Month: Sentyabr 2025

  • Şəxs yalnız bu halda hansısa cinayəti törətməkdə təqsirli hesab edilə bilər

    “Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir”.

    Bu barədə məlumat Azərbaycan Respublikasının Ali Məhkəməsi konkret iş üzrə qəbul etdiyi qərarında əksini tapıb.

    Ali Məhkəmə qeyd edib ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də,cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun.

    Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır.

    Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər. O şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin.

  • Narkoloji Mərkəzin həbsdə olan sabiq baş direktoru və müavininə cəza istənilib

    Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və mərkəzin sabiq direktor müavini Zamin Əliyevə cəza istənilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxışı edib.

    O, hər iki təqsirləndirilən şəxsin 10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, sözügedən şəxslərin qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    İttihama görə, Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıblar.

    Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə ittiham edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

  • Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

    Sabah “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə işləyəcək.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Məlumata əsasən, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Oktyabrın 1-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

    Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun hərəkət edəcək.

  • Minskdə Azərbaycan və Belarus baş nazirləri görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə belaruslu həmkarı Aleksandr Turçinlə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Tərəflər dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin prezidentlərinin birgə səyləri nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını vurğulayıblar.

    Onlar iqtisadi-ticari və investisiya qarşılıqlı fəaliyyəti, sənaye kooperasiyası, o cümlədən kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Azərbaycan və Belarus dövlət başçılarının tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib, əldə olunmuş razılaşmalar çərçivəsində hazırlanmış bir sıra layihələrin həyata keçirilməsinin gedişi yüksək qiymətləndirilib.

  • Rusiyada Çexiyanın viza mərkəzlərinin işi dayandırılıb

    Çexiyanın Rusiyadakı viza mərkəzləri sentyabrın 30-dan etibarən işini dayandırır.

    Bu barədə Rusiya KİV-ləri “VFS Global”ın mətbuat açıqlamasına istinadən məlumat verir.

    “Hörmətli müraciətçilər, sizi Çexiyanın Rusiyadakı viza mərkəzlərinin fəaliyyətinin başa çatması barədə məlumatlandırırıq. 2025-ci il sentyabrın 26-sı regional mərkəzlərdə müraciətlərin qəbulu üçün son gün, sentyabrın 29-u isə Moskvada son gündür. Bu tarixdən sonra Çexiya Şengen vizalarının verilməsi ilə bağlı müraciətlər üçün birbaşa Çexiyanın Moskvadakı səfirliyinin konsulluq şöbəsinə müraciət etmək lazımdır”, – məlumatda bildirilib.

  • Azərbaycan Braziliyadan termiki emal edilmiş ət məhsullarının idxalına icazə verib

    Azərbaycan Braziliyadan termiki emal edilmiş ət məhsullarının (quş əti, mal əti, qoyun əti, keçi əti) ixracına icazə verib.

    Bu barədə “Report” Braziliyanın Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinə istinadən məlumat verir.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Braziliya tərəfinə müvafiq rəsmi bildirişi kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro, katiblər Luis Renato Ruoy (Beynəlxalq əlaqələr), Karlos Qulart (Kənd təsərrüfatı mühafizəsi) və onların texniki komandaları ilə aparılan müzakirələr zamanı təqdim edib.

    “Termiki emal edilmiş məhsulların istehsalının başlanması ilə Braziliyanın yerli tələblərə və artan istehlakçı tələbatına cavab verən məhsullarla Azərbaycan bazarında mövcudluğunun tədricən bərpası gözlənilir”, – məlumatda deyilir.

  • Ankara və İrəvan sosial sahədə təcrübə mübadiləsinə hazırdır

    Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan ilə görüş keçirib.

    “Report”un “Sputnik-Armenia”ya istinadən məlumatına görə, M.Özdemir və A.Torosyanın görüşü Serbiyada beynəlxalq konfrans çərçivəsində baş tutub.

    Görüş zamanı tərəflər Ermənistan və Türkiyənin sahə üzrə prioritetlərini müzakirə ediblər. Onlar həmçinin ölkələr arasında münasibətlərin normallaşması prosesini müzakirə edərək təcrübə mübadiləsinə hazır olduqlarını bəyan ediblər.

  • Qətər və Misir Trampın Qəzza ilə bağlı sülh planını HƏMAS-a təqdim edib

    Qətər və Misir ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı sülh planını HƏMAS-ın nümayəndə heyətinə təqdim edib.

    Bunu Qətərin Xarici İşlər Nazirliyinin mətbuat katibi Macid əl-Ənsari mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, HƏMAS nümayəndə heyəti planı öyrənəcəyinə söz verib, lakin cavab vermək üçün hələ çox tezdir.

    XİN nümayəndəsi deyib ki, bu gün Türkiyənin də iştirakı ilə Qəzza zolağı üzrə vasitəçi qrupun görüşü keçiriləcək.

    Əl-Ənsari həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunun Dohaya raket zərbələri endirilməsinə görə dünən Qətərdən üzr istədiyinə dair məlumatı təsdiqləyib.

    Öz növbəsində, HƏMAS-a yaxın fələstinli rəsmi “Al-Arabiya”ya bildirib ki, hərəkat artıq ABŞ Prezidentinin planını araşdırır.

    Onun sözlərinə görə, hərəkat bu gün Fələstində və xarici ölkələrdə öz siyasi və hərbi rəhbər strukturları daxilində bir sıra məsləhətləşmələr keçirəcək.

  • Oktyabrın ilk günü hava yağıntılı və küləkli olacaq

    Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

    Yağıntılar axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 9-14° isti olacaq.

  • FHN Sumqayıtda yanğın-taktiki təlim keçirib – Video

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə SOCAR-ın Sumqayıt şəhərində yerləşən Karbamid Zavodunda “Anbarlarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, tədbirə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, həmçinin SOCAR-ın Karbamid Zavodunun əməkdaşları cəlb olunub.

    Təlimin keçirilməsində əsas məqsəd anbarlarda baş verə bilən yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

    Təlimdə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərəçəkmişlərin xilas edilməsi” əməliyyatını yerinə yetiriblər.

    Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.