Month: September 2025

  • Sərnişinlərin NƏZƏRİNƏ: 104 nömrəli marşrutun avtobusları yenilənir

    Paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini metronun “Həzi Aslanov” stansiyası ilə əlaqələndirən 104 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Sentyabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 20 ədəd “King Long” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

    Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

    İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

  • Balakəndən keçən İnterçaydan sel keçir

    Balakəndən keçən İnterçaydan sel keçir, daşqın təhlükəsi yaranıb.

    Median.Az report-a istinadən xəbər verir ki, mənbəyini Gürcüstandan götürən və Balakən rayonu ərazisindən keçən İnterçayda suyun səviyyəsi artıb, rayonun Şərif kəndində təhlükə yaranıb.

    Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, Gürcüstana yağan güclü yağışlar çayda sululuğu artırıb, Şərif kəndinin əkin sahələrinə və bir neçə həyatyanı sahəyə su dolub.

    Qeyd olunub ki, hazırda idarənin texnikaları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

  • İngiltərə Premyer Liqası: “Mançester Siti”dən darmadağın

    İngiltərə Premyer Liqasının 6-cı turunda “Mançester Siti” “Börnli”ni qonaq edib.

    “Şəhərlilər” 5-1 hesabı ilə qalib gəliblər.

    12-ci dəqiqədə Maksim Esteve avtoqol vuraraq meydan sahiblərini önə keçirib. Ceydon Entoni isə 38-ci dəqiqədə hesabı bərabərləşdirib. Mateus Nunyes 61-ci dəqiqədə “Siti”ni yenidən irəli çıxarıb. Esteve isə 65-ci dəqiqədə daha bir avtoqol vurub. Erlinq Holand 90 və 90+3-cü dəqiqədə dubl edərək darmadağını rəsmiləşdirib.

    Bu oyundan sonra “Mançester Siti” 10 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Börnli” 4 xalla 17-ci yerdədir.

  • Əvvəl göl, indi göydələn? – Yasamalda qalmaqallı tikinti faciə ilə nəticələnə bilər (Video)

    Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 190 ünvanında yaşayan sakinlər iddia edirlər ki, yüksək qrunt suları olan ərazidə 19 mərtəbəli yaşayış kompleksi inşa edilir.

    Onlar bildirirlər ki, həmin ərazidə əvvəllər göl olub və hazırda isə binanın təməlinin altından yeraltı çay keçir. Sovet dövründə geoloqlar burada maksimum dördmərtəbəli tikiliyə icazə verilə biləcəyini deyiblər. Yeni tikinti təkcə gələcək sakinlər üçün deyil, həm də yaxınlıqdakı evlər üçün təhlükə yarada bilər.

    Təhlükəsizlik üzrə ekspert Orxan Musayevin sözlərinə görə, yüksək qrunt suları olan və ya keçmişdə göl, çay yatağı olmuş ərazilərdə çoxmərtəbəli binaların inşası böyük risk daşıyır:

    “Belə torpaqlarda təməl kifayət qədər dayanıqlı olmadığı üçün tikili zamanla çökmə və ya oturma ilə üzləşə bilər. Bu isə yalnız həmin binanın sakinləri üçün yox, yaxınlıqdakı evlər üçün də təhlükə yarada bilər. Belə yerlərdə tikinti aparmaq üçün mütləq müstəqil geoloji ekspertiza rəyinə ehtiyac var. Əgər tikinti davam etdiriləcəksə, bu, yalnız xüsusi mühəndislik tədbirləri – dərin bünövrə, svaylar, gücləndirilmiş su izolyasiyası və drenaj sistemlərinin tətbiqi ilə mümkündür”.

    Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sözügedən ərazidə tikinti şirkəti çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verən sənədlər təqdim etmədiyindən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sentyabrın 4-də işlərin dayandırılmasına dair qərar verilib. Qərarın icrasına nəzarət edilməsi üçün onun surəti aidiyyəti orqanlara göndərilib.

    Ətraflı Baku TV-nin süjetində:

  • Qısqanc qadın keçmiş ərinin evinə OD VURDU

    Rusiyanın Perm diyarında 37 yaşlı qadın keçmiş ərinin evini qısqanclıq zəminində yandırmaqda şübhəli bilinərək saxlanılıb.

    Median.Az yerli mediaya istinadla bildirir ki, hadisəni törədən qadın saxlanılıb.

    İstintaqın məlumatına görə, qadın gecə vaxtı qısqanclıq səbəbindən keçmiş ərinin yaşadığı evi yandırıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb, lakin eyvan və dam örtüyünün bir hissəsi yanıb. Hadisə zamanı kişi evdə olmayıb.

    Şübhəlinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. İstintaq davam edir.

  • Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, sentyabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 35 patron darağı və 1101 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • “ABŞ bu iki şəhəri yer üzündən silib” – Zaxarova

    Rusiya ABŞ-dən fərqli olaraq, nüvə texnologiyası yaranandan bəri atom enerjisinin dinc məqsədlərlə öyrənilməsini və istifadəsini həmişə dəstəkləyib.

    “Unikal” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    “80 il əvvəl Birləşmiş Ştatlar Xirosima və Naqasakiyə bombalar atdı, sözün əsl mənasında bu iki şəhəri və onların mülki əhalisini yer üzündən sildi”. – deyə diplomat xatırlatma edib.

  • “Şamaxı” öz meydanında qələbəni əldən verdi

    Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

    “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

    Hazırda Naxçıvan təmsilçisi 11 xalla ikinci pillədə qərarlaşıb. Ev sahibləri isə 6 xalla səkkizinci yerdədir.

    Turun ötən gün baş tutmuş matçlarında “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 1:1.

  • Şərurda maşın qaz xəttinə çırpıldı – 801 abonent qazsız qaldı

    Şərurda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində boru yararsız hala düşüb.

    Hadisə rayonun Dizə kəndində baş verib.

    Qəza nəticəsində qaz borusu zədələnib. Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb.

    Hadisə nəticəsində xəsarət alan yoxdur.

  • Bu ərazilərdə evlər ucuzlaşır – Video

    Yeni Günəşlidə evlər bahalaşır, Xırdalan və Masazırda isə ucuzlaşır.

    Median.Az Xezerxeber.az-ın məlumatına görə, elan saytlarında paytaxtın Suraxanı rayonu ərazisində, xüsusən də Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiymətində nəzərəçarpacaq qədər qiymət artımı müşahidə olunur. Hətta sözügedən ərazidə metrostansiyasının açılması ilə bağlı məlumatlar dərc olunduqdan sonra mənzillərin qiymətində 5-10 min manat aralığında artım müşahidə olunur. Hazırda Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiyməti 50 -800 min manat arası dəyişir.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Yeni Günəşli qəsəbəsində xüsusən ipoteka predmetinə çevrilən daşınmaz əmlakın qiymətində 10 faiz artım müşahidə olunur və ilin sonunadək 18 faiz artacağı proqnozlaşdırılır.

    Xırdalan və Masazır ərazilərində isə qiymətin əksinə düşməsi müşahidə olunur. Hazırda Masazır qəsəbəsində daşınmaz əmlakın qiyməti 26-270 min manat, Xırdalan ərazisində isə 23-250 min manat arası dəyişir.

    Elnur Fərzəliyevin sözlərinə görə, buna səbəb mənzil və fərdi yaşayış evlərinin kütləvi satışa çıxarılmasıdır.

    Elnur Fərzəliyev əlavə edib ki, insanların sıx məskunlaşdığı və tıxac olan ərazilərdə daşınmaz əmlak qiymətlərinin enməsi bundan sonra da gözləniləndir.

    Ətraflı videoda: