Month: August 2025

  • KİV: Cənubi Afrika, Rusiya və Çin birgə dəniz təlimləri keçirəcək

    Cənubi Afrika, Rusiya və Çin bu ilin noyabrında Afrika sahillərində “Mosi 3” (“Tüstü 3”) kod adlı birgə hərbi dəniz təlimləri keçirəcək.

    Bu barədə “DefenceWeb” xəbər portalı məlumat yayıb.

    Təlimlər Atlantik okeanında ev sahibi ölkənin – Cənubi Afrikanın sahillərinə yaxın ərazidə keçiriləcək. Təlimlərə Çin başçılıq edəcək. Təlimlərdə hansı gəmilərin iştirak edəcəyi hələlik açıqlanmır.

    İyun ayında Cənubi Afrikada keçirilən hazırlıq iclası zamanı “Mosi 3” iştirakçılarının qarşısına aşağıdakı vəzifələr qoyulub: üç ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsi və inkişafı, dəniz əməkdaşlığının gücləndirilməsi, dənizdə sülhün və sabitliyin qorunması.

    Xatırladaq ki, Cənubi Afrika, Rusiya və Çinin ilk birgə hərbi dəniz təlimləri (Mosi) 2019-cu ilin noyabrında Keyptaun yaxınlığında, Atlantik okeanında keçirilib. “Mosi-2” isə 2023-cü ilin fevralında Hind okeanında Durban şəhərinin şimalında baş tutub.

    /report

  • Donald Tramp-İlham Əliyev dialoqu: Qarşılıqlı etimada əsaslanan siyasi münasibətlər

    Prezident İlham Əliyev 2024-cü ilin yayında Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-da keçiriləcək prezident seçkisinə dair suala cavab verərkən Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərlə strateji baxışını və Vaşinqtonda baş verən siyasi proseslərə obyektiv yanaşmasını nümayiş etdirmişdi. Dövlətimizin başçısı İlham Əliyev Trampın prezidentliyi dövründə ABŞ-nin yeni hərbi münaqişələrə qoşulmamasını, ailə və ənənəvi dəyərlərə verdiyi önəmi xüsusi vurğulayaraq, onun daxili və xarici siyasətindəki sabitlik amilinə diqqət çəkmişdi. Bu açıqlama Azərbaycanın regional və qlobal siyasi proseslərə bəsirətli yanaşmasının bariz nümunəsi idi.

    Median.Az bildirir ki, bu barədə AZƏRTAC-da dərc olunan məqalədə qeyd olunub.

    Bildirilib ki, Donald Trampın yenidən prezident seçilməsindən sonra iki lider arasında baş tutan telefon danışığı və məktub mübadiləsi isə münasibətlərin yalnız rəsmi deyil, eyni zamanda, şəxsi etimada əsaslandığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-yə hazırkı səfəri bu dialoqun diplomatik müstəviyə keçərək konkret nəticələr doğura biləcək əməkdaşlıq mərhələsinə daxil olduğunu nümayiş etdirir. Bu, eyni zamanda, Vaşinqton-Bakı xəttində siyasi təmasların dərinləşməsi və qarşılıqlı hörmətə söykənən strateji münasibətlərin institusional xarakter almasının göstəricisidir.

    Xüsusilə vurğulamaq lazımdır ki, bu cür yüksəksəviyyəli liderlər dialoqu ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır, qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşməsi üçün zəmin yaradır. Liderlər diplomatiyası vasitəsilə ölkələr arasında strateji tərəfdaşlıq daha möhkəm, dayanıqlı və çevik xarakter daşıyır.

  • Xaricdən Azərbaycan universitetlərinə köçürülmə ilə bağlı iddialara aydınlıq gətirilib

    Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair iddialara aydınlıq gətirib.

    Bu barədə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qaydalara əsasən tələbə təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamalıdır. Yəni proqram üzrə normal hesab edilən dərslərin ən azı 50%-ni keçə bilməlidir.

    Diqqətə çatdırılıb ki, bəzi hallarda tələbələr minimal sayda dərs yükü götürərək təhsillərini çox uzun müddətə bitirirlər, lakin bu ali təhsildə tətbiq olunan normativlərə uyğun deyil: “Qüvvədə olan təhsil standartına əsasən normativ təhsil müddəti 4 il və hər tədris ili üçün 60, hər semester üçün isə 30 kredit olaraq müəyyən edilir. AR NK-nın 348 saylı qərarı da eyni müddəanı müəyyən edir”.

    Agentlikdən o da bildirilib ki, xarici ölkələrdən gələn bütün tələbələr oxuduqları müəssisəyə mərkəzləşdirilmiş imtahanla qəbul olmalıdırlar: “Bu tələblə bağlı bir halda istisna edilir, o da əgər tələbənin oxuduğu müəssisə dünya universitetlərinin reytinqində top 500-də olubsa. Həmçinin Türkiyədə 2023-cü ildən mərkəzləşmiş YÖS imtahanları keçirilir. Həmin ilin sonundan isə universitetlərin keçirdikləri lokal imtahanlar ləğv edilib. Qaydalara əsasən həm 2024-cü ildə, həm də bu il yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Heç bir ölkənin universitetləri tərəfindən təşkil edilmiş imtahanların nəticələri qəbul edilmir”.

    Əlavə olaraq o da bildirilib ki, Agentlik köçürülmə prosesinə nəzarət edən qurumdur, köçürülmə ilə bağlı qərarlar ali təhsil müəssisələri tərəfindən qəbul olunur. Əgər tələbələr proseslə bağlı hər hansı çətinliklə üzləşsələr köçürülmək istədikləri müəssisəyə müraciət edə bilərlər.

    Qeyd edək ki, tələbələrin iddialarına görə, ya onlara kredit sayı bəhanəsi ilə, ya da YÖS imtahanı ilə bağlı müxtəlif arqumentlər səbəb göstərilir və köçürülmə prosesi həyata keçirilmir. Belə ki, tələbələrin sözlərinə görə, onların böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub, lakin agentlik onlara yalnız TR-YÖS nəticələri etibarlı olduğunu deyir. Hətta bəzi tələbələr Təhsildə Keyfiyyət Təminatı Agentliyinə köçürülmə ilə bağlı rəsmi şəkildə 250 manat dövlət rüsumunun ödədiyini və köçürülmə üçün şəhadətnamə də aldığını iddia edib.

  • Kirayə mənzil bazarında qıtlıq yaranacaq, qiymətlər artacaq

    Hər ilin avqust ayından başlayaraq sentyabr ayının birinci yarısına qədər tələbələrin Bakıya gəlməsi səbəbindən şəhərdə kirayə mənzil bazarında mənzil qıtlığı və qiymət artımı baş verir.

    Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

    Onun sözlərinə görə, son illər kirayə mənzil bazarında qiymət artımı daha çox müşahidə olunur. Ekspertin fikrincə, tələbələrin gəlməsi ilə yanaşı kirayə mənzil bazarında qiymət artımlarının bir neçə səbəbi var:

    “Əsas səbəblərdən biri Bakıda aparılan söküntülərdir. Çox sayda yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsi həmin sakinlərin kirayə mənzil bazarına üz tutmasına gətirib çıxarır və həmin insanlar uzunmüddətli kirayəyə çıxmağa məcbur olublar”.

    Mütəxəssis qeyd edib ki, digər tərəfdən sökülən binaların yerində inşa olunan yeni tikililərdə kirayə qiymətləri köhnə tikili binalardakı qiymətlərdən iki dəfə baha qiymətə təklif olunur: “Başqa bir məsələ isə kirayə qiymətləri mənzillərin satış qiymətləri ilə əlaqədardır. Mənzillərin satış qiymətində artım baş verdikcə, kirayə qiymətlərində də artım baş verir”.

  • Qala qəsəbəsində ağır QƏZA: Ölən və yaralananlar var

    Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avqustun 6-da saat 17:30-da paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Ford” və “Range Rover” markalı avtomobillər toqquşub.

    Nəticədə, “Ford” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Ləman Elçin qızı Göyüşlü hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.

    Araşdırma aparılır.

  • Qala qəsəbəsində ağır QƏZA: Ölən və yaralananlar var

    Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avqustun 6-da saat 17:30-da paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Ford” və “Range Rover” markalı avtomobillər toqquşub.

    Nəticədə, “Ford” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Ləman Elçin qızı Göyüşlü hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.

    Araşdırma aparılır.

  • Dostlarına atasını öldürməyi sifariş edən şəxsə HÖKM OXUNDU

    Atasının qətlini sifariş verməkdə ittiham edilən Fəqan Fərəcov, onunla birgə mühakimə olunan İlkin Hüseynov və Fariz İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənlərdən Fəqan Fərəcovun 10 il, İlkin Hüseynovun 10 il, Fariz İsmayılovun isə 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Müşavirədən sonra hökm elan edilərək hər üç şəxs 8 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Onu da qeyd edək ki, təqsirləndirilənlərdən Fariz İsmayılov vətən müharibəsi iştirakçısıdır, qazidir.

  • Süni intellekt göz xərçəngini 89 faiz dəqiqliklə müəyyən etməyi öyrəndi

    Ninbo Oftalmologiya İnstitutunun alimləri süni intellektin göz səthindəki xoşxassəli və bədxassəli şişləri fərqləndirməsinə imkan verən yeni model hazırlayıblar.

    “Research” jurnalında dərc olunan tədqiqata görə, yaradılmış texnologiya bu diaqnostikanı 89 faiz dəqiqliklə yerinə yetirə bilir.

    Alimlərin sözlərinə görə, göz şişləri erkən mərhələdə çox vaxt fərq edilmədən qalır: onları allergiya və ya iltihabla səhv salmaq mümkündür. Bu isə gecikmiş diaqnostika ilə nəticələnir və görmə itkisinə, bəzən isə xəstənin həyatını itirməsinə səbəb olur. Kiçik yaşayış məntəqələrində isə ixtisaslaşmış oftalmoloqların çatışmazlığı bu problemi daha da dərinləşdirir.

    Süni intellekt artıq bir sıra göz xəstəliklərinin müəyyən olunmasında istifadə olunur, lakin nadir patologiyalar üçün tələb olunan etiketli (yəni diaqnozla təsdiqlənmiş) böyük həcmli məlumat bazasını toplamaq çətindir. Professor Çjunven Li rəhbərliyində çalışan tədqiqat qrupu bu çətinliyə innovativ yanaşma təklif edib.

    Tədqiqatçılar əvvəlcə OSPM adlı modeli 10 Çin klinikasından toplanmış 760 min etiketlənməmiş göz şəkli üzərində öyrədiblər. Daha sonra ona 1455 təsdiqlənmiş diaqnostik şəkil təqdim edilib. Nəticədə, süni intellekt bədxassəli şişlərin diaqnostikasında 89% dəqiqlik göstərib. Maraqlısı odur ki, bu dəqiqlik fərqli kameralarla çəkilmiş şəkillər üçün də qorunub saxlanılıb.

    Yaradılmış digər versiya — OECM alqoritmi isə adi rəqəmsal fotoşəkillərlə də işləyə bilir. Bu xüsusiyyət texnologiyanı məsafədən istifadə üçün əlverişli edir: risk qrupuna daxil olan şəxslər sadəcə gözlərinin şəklini çəkib yoxlanış üçün göndərə bilərlər.

    Üstəlik, modelin az sayda etiketli məlumatla öyrədilməsi mümkündür, bu da nadir xəstəliklərin diaqnostikasını çətinləşdirən əsas problemi aradan qaldırır — xüsusilə də ixtisaslı həkim çatışmazlığı olan regionlarda.

    Yeni texnologiya artıq üç ssenaridə test edilir:
    1. Böyük xəstəxanalarda — ilkin diaqnostikanın sürətləndirilməsi üçün;
    2. Rayon klinikalarında — həkimlərə dəstək məqsədilə;
    3. Mobil tətbiq formasında — istifadəçilərin özlərini yoxlaması üçün.

    Əgər sınaqlar uğurla başa çatsa, bu texnologiya şişlərin erkən aşkarlanması üçün əlçatan vasitəyə çevrilə bilər. Bununla belə, hələlik modelin öyrədilməmiş nadir şiş alt növlərini nə dərəcədə dəqiqliklə tanıya biləcəyi məlum deyil.

  • Tailand və Kamboca ilkin razılığa gəliblər

    Tailand və Kamboca nümayəndə heyətləri arasında sərhəddə atəşkəsin həyata keçirilməsi və monitorinqi ilə bağlı ilkin danışıqlarda konsensus əldə edilib.

    Bu barədə Malayziya Silahlı Qüvvələrinin komandanı general Mohd Nizam Cəfər ölkənin dövlət xəbər agentliyi “Bernama”ya eksklüziv şərhində bildirib.

    Hazırda Malayziyada Tailand və Kamboca arasında silahlı sərhəd münaqişəsindən sonra atəşkəs rejiminin tətbiqi və monitorinqi üzrə danışıqlar aparılır. ABŞ və Çindən olan müşahidəçilərin iştirakı ilə keçiriləcək yekun iclasın cümə axşamı günü baş tutacağı gözlənilir.

  • İran və Azərbaycan sərhəddə birgə layihələrin icrasının tezləşdirilməsini istəyirlər

    BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Türkmənistanın Avaza şəhərində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında keçirilən görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq, xüsusilə də birgə sərhəd layihələrinin icrası müzakirə olunub.

    Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, görüş zamanı hər iki tərəf Astara dəmiryolu yük terminalı və tikilməkdə olan sərhəd körpüləri də daxil olmaqla, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

    Prezidentlər İlham Əliyevlə Məsud Pezeşkian arasında sıx təmasların iki ölkə arasında münasibətlərin dərinləşməsində xüsusi rol oynadığı qeyd edilib.

    Tərəflər, habelə yaxın vaxtlarda qarşılıqlı səfərlərlə bağlı razılığa gəliblər.

    Görüşdə layihələrin irəliləməsi, qarşıda duran problemlərin həlli və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.