ABŞ prezidenti Donald Tramp Braziliyadan idxala əlavə 40%-lik tariflər tətbiq edən fərman imzalayıb, ümumi rüsum məbləğini 50%-ə çatdırıb.
Month: İyul 2025
-
Tramp Braziliyaya qarşı 40%-lik tariflər tətbiq edib
Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.Qeyd olunur ki, tariflər Braziliya hökumətinin ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhdid yaratdığı iddia edilən, həmçinin “Amerika şirkətlərinə, ABŞ vətəndaşlarının söz azadlığı hüquqlarına zərər vuran” hərəkətləri səbəbindən görülən tədbirlər çərçivəsində tətbiq edilir.O da bildirilib ki, Braziliya hakimiyyəti, o cümlədən Ali Məhkəmənin hakimi Aleşandre de Moraeş vasitəsilə “Amerika şirkətlərinə və vətəndaşlarına qarşı siyasi motivli təqiblər, senzura və təzyiq siyasəti aparır”.Bundan əlavə, fərman hakim de Moraeş, onun müttəfiqləri və ailə üzvləri üçün viza məhdudiyyətlərini nəzərdə tutur.Ağ Evdən vurğulayıblar ki, bu tədbirlər söz azadlığını, biznesi və ABŞ-ın milli maraqlarını qorumağa yönəlib. -
Hikmət Hacıyev: Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir
“Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.”
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz “X” hesabında yazıb.O bildirib ki, Kəlbəcərin dağlarında Ermənistanın işğal dövründə yerləşdirdiyi piyada əleyhinə minaların qurbanı bu dəfə it olub.“Şükürlər olsun ki, Azərbaycan hərbi həkim briqadasının çevik müdaxiləsi ona təcili tibbi yardım göstərilməsini təmin edib. Onun həyatı artıq təhlükə altında deyil.”, – Prezidentin köməkçisi bildirib.O həmçinin qeyd edib ki, 2020-ci ildən bəri 400-dən çox Azərbaycan vətəndaşı və hərbçisi Ermənistanın yerləşdirdiyi minaların qurbanı olub.Bundan başqa o onu da xatırladıb ki, yerin altında basdırılan minalar torpağın eroziyasına səbəb olur və yerli bitki örtüyünü də məhv edir. -
Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürüb

30.07.2025-ci il tarixində saat 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub.
Bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.Qeyd edək ki, sosial şəbəkələrdə adıçəkilən ərazidə avtomobilin skuter sürən azyaşlını vurması ilə bağlı görüntülər yayılıb. -
Çin ABŞ-nin xəbərdarlığına məhəl qoymadı
Çin ABŞ-nin mümkün yüksək rüsumlarla bağlı xəbərdarlıqlarına baxmayaraq, Rusiya neftini satın almağa davam edəcək.
Median.Az bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir.
Çinli rəsmi vurğulayıb ki, Pekin öz enerji ehtiyacları olan suveren dövlətdir və neft satınalmalarına dair istənilən qərar daxili siyasət əsasında verilir.
Xatırladaq ki, ABŞ-nin maliyyə naziri Skott Bessent çinli məmurlara Rusiyadan neft satın almağa davam edəcəkləri təqdirdə, mümkün 100 faizlik rüsumlar barədə xəbərdarlıq edildiyini bildirmişdi.
-
Qazaxıstan təngəsi sürətlə ucuzlaşır: Mərkəzi Bank müdaxilə edir
Qazaxıstan Milli Bankı təngənin ucuzlaşmasının qarşısını almaq üçün valyuta müdaxiləsi həyata keçirir.
Qaynarinfo xəbər verir ki, Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, məzənnə ayın əvvəlindən 5,8% və ya ilin əvvəlindən 4,7% azalıb.Ölkənin tənzimləyicisi valyuta bazarında likvidliyi son dərəcə aşağı adlandırıb. Bank artan spekulyativ təzyiq əlamətlərini görür.
“Əsas iqtisadi şərtlər əlverişli olaraq qalır: qlobal neft qiymətləri ardıcıl olaraq bir barel üçün 70 dolları ötür və dolların qlobal zəifləməsi tendensiyası davam edir”, deyə tənzimləyicinin bəyanatında qeyd edilir.
Milli Bank da bəyan edib ki, təngənin zəifləməsi milli valyutanın dəyərsizləşdiyini göstərir. İyulun 1-də tənzimləyici büdcəni artırmaq üçün Milli Fonddan 600-700 milyon dollar satmağı planlaşdırdığını bildirdi.
-
42 milyon yeyintidə təqsirləndirilən “Şlyapa Zahid”ə hökm oxundu
Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə hökm oxunub.Hökmən əsasən, Zahid Niftəliyev bu iş üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun digər cəzası ilə qismən toplanmaq yolu ilə birləşdirilməkdə qəti olaraq Zahid Niftəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzası 2023-cü ildən hesablanacaq.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Azadlığa buraxıldıqdan sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.
O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
-
Turizm Agentliyində 18,5 milyonluq pozuntu
Hesablama Palatası 2025-ci il üçün İş Planına əsasən Dövlət Turizm Agentliyində 2021–2024-cü illəri əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.
Median.Az palataya istinadən xəbər verir ki, audit dövlət vəsaitinin və dövlət əmlakının idarə olunmasının qanunvericiliyə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyıb.
Audit nəticəsində aşağıdakı əsas nöqsanlar aşkarlanıb:
Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.
Azərbaycan Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis (kadr) hazırlığı nəzərdə tutulmadığı halda, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universiteti arasında İMC Transmilli proqramın tərtibi və həyata keçirilməsinə dair bağlanılmış müqavilələrə əsasən 2021-2023-cü illərdə ümumilikdə 899,5 min manat büdcə vəsaiti ödənilib.
Audit dövründə əhəmiyyətli sayda əməliyyatları əhatə edən 330 min manat məbləğində vəsaitlər vahid büdcə təsnifatının tələblərinə əməl edilməyərək funksional və iqtisadi təsnifatın paraqrafları üzrə xərclənməyib.
Qoruqları İdarəetmə Mərkəzinin müvafiq 4 qoruğunun ərazilərində toplanmış zibil, xəzəl, məişət tullantılarının yığılması, daşınması, ərazilərin süpürülməsi, ağacların əkilməsi, budanması və sair işlərin həyata keçirilməsi ilə bağlı satınalma müqavilələri bağlanılaraq həmin qurumların vəsaitləri hesabına aparılmalı olduğu halda Agentlik auditlə əhatə olunan dövr ərzində 835,5 min manat məbləğində vəsait ödəyib.
Agentlik “Azərbaycan Turizm Bürosu” və “Qoruqların İdarəetmə Mərkəzi”nə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18,5 milyon manat məbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlara köçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.
“Büdcə sistemi haqqında” qanunun tələbini pozan Agentlik vəsaitlərin akkreditiv hesablarda saxlanılmasına yol verib, bəzi hallarda vəsaiti büdcəyə qaytarmayıb. Akkreditiv hesablarda saxlanılmış vəsaitin 3 milyon 89,7 min manatı 2022-ci ildə, 8 milyon 789,2 min manatı 2023-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmış (icra edilmiş), ilin sonuna qalan 965,4 min manat vəsaitdən 921,8 min manatı isə 2024-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmaqla cəmi 43,5 min manatı büdcəyə qaytarılıb.
Auditin əhatə etdiyi illərdə Agentliyin mühasibatlığında sabit mühasibat uçotu proqramı mövcud olmamış, dövr ərzində işçilərin əməkhaqqının hesablanması, debitor və kreditorların, anbarın, əsas vəsaitlərin və material ehtiyatların uçotunun aparılması, memorial orderlərin işlənilməsi və dövriyyə cədvəlinin hazırlanması müvafiq cədvəl proqramının köməyi ilə həyata keçirilmişdir. Bu, öz növbəsində, maliyyə hesabatlarında təhriflərin də formalaşmasına şərait yaradıb.
Auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpa işləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetada nəzərdə tutulmayan işlərin dəyərinin ödənildiyi, bəzi işlərin dəyərinin və həcmlərinin artırılması hesabına podratçıya əlavə vəsaitin ödənildiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlət vəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunub.
Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı bəzi hallarda qüvvədə olan norma və tələblərə əməl olunmamış, bu və müqavilədə nəzərdə tutulmuş şərtlərin icra edilməməsi artıq dövlət vəsaitinin icrasına səbəb olub.
Müqavilə öhdəliklərinin icra vəziyyətinə nəzarət olunmaması, eyni zamanda, xarici ölkələrdə təbliğat xarakterli məlumatların yerləşdirilməsi ilə bağlı keçirilmiş satınalmaların, son nəticədə isə bu istiqamətdə fəaliyyətin nəticəliliyinə təsir göstərib və vəsaitlərin vaxtında icra edilməsi imkanlarını məhdudlaşdırılıb.
-
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər
“Yaxın günlərdə ittifaqların sayı arta, Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər”.
Bunu Qaynarinfo-ya meyxanaçı Ağamirzə Məmmədov deyib.O, həmkarlarının bir qurumda birləşməsini daha məqsədəuyğun hesab edir:
“Meyxanaçıların bəziləri Yazıçılar Birliyinə üzv olub. Amma mən heç bir quruma üzv olmamışam. Düşünürəm ki, hər hansı birliyə üz tutsam, orada problem yaşamaram. Fikrimcə, meyxanaçılar da bir qurumda birləşə bilər”.
Meyxanaçı Ağamirzə Meyxanaçılar Birliyinin yaranmasının yaxşı bir ideya adlandırıb:
“Belə bir layihə ətrafında fikirləşməyə dəyər”.
-
Məktəb direktoruna yüksək vəzifə verildi
Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni müdir təyinatı olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Elşad Uğurliyev təyin edilib.O, bundan əvvəl İ.Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektorunun bundan əvvəl müdiri Kərim Kərimov olub.
-
Yer oxu mailliyini dəyişir və günahkar insanlardır: Alimlərdən narahatedici açıqlama
Alimlərin son araşdırması Yer kürəsinin fırlanma oxunun son 20 ilə yaxın müddətdə 80 santimetr dəyişdiyini üzə çıxarıb. Ən narahatedici məqam isə bu dəyişmənin əsas səbəbinin insan fəaliyyəti – xüsusilə yeraltı suların kütləvi şəkildə çıxarılması olmasıdır.
Qaynarinfo xəbər xəbər verir ki, bu barədə “Daily Galaxy” məlumat yayıb.
Cənubi Koreyanın Seul Milli Universitetindən professor Ki-Veon Sonun rəhbərlik etdiyi tədqiqat 1993-2010-cu illəri əhatə edir. Araşdırma sübut edir ki, insan fəaliyyəti – ilk növbədə irriqasiya və su istehlakı – Yer kürəsində kütlənin paylanmasına birbaşa təsir edir.
Fırlanma oxunun dəyişməsi: Suyun yerdəyişməsi ilə bağlıdır
Professor Sonun sözlərinə görə, Yer kürəsinin fırlanma oxundakı qütb nöqtələrinin mövqeyi daim dəyişir, lakin son tədqiqat göstərir ki, bu dəyişməyə ən böyük təsiri yeraltı suların yerdəyişməsi göstərir. Bu proses, tədqiqatçının izahına görə, fırlanan bir oyuncağa (cəhrə) əlavə yük əlavə edilməsinə bənzəyir – bu zaman onun fırlanma oxu da dəyişir. Yeraltından çıxarılan suyun miqdarı da oxşar effekt yaradır.
Qlobal okean səviyyəsinin artmasında əlavə amil
Tədqiqatın ən narahatedici nəticələrindən biri də yeraltı suların çıxarılması ilə Dünya okeanının səviyyəsinin yüksəlməsi arasındakı əlaqədir. Alimlərin hesablamalarına əsasən, qeyd olunan dövr ərzində 2 150 qiqaton (yəni 2,15 trilyon ton) yeraltı su okeanlara tökülərək oradakı suyun həcmini artırıb və bu da oxun 80 santimetrlik dəyişməsinə səbəb olub.
Professor Son bildirib: “Qütblərin dəyişmə səbəbinin müəyyən edilməsi məni sevindirdi. Lakin yer kürəsinin bir sakini və bir ata olaraq narahatam ki, yeraltı suların çıxarılması, okean səviyyəsinin artmasına təsir göstərən əlavə bir mənbədir”.
Regional töhfələr və qlobal nəticələr
Tədqiqatda qeyd olunur ki, bu dəyişməyə ən çox təsir göstərən bölgələr Şimali Amerikanın qərbi və Hindistanın şimal-qərb hissəsidir. Əvvəllər yeraltı su istifadəsi əsasən yerli miqyasda bir məsələ kimi qiymətləndirilirdi, lakin bu araşdırma sübut edir ki, belə proseslər qlobal nəticələrə səbəb ola bilər.
Alimlər xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, uzunmüddətli perspektivdə sahilyanı ərazilərdə daşqın riskləri daha da arta bilər.








