Month: İyul 2025

  • “AzParking”in əməkdaşı döyüldü

    Xətai rayonu, H.Salmani küçəsi, 1 ünvanında yerləşən mağazanın qarşısında “Azparking” MMC-nin parklanma xidmətinin İbrahim adlı bələdçisi döyülüb.

    Median.Az “Qaynarinfo” ya istinadla xəbər verir ki, hadisədə firmalardan birinin Əli adlı ekspeditoru təqsirli bilinib.

    Əli həmin vaxt avtomobilini mağazanın qarşısında saxlayıb. Bələdçi buna irad bildirib. Tərəflər arasında mübahisə yaranıb və daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra bələdçi Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zəng edərək döyüldüyünü bildirib. Bundan sonra Əli saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesi zamanı məlum olub ki, tərəflər artıq barışıb və zərərçəkənin heç bir şikayəti yoxdur.

    Məhkəmənin hökmü ilə hadisədə təqsirli bilinən ekspeditora aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu saxlanıldığı 2 gün müddət 1 günə 4 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılıb.

  • Yekaterinburqda saxlanılan azərbaycanlıların şikayətləri ilə bağlı qərar açıqlandı

    Yekaterinburqda (Rusiya) baş vermiş keçmiş illərin qətllərində ittiham olunan Əhliman Səttar oğlu Gənciyev və Bəkir Mehdi Səfərov həbsdə qalacaqlar.

    Bu barədə Sverdlovsk Vilayət Məhkəmələrinin Birgə Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, daha əvvəl Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi hər iki şəxsin 19 oktyabr 2025-ci ilədək həbsdə saxlanılması barədə qərar vermişdi. Onların vəkilləri bu qərardan apellyasiya şikayəti versələr də, Sverdlovsk Vilayət Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, şikayəti isə təmin etməyib.

    Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və “Rosqvardiya” Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib, 10-dan çox şəxsi saxlayıblar. Saxlanılan şəxslər “Rosqvardiya”nın idarəsinə aparılaraq onlara işgəncə verilib. Nəticədə, iki Azərbaycan vətəndaşı – Ziyəddin Səfərov və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər yaralanıb.

  • Yas saxlamaq insanın ölüm riskini artırır – Ekspertlərdən AÇIQLAMA

    Danimarkada aparılan araşdırma göstərib ki, yaxınını itirən və uzun müddət yüksək səviyyədə yas keçirən şəxslərdə ölüm riski 88 faiz daha yüksəkdir.

    Alimlər bu vəziyyəti əsasən ürək-damar xəstəlikləri və psixi pozuntularla əlaqələndirirlər.

    Araşdırma çərçivəsində 2012-ci ildən bəri orta yaş həddi 62 olan 1735 nəfər 10 il ərzində izlənilib. İştirakçıların əksəriyyəti həyat yoldaşını və ya valideynini itirib. Yüksək yas əlamətləri olan şəxslərin həm tibbi yardım axtarma ehtiyacı artıb, həm də ölüm riski əhəmiyyətli dərəcədə yüksəlib.

    Araşdırma rəhbəri Dr. Mette Kjærgaard Nielsen bildirib ki, risk altındakı şəxslər ailə həkimləri tərəfindən erkən mərhələdə müəyyən olunaraq psixoloji dəstəyə yönləndirilə bilər.
    //azxeber

  • AFFA “Karvan” və “İmişli”yə möhlət verdi

    AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün bir illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.

    Bu qərara əsasən, son üç mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci Liqadan Premyer Liqaya yüksəlmiş klublara (“Karvan” FK, “İmişli” FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:

    1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)

    2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.

  • Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb

    İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

    Məlumata əsasən, dərman vasitələrindən biri “Para-Denk 125 Suppos” ticarət adlı paracetamol – 125 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsi, digəri isə “Para-Denk 250 Suppos” ticarət adlı paracetamol – 250 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsidir.

    Geri çağırılmaya səbəb kimi qablaşdırma zədələnmələri (sızmalar) göstərilib. Qeyd edilən dərman vasitələrinin geri çağırılma dərəcəsinin üç (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə “C” (topdansatış müəssisəsinə qədər) səviyyəsində müəyyən olunduğu bildirilib.

    Yoxlama zamanı hər iki dərman vasitəsində göstərilən qüsurların mövcudluğu təsdiqlənib.

    Adıçəkilən dərman vasitələrinin geri çağırılması barədə qərar qəbul edilib.

  • Prezident İlham Əliyev iki qanuna dəyişikliyi təsdiqlədi

    Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilən dəyişikliklə qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

    Başqa bir dəyişikliklə, müqavilə olmadan və ya qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.

    “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna edilən dəyişikliklə terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir.

  • Minanın partlaması nəticəsində yaralanmış AzTV əməkdaşı məhkəmədə ifadə verib

    Bakı Hərbi Məhkəməsində iyulun 31-də məhkəmə prosesində zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı qismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci il iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluq kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partladığını bildirib.

    O, hadisə nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyevin şəhid olduğunu, özü də daxil olmaqla dörd nəfərin bədən xəsarətləri aldığını söyləyib.

    E.Məmmədov dövlət ittihamçısının suallarına cavabında hadisə baş verən yolun əvvəllər istifadə edilmiş yol olduğunu bildirib. “Fikrimcə, mina diversiya nəticəsində sonradan yerləşdirilib”, – deyə o əlavə edib.

    Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin də suallarını cavablandırıb.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Azərbaycanlı idmançı faciəli şəkildə həyatını itirdi

    “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun idmançısı və sörfinq üzrə SFA köməkçi məşqçi sertifikatına sahib Ülviyyə Əhmədova vəfat edib.

    Bu barədə Oxu.Az-a açıqlama verən Azərbaycan Yelkən Federasiyasının rəsmisi Solmaz Məmmədli bildirib ki, gənc idmançı Bakıda skuterlə hərəkətdə olarkən avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

    Qeyd edək ki, Ülviyyə Əhmədova 20 yaşı var idi.

  • Azərbaycanda daha bir zəlzələ oldu

    Lənkəran-Lerik sərhədində zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, zəlzələnin maqnitudası 3.5, dərinliyi isə 33 km olub.

    Qeyd edək ki, bu gün səhər saatlarında Kəlbəcərdə də 3 maqnitudalı zəlzələ olub.

  • Kürdəmirin kəndlərini Bakı-Qazax magistralı ilə birləşdirən yollar əsaslı təmir olunacaq

    Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq bir milyon beş yüz min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

    İqtisadiyyat Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.

    Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.