Month: September 2025

  • Bakıda yeni yolun inşası nə yerdədir? – VİDEO

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisini 35 % icra edib.

    Yol ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq inşa edilir.

    Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir.

    Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.

    Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur. Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir.

    Layihə üzrə nəzərdə tutulmuş 9 899 ədəd svay və jetdən – bu günə qədər 4 559 ədədi, 3 400 metr rigeldən 1 314 metri, 1 346,5 metr istinad divarından 431 metri inşa edilir.

    Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

    Tikinti altına düşən 155 maneə müəyyən edilib, onların 92 %-i üzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərinin köçürülməsi işləri isə davam etdirilir və hazırda son mərhələdədir.

  • Paşinyan Minskdə keçiriləcək iclasda iştirak etməyəcək

    Ermənistan MDB hökumət başçıları şurasının Belarusun paytaxtı Minskdə keçiriləcək iclasında baş nazirin müavini səviyyəsində təmsil olunacaq”.

    Median.Az-ın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə Belarus xarici işlər nazirinin müavini Pavel Utyupin bildirib.

    Onun sözlərinə görə, iclas sentyabrın 29-30-da keçiriləcək, MDB ölkələrinin hökumət başçılarının Minskə gəlməsi gözlənilir, onların demək olar ki, hamısı şəxsən iştirak edəcək, Ermənistan və Türkmənistanı isə baş nazirin müavinləri təmsil edəcək.

    Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən verilən məlumata görə, o, görüşdə videoəlaqə vasitəsilə iştirak edəcək. Hələ 2024-cü ilin iyununda Paşinyan bəyan etmişdi ki, Lukaşenko Belarusun prezidenti olduğu müddətdə heç bir erməni rəsmisi Minskə getməyəcək.

  • Binanın damından yerə şüşə və taxta atan yeniyetmə qızlar müəyyənləşdirilib – Video

    Abşeron rayonunda yerləşən binalardan birinin damına çıxaraq, aşağıya taxta və şüşə parçası atan şəxslərin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

    Qeyd olunub ki, onlar valideynləri ilə birgə polis orqanına dəvət edilərək profilaktik söhbət aparılıb. Yeniyetmələrin valideynləri barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülərək, aidiyyəti üzrə yönləndirilib.

    * * * * *

    Abşeron rayonunda yerləşən “Yeni Bakı” yaşayış kompleksində təhlükəli hadisə baş verib.

    Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, kompleksin 2A saylı binasında 14 yaşlı bir qrup qız binanın damına çıxaraq, aşağıya taxta və şüşə parçası atıblar.

    Hadisə şahidlərinin bildirdiyinə görə, uşaqlar ətrafdakılar üçün təhlükə yaradıb və bəzi sakinlər təhlükəsizlik məqsədilə binanın qarşısından uzaqlaşıblar.

    “Bu cür halların qarşısı vaxtında alınmasa, həm uşaqların, həm də digər vətəndaşların həyatı üçün ciddi risklər yarana bilər”, – deyə məlumatda qeyd olunub.

  • Gəncədə motosiklet maşınla toqquşdu – Kuryer xəsarət aldı

    Gəncədə minik maşını motsikletlə toqquşub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.

    Hərəkətdə olan minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü 1994-cü il təvəllüdlü M.Yusifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Qəzaya düşən motosikletin kuryer fəaliyyəti göstərdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Müharibə bitdikdən sonra istefa verəcəm” – Zelenski

    Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, müharibə bitdikdən sonra ölkəni idarə etmək planları yoxdur.

    O, bu barədə Amerikanın “The Axios Show” verilişində açıqlama verib.

    Belə ki, Zelenski aparıcının “Putinin atəşkəslə bağlı razılığa gələcəyi təqdirdə, Ukraynada seçkilərin keçirilməsini təmin edəcəksiniz?” sualına “Bəli”, – deyə cavab verib.

    “Məqsədim müharibəni bitirməkdir, prezidentliyə davam etmək deyil”, – Ukrayna prezidenti qeyd edib.

    Bundan əlavə, Zelenski bildirib ki, atəşkəs əldə olunarsa, seçkilərin təşkili xahişi ilə Ukrayna parlamentinə müraciət edəcək.

  • Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır – Bu tarixdən

    “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, sentyabrın 26-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib. Avtobuslar Bakıdan Ağdama hər gün saat 08:50-də, əks istiqamətdə isə saat 08:00-da yola düşəcək. Bir istiqamət üzrə gediş haqqı 13,90 AZN təşkil edir. Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

  • Tələbə qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən tiktoker Mahirəyə HÖKM OXUNDU

    Tiktoker Mahirə Marandskayanın fahişəliyə cəlbetmə ittihamı ilə mühakimə edildiyi məhkəmə işi yekunlaşıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

    İş üzrə bir neçə qadın zərərçəkmiş qismində tanınıb. Onların sırasında tələbə qızların da olduğu iddia olunur. İttihama görə, tiktoker həmcinslərini pul qarşılığında müxtəlif şəxslərlə intim münasibətə cəlb edib.

    Mahirə istintaq müddətində həbsdə olmayıb. Azyaşlı övladı olması nəzərə alınaraq onun barəsində alternativ qətimkan tədbiri seçilmişdi. Sonda da bu vəziyyət nəzərə alınıb.

    Məhkəmənin hökmü ilə M.Marandskaya gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etməkdə təqsirli bilinərək iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Amma övladı 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.

    Qeyd edək ki, tiktoker Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.

  • Azərbaycanda terror planlaşdıran “Ammar Azeri” ləqəbli şəxsə HÖKM OXUNDU

    Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, “Ammar Azeri” ləqəbi ilə bilinən Zeynəddin Hacıyev adı açıqlanmayan konkret qapalı ictimai məkana silahlı basqınla müşayiət olunan terror əməllərinə hazırlığa görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, DTX tərəfindən həbs olunmuş Zeynəddin Hacıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və digər maddələri ilə ittiham olunur.

  • AFFA “Qarabağ”, “Araz-Naxçıvan” və “Sabah” klublarını CƏRİMƏLƏDİ – SƏBƏB

    “Qarabağ”, “Araz-Naxçıvan” və “Sabah” klubları cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsinin məlumatında qeyd olunub.

    Bildirilib ki, Misli Premyer Liqasının V turunda “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının futbolçusu Slavik Alxasov ikinci “sarı”dan qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası isə 500 manat cərimə edilib.

    Oyununun 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə isə “Qarabağ” klubu 5000 manat cərimə edilib.

    Bundan əlavə, “Sabah” klubu da 2000 manat cərimələnib. Səbəb V turda keçirilən “Turan Tovuz”la görüş zamanı təcili tibbi yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəlməsi olub.

  • “Sahil” metrosunun yaxınlığında yeni stansiya tikiləcək

    Metronun Avtovağzal stansiyasından hərəkətə başlayan sərnişin B5 stansiyasından Nizami stansiyasına keçməklə hərəkətini Yaşıl xətt üzrə davam etdirəcək.

    Bunu Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

    “Nizami stansiyasından sonra Sahil stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və artıq qırmızı xəttə keçid olacaq”.

    Vurğulanıb ki, Avtovağzaldan hərəkətə başlayan sərnişin həmin stansiyadan Sahil stansiyasına keçməklə Həzi Aslanova qədər başqa növ nəqliyyata keçmədən hərəkətini davam etdirə biləcək.