Month: September 2025

  • Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı – Dələduzluq cinayəti

    Barəsində olan cinayət işinə xitam verdirib azadlığa çıxmaq istəyən şəxs dələduzluğa məruz qalıb.

    R.M. narkotik cinayətində şübhəli bilinərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

    Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. R.M. yaxınlarına xəbər göndərərək, Əli adlı şəxsin onun barəsindəki cinayət işinə xitam verdirə biləcəyini deyib. Bu baxımdan, o, yaxınlarına həmin şəxslə görüşmələrini tapşırıb.

    R.M.-nın yaxınları həmin şəxslə görüşüb. Əli onlardan cinayət işinə xitam verilməsi üçün 30 000 manat pul istəyib. Qarşı tərəf razılaşıb və hissə-hissə Əliyə 30 000 manat verilib. Lakin Əli verdiyi vədi yerinə yetirməyib.

    Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Əli saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə baxılıb.

    Əli verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, aldığı pulu şəxsi ehtiyaclarına xərclədiyini deyib. Əlavə edib ki, dəymiş zərəri qaytarmaq istəsə də, buna imkanı olmayıb.

    Məhkəmənin hökmü ilə Əliyə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
    //qaynar.az

  • 19 milyon ayrılıb, amma… – Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?

    Nərimanov Tibb Mərkəzində yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanması planlaşdırılsa da, bu baş tutmayıb.

    Qaynarinfo xəbər verir ki, artıq 2025-ci il sona çatır. Nərimanov Tibb Mərkəzində isə işlər hələ də davam edir. Müşahidələr göstərir ki, yenidənqurma işləri cari ildə də tamalanmaya bilər.

    Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərini “Var Construction” MMC həyata keçirir. Şirkət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2023-cü ildə bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında 19 128 385,74 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Var Construction” MMC 6 yanvar 2005-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan “Var Construction” MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.

    “Var Construction” MMC-nin qanuni təmsilçisi Rafət Orucov haqqında da heç bir məlumat yoxdur. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Kərimov Alim Möhsün oğlu olub. Onun haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

    “Var Construction” MMC haqqında başqa bir fakt isə ondan ibarətdir ki, şirkət 2020-ci ilədək “Turqay” MMC adı altında fəaliyyət göstərib. MMC bu ad altında 2019-cu ildə 3 saylı şəhər Klinik Xəsətəxanasının kotyirovka sorğusunun, 2018-ci ildə isə Səhiyyə Nazirliyinin Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tenderinin qalibi seçilib. İki satınalma müsabiqəsi üzrə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 11 943 163,53 manat olub.

    “Var Construction” MMC kimi haqqında heç bir məlumat olmayan, ad dəyişən şirkətlərdən tender əməliyyatlarında istifadə edilir və bu tip şirkətlərin həyata keçirdiyi layihələrdə problemlər yaranıb. Nərimanov Tibb Mərkəzi ilə bağlı da oxşar hal yarana bilər.

    Bəzi iddialara görə isə xəsətəxananın yenidən qurulması işlərinin yubanması vəsait çatışmazlığı ilə əlaqədardır. Lakin bu iddia inandırıcı görünmür. 19 milyon manat bir xəstəxananın yenidən qurulması üçün o qədər də az vəsait deyil.

    Yeri gəlmişkən, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərinin yubanması faktı havadan götürülməyib. Yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanacağı barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bununla bağlı rəsmi açıqlaması var.

    Bəs, o zaman Nərmanov Tibb Mərkəzinin yenidən qurulması işlərin yubanmasının səbəbi nədir?

    Qaynarinfo bu sualla İcbari Tibbi üzrə Dövlət Agentliyinə müraciət edib. Qurumdan verilən cavabı olduğu təqdim edirik:

    “Bildiririk ki, Nərimanov Tibb Mərkəzi publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Şəhər Kliniki Xəstəxananın xəstəxana binası, korpusları və köməkçi binalarının yenidənqurulması (avadanlıq daxil) işlərinin satın alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən açıq tender proseduru keçirilib. Tenderin qalibi “VAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Agentlik arasında 21 avqust 2023-cü il tarixində 19 128 385,72 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb. Yenidənqurma işlərinə başlamazdan əvvəl, mövcud binanın layihə-smeta sənədləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, həmçinin ekoloji, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq lisenziyası olan podratçı şirkət tərəfindən işlənib hazırlanıb. Həmçinin layihə-smeta sənədləri ayrılmış vəsaitdən səmərəli istifadənin qiymətləndirilməsi məqsədilə “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Ekspertiza Rəyi əldə edib.

    Hazırda mövcud texniki şərtlərin tələbinə uyğun olaraq tikinti-quraşdırma işlərinin görülməsi istiqamətində müvafiq işlər aparılır. Sahənin geniş olduğunu nəzərə alaraq tikinti-quraşdırma işlərinin 2025-ci ilin sonuna başa çatması planlaşdırılıb. İşlər başa çatdıqdan sonra xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə veriləcək”.

    Göründüyü kimi açıqlamada yenidənqurma işlərinin deyilən vaxtda başa çatdırılmasının səbəbləri barədə heç bir qeyd yoxdur.

    Nərimanov Tibb Mərkəzi 5 nömrəli Şəhər Klinik Xəsətəxanasının hüquqi varisi kimi yaradılıb. Mərkəz TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

    Bu arada onu da qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara başlayıb.

  • Balıq bazarında son vəziyyət: Kəskin artım var

    Yeni mövsümdə balıq məhsullarının qiyməti kəskin şəkildə artıb.

    Qaynarinfo bununla bağlı sorğu aparıb.

    Balıq bazarından verilən məlumata görə, farel balığının bir kiloqramı 13 manat, çupra 19-22 manat, nərə 45 manat, böyük çəkili sıf 10 manata, xırda çəkili sıf 8-9 manata, çəki balığı 6-8-10 manat arasında təklif edilir. Bazarda ən ucuz xanı balığıdır ki, onun da kilosu 5 manata satılır.

    Balıq bazarında bütün balıqların qiyməti gətirilən bölgəyə görə dəyişir. Təmiz balıqlar ancaq Neftçala rayonundan gətirilir. İki kiloluq çəki balığı 25-30 manata satılır, onu da tapmaq olmur. Çəkisi 0,7-1 kiloqram arasında olan balıqlar 15 manata satılır. Qiymət fərqi onun dadındadır.

  • Avropada yay istiləri on milyardlarla avroluq zərərə səbəb olub

    Avropa İttifaqının hesablamalarına görə, bu ilin yayında müşahidə olunan kəskin istilər, quraqlıqlar və daşqınlar region iqtisadiyyatına azı 43 milyard avro ziyan vurub. 2029-cu ilə qədər bu rəqəmin 126 milyard avroya yüksələcəyi gözlənilir.

    Qaaynarinfo “The Guardian”a istinadən xəbər verir ki, 2024-cü ildə təkcə bir yay mövsümünün Avropa iqtisadiyyatına təsiri ümumi daxili məhsulun 0,26 faizi qədər olub.

    Ən böyük zərərə Kipr, Yunanıstan, Malta və Bolqarıstan məruz qalıb. Bu ölkələrin hər biri qısa müddətdə öz ümumi əlavə dəyərinin (ÜDM-ə bənzər göstərici) 1 faizindən çoxunu itirib. Ardınca isə İspaniya, İtaliya və Portuqaliya kimi digər Aralıq dənizi ölkələri gəlir.

    Mannhaym Universitetinin iqtisadçısı Seriş Usman bildirib ki, ekstremal hava şəraitinin real təsirləri tədricən ortaya çıxır, çünki onlar ilkin zərbədən kənara çıxaraq insanların gündəlik həyatına və dolanışıq mənbələrinə müxtəlif yollarla təsir edir.

    Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyi də bu yay baş verən ekstremal hava hadisələrində mühüm rol oynayıb. Məsələn, İspaniya və Portuqaliyada meşə yanğınlarının ehtimalı 40 dəfə, Yunanıstan və Türkiyədə isə 10 dəfə artıb. İyunun “səssiz dağıdıcı” istiləri 12 böyük şəhərdə ölüm hallarını üç dəfə yüksəldib.

    Tədqiqatda yalnız birbaşa iqtisadi itkilər deyil, həm də dolayı nəticələr – məsələn, tikinti işlərində iş saatlarının məhdudlaşdırılması və ya daşqın səbəbindən dəmiryolu xətlərinin sıradan çıxması ilə yol müddətinin uzanması – nəzərə alınıb.

    Belçika Milli Bankının iqtisadçısı Gert Beynens vurğulayıb ki, ən ciddi “gizli zərərlərdən” biri də təchizat zəncirlərindəki pozuntulardır. Onun sözlərinə görə, bu faktorun nəzərə alınmaması itkilərin 30 faizədək az qiymətləndirilməsinə səbəb ola bilər.

    Alimlər xəbərdarlıq edirlər ki, ekstremal hava şəraiti artıq Avropa iqtisadiyyatında dərin iz qoyur və dolayı təsirlər bəzən birbaşa fəsadlar qədər dağıdıcı ola bilər.

  • Bakıda məktəb direktoru məhkəməyə verildi – SƏBƏB

    Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 169 saylı məktəbdə məktəbin III sinifləri günorta növbəsinə keçirilib.

    Bu barədə Milli.Az-a şikayət edən valideynlər bildiriblər ki, məktəbin direktoru Pərvanə Əzimova dərs ilinin açılmasına 7 iş günü qalmış Elm və Təhsil Nazirliyinin adından istifadə edərək məktəbin bütün 3-cü siniflərini ikinci növbəyə keçirib.

    “Valideynlər adından yazılı müraciət etmişik, məktubu min bir əzabla rəsmi şəkildə qəbul elətdirmişik, lakin direktor ümumiyətlə məktuba cavab verməkdən imtina edir. Direktor nazirlik tərəfindən göstəriş verildiyini desə də, bizə heç bir rəsmi göstəriş təqdim olunmayıb. Daha sonra direktor Pərvanə Əzimova bildirdi ki, məktədə yeri yoxdur, ona görə belə edib. Nəyin nəticəsində yer yoxdur? İbtidai siniflərin binası ayrıdır. Nəyə yer yoxdur?

    Bu məktəbdə ibtidai sinif heç vaxt ikinci növbədə olmayıb və biz uşaqlar bu məktəbə qəbul olanda direktor şəxsən özü bunu bütün valideynlərə bəyan edib ki, bu məktəbədə ibtidai sinif hər zaman birinci növbədə olacaq və bir çox ailənin bu məktəb seçimi sirf bu özəlliyə görə olub. İndi hansı qanuna-qaydaya dayanaraq elektron qəbul sistemi bağlanandan sonra təhsil ilinin açılmasına 7 iş günü qalmış növbə dəyişdirilir. Bu qərar ötən ilin sonu qəbul edilib, elan edilməli idi. Həmçinin həmin direktor 11 sentyabrda 6-cı sinifləri də qəfildən ikinci növbə olduqlarını elan edir, lakin onların şikayəti nəticəsində sentyabrın 12-si bu qərar geri çəkilir, lakin bizim şikayət hələdə cavabsız qalıb. Şikayətlərimizdən sonra isə direktor bizimlə prinsipə düşüb. Deyir ki, mən prinsipə onları səhər növbəsinə qaytarmayacam.

    Biz Elm və Təhsil Nazirliyinədə şikayətimizi göndərmişik, lakin hələ cavab gəlməyib. Mən və bir valideyn daha artıq məhkəməyə də müraciət etmişik. Bütün valideynlər çıxılmaz vəziyyətdədir. Çox valideyn işləyir və bu ani qərarla belə çıxır ki, uşaqlarını dərsə göndərə bilməyəcəklər, bu da uşaqların təhsil alma hüququnun əlindən alınmasıdır”.

    Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov açıqlamasında bildirib ki, məktəbdə təlim-tədrisin təşkili məktəb rəhbərliyinin səlahiyyətindədir:

    “Qaydalara əsasən bütün paralel siniflər eyni növbədə olmalıdır. Məktəb daxili qaydalara əsasən direktorun səlahiyyəti var, tədris prosesi də buna uyğun olaraq tənzimlənir. Əgər məktəb iki növbəlidirsə, bu zaman dərslər həm birinci, həm də ikinci növbə ola bilər”.

  • KİV Kadırovun xəstəliyindən yazdı: “Çox arıqlayıb, ləng hərəkət edir”

    Rusiya və Çeçenistan mediasında Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin pisləşməsi ilə bağlı xəbərlər getdikcə daha çox yayılır.

    Qaynarinfo xəbər verir ki, rusiyalı jurnalist İrina Mişinanın yazdığına görə, onun son videolarda görünüşü narahatedicidir: Kadırov xeyli arıqlayıb, yavaş və gərgin hərəkət edir. Onun sözlərinə görə, Qroznıdakı mənbələr siyasətçinin böyrəklərində ciddi problemlərin olduğunu təsdiqləyir. Bildirilir ki, Kadırova sidiyin axıdılması üçün xüsusi drenaj sistemi – nefrostoma quraşdırılıb.

    Mənbələrin məlumatına əsasən, bu vəziyyətdə Kadırov faktiki olaraq respublikanın idarəçiliyindən kənarda qalıb. Əsas funksiyaları Çeçenistan hökumətinin başçısı Maqomed Daudov öz üzərinə götürüb, güc strukturlarının isə ehtimal ki, Kadırovun oğlu Adamın nəzarətinə keçəcəyi bildirilir.

    Avqustun əvvəlində yerli televiziya Kadırovun Qroznıda Putinin adını daşıyan mikrorayonun tikintisinə baxış keçirdiyi kadrları nümayiş etdirmişdi. Görüntülərdə o, açıq şəkildə narahatlıqla və yavaş hərəkət edirdi. Sentyabrda təhsil mərkəzinə səfəri zamanı yayımlanan süjetdə də oxşar əlamətlər müşahidə olunub. Operatorlar isə əsasən qısa və uzaqdan çəkilmiş protokol kadrları ilə kifayətləniblər. Böyrəklə bağlı ağır problemləri olan xəstələrə qoyulan nefrostoma uzun illər yaşamağa imkan verir, lakin fiziki aktivliyin məhdudlaşdırılmasını və ehtiyatlı həyat tərzini tələb edir.

  • Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır – QİYMƏT

    Azərbaycan dilinin düzgün yazılış qaydalarını təbliğ edən və sosial şəbəkələrdə populyarlıq qazanmış “Grammar Azi” layihəsi satışa çıxarılıb.

    Valyuta.az xəbər verir ki, satışa həm “Facebook”, həm də “Instagram” səhifələri təklif olunur.

    “Facebook”dakı “Grammar Azi” səhifəsi 15 min manata, “Instagram”dakı səhifə isə 3 min manata təklif olunur.

    Qeyd edək ki, layihə 2016-cı il oktyabrın 24-də yaradılıb. “Grammar Azi” səhifəsinin qurucusu Murad Hüseynovdur. Hazırda səhifənin “Instagram”da 18,5 min, “Facebook”da isə 69 min 659 izləyicisi mövcuddur. Layihənin əsas məqsədi gündəlik həyatda işlədilən ifadələrin və mediada yayımlanan xəbərlərin Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğun formada təqdim edilməsidir.

    Satışla bağlı paylaşım izləyicilər arasında geniş müzakirəyə səbəb olub. Bir qrup istifadəçi layihənin Azərbaycanda bu formatda yeganə platforma olduğunu vurğulayaraq onun satılmasının doğru olmadığını qeyd edib. Onların fikrincə, səhifəni alacaq şəxsin Azərbaycan dilinə yüksək səviyyədə bələd olması əsas şərtlərdəndir. Digər izləyicilər isə təklif olunan qiymətlərin olduqca yüksək olduğunu bildiriblər.

  • Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı ləğv etdi

    Ali Məhkəmədə Bakıda biznesmenə qarşı külli miqdarda dələduzluq erməkdə təqsirləndirilən Orucəli Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

    İttihama görə, 1962-ci il təvəllüdlü Orucəli Abbasov paytaxtın Dərnəgüldə metal bazarı adlanan ərazisindən iş adamı Əbdülhəsən Səfərovdan 1 milyon 44 min manatlıq metal boruları pulunu sonradan ödəmək vədi ilə götürsə də, həmin pulları ödməyib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə iş adamı Əbdülhəsən Səfərov bildirib ki, Orucəli Abbasov ondan aldığı külli miqdarda boruların pulunu müxtəlif sahələrə xəsrləyib. O, həmçinin qeyd edib ki, təqsirləndirilən şəxs şahidlərə təzyiqlər göstərib, onların ifadələrini dəyişməsi üçün təkliflər edib. Orucəli Abbasov isə deyib ki, satdığı malların pulunun böyük hissəsini verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orucəli Abbasov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

  • Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? – Ekoloqdan AÇIQLAMA

    Ötən gün Xəzər dənizinin Dağıstan sahili yaxınlığında tornado qeydə alınması narahatlıq doğurub.

    Görəsən, bu təbiət hadisəsi Xəzərin Azərbaycan sahillərində də baş verə bilərmi?

    Median.Az xəbər verir ki, ekoloq Cavid Hüseynov Bizim.media-ya açıqlamasında bildirib ki, Azərbaycanda həm quruda, həm də su üzərində zəif intensiv burulğanların yaranma ehtimalı istisna edilmir.

    Bununla belə tornadonun, praktiki olaraq, qabaqcadan proqnozlaşdırılması hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir.

    “Nadir meteoroloji hadisələrdən hesab olunan tornadoların təkrarlanma dinamikasına iqlim dəyişmələrinin təsirinin olması tam məlum deyil. Tornadolar ilin istənilən vaxtında, həm gündüz, həm də gecə saatlarında müşahidə oluna bilər. Onların intensivliyi Fujita və ya TORRO şkalaları ilə ölçülür. F0 və EF0 kateqoriyalı tornadolar zəif təsirlidir. Amma F5 və EF5 gücündə olanlar binaları bünövrəsindən qopara, hətta çoxmərtəbəli tikililərə ciddi ziyan vura bilir”.

    Niyə məhz sentyabrda?

    Maraqlıdır ki, təkrarlanma dinamikası məlum olmasa da, 2018-ci ildə də məhz sentyabr ayında (23 sentyabr) Xəzər üzərində tornado müşahidə olunmuşdu. O zaman rəsmi təsdiq olmasa da, dənizdə olan gəmiçilər bu təbiət hadisəsini lentə alıb paylaşmışdılar. Ekoloqlar bu hadisənin Xəzər dənizi akvatoriyası üçün nadir hadisə olduğunu bildirmişdilər.

    Qeyd edək ki, tornado (smerç) topa-yağış (cumulonimbus) buludundan Yer səthinə qədər uzanan, son dərəcə sürətlə fırlanan hava sütunudur. Ən güclü tornadolarda küləyin sürəti saatda 480 kilometrə (saniyədə 133 metrə) qədər çata, diametri isə 3 kilometrdən böyük ola bilər. Əsasən mülayim iqlim zonalarında, yəni Avropanın 60-cı paralelindən 45-ci paralelinədək ərazilərdə, həmçinin ABŞ, Meksika, Banqladeş, Hindistan, Yaponiya, Argentina və Uruqvay kimi ölkələrdə daha çox müşahidə olunur.

  • Bakıda sərnişin avtobus sürücüsünü döydü (VİDEO)

    Bakıda sərinişinlə avtobus sürücüsü arasında insident yaşanıb.

    Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

    “Azland Plaza” şirkətinin rəhbəri Tağıyev Ramiz saytımıza bildirib ki, 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.
    Bunu əks etdirən görüntülər də redaksiyamıza təqdim olunub.
    İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.

    Faktla bağlı polisə məlumat verilib.

    Həmin görüntüləri təqdim edirik:
    :