, Ehtiramdadır. Bir-birilərində olduğunu deyirlər. Mənə iki milyon manatdan çox ziyan dəyib. Mənim sənədlərim əvvəlcə Aruzda idi. Sonra ondan sənədi özüm üçün götürmüşdüm. Sonra 30 min manat pulu almaq üçün Ehtirama verdim. İki dəqiqə sonra Aruz zəng etdi ki, sənədi Ehtirama vermişəm, sənəd ondadır. Çünki sənəd Aruzun adına idi, onun sərəncam vermək hüququ var idi. Dedim ki, birdən sənədi Ehtiramın adına keçirər. Onun adına keçirməsini tapşırdım. Dəfələrlə Aruza təklif etmişəm ki, gedək sənədi öz adıma keçirim. Amma bu mümkün olmadı. Aruz mənim Nərimanov rayonunda olan obyektimi satıb. Amma başqa əmlaklarını satmayıb. Mən, ümumiyyətlə, belə bir söz deməmişəm. Ancaq iki milyon manatdan söhbət gedir”.

    E.Kərimov isə ifadəsi zamanı deyib ki, Babəli Babazadə pulunu başqasına yedirsə də, ondan tələb edir:

    “İranılıya pul verib. Yaxşı da bilir ki, həmin iranlı kimdir. Babəli yaxşı bilir ki, pul kimdədir”.

    Daha sonra zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı izahat və ifadələrinin müəyyən hissələri elan olunub. O, izahatında göstərib ki, 1 milyon 700 manat ziyan dəyib.

    Zərərçəkmiş məhkəmədə bildirib ki, izahat verdikdən sonra dəqiq məbləği müəyyən edə bilib.

    İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Aruz Əliyevi sürücüsü vasitəsi ilə tanıyıb:

    “Ehtiram Kərimovu Aruz vasitəsilə tanımışam. 7-ci mikrorayonda olan torpaq sahəsi olub. Həmin yerdə bina tikdirmək istədim. Bünövrəsini qazdırsam da, binanı tikdirə bilmədim. Sonradan evimə vergi borcum olması ilə bağlı məktub gəldi. Mən bunu Ehtiramla Aruza dedim. Ehtiram da nazirlikdə tanışı olduğunu, bu məsələni həll edəcəyini dedi. Aruz mənə dedi ki, sən ölkədən get, sənin bir milyon manat vergi borcunu bağlayacağıq. Məni Türkiyəyə yola salanda dedim ki, əmlakı satın, vergiyə olan borcumu bağlasınlar. Sonradan başa düşdüm ki, məni Türkiyəyə yola salıb, əmlakımı ələ keçirmək istəyiblər. Binəqədi rayonunda olan əmlakımı 1 milyon 500 min manata satıblar, mənə heç nə verməyiblər”.

    Zərərçəkmiş Aruz Əliyevə etibar etməsinə isə belə izah verib:

    “Aruz bizim ailəvi həkimimiz olub. Buna görə də ona inanmışam. Ona etibar etmişəm. Mənə dəymiş ziyan ödənilməyib. İki milyon manat ziyan var, onun ödənilməsini istəyirəm. Razılığa gəlmək üçün qarşı tərəfdən addım atılmır. Atsalar, ortaq bir nəticəyə gələrik”.

    Növbəti proses avqustun 28-də davam edəcək.

    Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını iki milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.

    Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl Babəli Babayevin sahibi olduğu tikinti şirkətinin bir milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.

    Aruz Əliyev özü həkim-cərrahdır. O bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.

    İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq sabiq icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.

    Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə iki milyon manata satıblar, həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.

    Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulublar. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi barədə həbs qərarı verilib.

    İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.

    Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.

    Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.

    Xatırladaq ki, Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

    Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LIQA-STROY) təsis edib.
    //oxu.az

  • Azərbaycan və İran arasında kommersiya gəmilərinin hərəkəti bərpa edildi

    İranın Astara limanında çöküntülər səbəbindən uzun müddət bağlanan ticarət gəmilərinin hərəkəti yenidən bərpa olunub.

    “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

    İranın yol və şəhərsalma nazirinin müavini, Limanlar Təşkilatının rəhbəri Səid Rəsuli bildirib ki, Azərbaycan tərəfdən Astara limanına ilk kommersiya gəmisi sahilə yan alıb. Qeyd olunur ki, 1 600 ton tutumlu gəmi tikinti materialları daşıyır.

    Məlumata görə, ötən ildən Xəzər dənizinin suyunun səviyyəsinin enməsi və limanın giriş kanalında toplanan çöküntülər gəmilərin hərəkətinə mane olub. Apreldən etibarən təmizlənmə işlərinə başlanılıb və indiyədək 150 min kubmetr çöküntü çıxarılıb.

    Səid Rəsuli qeyd edib ki, limanın açılması İranın Xəzər dənizindəki ticarət və nəqliyyat imkanlarını artıracaq və bölgədəki liman infrastrukturunun inkişafına töhfə verəcək.

  • Bakı-Qazax yolundan istifadə edənlərin NƏZƏRİNƏ – MƏHDUDLAŞDIRILACAQ

    Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə bağlı sabahdan avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənə qədər qüvvədə olacaq.

    “Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.