Month: September 2025

  • 5 ayda mağazanın anbarından 20 minlik taxıl oğurladı

    Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məmmədli dairəsində yerləşən mağazanın anbarından 20 min manatlıq taxıl oğurlayan şəxs saxlanılıb.

    Qayanrinfo-nun məlumatına görə, Cabir Həsənov (şərti) mağazanın anbarına daxil olaraq, oradan şirkətlərin birinə məxsus 19 300 manat dəyərində arpa, arpa yarması, buğda və qarğıdalı yemlərini cinayətdən məlumatsız olan sürücülərin idarə etdiyi yük avtomobillərinə yükləyərək, oğurlayıb.

    O, oğurluğu 2025-ci ilin yanvar ayından may ayına qədər törədib. Cabir Həsənov taxıl məhsullarını satış qiymətindən aşağı qiymətə cinayətdən məlumatsız olan digər mağazalara satıb.

    Ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

  • Plastik əşyalardan istifadə uşaqlarda xroniki xəstəliklər yaradır – Yeni araşdırma

    Plastik əşyalardan istifadə uşaqlarda yaranan bəzi xroniki xəstəliklərə səbəb olur. Araşdırmalara görə, plastiklərin istehsalında istifadə edilən bəzi kimyəvi maddələrə məruz qalmanın uzun müddətli sağlamlıq riskləri yarada, bu da ürək xəstəliyi, piylənmə, sonsuzluq və astma kimi xroniki xəstəliklərə səbəb ola bilər.

    Qaynarinfo xəbər verir ki, Nyu-York Universitetinin (NYU) Langone Sağlamlıq Mərkəzi tərəfindən aparılan araşdırmada mütəxəssislər minlərlə hamilə qadın, döl və uşağın izlənildiyi tədqiqatları təhlil edib.

    Araşdırma zamanı plastikləri elastik etmək üçün istifadə olunan ftalatlar, möhkəmlik vermək üçün istifadə olunan bisfenollar və materialların istiyə davamlı olmasına, suyu itələməsinə kömək edən polifloroalkil maddələr (PFAS) olmaqla üç kimyəvi sinifə diqqət yetirilib.

    Buna əsasən müəyyən edilib ki, bu kimyəvi maddələr hormon pozğunluqlarına, immun sistemində iltihablanmaya və beynin inkişafında problemlərə səbəb ola bilər.

    Tədqiqatçılar uşaqlıq dövründə bu toksinlərə məruz qalmağın ürək xəstəliyi, piylənmə, sonsuzluq və astma kimi çoxsaylı xroniki xəstəliklərlə əlaqəli olduğunu bildiriblər.

    Araşdırmanın əsas müəllifi və pediatr Leonardo Trasande verdiyi açıqlamada deyib:

    “Tapıntılarımız plastiklərin ergenlikdən yetkinliyə qədər davam edən bir çox xroniki xəstəliyin erkən mənşəyində rol oynadığını göstərir”.

    Trasande həmçinin plastik qabların əvəzinə şüşə və ya paslanmaz poladdan istifadə edilməsinin, plastiklərin mikrodalğalı sobada və ya qabyuyan maşında işlədilməməsinin faydalı olduğunu vurğulayıb.

    Araşdırmanın nəticələri “The Lancet” jurnalında dərc olunub.

  • Sabah hava necə olacaq?

    Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 15-18, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-16, gündüz 23-28, dağlarda gecə 4-7, gündüz 11-16 dərəcə isti olacaq.

  • Vasif Talıbovun oğlu satdığı oteli yenidən aldı – 8.6 milyona (FOTO)

    Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstanda Qara dənizin sahilində yerləşən dəbdəbəli otelini yenidən alıb.

    Lent.az xəbər verir ki, o, həmçinin eyni ərazidəki əvvəlki əmlakını da təkrar alıb.

    Qeyd olunur ki, sabiq Naxçıvan rəhbərinin oğlu bu oteli atasının gözlənilməz istefasından qısa müddət sonra satıb.

    May ayında Rza Talıbov Batumidəki oteli geri almaq üçün 8,6 milyon dollar ödəyib. Bu, səhmlərin alışı ilə bağlı ictimai sənəddə təsdiqlənib. Jurnalistlər həmçinin 43 yaşlı və Bakıda miqrasiya xidməti rəsmisi olan Talıbovun Gürcüstan sahilindəki əmlaklarını genişləndirdiyini müəyyən ediblər.

    Batumidəki otel əvvəlcə “Divan Suites” adlanırdı. İndi isə bina “London 1889” adı ilə fəaliyyət göstərir.

    Bundan əlavə, Talıbovun “B-Pearl” turizm şirkəti Makhinjauri sahil rayonunda 730 min dollara torpaq sahəsi alıb. Batumi hakimiyyəti artıq dəniz mənzərəli mənzillərlə 11 mərtəbəli yaşayış binasının tikintisini təsdiqləyib.

    Bu sövdələşmələr Talıbovun Naxçıvanda ailəsinin nüfuzunun zəifləməsindən sonra daşınmaz əmlaka böyük yatırımlara qayıdışını göstərir.

    2022-ci ildə aparılan araşdırma göstərib ki, Rza və qardaşı Seymur “prokladka” şirkətlərindən 20 milyon dollardan çox şübhəli köçürmə alaraq, BƏƏ və Gürcüstanda təxminən 63 milyon dollarlıq əmlak əldə ediblər.

    Vasif Talıbovun 2022-ci ilin dekabrında istefasından sonra ailə aktivləri, o cümlədən bank və Batumidəki oteli sürətlə satmağa başlayıb.

    Jurnalistlərin sorğusuna cavab olaraq o bildirib ki, alış bank kreditləri hesabına maliyyələşdirilib və satışla geri alış investisiya strategiyasının bir hissəsi olub.

  • Turşu bağlamaq istəyənlərə yeni bazar qiymətləri (VİDEO)

    Son günlər havaların qeyri-sabit keçməsi bazarlardakı qiymətlərə də təsir edib. Tərəvəz bolluğu yaşansa da, qiymətlər alıcıların ürəyincə deyil.

    Satıcılar deyirlər ki, son 10 gündə bəzi məhsulların qiymətində 50 faizə yaxın bahalaşma var. Buna səbəb isə havaların qeyri-sabit keçməsidir.

    Satıcıların sözlərinə görə, qiymət artımının başqa bir səbəbi isə turşu mövsümü ilə bağlıdır.

    Tərəvəzlərdən kələm və bibərin qiymətində isə artım olmadığı bildirildi.

    Son günlər qiymətlərdə artım olsa da, bazarda alıcılar kifayət qədərdir.

    Satıcılar bildirirlər ki, bir müddət sonra qiymətlərin nisbətən enəcəyi gözlənilir.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

  • ABŞ-də dövlət binasında atışma – Yaralılar var

    Dallasda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) binasında atışma baş verib.

    Azı 3 nəfər xəsarət alıb.

    ICE komissarı vəzifəsini icra edən Todd Lyons bildirib ki, ilkin məlumatlara görə, atəş açan snayper olub. Zərərçəkənlərin vəziyyətinin ağır olduğunu yazır.

    Milli Təhlükəsizlik katibi Kristi Noem X sosial media platformasında atəş açan şəxsin intihar etdiyini açıqlayıb. Onun meyiti yaxınlıqdakı binanın damında tapılıb. O, həmçinin qeyd edib ki, yaralıların sayı arta bilər.

    Katib əlavə edib ki, hücumun motivi hələ məlum deyil.

  • TikTokda canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlıdan xəbər var

    TikTokda canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib.

    Bu sözləri Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu öz sosial şəbəkə hesabında yazıb.

    O bildirib ki, Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayon sakini 24 yaşlı qadının “Tiktok” sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapmışdır.

    “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma başlanılmışdır. Hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılmış, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilmişdir, uşaq isə sağlamlığının yoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilmişdir. Hazırda, yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, ananın valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılmışdır. Eyni zamanda, azyaşlının müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi də təmin olunub”,- deyə o əlavə edib.

  • Gələn ilin qəbul imtahanları necə keçiriləcək?

    Gələn ilin ali təhsil müəssisələrinə qəbul imtahanlarında builki imtahan modeli tətbiq olunacaq.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.

  • Kəlbəcər, Laçın, Ağdərə və Xocalını əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb

    Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb.

    Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

    O qeyd edib ki, məsələ ilə bağlı işlər Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb:

    “Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir. Artıq Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə xəritə-sxem üzərində bəzi məqamlar razılaşdırılıb”.

  • “Putin Zelenski ilə görüşə hazırdır” – Kreml

    Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırdır.

    Bu barədə Kremlin sözçüsü Dmitri Peskov RBC radiosuna bildirib.

    Onun sözlərinə görə, lazımi hazırlıq olmadan bu cür danışıqlar reklam kimi görünə bilər: “Putin görüşə hazır olduğunu bildirib. Tərəflər ev tapşırığını etdikdən sonra görüşməyin mənası var. Hazırlıqsız görüş daha çox PR oyunudur”, – deyə o qeyd edib.
    //unikal.az