Month: August 2025

  • Volqa çayında bir milyon dollarlıq yaxta YANDI – Video

    Rusiyanın Saratov vilayətində Volqa çayında dəyəri 1 milyon dollara yaxın olan “Meçta” (“Arzu”) yaxtası yanıb və batıb.

    Median.Az oxu.az-s istinadən xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

    Məlumata görə, yanğının ilkin səbəbi kimi elektrik naqillərində nasazlıq göstərilir.

    Bildirilir ki, yaxtanın göyərtəsində 6 kişi olub: Voloqodskaya vilayətindən olan 59 yaşlı yaxta sahibi və ekipaj. Onlar Balakovo – Samara marşrutu ilə hərəkət ediblər. Yanğını görən kapitan onu sərbəst şəkildə özü söndürməyə başlayıb, lakin alov sürətlə yayılıb. Nəticədə, hamıya suya tullanmaq əmri verilib.

    Təsadüfi şahid sahildən tüstünü görüb və öz qayığına minərək köməyə gedib. Kişi dörd nəfəri xilas edə bilib, daha iki nəfər xilasedicilər tərəfindən təxliyə edilib. Xilas edilənlər təcili tibbi yardıma təhvil veriliblər. Onlar ciddi xəsarət almayıblar, lakin bəzilərində hipotermiya əlamətləri müşahidə edilib.

    “Baza”nın mənbələri xəbər verirlər ki, yaxtanın sahibi gəminin elektrik naqillərində problem olduğundan xəbərdar olub. Gəmi 27 il əvvəl tikilib. 2017-ci ildə “Meçta”nı 4,5 milyon dollara satmağa çalışıblar. Lakin 2025-ci ilə qədər yaxtanın dəyəri təxminən 5 dəfə azalaraq 866.000 dollara düşüb.

    Məsələ burasındadır ki, bu, gəminin problemlə üzləşdiyi ilk hadisə deyil. 2022-ci ilin noyabrında yaxta Saratovla üzbəüz Zayaçi adası yaxınlığında saya oturub. Yedək gəmiləri donanması yalnız iki həftə sonra yaxtanı qumdan çıxara bilib. Yerli media “Meçta”nı uğursuz adlandırıb.

    Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə “Külli miqdarda ziyan vurma ilə nəticələnənə yol hərəkəti və su nəqliyyatının istismarı qaydalarını pozma” maddəsi üzrə istintaqa göstəriş verib.

  • Bakıda polisdən qaçan şəxsin avtomobilindən qeyri-adi formalı silah çıxdı

    Bakıda avtomobili narkotik vasitənin təsiri altında və dövlət qeydiyyat nişanı olmadan idarə edib, polisin əmrinə tabe olmayan şəxsin maşınından əsa formasında xəncər tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobili dövlət qeydiyyat nişanı olmadan, xüsusi səs və sayrışan işıqlardan istifadə edərək, eləcə də nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər (plyonka) çəkən “Opel” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.

    Sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da, yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində saxlanılıb. Sürücünün bu hərəkətləri və avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməyi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

    Tibbi müayinə zamanı, həmçinin sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Həmçinin, onun avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış, qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib.

  • Azərbaycanda icra başçısını ittiham edən qohumu barədə qərar verildi

    Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks-baş mühasibi Rəşad Babayevin barələrindəki qərardan verdikləri kassasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Rəşad Babayev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qohumudur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla birgə hakim qarşısına çıxarılan baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib.

    Rəşad Babayev ilkin məhkəmə instansiyasında demişdi ki, əvvəllər rabitə sahəsində mühasib işləyib. Sonradan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. İttihama görə o, ittifaqda mühasib kimi işlədiyi vaxt “ASAN İmza” ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10 min 842 manat 97 qəpik maaş yazıb. Beləcə qurumun 194 min manatını mənimsəyib.

    Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (Rabitə) Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb.

    Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Ayağına elektron qolbaq bağlanıb. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.

    Rəşad Babayevlə İsrafil Bəkirovun barələrindəki hökmdən apellyasiya şikayətləri hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılıb. İlkin instansiyada Rəşad Babayevə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Apellyasiya instansiyasında cəza 6 il 9 aya endirilib. İsrafil Bəkirovun cəzası isə dəyişdirilmədən saxlanılıb.

  • Müğənni Rəqsanə İsmayılova HƏBS EDİLDİ

    Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

    Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

    Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

  • Dənizə getmək istəyənlərin nəzərinə!

    Avqustun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.

  • Abşeronda evlərdən oğurluq edən şəxs saxlanıldı

    Abşeron rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxs müxtəlif vaxtlarda iki evdən 3060 manat pul və qızıl-zinət əşyalarını oğurlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 34 yaşlı T.Ağasıyev saxlanılıb.

    Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininə məxsus mopedi oğurlamaqda şübhəli bilinən 46 yaşlı X.Hidayətov tutulub.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Qroznı hava limanında uçuşlar ləğv edildi

    Vladiqafqaz və Qroznı hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

    Bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

    “Vladiqafqaz (Beslan) və Qroznı (Severnı) hava limanları təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edib”, – məlumatda qeyd olunub.

    Onun sözlərinə görə, bu məhdudiyyətlər təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

  • Gəncədə açıq ərazidə baş verən yanğın binaya ziyan vurub

    Gəncədə yanğın olub.

    Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

    Sözügedən ünvanda açıq ərazidə məişət tullantıları yanıb.Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı yaxınlıqda olan 9 mərtəbəli binanın 1-ci mərtəbəsində alov keçib.

    Yanğınsöndürənlərinin çevik müdaxiləsi ilə yanğın söndürülüb.Yanğının ətrafa yayılmasının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Mənzilə isə ziyan dəyib. Yanğının baş vermə səbəbəri araşdırılır.
    //unikal

  • Tom Kruz Trampın mükafatından imtina edib

    Amerikalı aktyor Tom Kruz Kennedi Mərkəzinin mükafatlarından imtina edib.

    Bu barədə “Washington Post” (WP) yazır.

    Anonim mənbələrin bildirdiyinə görə, aktyor vaxtla bağlı ziddiyyətlər səbəbindən mükafatdan imtina edib.

    Bu həftə ABŞ prezidenti Donald Tramp Kennedi Mərkəzinin 48-ci Fəxri mükafatının qaliblərini elan edəcək. Mükafat dövlət başçısı tərəfindən Vaşinqtondakı Kennedy Center Opera Evində Kiss rok qrupu, Broadway ulduzu Maykl Krouford, kantri musiqisinin əfsanəsi Corc Strait, aktyor Silvestr Stallone və müğənni Qloriya Qaynora təqdim olunacaq.
    //unikal

  • Bu ilin 7 ayında əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib

    Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, onlardan 5 mini təkərli oturacaq (o cümlədən 45-ü mühərrikli təkərli oturacaq), 1,5 mini aşağı və yuxarı ətraf protezi, 3,9 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

    Həmçinin əlilliyi olan şəxslərə 6,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 344 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

    Qeyd edək ki, cari ilin 7 ayında əlilliyi olan 9,5 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.