Month: İyul 2025

  • İki qurum ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısından çıxarıldı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 1847 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli 323 nömrəli və “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 211 (Cild I) 1-ci hissəsi ləğv edilir.

    Həmin hissədə müəyyən edilirdi ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təsisçisinin publik hüquqi şəxsin inkişaf istiqamətlərinin müəyyən edilməsi səlahiyyətini Mərkəz, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan digər səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

    Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.40-1-ci və 3.1.40-2-ci yarımbəndlər əlavə edilir:

    “3.1.40-1. müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;

    3.1.40-2. Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək”.

    Eləcə də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2236 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) 2-ci hissəsi ləğv edilir.

    Həmin hissədə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirdiyi qeyd olunurdu.

    Fərmanda nəzərdə tutulan başqa bir dəyişikliklə Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”ndan çıxarılır.

    Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli 506 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

  • Qarabağda fəaliyyət göstərən dövlət xidmətinin rəhbərinin müavinlərinin sayı artırıldı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə xidmətin icraçı direktorunun müavinlərinin sayı artırılaraq üçə çatdırılıb.

    Qeyd edək ki, öncə icraçı direktorun bir müavini vardı.

    Həmçinin dəyişikliyə görə, icraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavinlərindən biri icra edir.

    Müəyyən edilir ki, icraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

    Bu Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

  • Cənubi Koreyanın sabiq prezidenti məcburi istintaqa cəlb ediləcək

    Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolun korrupsiya işi üzrə istintaqa cəlb olunması məqsədilə onun məcburi şəkildə dindirilməsinə dair order verib.

    Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    Bildirilir ki, məcburi dindirmə üçün istintaq təcridxanasına xüsusi prokurorun köməkçisi və sıravi prokuror göndərilə bilər. Lakin mənbə qeyd edir ki, hətta bu halda belə, Yun Sok Yol ifadə verməkdən imtina və susmaq hüququndan istifadə edə bilər.

    İstintaq orqanları sabiq prezidentə həyat yoldaşı Kim Qon Xinin korrupsiya işi və 2022-ci ildə keçirilən parlament seçkilərinə müdaxilə iddiaları ilə bağlı suallar vermək niyyətindədir. Sabiq birinci xanım bahalı çanta hədiyyəsi qəbul etdiyi üçün korrupsiyada, eyni zamanda hakim partiyanın namizədlərinin müəyyənləşdirilməsinə təsir göstərməkdə ittiham olunur.

    Qeyd edək ki, Yun Sok Yol iyulun 10-dan etibarən Seulun Iyvan şəhərində yerləşən istintaq təcridxanasında saxlanılır. O, daha əvvəl iki dəfə dindirməyə getməkdən imtina edib. Bundan sonra xüsusi prokuror Min Cun Qinin komandası məhkəməyə əlavə order üçün müraciət edib. Yun Sok Yolun vəkilləri onun səhhətində problemlər olduğunu əsas gətirirlər.

    Xatırladaq ki, sabiq prezident yanvar ayında qiyam işi çərçivəsində ilk dəfə həbs olunub. Martda azadlığa buraxılan Yun Sok Yol, apreldə Konstitusiya Məhkəməsinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb.

  • İsti hava ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ

    Havanın temperaturu 41 dərəcədən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xəbərdarlıq yayıb.

    Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

    İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

    Bu fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilməlidir.

    İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi tarif maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilməlidir.

    Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verilərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.

  • Buzovnada bıçaqlı şəxs QORXULU ANLAR yaşatdı – Video

    Buzovnada əlində bıçaq olan şəxs gecə saatlarında ətrafdakılara qorxulu anlar yaşadıb.

    30-35 yaşlarında olan şəxs əlində bıçaqla yarıçılpaq vəziyyətdə avtomobil yoluna çıxıb.

    Vətəndaşlar müdaxilə etməyə çalışsalar da, sözügedən şəxs buna imkan verməyib.

    Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

    Əraziyə gələn polis əməkdaşları vətəndaşı bölməyə aparıblar.
    //oxu.az

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verib

    Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verib.

    Bu barədə jurnalist özü paylaşım edib.

    Qənirə Ataşova dünən məhkəmənin baş tutduğunu və Gülsüm Əliyevanın şikayətinin təmin olunmadığını deyib.

    “Tibb diplomu olmadan özünü həkim və cərrah kimi təqdim edən Gülsüm Əliyevanın barəmdə xüsusi ittiham qaydası ilə qaldırdığı məhkəmə işi bu gün Səbail Rayon Məhkəməsində rədd edildi. Xatırladım ki, Gəncədə liposaksiya əməliyyatından sonra həyatı dəyişən Gülbəniz Bayramovanın ölüm işini və əməliyyatın baş tutduğu lisenziyasız VMR klinikasını araşdırdığım dövrdə Gülsüm Əliyeva mənim barəmdə cinayət məsuliyyətinə cəlb olunmağım üçün məhkəməyə müraciət etmişdi. O, məni şər və böhtan atmaqda ittiham edirdi. Məhkəmə iclasına müxtəlif bəhanələrlə gələn Gülsüm Əliyeva gah əllərinin titrədiyini, gah da ürəyinin sıxıldığını deyirdi. Lakin vəkilin ona tutarlı cavabı olub: “Bu qədər həyəcan keçirirsənsə, ölkədə bütün strukturlara niyə Qənirə Ataşova barəsində şikayət edirsən? Sənin dərdin nədir?” Tibb diplomu olmayan Gülsüm isə buna cavab verə bilməyib. Nəhayət, bu gün 4 saat davam edən məhkəmə prosesi nəticəsində hakim Ülviyyə Şükürova Gülsüm Əliyevanın iddiasını əsassız hesab edərək rədd edib”, – deyə jurnalist paylaşımında bildirib.

    Qeyd edək ki, 2024-cü il sentyabrın 21-də Gülbəniz Bayramova Gülsüm Əliyevaya liposaksiya əməliyyatı etdirdikdən sonra ölüb.

  • Bakıda həkim iş başında öldü

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib.

    O, gecə saatlarında dünyasını dəyişib.

    Qeyd edək ki, onun iş başında qəfildən dünyasını dəyişdiyi bildirilir.

  • DİN və DSX-dən birgə ƏMƏLİYYAT: Axtarışda olan şəxs TUTULDU – FOTO

    Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərlə axtarışda olan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Nasib Qara oğlu Həsənov istintaqa təhvil verilib.

    O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

    Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

  • Rusiyanın sertifikatı ləğv edilən aviaşirkəti sərnişinlərə xəbərdarlıq etdi

    Rusiyanın “Anqara” aviaşirkəti təyyarələrin texniki baxışı üzrə sertifikatın “Rosaviasiya” tərəfindən ləğv olunmasından sonra bəzi reysləri ləğv edəcək.

    Bu barədə aviaşirkətdən xəbər verilib.

    Bildirilib ki, bu işlər üçün xarici sertifikatlı təşkilatlar cəlb ediləcək.

    İrkutskda yerləşən şirkət əlavə edib ki, reyslərdə gecikmələr də mümkündür. Gecikən və ya ləğv olunan uçuşların sərnişinlərinə bilet haqqı tam şəkildə geri qaytarılacaq.

    Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində “Anqara” aviaşirkətinə məxsus “An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb. Müxtəlif məlumatlara görə, ekipaj da daxil olmaqla, təyyarədə 46-49 nəfər olub, sağ qalan yoxdur. Hadisə ilə bağlı cinayət işi açılıb. Mütəxəssislər qəzanın iki əsas versiyasını nəzərdən keçirirlər: texniki nasazlıq və pilotların səhvi. Bu hadisədən sonra “Rosaviasiya” və “Rostransnadzor” aviasiya şirkətinin plandan kənar yoxlamasını keçirib. “Anqara”nın texniki xidmət sahəsindəki fəaliyyətində pozuntular aşkar olunub. Xüsusilə, sənədlərin real iş görülmədən doldurulduğu, lazım olan avadanlıqlardan istifadə olunmadığı müəyyən edilib. Bununla əlaqədar “Rosaviasiya”, aviaşirkətin təyyarələrin və onların komponentlərinin texniki xidmətini təmin etməyə imkan verən sertifikatını ləğv edib.