Month: İyul 2025

  • “LANDAU School Məktəbi” 2500 manat cərimələndi

    “Landau Educatıonal Technologies” (LANDAU School Məktəbi) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati xəta protokolu tərtib edilib.

    Bu protokol İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi (Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi) ilə irəli sürülüb.

    Məhkəmənin qərarı ilə “Landau Educatıonal Technologies” MMC İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 2500 manat cərimə edilib.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 405-ci maddasinə əsasən, hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

    Xatırladaq ki, “LANDAU School Məktəbi” 2018-ci ildə əsası qoyulmuş, ilk Azərbaycanlı Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Lev Landaunun adını daşıyan və Bakıda fəaliyyət göstərən özəl orta məktəb kompleksi şəbəkəsidir. “LANDAU School Məktəbi”ninin qanuni təmsilçisi və təsisçisi Rahul D’Mellodur.
    //qaynar.az

  • Bakıda 187 dəfə dövlət orqanlarına şikayət edən şəxs cərimələndi

    Bakıda 187 dəfə müxtəlif dövlət orqanlarına şikayət edən şəxs saxlanılıb.

    1970-ci ildə Bakı şəhərində doğulmuş A.T. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi tərtib edilən protokola məhkəmədə baxılıb.

    Məlum olub ki, təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qeyri-etik ifadələr işlədib. O, izahatında bildirib ki, 2020-ci ildə anası Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Modul Tipli Hospitalında vəfat edib. Həmin gün xəstəxanada anasının pulu və qızıl dişləri oğurlanıb.

    Həmin şəxs ümumilikdə 187 dəfə müxtəlif dövlət orqanlarına şikayətlər edib. Bundan başqa, Sabunçu rayonunda yaşayan şəxsin həyətinə daş boşaldıb, 7 ay zəng etməsinə baxmayaraq, pulunu ala bilməyib. Həmçinin yanından keçən avtomobilin cəriməsi səhvən ona yazılıb, 5 il müdətində şikayət etməsinə baxmayaraq, baxılmayıb.

    A.T. bildirib ki, I Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, əsəbləşərək qeyri-etik ifadələr işlətdiyini və əməlindən peşman olduğunu bildirib.

    Məhkəmənin qərarı ilə A.T İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib.//qaynar.az

  • İyulun son gününün havası açıqlandı

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

    Məlumata əsasən, havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

  • Azərbaycanlıların xəstə cehiz yarışı… – Sosioloq çıxış yolları təklif edir

    “Əvvəllər cehiz ailələr arasında həm iqtisadi, həm də sosial kapitalın paylaşımını təmin edən bir alət idi. Onun mahiyyəti – yeni qurulan ailəyə yaşlı nəslin dəstəyini ifadə etmək idi. Ancaq bu gün – istehlak mədəniyyəti və daimi müqayisə psixozunun hökm sürdüyü bir dövrdə – bu ənənə daha çox “kim kimdən daha çox əldə edə bilər” tipli bir yarışına çevrilib. Oğlan tərəfi cehiz vasitəsilə mümkün qədər çox əşya əldə etməyə çalışır, qız tərəfi isə minimal xərclə maksimal “hörmət” qazanmaq istəyir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Yusif Nəbiyev evlilik ərəfəsində qızla oğlan evi arasında münaqişəyə səbəb olan cehiz qalmaqallarından danışarkən deyib.

    Sosiloq bunu ailələr arasında “yarış” adlandırıb:

    “Bu “yarış” isə bizi başqa bir sosial problemə aparır. Belə ki, ailələr gücləri çatmayan səviyyədə cehiz təqdim etmək üçün borca, kreditə girməyə başlayırlar. Valideynlər övladlarını başqalarının yanında “utandırmamaq” üçün öz maliyyə sabitliklərini riskə atırlar”.

    Sosioloq hesab edir ki, bunu doğuran əsas mexanizmlər kollektiv gözləntilərdir:

    “Cəmiyyətin yaratdığı “hörmətli” və “layiqli” cehiz gözləntiləri, ailələri öz real imkanlarını yox, ictimai fikri əsas götürməyə məcbur edir. Beləliklə, bir çox valideyn ya borca girir, ya da illər ərzində zəhmətlə yığdıqları bütün vəsaiti bir anda, sadəcə, görüntü xətrinə xərcləyirlər”.

    Yusif Nəbiyevin fikirincə, bu problemi həll etmək üçün ilk növbədə normativ çərçivənin yenilənməsi lazımdır:

    “Maarifləndirmə yoluyla cəmiyyətə anlatmaq lazımdır ki, qurulan ailənin gələcək təhlükəsizliyi və dayanıqlılığı alınan əşyalarla yox, qurulan münasibətin keyfiyyəti ilə ölçülür. Medianın, dini liderlərin və nüfuzlu şəxslərin də iştirakı ilə ictimai rəyin tədricən dəyişməsinə çalışılmalıdır. Digər tərəfdən, sadələşdirilmiş və məntiqli cehiz siyahıları, hətta, bəzi dövlət qurumlarının və ya QHT-lərin iştirakı və ya müəllifliyi ilə hazırlanaraq nümunə kimi təqdim oluna bilər. Bu, ən azından, insanlar üçün real müqayisə meyarına çevrilə bilər. Bununla isə ailələr öz imkanları çərçivəsində qərar verməyə başlayar, “camaat nə deyər?” qorxusunun qərarlarına təsir etməsinə imkan verməzlər”.

    Yusif Nəbiyev bu problemin həlli ilə bağlı təklif edib ki, maarifləndirmə, ictimai təzyiqin istiqamətini dəyişmək, ailə münasibətlərinin psixoloji əsaslarını gücləndirmək bu yolda atılacaq əsas addımlardandır.

  • Vüqar Qurbanovdan yeni təyinatlar

    Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

    Bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

    Belə ki, Abbas Səhhət adına xəstəxanaya İlqar Əliyev, Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya Turanə Rüstəmova rəhbərlik edəcək.

    Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edəcək İlqar Əliyev ixtisasca ümumi cərrahdır və yeni təyinata qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində çalışıb.
    Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya rəhbərlik edəcək Turanə Rüstəmova isə ixtisasca həkim reanimatoloq-anestezioloqdur və yeni təyinata qədər həmin xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

  • Ələt-Astara istiqamətində ödənişli yol bu tarixdə TAMAMLANACAQ

    Bu il iyulun 1-nə “Azərbaycanda regional kommunikasiyaların inkişafı” layihəsi çərçivəsində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD – Dünya Bankı Qrupuna daxildir) təqdim etdiyi kreditin 97,08 %-i, yəni 63,1 milyon ABŞ dolları artıq istifadə olunub.

    “Report”un Dünya Bankının hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ilin dekabrında qüvvəyə minmiş layihənin ümumi dəyəri 96 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 65 milyon ABŞ dolları IBRD krediti formasında təqdim olunub.

    Layihə ölkədə təhlükəsiz, səmərəli və iqlim dəyişikliklərinə davamlı nəqliyyat əlaqələrinin qurulmasına, eləcə də Salyan-Biləsuvar (M3 magistralı – Ələt-Astara) avtomobil yolu boyunca əlaqələrin və bazarlara çıxışın yaxşılaşdırılmasına yönəlib. Onun 2026-cı il martın 31-dək tamamlanması nəzərdə tutulur.

    Hesabatda qeyd olunur ki, layihənin səmərəli icrası nəticəsində müəyyən vəsaitə qənaət olunub və bu məbləğ dəhliz boyunca əlavə infrastrukturun yenidən qurulmasına yönləndirilib. “Yol bağlantısı” komponenti çərçivəsində bütün tikinti işləri, o cümlədən genişləndirilmiş həcm üzrə fəaliyyətlər artıq tamamlanıb. Ümumilikdə 67,35 km yol yenidən qurulub, 2,53 km yol təmir və asfaltlanıb, 1,3 km-lik yeni yol örtüyü döşənib, 10 yeni körpü tikilib.

    Bu ilin iyun ayında Azərbaycan hökuməti IBRD-yə müraciət edərək layihə çərçivəsində qalan 2,3 milyon ABŞ dollarının Lənkəran və Masallı rayonlarında yerləşən iki körpünün yenidən qurulmasına yönəldilməsini təklif edib. Sözügedən körpülərin 6-7 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır.

    Hökumətin müraciətində bildirilir ki, layihənin icrası nəqliyyat axınının artmasına və yolun ətrafında yerləşən logistik və xidmət infrastrukturuna özəl investisiyaların cəlbinə təkan verib: “Bu səbəbdən kommersiya obyektlərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsinə ehtiyac qalmayıb. Digər tərəfdən, M3 yolunun 193-cü və 197-ci kilometrlərində yerləşən, istismar baxımından müasir tələblərə cavab verməyən və təmiri iqtisadi cəhətdən əsaslandırılmayan iki köhnə körpünün dəyişdirilməsinin zəruriliyi vurğulanıb”.

    Yeni körpülərin söküntü, əlaqəli işlər, ümumi xərclər və ƏDV daxil olmaqla layihələndirilməsi və tikintisinin dəyəri 2,3 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu işlərin daha əvvəl yol tikintisini həyata keçirən podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur. Belə yanaşma mövcud müqavilə çərçivəsində və layihənin satınalma komandası ilə razılaşdırılmış formada həyata keçiriləcək.

    Dünya Bankı komandası bu vəsaitin yolkənarı ticarət infrastrukturu deyil, köhnəlmiş və təhlükəli vəziyyətdə olan iki körpünün yenidən qurulmasına yönəldilməsini dəstəkləyib. Nəticədə layihə çərçivəsində inşa edilən müasir körpülərin sayı 12-yə çatacaq.

    Sözügedən iki körpünün yenidən qurulması layihənin əsas məqsədlərindən biri olan M3 magistral yolunun ödənişli rejimə keçirilməsi planlarına xidmət edir. Bu körpülər köhnə M3 yolunun tam funksionallığını təmin edəcək və ödənişli yol istifadəyə verildikdən sonra onun üçün alternativ, pulsuz marşrut rolunu oynayacaq. Beləliklə, yenidənqurma regionda davamlı əlaqənin təmin olunması məqsədinə uyğun gəlir. Ödənişli sistemə keçid “Yol sektorunun dayanıqlığı” komponenti çərçivəsində hazırlanan “Avtomobil yollarından istifadəyə görə ödəniş üzrə Milli Strategiya”da nəzərdə tutulub.

    Bundan əlavə, bu komponent çərçivəsində intellektual nəqliyyat sistemlərinin (İNS) tətbiqi vasitəsilə yol şəbəkəsinin idarə olunması və istismar səmərəliliyinin artırılması üçün texniki yardım göstərilir. Əsas istiqamətlər kimi ödənişli yol sisteminin tətbiqi və nəqliyyat vasitələrinin oxlar üzrə həddindən artıq yüklənməsinin qarşısının alınması müəyyən edilib.

    İsveçin “Swedish National Road Consulting AB” şirkəti yol şəbəkəsinin idarə olunması strategiyaları, İNS texnologiyalarının tətbiqi və ödəniş sistemləri üzrə Azərbaycan tərəfinə məsləhət xidməti göstərir.

    Hesabatda qeyd olunur ki, bu tədbirlərin icrası artıq irəliləyiş mərhələsindədir. Əsas hesabatlar hazırlanıb və hazırda Dünya Bankında baxılır. Yekun nəticələrin 2025-ci ilin dekabr ayına qədər Azərbaycanın hökumət qurumları ilə razılaşdırılması gözlənilir.

  • Hindistan Pakistanı təhdid etdi

    Hindistan Pakistanın terrorçuluğu dəstəkləmədiyindən əmin olanadək Hind çayının suları haqqında müqavilənin bərpa olunmayacağını bəyan edib.

    Median.Az-ın TASS-a istinadən məlumatına görə, bu bəyanatı Hindistan Xarici İşlər Naziri Subramaniam Cayşankar parlamentin yuxarı palatasında “Sindur” əməliyyatına həsr olunmuş müzakirələr zamanı səsləndirib.

    Onun sözlərinə görə, bu müqavilə “dostluq niyyəti ilə imzalanmışdı”, lakin 1960-cı ildən bəri bu sazişin ruhunu sarsıdan çoxsaylı hadisələr baş verib.

    Qeyd edək ki, 1960-cı ildə imzalanmış sazişə əsasən, Pakistan Hind çayı və onun əsas qolları (Çinab və Celam) üzərində nəzarət hüququ əldə edib. Aprelin 22-də Cammu və Kəşmirdə baş verən terror aktından sonra Hindistanın Xarici İşlər Nazirliyi müqavilənin icrasının dərhal dayandırıldığını elan edib. Rəsmi Nyu-Delhi 26 nəfərin ölümü ilə nəticələnən terror aktında transsərhəd əlaqələri müəyyən etdikdən sonra bu addımı atıb. Mayın 7-də Hindistan ordusu Pakistan ərazisində yerləşən hədəflərə qarşı “Sindu” adlı hərbi əməliyyata başlayıb. Pakistan cavab zərbələri endirib. Mayın 10-da tərəflər atəşkəs elan ediblər. Hindistan əməliyyatın dayandırıldığını, lakin hələ yekunlaşmadığını bildirib.

  • Qazaxda 25 hektar ərazidə yanğın baş verib

    Qazaxda açıq ərazidə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Qazax rayonu, Ağköynək kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində dağlıq ərazidə 25 ha sahədə quru ot, kol-kos yanıb.

    Meşə zolağı və ətraf ərazilər yanğından mühafizə olunub.

  • Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib

    Gürcüstanın Baş Prokurorluğu Azərbaycan vətəndaşı Elnur Qüdrət oğlu Süleymanovun ekstradisiyası haqqında qərar qəbul edib.

    Bu barədə Azərbaycan Baş Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elnur Süleymanov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

    Elnur Süleymanov Gürcüstanda saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

  • Sabah Bakıda Suriya və İsrail rəsmiləri arasında görüş keçiriləcək

    İyulun 31-də Bakıda Suriya və İsrail rəsmiləri arasında növbəti görüş keçiriləcək.

    Bu barədə AFP agentliyi diplomatik mənbəyə istinadla xəbər verir.

    Məlumata görə, görüş nazirlər səviyyəsində baş tutacaq.

    Qeyd edək ki, iyulun 13-də də Bakıda Suriya və İsrail nümayəndələri arasında görüş keçirilmişdi.