Xocasən-Lökbatan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Opel” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Estoniya hakimiyyəti Rusiya və Latviya ilə sərhədlər boyunca 1 km-ə qədər hündürlükdə axşam və gecə saatlarında uçuşlara tətbiq edilən qadağanı oktyabrın 23-ə qədər uzadıb.
Bunu ölkənin hava hərəkətinə nəzarət xidmətlərindəki mənbə bildirib.
Qadağa 19 sentyabrda qüvvəyə minib və əvvəlcə sentyabrın 30-a qədər nəzərdə tutulmuşdu.
“Müəyyən olunmuş vaxtlarda bütün hava vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının polis və sərhəd xidmətindən xüsusi icazə olmadan həmin ərazidə uçması qadağandır”, – mənbə deyib.
Məlumata görə, məhdudiyyət hər gün saat 17:00-dan (Bakı vaxtı ilə saat 21:00) 04:00-dək (Bakı vaxtı ilə 08:00) qüvvədə olacaq.
Qeyd edək ki, bundan əvvəl qonşu Latviya da ölkə sərhədləri, o cümlədən Rusiya və Belarusla sərhədlər üzərində hava məkanını gecə saatlarında bağlamaq qərarına gəlib. Burada söhbət 6 km-ə qədər hündürlükdə uçuşlardan gedir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Ələt-Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində apardığı kompleks tikinti və yenidənqurma işlərini yekunlaşdırıb.
Median.Az agentliyə istinadən xəbər verir ki, layihə çərçivəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə magistral yolun altından keçən, müasir standartlara cavab verən yeraltı piyada keçidi inşa edilib.
Keçidin ümumi uzunluğu 47 metr təşkil edir ki, bunun 37 metri qapalı hissədən ibarətdir. Eni 5 metr, hündürlüyü isə 3,2 metr olan keçid piyadaların təhlükəsiz və komfortlu hərəkəti üçün bütün zəruri infrastrukturla təmin olunub.
Bununla yanaşı, yolun sözügedən hissəsində yeni piyada səkiləri salınıb, həmçinin avtomobillərin magistral yola iki istiqamətli rahat giriş-çıxışını təmin edən yanaşma yollarının tikintisi həyata keçirilib. Tikintisi başa çatdırılmış bu yolların ümumi uzunluğu 3,2 kilometr, eni isə 7 metr təşkil edir.
Görülən işlər nəqliyyat axınının tənzimlənməsi, hərəkətin fasiləsizliyinin təmin olunması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi daşıyır.
ABŞ kosmik agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd salmaq niyyətindədir.
Oxu.Az-ın “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyin rəhbəri vəzifəsini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində bildirib.
O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların olduğu bütöv bir kənd yaratmaq istəyir. Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.
2026-cı ilin fevralında NASA “Artemida-II” missiyasını işə salmağı və 50 ildən sonra Aya ilk səfərə dörd astronavtı göndərməyi planlaşdırır.
Bu dəfə Aya eniş planlaşdırılmasa da, kosmik agentliyin son məqsədi orada kənd salmaqdır. Onun nüvə enerjisi ilə işləyəcəyi, daimi olaraq astronavtları yerləşdirməyə qadir olacağı və Ayın səthində tapılan materiallardan tikiləcəyi gözlənilir. O, əlavə edib ki, NASA Ayda kənd saldıqdan sonra Marsa eniş istiqamətində böyük addımlarla irəliləməyi planlaşdırır.
Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi verib.
Median.Az Anar İsmayılovun dosyesini təqdim edir:
Anar İsmayılov Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsində çalışıb.
İxtisasca uroloq-androloqdur.
2009-2014-cü illərdə Gülhanə Hərbi Tibb Akademiyasında Uroloq kimi çalışıb, sözügedən ali hərbi tibb təhsili müəssisəndən məzun olub.
2012-2014-cü il Ankara Özəl Koru Xəstəxanasında uroloq kimi fəaliyyət göstərib.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, o cümlədən “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.
Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal -qərb küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-40 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10 dərəcə, bəzi günlərdə 3 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 9-14 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 47-56 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 53-56 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-61 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə 23-25 dərəcə, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, dağlarda gündüzlər 7-12 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 26-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-46 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, dağlarda gündüzlər 9-14 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 96-274 mm).

Ermənilərin Qarabağa qayıdışının real olduğunu düşünmürəm. Bu, çox riskli məsələdir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı bildirib.
O deyib: “İnsanlar tez-tez məndən ermənilərin Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar. Düzünü desəm, mən bunun real olduğunu düşünmürəm. Eyni zamanda, mən bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm”.
N.Paşinyanın sözlərinə görə, Qarabağdan gələn ermənilər Ermənistanda qalmalıdırlar və artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb.
ABŞ Federal Prokurorluğu məhkəməni P.Diddi kimi tanınan reper Şon Kombsu cinsi təcavüz ittihamı ilə ən azı 11 il həbs cəzasına məhkum etməyə və həmçinin onu 500 min dollar cərimələməyə çağırıb.
Bu barədə “Reuters” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
“Prokurorlar ən azı 135 ay həbs cəzası və məhkəmədən Kombsun 500 min dollar cərimələnməsini istəyiblər”, – deyə məlumatda qeyd olunub.
Bununla belə, reperin vəkilləri keçən həftə hakimin P.Diddiyə 14 ay həbs cəzası verməsini təklif edib və bunu Kombsun keçmiş sevgililərinə qarşı qəddarcasına rəftarına dair sübutların nəzərə alınmalı olmadığını iddia ediblər – andlılar məhkəməsi ona cinsi əlaqəyə məcburetmə ittihamı üzrə bəraət qazandırıb.
Məhkəmə belə bir qərar çıxarsa, Kombs ilin sonuna qədər azadlığa buraxıla bilər, çünki 2024-cü il sentyabrın 16-da həbs olunduğu tarixdən sonra artıq həbsxanada keçirdiyi vaxt onun cəzaçəkmə müddətinə hesablanacaq.