Month: September 2025

  • Bu aviaşirkət poverbanklardan istifadəni qadağan edir

    2025-ci il oktyabrın 1-dən etibarən “Emirates” aviaşirkətinin bütün reyslərində sərnişinlərə poverbanklardan istifadə etmək və uçuş zamanı cihazları şarj etmək qadağan olunur. Şirkətin saytında dərc olunan açıqlamaya görə, sərnişinlər yalnız bir ədəd poverbank daşıya biləcək və bu qurğu yalnız əl yükündə saxlanılmalıdır. Çek-in edilmiş yüklərdə isə poverbank daşınmasına icazə verilməyəcək.

    Valyuta.az xəbər verir ki, yeni qaydalar çərçivəsində hər sərnişinə maksimum 100 vat-saatlıq poverbank limiti müəyyən olunub. Qurğular uçuş zamanı istifadə edilməməli və yalnız oturacağın altı və ya cibində saxlanılmalıdır. “Emirates” qərarı təhlükəsizlik məqsədi ilə qəbul etdiyini bildirib. Qeyd olunub ki, litium-ion batareyalar həddindən artıq qızdıqda və ya zədələndikdə yanğın və partlayış riski yaradır.

    Eyni zamanda, “Etihad Airways” də açıqlama yayaraq sərnişinlərin Bluetooth səsgücləndiricilərini həm əl yükündə, həm də baqajda daşıya biləcəyini bildirib. Lakin bu cihazların tam sönülü vəziyyətdə olması və zədələnmədən qorunması tələb olunur. Şirkət xatırladıb ki, poverbank, ehtiyat batareya və elektron siqaretlərin baqajda daşınması qadağandır.

  • Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: “Elə burda ailə quracam”

    Vətənə xidmət yalnız cəbhədə deyil, bilik meydanında da davam edir.

    2023-cü ilin sentyabrında baş vermiş lokal xarakterli antiterror əməliyyatında iştirak etmiş qəhrəmanlardan biri bu gün Qarabağ Universitetinin tələbəsi, İsgəndərli İlqar Habil oğludur.

    Gənc yaşında ön cəbhədə torpaq uğrunda mübarizə aparmış İlqar İsgəndərli indi təhsilini davam etdirərək ölkənin gələcəyi naminə yeni bir mübarizə yolunu seçib.

    Median.Az xəbər verir ki, AzEdu.az həmin tələbə ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

    – İlqar bəy, sizi öncə Xankəndinin azad edilməsi uğrunda göstərdiyiniz şücaətə, daha sonra isə Qarabağ Universitetinə qəbul olmağınız münasibətilə təbrik edirik. Çox istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq.

    – Təşəkkür edirəm. Mən, İsgəndərli İlqar Habil oğlu, 2001-ci ildə Beyləqan rayonunda anadan olmuşam. Tam orta təhsilimi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəyə müddətli həqiqi hərbi xidmətə yollandım. 2021-ci ildə xidmətimi başa vurub evə qayıtdım. Xidmətimi başa vurduqdan 5-6 ay sonra yenidən hərbiyə qayıtmaq qərarına gəldim.

    Kursu 3-cü səviyyə ilə bitirib, N saylı kəşfiyyat və hərbi hissəsində müddətdən artıq kiçik çavuş kimi xidmət etdim. 2023-cü ilin 19 sentyabrında Xocalı istiqamətində antiterror əməliyyatına qatıldım.

    Keçən il isə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin İnşaat-mühəndisliyi ixtisasına 390,5 balla qəbul oldum.

    – Niyə təhsilinizi məhz Qarabağ Universitetində davam etdirməyə qərar verdiniz?

    – Mən hələ hərbi xidmətdə olarkən Cənab Prezidentin Qarabağ Universiteti ilə bağlı sərəncam imzaladığını eşitmişdim. Həmin vaxt hərbi xidmətdən təxris edilmə planım olmadığı üçün dərhal qərar vermək mümkün olmadı. Təxris olunduqdan sonra isə burada təhsil almağı düşündüm, çünki xidmət etdiyim müddətdə demək olar ki, bütün günlərim Qarabağda keçmişdi və bu yer mənim üçün xüsusi önəm daşıyır.

    – İşğaldan azad olunmasında rol oynadığınız torpaqda indi təhsil almaq sizdə hansı hissləri yaradır?

    – Təbii ki, bu, əvəzolunmaz bir hissdir. Döyüş zamanı gəzdiyim yerlərdə indi tələbə olmaq xüsusi bir duyğudur və sözlə ifadə etmək çətindir. İnsanları, universiteti və günü-gündən gözəlləşən şəhəri gördükcə, xoşbəxt oluram.

    – Təhsil aldığınız ixtisası seçməyinizdə şəxsi maraq və təcrübənizin rolu oldumu?

    – Əlbəttə. Təhsil aldığım ixtisasa əvvəldən marağım vardı və şəxsi təcrübəm bu sahədə daha uğurlu olmağıma kömək etdi.

    – Bəs, universitetdə təhsil alan tələbələrlə, müəllim heyəti ilə münasibətiniz necədir?

    – Hər şey yüksək səviyyədədir. Sağ olsunlar, mənimlə həmişə hörmətlə rəftar edirlər və yeri gələndə söhbət edirlər. Qısaca, hər cür dəstəyi mənim üçün əsirgəmirlər.

    – Antiterror əməliyyatında iştirak etdiyiniz təcrübə sizin üçün necə bir mənəvi və şəxsi təcrübə oldu?

    – Antiterror əməliyyatına daxil olanda biz artıq torpaqlarımızın işğaldan azad olunacağına əmin olduq. Bütün ordu vahid şəkildə əmrin gözlənilən nəticəsini təmin etməyə yönəlmişdi. Cənab Ali Baş Komandanın əmrindən sonra əməliyyat başladı. İlk növbədə döyüş yoldaşlarımla bu barədə danışdıq və heç kimin üzündə qorxu və ya ümidsizlik görünmürdü. Bizim yeganə məqsədimiz verilən tapşırığı vaxtında yerinə yetirmək idi.

    Çox şükür ki, torpaqlarımızın işğaldan azad edilməsinə nail olduq. Bu, həyatımda heç vaxt unutmayacağım anlardan biridir. Vətənə kiçik də olsa töhfə verə bildiyim üçün qürurluyam və gələcəkdə də xidmət etməyə davam edəcəyəm.

    – Xankəndiyə ilk daxil olduğunuz anı necə xatırlayırsınız və o an sizdə hansı duyğular oyandı?

    – Elə Xankəndinin işğaldan azad edilməsi xəbərini biz verdik, çünki oraya ilk daxil olanlardan biri də mən idim. Antiterror əməliyyatından bir neçə ay əvvəl Xankəndini “YouTube” platformasından izləyirdim və həqiqətən də həsrətini çəkirdim. Uşaqlıq illərimizdə dərsliklərdə və böyüklərimizin danışdıqlarında Xocalı, Xankəndi haqqında məlumatlı idik. Həmin yerləri görmək mənim üçün bir xəyal idi, amma bilirdim ki, bir gün bu xəyal reallaşacaq.

    Təsəvvür etmək ayrı bir hiss idi, amma Xankəndiyə ilk daxil olduğum an mən şoka düşdüm. Qanadım olsa uçardım. Düşmən artıq təslim olmuş, ağ bayraq qaldırmışdı. Hazırda hərbçi olmasam da, tələbə kimi öz missiyamı yerinə yetirirəm və Xankəndinin yenidən qurulmasında iştirak edirəm.

    – Həmin dövrlərdə yaddaşınızda dərin iz qoyan hadisələr olubmu?

    – Antiterror əməliyyatı zamanı ilk növbədə Xocalıdan başlamışıq. Xocalı mənim üçün xüsusilə həssas bir yer idi. Daxil olanda komandirim mənə dedi: “Hazırda Xocalının bir hissəsini işğaldan azad etmişik və əməliyyat davam edir”. O an yerimdə 1-2 dəqiqə dayandım və özümə qəribə gəldi. Ağaclara, dağlara baxdım və düşündüm ki, buradayam. Uşaqlıqdan bəri həsrətini çəkdiyim torpaqdayam. Mən azad olunmasında pay sahibi olmuşam. Bu an ən yadda qalan xatirələrimdən biri oldu.

    – Döyüşdə olduğunuzu öyrənəndə ailənizin reaksiyası necə oldu və bu sizə hansı hissləri yaşatdı?

    – Ailənin narahat olmaması üçün əvvəlcə əməliyyatda olduğumu gizlətməyə çalışırdım. Sadəcə, döyüş bitdikdən 1-2 gün sonra valideynlərimlə əlaqə saxladım. Anam mənə dedi: “Onsuz da sənin döyüşdə olduğunu bilirdim. 2-3 gündür yatmırdım, hiss edirdim ki, əməliyyata qatılmısan”. O vaxt telefonumuz olmadığı üçün əlaqə saxlamaq mümkün olmamışdı.

    Anam mənə dedi: “Səninlə fəxr edirəm. Şükür ki, yaxşısan və ən əsası, səsini eşidirəm. Əgər torpaqların azad olunmasında sənin də payın varsa, sən də özünlə fəxr etməlisən”. Bu sözlər bizim aramızda çox unudulmaz bir dialoq oldu.

    – Qarabağ Universitetində təhsil almaq sizin üçün nə ifadə edir və Xankəndidə tələbə həyatı necə keçir?

    – Antiterror əməliyyatında iştirakımla bağlı bir çox müsahibələrə dəvət olunmuşam. Qarabağ Universitetində təhsil almaq isə mənim üçün xüsusi qürur mənbəyidir. Burada hər kəsin gözündə o işığı, gələcəyə inamı görmək mümkündür. Xankəndi günü-gündən yenidən inşa edilir, düşməndən qalan dağıntılar aradan qaldırılır. Universitetin girişində “Qarabağ Universiteti” sözlərini görmək isə sözün əsl mənasında hər şeyə dəyər.

    Bu yay boyu Xankəndidə qaldım, çünki buradan ayrıla bilmirəm. Bu şəhərlə, bu torpaqla bağlılıq mənim üçün sadəcə təhsil deyil, həm də həyatımın bir parçasıdır.

    – Ailədə neçə övladsınız?

     -Ailədə 4 övladıq. 3 qardaş,1 bacı. Böyük qardaşım ali təhsilini başa vurub və işləyir. Kiçik qardaşım orta məktəbdə 11-ci sinif şagirdidir. Bacımda hazırda orta məktəbdə 7-ci sinifdə oxuyur.

    – Gələcəklə bağlı hansı hədəfləriniz var?

    – Oxuduğum ixtisas üzrə hazırda Xankəndidə mühəndis kimi çalışıram. Gələcək planım yalnız bir amal üzərində qurulub. Xankəndinin yenidən inşasında iştirak etmək. Burada düşməndən heç bir iz qalmaması, yeni binaların ucaldılması istər tələbə yataqxanası, istərsə də digər tikinti obyektləri olsun, bu, mənim üçün həyatımın məqsədinə çevrilib.

    Təhsilimi başa vurduqdan sonra isə arzum burada ailə qurub yaşamaqdır. Çünki Xankəndi mənim üçün sadəcə bir şəhər deyil, həm mübarizə yolumun, həm də gələcəyimin rəmzidir.

  • Azərbaycan Səudiyyə Ərəbistanına kolbasa məhsullarını neçəyə satıb?

    Cari ilin yanvar-iyul aylarında Azərbaycan Səudiyyə Ərəbistanına ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar ixrac edib.

    Valyuta.az xəbər verir ki, bu müddət ərzində Azərbaycanın ixrac etdiyi məhsulların həcmi 0,03 ton olub.

    Adı çəkilən məhsulların ixracından əldə olunan gəlir isə 0,12 min ABŞ dolları təşkil edib.

    Beləliklə, bu ölkəyə ixrac olunan 1 kiloqram adı çəkilən məhsulun ixracı 4 dollar və ya 6,8 manata başa gəlib.

  • “Yaxşı pul olacaq” demişdi, dostunun 100 min pulunu batırdı

    Dostundan aldığı 100 min manatdan çox pulu onlayn investisiyada batıran şəxs məhkəmə zalında həbs edilib.

    “Qafqazinfo”nun məlumatına görə, 34 yaşlı Ramin Şamilliyə verilmiş ittiham yetərli sübutlarla təsdiqini tapmış hesab edilib.

    İttihamda yazılıb ki, Ramin orta məktəbdə birgə oxuduğu Aqşin Şadlinskidən onlayn yolla investisiya şirkətlərinə yatırım etmək üçün 106 min 500 manat alıb. O, Aqşini inandırıb ki, bu yatırım nəticəsində yaxşı pul əldə edəcəklər və nəticədə hər ikisi də qazanacaq.

    Bu əməlinə görə mühakimə edilən Ramin ifadəsində deyib ki, Aqşini valyuta bazarına yatırım etməyə məcbur etməyib, əksinə, özü könüllü razı olub. İlk vaxtlarda da ona 40 min manat qazandırıb. Lakin sonradan şirkətlərdən bəziləri bağlanıb, bəzilərinin də serverlərində problem yaranıb. Nəticədə 106 min manat batıb.

    O, əməlində cinayət tərkibi olmadığını düşündüyündən özünü təqsirli bilməyib. Əlavə olaraq deyib ki, bu məsələ ilə bağlı daha əvvəl də araşdırma aparılıb, amma cinayət işinin başlanmasından imtina edilib. İkinci araşdırmadan sonra isə eyni epizodlar üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Zərərçəkmiş Şadlinski isə dostunun onun inamından istifadə etdiyini, hələ də pulunu qaytarmadığı üçün şikayətçi olduğunu bildirib.

    Raminin Aqşinə yazdığı “sənin pulunu nə vaxtsa verəcəyəm”, “pulunu verəcəyəm, onsuz da cəhənnəmin ortasındayam”, “özümü və evdəkiləri də qurtarmağa çalışıram” məzmunlu SMS-ləri də sübut kimi qeydə alınıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Şamilli külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. Bütün istintaq müddətində azadlıqda olan müttəhim məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib.

  • İki gitara oğurlayan fəhlələr cəzalandırıldı

    Xankəndi şəhərində evlərin birindən gitara oğurlayan şəxslər cəzalandırılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini C.V. və 1988-ci ildə Yevlax rayonu Quşçu kəndində doğulmuş S.R. işləmək üçün Xankəndi şəhərinə gediblər. Onlar MMC-lərin birində fəhlə kimi fəaliyyət göstəriblər.

    Həmin şəxslər Xankəndidə yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsindəki mənzilə pəncərədən daxil olaraq, bir cüt ümumi dəyəri 625 manat olan 585 əyyarlı və 5 qram çəkili qızıl köynək sancağını, iki ədəd ümumi dəyəri 270 manat olan gitaranı və bir ədəd dəyəri 50 manat olan hava fenini oğurlayıblar.

    Saxlanıldıqdan sonra barələrində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə iş açılıb və məhkəmədə baxılıb. Məhkəmənin qərarı ilə C.V. və S.R. həbsdə olduqları 2 gün müddət çıxılmaqla 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onlar cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər.

  • Bu ölkədə mühüm nadir torpaq metalı yataqları aşkarlandı

    Avstraliyanın mərkəzində alimlər böyük həcmdə nioqium yataqları aşkarlayıblar. Bu metal müasir texnologiyaların əksəriyyəti üçün vacibdir. Tədqiqatçılar hesab edirlər ki, yataqlar təxminən 830 milyon il əvvəl superkontinent Rodiniyanın parçalanması nəticəsində formalaşıb.

    Qaynarinfo “Live Science” portalına istinadən xəbər verir ki, tapıntı barədə məqalə 2 sentyabrda “Geological Magazine” jurnalında dərc olunub. Burada karbona­tit süxurlarında zəngin nioqium ehtiyatlarının mövcudluğu təsdiqlənib.

    Nioqium gümüşü rəngli, korroziyaya davamlı, superkeçirici xassələrə malik metaldır. O, əsasən poladın möhkəmləndirilməsində istifadə olunur, həmçinin MRT skanerləri və hissəcik sürətləndiricilərinin istehsalı üçün vacibdir.

    Hazırda dünya üzrə nioqiumun 90 faizi Braziliyadakı bir mədəndə, qalanı isə Kanadada hasil olunur. Almaniyanın Gettingen Universitetindən alim Maksimilian Drellner qeyd edir ki, Avstraliyada bu yataqların necə və nə vaxt yarandığını anlamaq yeni mənbələrin axtarışına kömək edə bilər.

    Adətən nioqium az miqdarda müxtəlif süxurlarda rast gəlinir, lakin sənaye miqyasında hasilat üçün əsas mənbə karbona­titlərdir. Bu süxurlar yerin dərin qatlarında yerləşir və yalnız kəşfiyyat qazıntıları ilə aşkar edilə bilir.

    Avstraliyanın Aileron bölgəsində iki yeni yataq müəyyən olunub:

    * Luni yatağında təqribən 200 milyon ton nioqium olduğu ehtimal edilir.
    * Daha kiçik Krien yatağında isə təxminən 3,5 milyon ton metal mövcuddur.

  • Şəmkir bələdiyyəsinin sədrindən şikayət edən şəxs cəzalandırıldı

    Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənovdan dövlət qurumlarına şikayət edən şəxslə bağlı qərar verilib.

    Qaynarinfo-nun məlumatına görə, 1989-cu il təvəllüdlü, Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yaşayan Asiman Quliyev adlı şəxsə Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.

    İddia olunub ki, Asiman Quliyev dövlət orqanlarına yazdığı ərizə və sosial şəbəkə paylaşımlarında bələdiyyə sədrinə böhtan atıb, şərəf və ləyaqətini alçaldıb. Asiman Quliyev iddia edib ki, 2020-ci ildə Şəmkir şəhər bələdiyyəsinin sədri Vüqar Həsənov rayon ərazisində iki torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar Kifayət Alıyeva adlı şəxsin vasitəsilə ondan 18000 manat pul alıb. Lakin ona sonradan yalnız bir torpaq sahəsi ayırılıb.

    2022-ci ildə ona məlum olub ki, torpaq sahəsi başqa bir şəxsə verilib və həmin şəxs orada ev tikib. Bundan sonra o, bu barədə dəfələrlə dövlət orqanlarına ərizələrlə, o cümlədən, sosial şəbəkələr və televiziya kanalları vasitəsilə müraciətlər edib. Təqsirləndirilən şəxs bələdiyyə sədri barəsində heç vaxt nalayiq ifadələr işlətmədiyini, onu təhqir etmədiyini də bildirib.

    Məhkəmədə bələdiyyə sədrinin nümayəndəsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar çıxarılmasını xahiş edib.

    Məhkəmənin hökmü ilə Asiman Quliyev yalnız Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 9 ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin olunub. Təqsirləndirilən şəxs Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək şərti ilə cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

  • Pomidor və xiyar bahalaşır – Səbəb nədir?

    Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzərə yaranıb: pomidor və xiyar piştaxtalarının önündə alıcıların söhbətləri dəyişib. Əvvəllər yalnız keyfiyyət və təzəlikdən danışan müştərilər indi qiymət artımından söz açır, satıcılara suallar yağdırırlar. Tərəvəzlərə olan ənənəvi tələbatın fonunda baş verən bu dəyişiklik həm bazar mühitində, həm də ictimai müzakirələrdə diqqət mərkəzinə çevrilib. Düzdür, mövsümü olaraq hər il bu vaxtlar pomidor və xiyar bahalaşır. Amma builki bahalaşma kəskindir. Bu səbəbdən pomidor və xiyar bir anda həm süfrələrin, həm də xəbər lentlərinin “baş qəhrəmanı” olub. Hər kəsi bir sual düşündürür: görəsən qiymətləri birdən-birə belə kəskin artıran nədir?

    Sahibkar Eldar Hüseynov qiymət artımını hava şəraitinin kəskin dəyişməsi ilə əlaqələndirdi: “Qiymətlərin qalxmasının əsas səbəbi şimal bölgəsində əkilən məhsulların yağışın altında qalmasıdır. İstixanalarda olan məhsullar da demək olar ki, bitib. Yeni məhsullar isə yetişməyib. Hələ ki, ara boşluğu var. Xaçmazda yağan yağışlar imkan vermədi ki, ara boşluğu çöldə əkilən pomidorlar doldursun. Xiyarda isə səbəb köhnə istixanalarda məhsulların bitməsi, yeni istixanalarda məhsulların yetişməməsidir. O səbəbdən qəfildən xiyarın qiyməti artdı. Bir ara havalar tutqun keçdi. Xiyar da elə bitkidir ki, hava şəraiti tutqun olduqda məhsuldarlığa təsir edir. Mütləq günəş olmalıdır”.

    E.Hüseynov bildirdi ki, bu səbəblərdən daxili bazarda qiymətlər hələ ki, yüksək olaraq qalmaqda davam edəcək: “Amma bir müddət, noyabr ayının sonuna kimi belə olacaq. Xiyarın qiyməti bəlkə enə bilər. Çünki Şəmkir və Salyan istiqamətində tikanlı xiyarlar yetişəcək”.

    Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, mövsüm amili burada böyük rol oynayır: “Tərəvəzçilik, xüsusilə pomidor və xiyar istehsalı Azərbaycanın kənd təsərrüfatı sektorunun ən strateji istiqamətlərindən biridir. Bu məhsullar daxili bazarda ən çox istehlak olunan tərəvəzlər olmaqla yanaşı, ölkənin ixrac portfelində də əhəmiyyətli yer tutur. Son dövrlərdə bazarlarda müşahidə olunan qiymət artımı isə həm istehlakçıları, həm də fermerləri narahat edib. Son illərin statistikası göstərir ki, pomidor istehsalında illik dəyişikliklər 5-12 faiz diapazonunda dəyişir, xiyar üzrə isə 3-8 faiz arasında tərəddüd müşahidə edilir. Mövsümi şərait, enerji xərcləri və ixrac prioritetləri məhsuldarlığa birbaşa təsir göstərir”.

    N.Əzizlinin fikrincə, pomidor və xiyarın qiymətlərinin dəyişməsində bir çox digər təsirlər mövcuddur: “Əsas hava şəraiti və mövsüm amilidir. Yağış, dolu və soyuq dalğaları məhsuldarlığı azaldır, qış mövsümündə isə açıq sahə məhsulu minimuma enir. İstixanaların enerji və gübrə xərcləri yüksəkdir, bu isə maya dəyərini artırır. Azərbaycan pomidor ixracında region ölkələri arasında aparıcı mövqedədir. İxracın artması daxili bazarda təklifi azaldır. Rayonlardan paytaxta daşınma, soyuducu anbarların məhdudluğu, topdan-pərakəndə marjaların yüksək olması qiymət fərqlərini şərtləndirir. Qısa müddətli çatışmazlıq fonunda satıcıların qiymətləri süni artırması da müşahidə edilir. Fermerin məhsulu tarladan çıxardığı qiymətlə Bakıda pərakəndə satış qiyməti arasında 2–3 dəfəyə qədər fərq yaranır. Bu, həm nəqliyyat xərcləri, həm də bazar strukturlarındakı qeyri-bərabər bölgüdən qaynaqlanır. Payız-qış mövsümündə açıq sahə məhsullarının azalması qiymətləri yüksəldir. İstixanaların qızdırılması üçün enerji sərfiyyatının artması istehsal xərclərini də qaldırır. Beləliklə, mövsümi olaraq qiymətlərin artması təbii hesab olunur. Qiymət artımının əsasən mövsümi xarakter daşıdığı qəbul edilir. Lakin ixrac prioriteti və bəzi hallarda topdan-pərakəndə şəbəkələrinin spekulyativ yanaşmaları süni təsirlərin də mövcudluğunu göstərir”.

    Müsahibimiz qiymətləri sabit saxlamaq üçün atılmalı olan addımlara da toxundu: “Qiymətlərin sabitləşməsi üçün mövsümi idxalın asanlaşdırılması, istixana istehsalçılarının enerji subsidiyaları ilə dəstəklənməsi, bazar nəzarətinin və anti-spekulyasiya tədbirlərinin gücləndirilməsi, fermerlər üçün risk sığortası və yeni texnologiyaların (damcı suvarma, müasir istixanalar) təşviqi vacibdir. Qısa müddətdə, yəni 1-2 ay üçün mövsümi məhsul bazara daxil olduqca qiymətlərdə müəyyən yumşalma mümkündür. Orta müddətdə, yəni 3-6 ayda, payızın sonu və qış mövsümündə qiymətlərin yenidən yüksəlməsi gözlənilir. Uzunmüddətli perspektivdə isə istixana sektoruna yatırımlar və logistika infrastrukturunun inkişafı qiymətlərin sabitləşməsini təmin edə bilər”.

    Mənbə: “Kaspi” qəzeti

  • ABŞ “Bermud üçbucağı”na bənzəyən göl: Onun sirri nədir?

    ABŞ-ın mərkəzində yerləşən və tez-tez məşhur Bermud üçbucağı ilə müqayisə olunan sirrli bir ərazi var. Söhbət Miçiqan gölündəki “Miçiqan üçbucağı”ndan gedir.

    Qaynarinfo xəbər verir ki, bu su hövzəsi Ludinqton, Manitovok və Benton-Harbor şəhərləri arasında yerləşir və əsrlərdir gəmi və təyyarələrin müəmmalı şəkildə yoxa çıxması ilə yadda qalır.

    XVII əsrdə bu ərazidə fransız gəmisi Le Qriffon izsiz itkin düşüb. 1950-ci ildə isə “Northwest Orient Airlines” şirkətinə məxsus 2501 saylı reys göl üzərində yoxa çıxıb, göyərtədəki 58 nəfərin taleyi aydınlaşdırıla bilməyib. Bu kimi hadisələrin sayı onlarla ölçülür.

    Alimlərdən bəziləri hadisələri qəfil dəyişən hava şəraiti və güclü su axınları ilə izah edir. Başqa mütəxəssislər isə burada maqnit sahəsinin pozulmaları nəticəsində kompas və naviqasiya sistemlərinin sıradan çıxdığını irəli sürürlər.

    Daha qeyri-adi nəzəriyyələr də mövcuddur. Şahidlər göl üzərində UNO-lar gördüklərini bildiriblər. 2007-ci ildə isə sonar vasitəsilə su altında Stounhencə bənzər quruluş aşkar edilib ki, bu da regionun paranormal və ya hətta dünya xarici təsirlərlə əlaqəli ola biləcəyi barədə mülahizələri gücləndirib.

    Çoxsaylı araşdırmalara baxmayaraq, “Miçiqan üçbucağı”ndakı hadisələrin səbəbləri hələ də dəqiq açıqlana bilmir. Bu səbəbdən həmin ərazi ABŞ-ın ən müəmmalı “qaynar nöqtələrindən” biri kimi qəbul edilir.

  • TƏBİB: В Имишли продолжается лечение четырех отравившихся на свадьбе

    Лечение четырех человек, госпитализированных с симптомами отравления после свадебного торжества в Имишлинском районе, продолжается в стационарных условиях.

    Как сообщили в TƏBİB в ответ на запрос муганского бюро Report, 24 сентября примерно с 14:10 с подозрением на отравление в отделение скорой медицинской помощи Имишлинской районной центральной больницы было госпитализировано 74 человека (35 мужчин, из них 8 детей, и 39 женщин, из них 4 ребенка).

    Им был поставлен диагноз неинфекционный энтерит и колит, и каждому была оказана необходимая медицинская помощь.

    Пять человек (двое мужчин, три женщины), чье состояние оценивалось как тяжелое, были эвакуированы в Клинический медицинский центр, 61 человек (31 женщина, 30 мужчин) в удовлетворительном состоянии были отпущены домой для амбулаторного лечения. Четверо отказались от медицинской помощи.

    Состояние четырех человек, лечение которых продолжается, оценивается как стабильное, отметили в объединении.