Month: August 2025

  • Hərbi Prokurorluqda yeni təyinat olub

    Hərbi Prokurorluqda yeni təyinat olub.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Hərbi prokurorun təqdimatı və baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovnik-leytenantı Bəhruz Şükür oğlu Məmmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, son günlərdə Respublika Hərbi Prokurorluğunda bir neçə yeni təyinat olub. Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar uğurla davam edir.

  • Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda təlim-məşq toplanışına başlayıblar

    Azərbaycanın qadın güləşçiləri növbəti təlim-məşq toplanışına başlayıb.

    Yığma avqustun 5-dən 20-dək U-20 Bolqarıstanın paytaxtı Sofiyada hazırlıq prosesi keçəcək.

    Baş məşqçi əvəzi Toğrul Əsgərov və U-20 millisinin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri ilə birgə toplanışda iştirak edəcəklər.

    İki həftəlik hazırlıq prosesində həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq. Məqsəd yerli mühitə uyğunlaşmaq və Bolqarıstanın Samokov şəhərində təşkil ediləcək U2-0 dünya çempionatına daha yaxşı hazırlaşmaqdır.

    Qeyd edək ki, komanda avqustun 20-də Sofiyadan birbaşa Samokova yollanacaq.
    //report

  • İspaniyada meşə yanğını səbəbindən 1,5 mindən çox insan təxliyə edilib

    İspaniyanın Kadis əyalətinin Tarifa şəhərində böyük meşə yanğını ilə əlaqədar 1 500-dən çox insan təxliyə edilib.

    Bu barədə “Mundo” qəzeti məlumat yayıb.

    “Yaxınlıqdakı mehmanxanalardan, düşərgələrdən və yaşayış binalarından 1 550 nəfər təxliyə edilib. Avqust ayında mehmanxanaları dolduran istirahət edən şəxsləri əvvəldən evakuasiya etmək lazım gəldi”, – nəşr yazır.

    Məlumata görə, “Torre La Peña” düşərgəsində başladığı ehtimal edilən yanğın turizm bölgəsinə də keçib. Çərşənbə gününə keçən gecə Əndəlüs Meşə Yanğınsöndürmə Xidmətinin 100-dən çox mütəxəssisi yanğının N-340 magistral yoluna və hotel komplekslərinə keçməsinin qarşısını almaq üçün çalışıb. Səhər saatlarında yanğının söndürülməsinə 6 təyyarə də cəlb olunub.

    Tarifa meri Xose Antonio Santosun sözlərinə görə, bu yanğın son illərin ən ciddi yanğını olub. Onun söndürülməsinə əyalətin hər yerindən yanğınsöndürənlər cəlb olunub.

  • Siyasətçi qadınları inəklərlə müqayisə etdi, tənqid olundu

    Malayziyada qadınları inəklərlə müqayisə edən siyasətçi geniş ictimai qınağa məruz qalıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) nəşri məlumat yayıb.

    İslam yönümlü PAS Partiyasının üzvü Məhəmməd Salman Əl-Farisi “Facebook”da şəxsi təsərrüfatına məxsus inəyin fotosunu paylaşaraq, qadınların rəhbər vəzifələrə təyin olunmasına qarşı olduğunu izah etməyə çalışıb. Lakin onun paylaşımı ciddi qəzəblə qarşılanıb.

    “Bir inək lider təyin olunduqda, bütün qərarları o verir, ətrafındakı erkəklər isə sadəcə otlamaqla məşğuldurlar. Ona görə də imkan daxilində, lider kimi inək təyin edənlərə bənzəməməliyik”, deyə PAS-ın Maran bölgəsindəki gənclər qanadının rəhbəri bildirib.

    Bu fikirlər yalnız adi istifadəçilər deyil, həm də siyasətçinin koalisiya yoldaşları tərəfindən köhnəlmiş və alçaldıcı hesab olunub. “Perikatan Nasional” qadınlar hərəkatının rəhbəri bu sözləri seksist adlandırıb və bunun PAS partiyasının rəsmi mövqeyini əks etdirmədiyini bildirib.

    Sosial şəbəkələrdə artan narazılığa baxmayaraq, Əl-Farisi öz fikrində israr edir və təhqirə görə üzr istəməkdən imtina edib. Əksinə, onu tənqid etməyə davam edənlərə qarşı məhkəmə iddiası ilə hədələyib. Bəzi PAS üzvləri isə onun sözlərində seksual məna olmadığını iddia edərək, bunu sadəcə ədəbi alleqoriya kimi dəyərləndiriblər.

  • Azərbaycanın daha bir rayonunda ehsan ləğv edildi

    Bərdədə yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.

    Bu barədə Teleqraf-a açıqlamasında Bərdənin axundu Hacı Ramazan Hüseynov bildirib.

    Onun sözlərinə görə, artıq Bərdə rayonunda yas mərasimlərində sadəcə çay süfrəsi təşkil olunur.

    “Çay süfrəsində çay, limon, xurma verilir. Bu gün şəhid qardaşının mərasimi oldu və ehsan verilmədi”, – axund əlavə edib.

    Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

  • Bakıda “od qiyməti”nə, Xaçmazda 17 qəpik – Səbəb nədir?

    İstilərin bu qızmar çağında Bakıda pomidorun qiyməti “od tutub yanır”. Paytaxt bazarlarında kiloqramı 1,2-1,5 manata təklif olunan pomidor Xaçmazda, yerli əhali arasında “Eşşək bazarı” kimi tanınan topdansatış nöqtəsində cəmi 17 qəpiyə satılır. Buna baxmayaraq, sahibkarlar həm alıcı qıtlığından, həm də paytaxtda pomidorun kilosunun 1 manatdan yuxarı olmasından gileylənirlər.

    Bəs Xaçmazdan Bakıya bir saatlıq yol qət edən pomidorun qiyməti niyə enmir?

    İqtisadçı ekspert Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bütün bu vəziyyətdən həm istehsalçıların, həm də istehlakçıların əziyyət çəkdiyini deyib:

    “İstehsalçı ona görə əziyyət çəkir ki, yetişdirdiyi məhsulu sərfəli qiymətə sata bilmir. Məcburiyyət qarşısında qalıb məhsulu aşağı qiymətə təklif edir. Hətta bu qiymətə də bazarda alıcı az olduğundan pomidor tələf olur. Ölkənin ən böyük bazarı Bakıdır. Statistikaya görə, Bakıda 5 milyondan çox əhali yaşayır. Yarıdan çoxu ona görə deyirəm ki, bir hissəsi də Rusiyadadır. Real qiymətdən iki dəfə yuxarı qiymətə, məsələn, 40-50 qəpiyə satıla biləcək pomidor sahədə qalır və tələf olur”.

    Ekspert hesab edir ki, problem nə istehsalçıda, nə istehlakçıda, nə də bazardadır:

    “Problem istehsalçı, istehlakçı və bazar münasibətlərini tənzimləyəcək qurumlardadır. Aqrar İnkişaf mərkəzlərinin və Kənd Təsərrüfatı Nazirliyinin 1200 işçisi var. Bu qədər işçi nə ilə məşğuldur? İstehsalçı məhsulu yetişdirib bazara çıxarır, bazar da qiyməti müəyyən edir. Bəs nazirliyin işi nədən ibarətdir? Problem də elə buradan qaynaqlanır”.

    Vahid Məhərrəmli əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi istehsal olunan məhsulun istehlakçıya çatması üçün aradakı problemi həll etməlidir:

    “Əsas problem böyük bazarlarda monopolistlərin olmasıdır. Xaçmazdan Bakıya daşınan məhsulu sata bilməyəndə problem yaranır. Ona görə ki, məhsulu hansı bazara çıxaracaqsan, harada satacaqsan? Bu qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır. Dərhal Türkiyədə olduğu kimi, iki həftəlik 3-4 rayonda, daha çox əhali yaşayan ərazilərdə həmin məhsulun davamlı satışını təşkil etmək olar. Pomidor yeşikləri Xacmazda maşınlara yüklənilərək Bakıya gətiriləcək. Pomidor Bakıda Xaçmaza nisbətən 2-3 dəfə baha qiymətə satılacaq.

    İqtisadçıya görə, bu həm fermerlərə, həm də istehlakçılara sərf edəcək:

    “Uduzan olmayacaq. Sadəcə, öz işlərinin öhdəsindən gələ bilmirlər”.

  • Sabahın hava proqnozu açıqlandı

    Avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olacaq.

    Havanın temperaturu gecə 25-29, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

  • Son günlər insanlar arasında çoxalan başağrısı nədir? (VİDEO)

    Baş ağrıları ilə həkimə müraciət edənlərin sayı artıb…

    Həkimlərin sözlərinə görə, xüsusilə anomal havalarda belə şikayətlər çoxalır. Bu ağrılar kəskin və intensiv olması ilə fərqlənir. Səbəbi isə günvurma deyil.

    Həkim-nevroloqlar deyirlər ki, belə hallarda ağrıkəsici istifadə etmək düzgün deyil. Bu zaman başağrıları xroniki hal alır və daha da dərinləşir. Sadəcə istirahət etmək, kompüter və telefondan az istifadə etməklə ağrını azalmaq mümkündür.

    Həkimlərin sözlərinə görə, belə ağrılar keçicidir və ciddi müalicə tələb edən hal deyil. Lakin, bunu müəyyən etmək üçün həkimə müraciət etmək mütləqdir.//Xəzər TV

  • Başqasının mənzilində məskunlaşmış neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb?

    Bugünədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 188 ailə (676 nəfər) köçürülüb.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir:

    “İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür”.

    Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.

  • Kainatın sonu gözləniləndən daha tez başlaya bilər

    Yeni və gözlənilməz bir araşdırmaya əsasən, kainatın ömrü əvvəlki təxminlərdən daha qısa ola bilər və onun sonu cəmi 10 milyard ildən sonra başlaya bilər.

    Qaynarinfo “Live Science” portalına istinadən xəbər verir ki, bu yalnız mümkün ssenarilərdən biridir və əslində kainatın nə zaman sona çatacağını heç kim dəqiq bilmir. Ümumilikdə, kainatın necə sonlana biləcəyinə dair iki əsas nəzəriyyə mövcuddur:

    1. “Böyük donma” nəzəriyyəsi: kainat sonsuzadək genişlənəcək, ulduzlar enerjilərini tükəndirəcək və nəticədə hər şey mütləq sıfıra qədər soyuyacaq.

    2. “Böyük sıxılma” nəzəriyyəsi: kainatın genişlənməsi müvəqqəti haldır və müəyyən mərhələdən sonra bu proses əks istiqamətə – sıxılmaya keçəcək, nəticədə “əks Böyük partlayış” baş verəcək.

    Alimlər bu iki modeldən hansının daha real olduğunu müəyyənləşdirə bilmirlər. Son müşahidələr kainatın genişlənmə sürətində ciddi qeyri-müəyyənlikləri üzə çıxarıb. Bu problem elmi ədəbiyyatda “kosmoloji böhran” kimi tanınır.

    Bu böhranın həll yollarından biri – genişlənmə sürətini hesablamağa kömək edəcək nəzəri “sehirli ədəd” olan kosmoloji sabitin dəqiq dəyərinin tapılmasıdır. Lakin bunun üçün ilk növbədə qaranlıq enerjinin – kainatın genişlənməsinə səbəb olan müəmmalı qüvvə və ya maddənin nə olduğunu anlamaq lazımdır.

    Məhz bununla bağlı olaraq arXiv elmi platformasında yeni bir tədqiqat işi dərc edilib. Tədqiqatçılar Qaranlıq Enerji Sorğusu (DES) və Qaranlıq Enerjinin Spektroskopik Aləti (DESI) tərəfindən təqdim edilən son məlumatları analiz ediblər. Bu məlumatlar qaranlıq enerjinin aksionlar adlı hipotetik, ultra yüngül zərrəciklərdən ibarət ola biləcəyini göstərir.

    Aksionlar maddə ilə çox az qarşılıqlı təsirə girən nəzəri zərrəciklərdir. Əgər onların mövcudluğu sübut olunarsa, bu, kosmoloji sabitin mənfi dəyərə sahib olduğunu göstərir. Alimlərin fikrincə, bu hal kainatın Böyük sıxılma ilə sonlanacağına işarə edir. Onların hesablamalarına görə, bu proses gözləniləndən daha tez baş verə bilər.

    Yeni modelə əsasən, kainatın ümumi ömrü təxminən 33 milyard il olacaq. Hazırda kainatın yaşı 13,8 milyard il olaraq qəbul edildiyindən, demək olar ki, onun ömrünün üçdə biri artıq başa çatıb.

    Əgər bu model düzgün olarsa, kainatın genişlənməsi təxminən 10 milyard ildən sonra dayanacaq və daha sonra sürətlə sıxılmağa başlayacaq. Bu sıxılma əvvəlki modellərdən fərqli olaraq daha sürətli baş verəcək. Halbuki əvvəllər hesab edilirdi ki, Böyük sıxılma anına qədər yüz milyard illərlə zaman lazım olacaq.

    Bununla belə, qaranlıq enerjinin real təbiəti hələ də naməlum qalır. Odur ki, yeni model hələlik yalnız nəzəri xarakter daşıyır.

    Bu, Böyük sıxılmanın düşündüyümüzdən daha tez başlaya biləcəyini irəli sürən ilk tədqiqat deyil. 2022-ci ildə aparılmış bir araşdırmada da kainatın genişlənməsinin cəmi 100 milyon ildən sonra dayanacağı irəli sürülmüşdü.

    Əgər isə Böyük donma ssenarisi gerçəkləşərsə – hansı ki, bu variantı Albert Eynşteyn üstün tuturdu – o zaman kainatın sonu çox daha gec baş verəcək.

    Son araşdırmalara əsasən, Böyük donma ssenarisinin ən erkən başlaya biləcəyi zaman təqribən 1 kvinvinqviqintilyon il (yəni 1-in ardınca 78 sıfır) sonra olacaq.