Month: September 2025

  • Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

    Rusiya qazının Gürcüstan üzərindən Ermənistana tədarükü Rusiyanın Stavropol diyarında qaz kəmərinin təmiri ilə əlaqədar dayandırılacaq.

    Bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.

    Məlumata görə, işlər sentyabrın 16-dan sentyabrın 26-dək “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində aparılacaq.

    Şirkət əmin edib ki, bu müddət ərzində Ermənistanda istehlakçılara fasiləsiz qaz tədarükü həm daxili ehtiyatlar, həm də İrandan tədarük hesabına təmin olunacaq.

  • 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisinin həbs müddəti uzadıldı

    Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhrəman Şamil oğlu Məmmədovun həbs müddəti uzadılıb.

    Bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

    Qərara əsasən, onun həbs müddəti iki ay müddətinə uzadılıb.

    Qeyd edək ki, Q.Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub.

    Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Q.Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

  • Bu il Azərbaycana gətirilən avtomobillərin sayı və dəyəri açıqlandı

    Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 1 milyard 381,4 milyon dollar dəyərində 74 min 481 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

    Yeniavaz.com-un apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 26,4% və ya 15 min 542 ədəd artıb.
    Qeyd edək ki, bu ilin ilk 8 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 543 dollar (31 min 752 manat) olub.
    Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 844 dollar (32 min 46 manat) olub.
    Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% və ya 301 dollar (294 manat) azalıb.
    Qeyd edək ki, artım daha çox daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalında müşahidə olunub. Belə ki, bu ilin ilk 8 ayında xaricdən 37 min 183 ədəd hibrid avtomobil gətirildiyi halda, ötən ilin ilk 8 ayında bundan təxminən 3 dəfəyə yaxın az – 13 min 504 ədəd avtomobil gətirilib.
    İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 17 min 559 dollar (30 min 69 manat) olub. Ötən ilin eyni dövründə bu göstərici 28 min 874 dollar (49 min 56 manat) təşkil edib.

  • Ərdoğan Azərbaycanı təbrik etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib.

    Bu barədə Ərdoğan “X” səhifəsində paylaşım edib.
    “Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanın və bütün qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram”, – paylaşımda bildirilir.

  • Azərbaycanda qanunsuz balıq ovlayan vətəndaşlar müəyyən olunub

    Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı reyd keçirib.

    Bakının Qaradağ rayonunda yerləşən Heydər Əliyev adına Dərin Özüllər Zavodu yaxınlığındakı ərazidə keçirilmiş reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan ölkə vətəndaşları Elşən Əliağa oğlu Həmzəyev və Mehman Xəlil oğlu Babayev müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    Onlardan tor vasitəsilə qanunsuz ovlanmış 1873 ədəd krevet götürülərək müvəqqəti saxlanması üçün Su Nəqliyyatında Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilib.

    Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam etdiriləcək.

    Qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.

  • Sumqayıtda 550 abonentin qazı kəsiləcək

    Sumqayıt şəhərinin bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə olacaq.

    Bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib

    Bildirilib ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində 57 mm-lik qaz xəttində yaranan sızmanın aradan qaldırılması ilə əlaqədar 550 abonentin qaz təchizatı saat 16:00-dan etibarən işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.

  • Bakıda köşkdən 12 min manatdan çox pul quldurluq yolu ilə talanıb

    Bakının Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, naməlum şəxslər paytaxt sakininə qarşı soyğunçuluq edərək pul vəsaitini, rayon ərazisində yerləşən köşklərin birindən isə mənimsəmə yolu ilə 12160 manatı ələ keçiriblər.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı M.Mehdiyeva, 22 yaşlı N.Rüstəmov və 20 yaşlı Ə.Məmmədov saxlanılıblar.

    Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə vətəndaşın bank kartından 600 manat, eləcə də marketlərin birindən 450 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 36 yaşlı E.Pirməmmədov da saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • TƏBİB: Летом утонули 26 человек

    Этим летом (в июне–августе) в Республиканский центр скорой и неотложной медицинской помощи поступило 79 обращений, связанных с утоплениями.

    В ответ на запрос Report в TƏBİB сообщили, что 11 из них – женщины, 68 – мужчины.

    На основании поступивших вызовов на места происшествий были направлены бригады скорой медицинской помощи. 23 человека, спасенные от утопления и получившие первую медицинскую помощь, были доставлены в больницы для дальнейшего лечения. В 30 случаях госпитализация не потребовалась, поскольку состояние пострадавших после оказания помощи на месте врачи скорой помощи оценили как удовлетворительное.

    В общей сложности у 26 человек смерть была констатирована до прибытия врача.

    Отметим, что обращения, связанные со случаями утопления, поступали не только из города Баку, но и из Сумгайыта, Ширвана, Астары, Товуза, Саатлы, Лянкярана, Габалы, Загаталы, Имишли и Агдаша.

  • TƏBİB: Yay aylarında 26 nəfər suda boğularaq ölüb

    Bu ilin 3 ayı (iyun, iyul və avqust ayları) ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 79 müraciət daxil olub.

    “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, onlardan 11-i qadın, 68-i kişidir.

    Daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları hadisə yerlərinə cəlb olunub.

    Belə ki, 23 nəfər suda boğulma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi xidmət üçün tibb müəssisələrinə təxliyə olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 30 nəfərə isə yerində tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün tibb müəssisəsinə hospitalizasiyaya ehtiyac yaranmayıb.

    Ümumilikdə, 26 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

    Qeyd edək ki, sudaboğulma hadisəsi ilə əlaqədar Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şirvan, Astara, Tovuz, Saatlı, Lənkəran, Qəbələ, Zaqatala, İmişli və Ağdaş rayonlarından da müraciətlər daxil olub.

  • Avtomobillə alimi vurub öldürməkdə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək

    Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin vəkilləri vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş ediblər.

    Onlar bildiriblər ki, məsələnin mediada işıqlandırılması mərhum Arif Acaloğlunun ailə üzvlərini narahat edir.

    Təqsirləndirilən Azər Maqsudov da vəsatətin təmin edilməsini xahiş edib. Dövlət ittihamçısı öz növbəsində vəsatətin təmin olunmasına etiraz etməyib.

    Məhkəmə vəsatəti təmin edib, bundan sonrakı proseslər qapalı keçiriləcək.

    Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

    Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

    A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.