Month: August 2025

  • Putin: “Alyaskada baş tutan danışıqlar bizi lazımi qərarlara yaxınlaşdırır”

    “ABŞ lideri Donald Trampla Alyaskada baş tutan danışıqlar bizi lazımi qərarlara yaxınlaşdırır”.

    Median.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ankoricdə Rusiya-ABŞ görüşünün yekunları üzrə keçirilən görüşdə deyib.

    Dövlət başçısının sözlərinə görə, səfər vaxtında və çox faydalı olub.

    “Biz qarşılıqlı fəaliyyətimizin demək olar ki, bütün sahələri haqqında, lakin ilk növbədə, təbii ki, Ukrayna böhranının ədalətli əsaslarla mümkün həllindən danışdıq”, – Putin bildirib.

    O qeyd edib ki, Trampla görüşdə Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini sakit və əsaslı şəkildə ifadə etmək imkanı olub.

    “Söhbət çox səmimi, məzmunlu olub və fikrimcə, bu, bizi lazımi qərarlara yaxınlaşdırır”, – Rusiya prezidenti bildirib.

    Xatırladaq ki, avqustun 15-də Rusiya və ABŞ liderləri son yeddi ildə ilk dəfə genişmiqyaslı görüş keçiriblər. Sammit Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında keçirilib və prezidentlərin əhəmiyyətli irəliləyiş barədə bəyanatlar verməsi, lakin heç bir razılaşma imzalanmaması ilə yekunlaşıb. Tramp və Putin əsas məsələləri müzakirə ediblər: Ukraynadakı münaqişəyə son qoyulması, nüvə silahlarına nəzarət perspektivləri, ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələrinin bərpası.

  • Ərdoğan Alyaska sammitinə münasibət bildirdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən zirvə görüşü ilə bağlı açıqlama verib.

    Ərdoğan bu barədə “X”da yazıb.

    “Görüş Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün axtarışlara yeni sürət verdi. Türkiyə sülhün bərqərar olması üçün hər cür töhfəni verməyə hazırdır”, – Türkiyə lideri qeyd edib.

  • Uşağını göstərmədiyi üçün keçmiş arvadına aliment ödəmədi – HƏBS EDİLDİ

    Aliment borcunu ödəməyən şəxs həbs edilib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, 40 yaşlı A.İsgəndərov Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilib.

    Buna səbəb İsgəndərovun boşandığı xanımına alimenti ödəməməsi olub. Bir qızı olan İsgəndərov daha əvvəl də aliment ödəmədiyi üçün 15 sutka həbs olunmuşdu. Onun 11 min manat aliment borcu yaranıb.

    İsgəndərov fərdi ustalıqla məşğul olduğunu, aylıq qazanc əldə etdiyini deyib. Bildirib ki, keçmiş arvadı qızını ona göstərmirmiş, buna görə də İsgəndərov aliment ödəmirmiş.

    Məhkəmənin hökmü ilə İsgəndərov 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Allahverdi Yolçuyev: “Əliqismət Lalayev dedi ki, Xalq artisti olsaydın, səni işə götürərdim”

    “Akademik Musiqili Teatrın keçmiş rəhbəri Əliqismət Lalayev mənə dedi ki, Xalq artisti olsaydınız, işə götürərdim”.

    Bu barədə tanınmış aktyor Allahverdi Yolçuyev “Teleqraf”a müsahibəsində qeyd edib.

    Aktyor bildirib ki, institut illərində bir çox tamaşalarda çıxış edib və Dövlət Televiziyasında da çalışıb:

    “Xoşbəxtəm ki, bütün baş rolları ifa etmişəm. İki dəfə Sankt-Peterburqda keçirilən bədii qiraət müsabiqəsində iştirak etmişəm, birində diplom, birində isə fəxri fərman almışam. Onu da əlavə edim ki, cənab nazir nə qərar versə, onu böyük məmnuniyyətlə qəbul edəcəyəm. Aktyor üçün sosial həyat vacib şərtdir, əgər sosial həyat olmasa, insan tez qocalar.

    Müəllim olsun, öz peşəsi üçün çalışır, mən də elə edirəm. Əvvəllər seriallarda çəkilmişəm və dublyaj işləri ilə məşğul olmuşam. Son illər isə fəaliyyətim dayanıb”.

  • Şəhid anası vəfat etdi

    Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva vəfat edib.

    Şəhid anası bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, Rəsul Sadıqov 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn edilib.

    “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

  • Məktəbdə şagirdin telefonunu sındıran müəllim cərimələndi

    Məktəbdə şagirdin telefonunu yerə vuraraq sındıran müəllim cərimələnib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Ağdam rayonu İmamqulubəyli kənd orta məktəbində baş verib.
    Məktəbin tarix müəllimi dəfələrlə qadağa qoyulmasına baxmayaraq sinifə telefon gətirən şagirdin telefonunu yerə vuraraq qırıb.
    Dərs zamanı telefon zəng gəlib. Müəllim telefonun kimə məxsus olduğunu soruşub. Şagirdlərdən heç biri cavab verməyib. Müəllim telefonu axtaraq pəncərədəki güllərin arxasından tapıb. Telefonun kimin olduğunu soruşsa da müəllimə cavab verən olmayıb. Müəllim də telefonu yerə vuraraq sındırıb.
    Telefonun şagirdlərdən Filiz Kazımovaya məxsus olduğu məlum olub. Müəllim inzibati xəta törətdiyi üçün məsuliyyətə cəlb edilib. 48 yaşlı müəllim vurduğu zərər məbləğində inzibati qaydada cərimə olunub.

  • Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq

    Yazıçı Vidadi Babanlı sabah Qazax rayonunun Şıxlı kəndində ailə qəbiristanlığında dəfn ediləcək.

    Median.Az xəbər verir ki, bu barədə APA-ya yazıçının qızı Leyli Babanlı məlumat verib.
    O bildirib ki, bu, atasının vəsiyyəti olub.

  • Xalasının evindən oğurladığı pulları əyləncəyə xərcləyibmiş

    İmişlidə xalasının evindən oğurluq edən 17 yaşlı gənc məsuliyyətə cəlb edilib.

    Musavat.com xəbər verir ki, yetkinlik yaşına çatmayan Orxan (ad şərtdir) xalasının evində olan zaman qabda pulların olduğunu görüb.

    Orxan xalasına məxsus 3 min manat nağd pulu və qızıl üzüyü götürüb. Orxan həmin pulla bibisi oğlu ilə restoranda, oyun klublarında vaxt keçirib, əyləncəyə xərcləyib. Nağd pulu xərclədikdən sonra qızıl üzüyü sataraq həmin pulu da xərcləyib.

    Xalası oğurluğun Orxan tərəfindən törədildiyini bilməyib. Evinə gələn zaman otaqda ayaq izləri görən qadın şübhələnib və pullarının oğurlandığını bilib. Polisə məlumat verəndən sonra oğurluğun Orxan tərəfindən törədildiyi məlum olub.

    Orxan oğurluqda təqsirləndirilərək barəsində cinayət işi açılıb və polis nəzarətinə verilib. Orxanın xalası onu bağışlayıb və şikayətçi olmayıb.

    Onun barəsində 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

  • İcra hakimiyyətində 28 min manatlıq təmir – Qalib şirkət kimindir?

    Ağcəbədi Rayon İcra Hakimiyyəti “Star Construction Group” MMC ilə satınalma müqaviləsi bağlayacaq.

    Qaynarinfo-nun məlumatına görə şirkət qurumun inzibati binasında cari təmiş işləri görəcək.

    Təmir işləri üçün “Star Construction Group” MMC-yə 28 819, 14 manat ödəniləcək.

    “Star Construction Group” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Rəsul Muxtar oğludur.

    Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi barəsində də hər hansı məlumata rast gəlinmir.

    Şirkət cari ildə daha iki satınalma müsabiqəsinin qalibi seçilib. Hər iki müsabiqə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilib. Müsabiqələrədən biri dəmir tullantıların satın alınması, digəri isə cari təmir işləri ilə bağlı olub. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin maliyyə dəyəri müvafiq olaraq 150 804 manat və 179 844,39 manat olub.

    Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir. Rafil Hüseynov 2012-2019-cu illərdə isə Masallı rayonunun icra başçısı vəzifəsində çalışıb.

  • Azər Axşamın yeni iş yeri açıqlandı

    Aktyor Azər Axşam növbəti mövsümdə yeni kanalda tamaşaçı qarşısına çıxacaq.

    Axşam.az xəbər verir ki, aktyor “Komedixana”da rol alacaq. Bu haqda A.Axşam özü məlumat verib. O bildirib ki, “Xəzər TV”də efirə çıxacaq.

    Azər əlavə edib ki, ATV-də yayımlanan “Qız atası” serialında da rolunu davam etdirəcək.