Month: September 2025

  • Makler Odlar Yurdu Universitetinin diplomunu 15 min manata “satmaq” istədi, həbs edildi

    Xaçmazda dostunun oğluna Odlar Yurdu Universitetinin diplomunu almaq adı ilə dələduzluq edən şəxs həbs edilib.

    Oxu.Az-ın məlumatına görə, hadisə Xaçmaz şəhəri ərazisində baş verib.

    Şəhər sakini, 1976-cı il təvəllüdlü Sabir Aslanov (adı və soyadı şərtidir) rayon ərazisində maklerliklə məşğul olub. O, dostu Ramillə danışarkən məlum olub ki, Ramil hərbi xidmətdən qayıdan oğluna diplom almaq istəyir. O, Ramilə yalan vəd verərək Odlar Yurdu Universitetində tanışının olduğunu və oradan diplom ala biləcəyini bildirib. Sabir bu adla Ramillə 15 min manata razılaşıb. O, Ramilə bildirib ki, diplomu almaq üçün 6 min manat əvvəldən, diplom təhvil veriləndən sonra isə 9 min manat verməlidir.

    Ramil də onunla razılaşıb və bu barədə oğlu Raufla məsləhətləşib. Oğlu diplom almağa razı olduğunu deyib.

    Bundan sonra Ramil Sabirlə görüşüb və ona ilkin olaraq 5 min 500 manat, bir neçə gündən sonra isə 500 manat verib. Sabir pulu alarkən Ramillə borc müqaviləsi imzalayıb və müqavilədə göstərib ki, şəxsi ehtiyacları üçün Ramildən 6 min manat borc alıb.

    Sabir Ramilə bildirib ki, 6 aya diplomu alıb, təsdiqlədib ona təqdim edəcək.

    Amma həmin vaxtdan 6 aydan çox vaxt keçməsinə baxmayaraq, Sabir verdiyi sözə əməl etməyib, müxtəlif bəhanələrlə prosesi uzadıb. Nəticədə Ramil polisə müraciət edib.

    Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabir Aslanov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

    Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə S.Aslanov 2 il 3 ay azadlıqdan məhrum edilib.

  • Azərbaycandakı dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər

    Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər.

    Median.Az AZƏRTAC-a istinadla bəyanatı təqdim edir:

    “Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının “Konstitusiya və Suverenlik ili” elan etdiyi 2025-ci ildə – Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığı misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını ifadə etməkdən böyük şərəf duyuruq.

    Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliləri İlham Əliyev cənabları beynəlxalq müstəvidə qələbəmizi bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. 2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş Zirvə görüşünün nəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edir, müzəffər öndərimizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq dəyərləndiririk.

    Azərbaycan Prezidentinin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulu zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onların tarixi əhəmiyyətini müəyyən edir.

    Ölkəmizə qarşı uzun illər ərzində qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkəranə şəkildə ləğv edilməsi Azərbaycanın dövlət rəhbərinə olan ehtiram və etimadın təcəssümü, Prezident cənablarının şəxsində Azərbaycan dövlətinə edilən mühüm dəstək aktı oldu.

    Bölgəmizdə yeni bir dövrün başlanğıcını qoyan Birgə Bəyannamə təkcə dövlətlərarası münasibətlərin normallaşmasının deyil, həm də sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi təsdiqidir. ATƏT-in Minsk Qrupu və onunla bağlı strukturların fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapandığını və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul edildiyini göstərir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantının təmin olunması və Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması, heç şübhəsiz, regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır. Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi üçün dönüş nöqtəsi olan bu tarixi sənəd münaqişə səhifəsinin qapanmasını, revanşizm meyllərinin istisna olunmasını və sülh yolunu təmin etməklə gələcək nəsillər üçün parlaq imkanlar açır. Beləliklə, Azərbaycanın dövlət başçısı Azərbaycan xalqına dünya miqyaslı daha bir Zəfər bəxş etdi, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə, ölkəmiz və bölgəmiz üçün yeni perspektivlərin açılmasına nail oldu.

    Azərbaycandakı dini konfessiyaların rəhbərləri və dindarlar Vaşinqton razılaşmalarını sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi kimi yüksək dəyərləndirir, bu yola öz dəstək və xeyir-dualarını verirlər. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən öndərimiz, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər liderimizin sülh və tərəqqi yönündə səy və əməllərinə, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinə Ulu Rəbbimizdən rəvac diləyirik. Uca Yaradan xalqımızı, Vətənimizi, dövlətimizi və qalib dövlət rəhbərimizi qorusun! Amin!”

    Bəyanat Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurasının sentyabrın 24-də keçirilən iclasında qəbul edilib.

  • Dövlət bağçaları ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

    Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələr üçün bir sıra vacib avadanlıqların alınması planlaşdırılır.

    Dyəri 9 milyon 953 min manat olan avadanlıqları nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi alacaq.

    Tender çərçivəsində nəzərdə tutulan avadanlıqlar arasında müxtəlif funksiyalara malik texniki qurğular var.

    Bu avadanlıqların alınması məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini daha da yaxşılaşdıracaq, uşaqların təhsil və qidalanma prosesinə müasir və təhlükəsiz şərait yaradacaq. Eyni zamanda, müəssisələrdə əməliyyat proseslərinin səmərəliliyi artacaq, işçilərin iş yükü azalacaq və avadanlıqların keyfiyyətli işləməsi uzun müddətli istifadəyə imkan verəcək.

  • Bakıda kafedə dava: Obyekt sahibinin sevgililəri bir-birinə xəsarət yetirdilər

    Bakıda kafedə müğənni ilə ofisiant qadın dava edib.

    Hadisə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən obyektdə baş verib.

    Kafenin sahibi Rəhman obyektdə ofisiant işləyən Tamara Məmmədova ilə sevgili olub. Daha sonra onların münasibəti soyuduğundan Tamara işdən çıxıb, başqa yerdə işləməyə başlayıb. Rəhman isə kafeyə müğənni kimi gələn Gülşən adlı qadınla sevgi münasibəti qurub.

    Bir gün Rəhman dostları ilə birlikdə kafedə yeyib-içərkən keçmiş sevgilisi Tamaranı obyektə dəvət edir. İçki məclisində onların arasında mübahisə yaranır və Rəhman Tamaranı təhqir edir.

    Hadisə zamanı kafedə müğənnilik edən Gülşən də mübahisəyə müdaxilə edir və nəticədə Tamara ilə Gülşən arasında dava yaranır. Qadınlar bir-birinə xəsarət yetirirlər.

    İttihama görə, hadisə zamanı Gülşən stolda olan pivə bakalını Tamaranın başına çırpır.

    Hadisə yerinə polis əməkdaşları gəlirlər və faktla bağlı cinayət işi başlanır.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsini düz vermədiyini bildirib. Tamara Rəhmanı Gülşənə qısqandığı üçün ibtidai istintaqda qəsdən Gülşənin onu bakalla vurduğunu yazıb.

    Prosesdə məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs bəraət alıb və cinayət məsuliyyətindən azad edilib.
    //oxu.az

  • Paşinyan sabah Rusiyaya gedir

    Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Rusiyaya səfər edəcək.

    Bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.

    Bildirilir ki, o, Rusiyanın nüvə sənayesinin 80 illiyinə həsr olunmuş Qlobal Atom Forumunda iştirak edəcək.

  • На Солнце произошла сильная вспышка

    Сильная вспышка зафиксирована в среду на Солнце.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики (ФГБУ “ИПГ”).

    “24 сентября в 12:31 мск (13:31 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4224 (S12W44) зарегистрирована вспышка M1.0 продолжительностью 47 минут”, – говорится в сообщении.

    Уже несколько дней, согласно прогнозу лаборатории солнечной астрономии Института космических исследований Российской академии наук и Института солнечно-земной физики Сибирского отделения РАН, фиксируется слабо повышенная вспышечная активность с умеренными рисками для Земли.

  • Günəşdə güclü partlayış baş verib

    Günəşdə güclü partlayış qeydə alınıb.

    Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan bildirilib.

    “Sentyabrın 24-də, Moskva vaxtı ilə saat 12:31-də (Bakı vaxtı ilə 13:31 – red.) 4224 (S12W44) qrupunda günəş ləkələri qrupunda rentgen diapazonunda 47 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb”, – məlumatda qeyd olunur.

    Bir neçə gündür ki, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun proqnozlarına əsasən, Günəşdə Yer üçün orta risk daşıyan, bir qədər yüksək partlayış aktivliyi müşayiət olunur.

  • İlham Əliyev və Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər – FOTO

    Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

    Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp deyib: Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz.

    Prezident İlham Əliyev: Daha da çox.

    Prezident Donald Tramp: Bundan da çox?

    Prezident İlham Əliyev: 30 ildən artıq. Siz möcüzə yaratdınız, cənab Prezident. Təşəkkür edirəm.

    Prezident Donald Tramp: Mən bir neçə dost qazandım. Təşəkkür edirəm. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz, həqiqətən, yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər.

    Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik, ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu, həqiqətən, Sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən, yaxşıdır. Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur? Heç nə yoxdur?

    Prezident İlham Əliyev: Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu.

    Prezident Donald Tramp: Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız.

    Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə, demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq.

    Birinci xanım Melaniya Tramp: Mən bu gün günorta “Gələcəyi birlikdə qurmaq” adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il birinci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq. Təşəkkür edirəm.

  • Ödənişli xidmətlərin dəyəri 10 %-dən çox artıb

    Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən Bakıin dəyəri 5 milyard 558,3 milyon manat olub.

    Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə real ifadədə 10,3 % çoxdur.

    Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 6,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90,1 %-ni təşkil edib.

    Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % artaraq 9 milyard 287,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ini təşkil edib.

  • Kafe və restoranlar 1.2 mlrd. manata yaxın gəlir əldə ediblər

    2025-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1 milyard 176 milyon manat olub.

    Median.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57 faizini təşkil edib.

    Qeyd edilib ki, 2025-ci ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 5558,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5006,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 90,1 faizini təşkil edib.