Month: Sentyabr 2025

  • Bu torpaqlarda tikintiyə icazə veriləcək

    “Baş nazir Əli Əsədov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Yeni qaydalar ilə kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaata icazə verilən hallar və həddlər müəyyənləşdirilib”.

    Bunu deputat Vüqar Bayramov deyib O bildirib ki, sənədə əsasən, sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən, yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər.

    “Bu o deməkdir ki, 10 hektar kənd təsərrüfatı təyinatlı torpağı olan sahibkar onun 10 sotunda inşaat işləri apara bilər. Bu kənd təsərrüfatı təyinatlı torpaqlarının iqtisadi baxımdan daha səmərəli istifadə edilməsi baxımdan vacib idi. Çünki əvvəllər belə qaydaların olmaması sahibkarlar üçün xüsusi çətinliklər yaradırdı. Nazirlər Kabinetinin son qərarı bu çətinlikləri, praktik olaraq, aradan qaldırılır. Yeni qaydalara görə, torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə bölünən torpaq sahələri 5 hektardan az olduğu halda tikililərin inşasına və quraşdırılmasına yol verilmir. Bu qayda torpaqlardan birgə istifadəni stimullaşdıra bilər. Çünki, qaydalara əsasən, üzərində əsaslı tikili olan və ərazisi 5 hektardan az olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə birləşdirildikdən sonra yaranan vahid torpaq sahəsində tikinti əmsalı həmin əsaslı tikilinin sahəsi çıxılmaqla müəyyən edilir. Hazırda aqrar sektorda ən ciddi çağrışlardan biri də ümumi torpaq sahəsi böyük olan təsərrüfatların sayının az olmasıdır.

    Nazirlər Kabinetinin qərarınsa əsasən, tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsi yenidən tikinti əmsalına cəlb edilmir. Bütövlükdə, yeni qərar kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində səmərəlliyin artmasına səbəb olacaq”.

  • Oktyabrın 1-də Bakıya yağış yağacaq

    Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 9-14° isti olacaq.

  • Azərbaycan manatının dövretmə sürəti avqustda azalıb

    Bu il sentyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,07 bənd, ötən il sentyabrın 1-nə nisbətən isə 0,06 bənd azdır.

    AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

  • İtaliya Prezidenti Azərbaycana gəlir

    İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərə gəlir.

    Bu barədə İtaliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Cabir İmanovla vida mərasimi başa çatdı

    Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

    Mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

  • Azərbaycan-İran sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanıldı

    Dövlət sərhədini pozan şəxslər saxlanılıb.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

    Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları – 2001-ci il təvəllüdlü Əhmədi Enamullah Əbdülqafar və 2002-ci il təvəllüdlü Taimani Cavid Muhəmmədəzim saxlanılıb.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • Puqaçova Rusiyada 200-ə yaxın mahnının müəllifi olaraq qalır

    Məşhur rusiyalı müğənni Alla Puqaçova Rusiyada 200-ə yaxın mahnının müəllif hüququnun sahibi olaraq qalır.

    Bu barədə “RIA Novosti” rusiyalı müəllif hüquqları sahiblərinin əsərlərinin reyestrinə istinadən məlumat verib.

    Məlumata görə, Alla Puqaçovanın yaradıcılıq irsinə müəllifi olduğu 40-dan çox mahnı, 146 bəstəkar işi və həm söz müəllifi, həm də bəstəkarı olduğu 22 əsər daxildir.

    Qeyd edək ki, Rusiyada müəllif hüquqlarının qorunması ilə Rusiya Müəlliflər Cəmiyyəti məşğul olur. Əgər kimsə Primadonnanın mahnılarını açıq şəkildə ifa etmək istəyərsə, cəmiyyətə qonorar ödəməlidir, daha sonra isə cəmiyyət pulu müəllif hüququ sahibinə köçürəcək.

  • Pakistanda güclü partlayış olub – Ölənlər var (VİDEO)

    Pakistanın Bəlucistan əyalətində güclü partlayış olub.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kvettanın Sərhəd Korpusunun (FC) qərargahı yaxınlığında baş verib.

    Baş verən partlayışda azı 10 nəfər ölüb, 32 nəfər yaralanıb. Bəlucistanın Səhiyyə Naziri Baxt Məhəmməd Kakar ölən və yaralananların sayını təsdiqləyib.

    Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

  • Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bir sıra beynəlxalq saziş təsdiq edilib

    Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bir sıra beynəlxalq saziş təsdiq edilib.

    Bununla bağlı məsələlər parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

    İclasda aşağıdakı sazişlər müzakirəyə çıxarılıb:

    – “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

    – “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

    – “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

    – “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

    – “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” və “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə qanun layihələri.

    Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.
    //oxu.az

  • “Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir” – Komitə sədri

    “Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır”.

    Bunu Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı parlamentin Regional məsələlər komitəsi sədri, deputat Siyavuş Novruzov deyib.

    Komitə sədri bildirib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: “Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”.

    Deputat qeyd edib ki, bələdiyyələrdə yaşayış və qeyri-yaşayış obyektlərindən ildə bir dəfə eyni vergi yığılır: “Lakin yaşayış obyektlərindən işıq, qaz, su ilə bağlı vergi bir dəfədirsə, digərlərindən üç qat vergi yığılır. Ona görə bu tətbiq də bələdiyyələrdə olmalıdır ki, onların da maliyyə imkanları genişlənsin, gələcəkdə onlar da müvafiq addımların atılmasına xidmət göstərə bilsinlər”.